Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-930/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı (3-cü şəxs qismində Bakı şəhəri 51 saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və müqavilənin onunla bağlanmış hesab edilməsi və ya dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 56 saylı müqavilənin etibarsız sayılması, iddiaçı ilə müqavilə bağlanmış hesab edilməsi (həmin müqavilədə hüquqi qüvvədə olmasının tanınması) və ya tapşırıq müqaviləsinin lazımınca icra edilməməsi səbəbilə ona dəymiş zərərin əvəzinin ödənilməsi, zərərin ödənilməsinin naturada icra edilməsi, bu mümkün olmadığı təqdirdə, E bloku, 5 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr ünvanında yerləşən mənzilin bazar dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 1998-ci ildə tarixində X6 ilə nikaha daxil olmuşdur. 2005-ci ildə cavabdehlə nikahlarına xitam verilmişdir. Nikahın pozulması zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli 1 mk-3041/05 saylı qətnaməsi ilə cavabdehlə birgə əmlaklarının ¾ (dörddə üç) hissəsinə iddiaçının, ¼ hissəsinə isə Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Həmin faktı təsdiq edən ******* və ******* nömrəli Dövlət reyestrindən çıxarışlar mövcuddur. xx.xx.2016-cı il tarixində Cavabdeh3 MMC ilə aralarında 30 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “...2 otaqlı, 57.8 kv.metr mənzilin faktiki sahəsinə 20% əlavə etməklə təmirsiz E bloku, 5 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr mənzili “Mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürür. Qeyd edilir ki, xx.xx.2018-ci il tarixli müqavilə ilə iddiaçının payına düşən mənzillə əlaqədar eyni məzmunlu müqavilə cavabdehlə də bağlanılmışdır. Sözügedən müqavilə üzrə tikilmiş mənzilin təhvil verilib, onun adına rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün cavabdehlə nikahlarından dünyaya gəlmiş oğulları Cavabdeh1 xx.xx.2016-cı il tarixli, AR 446879 nömrəli etibarnamə vermişdir. Cavabdeh1 onun tapşırığına tamamən zidd şəkildə Cavabdeh3 MMC-ə ərizə ilə müraciət edib və onun adına rəsmiləşdirilməli əmlakın anasının adına rəsmiləşdirilməsini təmin etmişdir. Nəticədə, iddiaçının adına rəsmiləşdirilməli olan E bloku, 5 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr mənzil xx.xx.2018-ci il tarixli 56 saylı müqavilə əsasında cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə vəsatətlə müraciət edərək, Cavabdeh3 MMC-nin cavabdeh qismində, Bakı şəhəri 51 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 56 saylı müqaviləsinin və Cavabdeh1 tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, nümayəndəsinin verdiyi izahatı təsdiq edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı oğlu Cavabdeh1 etibarnamə vermişdir ki, mənzili şirkətə satsın və sonra yeni alınacaq evi iddiaçının adına rəsmiləşdirsin. Cavabdeh isə mənzili iddiaçının deyil, anası Cavabdeh2 adına rəsmiləşdirmişdir. Cavabdehin həyat yoldaşı şahid qismində ifadə verərkən də bəlli olmuşdur ki, hətta onun belə mübahisəli mənzilin Cavabdeh2 adına olmasından xəbəri olmamışdır. Göründüyü kimi, cavabdeh həmin rəsmiləşdirməni hər kəsdən gizlətmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, 1999-cu ildən iddiaçı çıxıb Rusiyaya gedib. İddiaçının başqa ailəsi vardır. O, əzabəziyyətlə uşaqlarını böyüdüb. Ev onların deyil övladlarınındır. Hər zaman indiyə qədər iddiaçı ilə əlaqələri olmuşdur. Sonradan münasibətləri pisləşmişdir. İddiaçının bundan başqa da dörd evi var. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, 2016-cı ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra iddiaçı hədiyyə olaraq mübahisəli mənzili cavabdehə bağışlayacağını bildirmişdi. Daha sonra ona etibarnamə vermişdir ki, mənzilin öz adına keçirilməsi üçün bütün prosedurları həyata keçirə bilsin. 2024-cü ildə isə atası cavabdehə bildirdi ki, o, mənzili geri almaq istəyir. Həmin vaxtlar atası ilə aralarındakı münasibət yaxşı olmuşdur. Cavabdeh atasına bildirmişdir ki, o, mənzilə əlavə xərclər çəkmişdir, ancaq o israrla mənzili geri istəmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirdi ki, təqdim olunan səs yazıları 2024-cü ilə aiddir. Bu səsi yazmaqda məqsədi iddiaçının cavabdehə mənzili öz istəyi ilə verdiyini sübut etmək idi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. İddiaçı yetkinlik yaşına çatmış, kifayət qədər təcrübəli şəxsdir. O, etibarnamə verərkən nə üçün verdiyini bilirdi. Təqdim edilmiş diskdə olan səs yazısından müəyyən edilir ki, iddiaçı oğlu Vüqara bildirir ki, evi ona vermişdir. Yoxsa belə etibarnamə verməzdi. Evin təmir xərclərinin hamısını Cavabdeh1 özü çəkmişdir. İddiaçı Cavabdeh2 ilə aralarında olan ədavətə görə hazırkı iddianı qaldırıb. O, evin Cavabdeh2 adına rəsmiləşdirilməsinə narazıdır. Lakin Cavabdeh1 verilmiş etibarnamədən öz xeyrinə istifadə edə bilməzdi deyə, mənzili anasının adına rəsmiləşdirmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, qardaşı Aslanov X1 Bəsti ilə evli olub. Boşanan zaman ev bölgüsü 25% Bəsti xanıma, 75%-i qardaşı Həsənə çatıb. Ev sökülən zaman qardaşı oğluna etibarnamə verib. Qardaşı özü deyib ki, xəstə olduğu üçün evin təmir işləri ilə məşğul ola bilmir ona görə oğlu Vüqara etibarnamə verib ki, o məşğul olsun. Etibarnamə verilən zaman onun məlumatı olmayıb. Sonradan ona məlum olub ki, qardaşı oğluna etibarnamə verib. Qardaşının ikinci yoldaşı qeydiyyata düşmək üçün Vüqara evin sənədlərini gətirməsini bildirib. Vüqar müxtəlif bəhanələr gətirərək həmin sənədləri verməkdən imtina edib. 2024-cü ildə qardaşı oğluna dedi ki, sənədi gətir gedək evə baxaq ev nə vəziyyətdədir. Evə baxmağa gedən zaman qardaşına məlum olub ki, ev əvvəlki yoldaşının adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır, Cavabdeh1 isə qardaşının oğludur. Digər Cavabdeh2 qardaşının keçmiş həyat yoldaşıdır. Qardaşının oğluna etibarnamə verməsi barədə məlumatı olmayıb. Qardaşı oğluna deyirdi ki, ev nə zaman hazır olacaq, öz evinə köçüb yaşamaq istəyir. Vüqar müxtəlif bəhanələrlə sənədləri vermirdi. Sonda qardaşı şirkətə gedən vaxt öyrəndi ki, ev keçmiş həyat yoldaşının adınadır. Bu hadisədən sonra onlar biliblər ki, ev Bəsdi xanımın adınadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı qaynatasıdır, cavabdehlər yoldaşı və qaynanasıdır. 2016-cı ildə Cavabdeh1la ailə həyatı qurmuşdur. 2 uşaqları var. Qaynatası ilə görüşləri zamanı o həmişə qeyd edirdi ki, ev Vüqarındır, evi ona verdiyini bildirirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, tərəflər onun qonşuları olub. Eyni binada qalırdılar. Sonradan binaları söküldü. Əvəzində tərəflərə hər birinə iki ev verildi. Həmin zaman Cavabdeh1 ona demişdir ki, atası özünə məxsus evi ona verib. Vüqar evi təmir edib, həmin evdə yaşayır. Bildiyinə görə anası ilə ayrı yaşayırlar. İddiaçı yaşadıqları ərazidə çox az görmüşdür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı (əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1) tərəfindən verilmiş ərizədən görünür ki, o, Cavabdeh3 MMC ilə aralarında bağlanmış 30 nömrəli müqaviləyə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, sahəsi 57,8 kv.metr olan mənzilin sökülüb əvəzində veriləcək eyni ünvanda yerləşən E bloku, 5 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr olacaq mənzilin Cavabdeh2 (AZE ******** ASAN 1-xx.xx.2016) adına sənədləşdirilməsini xahiş etmişdir. Ərizədə gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına məhkəməyə müraciət etməyəcəyini, hər hansı mübahisə yaranacağı halda şəxsən özünün cavabdehlik daşıyacağını göstərmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ¾ hissədə İddiaçı ********** nömrəli qeydiyyat nömrəsi ilə, ¼ hissədə Cavabdeh2 ********** nömrəli qeydiyyat nömrəsi xüsusi mülkiyyətindədir. Çıxarışın qeydiyyat tarixi xx.xx.2016-cı ildir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Cavabdeh2 tərəfindən Cavabdeh3 MMC-nin direktoru Taleh Abbasova ünvanlanan ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu olan ünvan 1 ünvanında yerləşən evin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən söküldüyünə görə Cavabdeh3 MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində tikiləcək binanın E bloku, 5 mərtəbə, 2 otaqlı, 71.5 kv.metr olan tam təmirsiz mənzil verilməsinə dair müqavilə bağlamışdır və ona məxsus ünvan 2 ünvanında yerləşən evin sökülməsinə dair etirazının olmadığını və gələcəkdə də müqavilə şərtlərinə riayət olunduqda heç bir iddia tələbinin olmayacağını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Cavabdeh1 tərəfindən Cavabdeh3 MMC-nin direktoru Taleh Abbasova ünvanlanan ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən evin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən söküldüyünə görə Cavabdeh3 MMC tərəfindən onlara Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində tikiləcək binanın E bloku, 5 mərtəbə, 2 otaqlı, 71.5 kv.metr olan tam təmirsiz mənzil verilməsinə dair müqavilə bağlamışdır və ona məxsus ünvan 2 ünvanında yerləşən evin sökülməsinə dair etirazının olmadığını və gələcəkdə də müqavilə şərtlərinə riayət olunduqda heç bir iddia tələbinin olmayacağını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AR-İ seriyalı 446879 nömrəli etibarnamənin surətindən görünür ki, vətəndaş İddiaçı tərəfindən vətəndaş Cavabdeh1 etibarnamə verilmişdir. Etibarnamə 7E-11018 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Etibarnamə üzrə verilən səlahiyyətlər: adına olan bütün əmlakın idarə edilməsi və üzərində sərəncam verilməsi və s. İş materiallarında olan Cavabdeh3 MMC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 30 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh3 MMC ünvan 1-in Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən sökülməsi və 20 faiz əlavə edilməklə təmirsiz E bloku, 5 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 31 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh3 MMC ünvan 1in Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən sökülməsi və 20 faiz əlavə edilməklə təmirsiz E bloku, 11 mərtəbə, 2 otaqlı, 71,5 kv.metr mənzili Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 56 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh3 MMC ünvan 1in əvəzinə təmirsiz E bloku, 5-ci mərtəbə, 2 otaqlı, 71,5 kv.metrdən ibarət 214 saylı mənzili Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 215 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh3 MMC ünvan 1in əvəzinə təmirsiz E bloku, 12-ci mərtəbə, 2 otaqlı, 71,5 kv.metrdən ibarət 242 saylı mənzili Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən “” markalı flash cardda olan İddiaçı ilə Cavabdeh1 arasında olan “Yazi 2” adlı səs yazısının məzmunundan görünür ki, onlar arasında gedən söhbət zamanı Cavabdeh1 İddiaçı bildirir ki, “evi mənə vermişdin”, İddiaçı isə Cavabdeh1 cavabında bildirir ki, “sənə vermişdim, daha demədim ki, gedib Bəsdiyə verəsən”. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, 2005-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, sahəsi 57,8 kv.metr olan mənzil daşınmaz əmlakın dövlət reyestrində ¾ hissədə İddiaçı, ¼ hissədə isə Cavabdeh2 mülkiyyətində olmuşdur. Tərəflər əvvəllər nikah münasibətlərində olmuş, sonradan nikahları pozulmuşdur. 2016-cı həmin mənzilin yerləşdiyi bina sökülmüş və yerində Cavabdeh3 MMC tərəfindən tikilən binada tərəflərin hər birinə ayrı-ayrılıqda 20 faiz əlavə ilə 2 otaqlı təmirsiz mənzillər verilməsi nəzərdə tutulmuş və buna dair onlarla müqavilələr bağlanmışdır. Həmin dövrdə İddiaçı adından müqavilə oğlu iş üzrə Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 baş etibarnamə verilmişdir. Bu etibarnamə üzrə iddiaçı bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi cavabdehə həvalə etmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh3 MMC ilə aralarında bağlanmış müqaviləni atasının deyil anasının adına rəsmiləşdirmişdir. Bununla bağlı Cavabdeh3 MMC-yə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmişdir. Bu zaman atasının ona verdiyi etibarnamə əsasında hərəkət etmişdir. Cavabdeh tərəf bildirir ki, iddiaçının baş etibarnaməni verməkdə məqsədi həmin mənzili onun yəni Cavabdeh1 adına rəsmiləşdirilməsi istəyi ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçı ilə olan söhbət zamanı qeydə aldığı səs yazısından da müəyyən edilir ki, tərəflər arasında söhbət zamanı İddiaçı evi Cavabdeh1 verdiyini etiraf edir, lakin evin keçmiş həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilməsindən narazıdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 56 nömrəli müqavilənin etibarsız hesab edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, o, yeni binada ona verilməli olan mənzilin oğlu tərəfindən iddiaçının özünün adına rəsmiləşdirilməsini istəmiş, mənzili oğluna vermək niyyəti olmamış, oğlu Cavabdeh1 etibarnamədən sui-istifadə etmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən, Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Belə olanda müəyyən olunur ki, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Məhkəmə qeyd edilən qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, işin araşdırılan halları ilə Cavabdeh1 tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli, reyestrdə 7E-4273 nömrəsi ilə qeydə alınmış ərizənin və Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 56 nömrəli müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Müqavilənin iddiaçının iradə ifadəsinə zidd şəkildə bağlanması iddiaçı tərəfindən təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilən audio-səs yazılara münasibətdə ilk növbədə qeyd edilməlidir ki, MPM-in 10.10-cu maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarına münasibətdə məhkəmə bildirir ki, iddiaçının baş etibarnaməni oğluna verməkdə gerçək hüquqi niyyətinin və iradə ifadəsinin mübahisəli mənzilin gələcəkdə oğlunun adına rəsmiləşdirilməsi, yəni dolayısı ilə həmin mənzilin oğluna hədiyyə edilməsi niyyəti ilə bağlı olmuşdur. Buna görə də xx.xx.2016-cı il tarixdə cavabdehə müvafiq etibarnamə vermişdir. Bundan başqa məhkəmə, cavabdehin etirazı üzrə məhkəmə iclaslarında verdiyi izahatları da işin faktiki hallarına və qanunvericiliyin müddəalarına uyğun hesab edir. Belə ki, cavabdeh etirazının dəlillərində o hala istinad edir ki, o, iddiaçı (atası) İddiaçı verdiyi etibarnamə ilə mənzili öz adına rəsmiləşdirə bilməzdi. Bu hissədə məhkəmə verilmiş izahatı əsaslı hesab edərək, özünün bu mövqeyini MM-nin 359.3-cü maddəsinin tələbləri əsas götürülməklə, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması səbəbindən qanunamüvafiq hesab edir. Habelə o da qeyd edilməlidir ki, məhkəmə mübahisəsi gedişatında iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-421/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilərək, məhkəmənin icraatında olan hazırki mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 59 saylı evin E bloku 5-ci mərtəbə, 2 otaqlı, 71,5 kv/m-dən ibarət 214 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bu da onu deməyə əsas verir ki, hazırda mübahisəli əmlakla bağlı hər hansı sərəncamverici əməliyyatın aparılması qadağan edildiyindən, Cavabdeh2 mübahisəli əmlakı digər Cavabdeh1 adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərin şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahidlər ifadə verərkən əsasən İddiaçı eşitdikləri məqmalar üzrə ifadələr vermişlər ki, hazırda bu kimi halların mövcudluğu mübahisələndirilən əqdlərin etibarsızlığı ilə əlaqədar nəticəyə gəlməyə əsas vermir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verib hesab edir ki, xx.xx.2018-ci il tarixli 56 saylı müqavilənin, o cümlədən Cavabdeh3 MMC-yə Cavabdeh1 tərəfindən ünvanlanmış ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsi kimi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı (3-cü şəxs qismində Bakı şəhəri 51 saylı notariat ofisi cəlb edilməklə) “müqavilənin və ərizənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-930/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-930/2025
16.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver