Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-932/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iştiraklarıı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-ə, Cavabdeh1nə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş Hərracın yekunları barədə 09 iyun 2017-ci il tarixli, 36/03 nömrəli protokolun və onunla bağlı Cavabdeh1 tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 72 ünvanda yerləşən qeyri-yaşayış binasının hərracdan satılması barədə 11540/16 saylı, 30.01.2017-ci il tarixli sifariş məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 18.03.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 09.06.2017-ci il tarixli, 36/03 nömrəli hərracın yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-yə verilən 08.09.2017ci il tarixli ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş “Hərracın yekunları barədə” 09 iyun 2017-ci il tarixli 36/03 saylı Protokol, Gəncə “Naftalan” sağlamlıq Mərkəzi” MMC kimi fəaliyyət göstərən İddiaçı adına olan, birgə nikah dövründə və birgə vəsait hesabına əldə edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 72 ünvanda yerləşən qeyri-yaşayış binası 665.000 manat ilkin dəyərlə hərraca çıxarılmış, nəticədə qeyri-yaşayış binası 423.937,50 manata TURANBANK” ASC-nə verilmişdir. Adı çəkilən qeyri-yaşayış binası ailənin və “Gəncə - Naftalan” Sağlamlıq Mərkəzinin həkim personalı və əməkdaşlarının birgə istifadəsində olan Səhiyyə Nazirliyinin Lisenziyası əsasında özəl müalicə müəssisə-əmlak kompleksi, ayrıca həyətyanı torpaq sahəsinə məxsus olmaqla, Gəncə şəhəri mərkəz ərazisinin daha üstün dəyərli hissəsində yerləşir və qiyməti heç də 423.937,50 manat deyildir. Aşağıda sadalayacağı hallar və dəlillərə əsasən mübahisələndirilən hərracın nəticələrinə dair protokol, hərracın keçirilməsi ilə bağlı əmlak sahibinin və əmlakın alınmasında üstünlük hüququna malik şəxin hüquqlarına münasibətdə pozulmaqla keçirilmiş hesab edilməli və etibarsız elan olunmalıdır. Belə ki, Regionda yeni yaradılmış “X4” maye-azotla təmin etmək məqsədilə "xxxx" MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Cavabdeh3 ASC-dən götürülmüş kreditin təminatı olaraq, adı çəkilən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Adı çəkilən kredit və ona hesablanmış faizlərin ödənilməsi ilkin olaraq qrafik üzrə MMC tərəfindən təmin edilmişdir. Lakin həmin kreditin götürülməsinə səbəb olmuş "xxxx" MMC ilə Azərbaycan “ETHİ RSMM” arasında “maye-azot” məhsulun satın alınması haqqında” 03.02.2010-cu il tarixdə bağlanmış müqaviləyə sonuncu tərəfindən riayət edilmədiyindən, cəmiyyətin maliyyə vəziyyəti pisləşmiş, sonrakı ödənişləri vaxtında həyata keçirə bilməmişdir. Həmin kreditin yerdə qalan hissəsinin qaytarılması üçün Cavabdeh3 ASC-nin iddiası təmin edilmiş və borcun ipoteka əmlaklarına yönəldilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-2-1(84)-323/2012 saylı qətnaməsi mövcuddur. Həmin qətnamə, eləcə də mübahisələndirilən hərracın yekunları barədə protokolda qeyd edilənlərə görə həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 347/2013-cü il, 20.06.2016-cı il tarixli icra vərəqəsinin icrasını həyata keçirmiş Cavabdeh1 adı çəkilən qeyri-yaşayış binasının hərracdan satılması ilə bağlı sifariş vermiş, daha sonra isə cavabdeh "xxxx" MMC tərəfindən həmin binanın tələbkar Cavabdeh3 ASC-yə verilməsi təşkil edilmişdir. Belə ki, həmin qeyri-yaşayış binasının hərraca çıxarılması barədə icra məmuru, ipoteka qoyan tərəf olan kredit üçün borclu "xxxx" MMC-yə və İddiaçı məlumat verilməmiş, digər tərəfdən də cavabdeh gizli hərrac keçirərək, qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Göründüyü kimi Qanunun qeyd olunan tələbinin təmin edilməsi üçün, icra məmuru sifariş verməmişdən əvvəl, ipoteka qoyan olaraq, hansı hərrac təşkilatının seçilməsinə razılıq almalıdır. Məlum məsələdir ki, buna razılıq əldə edilməsi imtina da istisna olunmur. Bu barədə o, məlumatlandırılmalı idi. İcra məmuru təfindən məlumatlandırma isə bildiriş vasitəsi ilə həyata keçirilir. Lakin bununla bağlı ona bildiriş verilməmiş, hərrac təşkilatının seçilməsinə dair məlumatlandırma olmamış, hərraca çıxarılması barədə xəbər verilməmişdir. Göründüyü kimi Hərrac təşkilatının ipoteka əmlakının hərracdan satılması barədə ipoteka qoyana xəbər verilməsi (məlumatlandırılması) qanunun bir başa tələbidir. Lakin mübahisələndirilən protokolun aid olduğu hərracın keçirilməsi barədə cavabdeh "xxxx" MMC tərəfindən ipoteka qoyan tərəf olaraq, "xxxx" MMC və ona məlumat verilməsi təmin edilməmişdir. Qanunda qeyd olunduğu qaydada bildirişin çatdırılması lazımı qaydada əyata keçirilməmişdir. Cavabdehə müraciət zamanı hərracın keçiriləcəyi barədə bildiriş, ipoteka qoyan tərəfdən olan iki şəxsdən biri olaraq onun adına, yasadığı ünvana göndərildiyi bildirilmişdir. O, İddiaçı ünvan 3 ünvanında rəsmi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Lakin cavabdeh tərəfindən təqdim edilmiş bildirişin tamamilə başqa bir ünvana göndərildiyi və geri qaytarıldığı məlum olmuşdur. Göründüyü kimi nəticə etibarı ilə hazırda mübahisələndirilən hərracın yekunu barədə protokolun qəbul edilməsi ilə başa çatmış hərracın keçirilməsi, ipoteka haqqında Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müdəalarının tələbləri ilkin olaraq cavabdeh icra idarəsinin icra məmuru, daha sonra da cavabdeh hərrac təşkilatı tərəfindən pozulmuşdur. Hərrac protokolunun məzmunundan görünür ki, cavabdeh tərəfindən ipoteka əmlakı tələbkara müəyyən edilmiş ilkin satış qiymətindən 40% və ya təkrar hərracdan sonra 25% azaldılmış qiymətlə verilmişdir. Qanunda 25% deyil, 25%-dən az olmamaq şərti qeyd edilmişdir. Yəni bu azalma nisbəti 5% və ya 10%-də ola bilər. Lakin cavabdeh əmlakın dəyərinin məhz son maksimum 25% dərəcə ilə azaldılıb tələbkara verməsində, tələbkarla birgə hərəkət etməklə, maraqlı olduğuna dəlalət edir. Həmçinin hərracdan satışa çıxarılmış Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 72 ünvanda yerləşən qeyri-yaşayış binası, həyat yoldaşı X5 ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə edilmişdir və qanunla həmin əmlak 1/2 hissədə ona məxsusdur. Bu baxımdan da həmin əmlakın satın-almada o, üstünlük hüququna malikdir. Ən azından bu hüququndan istifadə edilməsi ilə bağlı, hərrac barəsində cavabdehlər tərəfindən məlumatlandırılmalı idi. Bundan başqa son 3 il ərzində tələbkar bankla ipoteka əmlakı və kreditə hesablanmış faiz və cərimə məbləği ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Eyni zamanda kreditin ödənilməsi ilə bağlı müəyyən razılaşmaları olmuşdur. Bunun nəticəsi olaraq, hərraca əsas verən icra sənədinin aid olduğu məhkəmə qətnaməsindən sonra tərəfindən banka kredit borcundan 107.000 manat ödənilmişdir. Bundan 15.000 manat 13.03.2020-ci, 18.000 manat isə 16.03.2020-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi tələbkar olaraq bank tərəfi onlarla müxtəlif variatlarla pul tələbi ilə bağlı ödənişlərin davam etdiyi təqdirdə, bu tərəfdən də cavabdeh tərəf gizli hərrac keçirərək, qeyri-yaşayış binanın ələ keçirilməsinə nail olmuşdur. Əslində isə borcla bağlı vəziyyət tamamilə dayişdiyindən və ödənişləri qəbul etdiyindən tələbkar bankın buna razılığı olduğu baxımından, əmlakın hərracı üçün sifariş verilməməli və hərrac seçirilməməli idi. Digər tərəfdən deyək ki, cavabdeh Hərrac təşkilatı onun adına bildirişi səhvən başqa ünvana göndərdiyindən, ona çatdırılması mümkün olmamışdır. Amma həmin kreditin təminatı kimi ipoteka edilmiş əmlakın tərəflərindən biri də onun həyat yoldaşı X3r və hərrac keçirilirdisə bundan ilkin olaraq xəbər verilən şəxslər sırasına "xxxx" MMC və onunla bərabər o, da daxildir. Onlar tələbkara kreditdən qalan borcun ödəməkdə davam edir və yerdə qalan borcu da tez bir zamanda bağlamaq üçün yollar axtarmaqdadırlar. Hərracın ilkin nəticəsinə görə də həmin əmlak onlara təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda iştirakının təmini üçün lazımi tədbir görülməməsi qanunla onlara verilmiş hüquqların istifadəsindən məhrum edilməyinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Hərrac barədə ona bu ilin mart ayının 17-də məlum olmuş, ertəsi gün bu barədə cavabdehə müraciyyətim nəzərə alınıb, mübahisələndirilən 09 iyun 2017-ci il tarixli 36/03 saylı hərracın yekunları barədə protokolun surəti ona verilmişdir. Lakin protokolun ləğv edilməsi cavabdeh Hərrac Təşkilatı MMC-nin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir, ona görə də mübahisənin məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır. Daha sonra İddiaçı oğunun nümayəndəsi və vəkili K.Ələkbərovun 21.10.2020-ci il tarixli ərizəsi əsasında Cavabdeh3 ASC mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoşulmuşdur. Daha sonra məhkəmənin 18.03.2021-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 ASC, İddiaçı ərizəsi əsasında mülki işə cavabdeh qismində qoşulmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh ”Turanbank” ASC-nin nümayəndəsi X7 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə "xxxx" MMC-yə və Cavabdeh1nə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli , 2(044)-4557/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyriyaşayış sahəsinin iddiaçı Cavabdeh3 ASC-yə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 20.02.2019-cu il tarixli, 2(104)-910/2019-cu il tarixli qətnamənin surətindən görünür ki, Apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli, 2(044)-4557/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 17.07.2019-cu il tarixli, 2-(103)-5085/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 20.02.2019-cu il tarixli, 2(104)-910/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə İnzibati-İqtisad Məhkəməsinin 02 mart 2012-ci il tarixli 2-2- 1(84)-323/2012 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq, “Turanbank» Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03.02.2010-cu il tarixli 004/h-ş saylı müqavilənin vaxtından əvvəl ləğv edilməsi, 'X6 Cəmiyyətindən 261539 (iki yüz altmış bir min beş yüz otuz doqquz) manat 37 (otuz yeddi) qəpik tutularaq Cavabdeh3 ASC-yə verilməsi, cavabdehlərin maliyyə vəsaiti olmadığından qətnamənin icrası ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizamı rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. İş materiallarında olan hərracın yekunları barədə 09.06.2017-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 665000manat məbləğində, təkrar satış qiyməti isə 565250 manat, 25% aşağı olan satış qiyməti 423937,50 məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan Əmlakın qiymətləndirilməsi və uçotu Departamentinin 27.07.2013cü il tarixli, MB 06/ 901 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış binasının 27.07.2013-cü il tarixə olan bazar dəyəri ******* manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış sahəsi 08.09.2017-ci il tarixdə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında oan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* nömrəli çıxarışından müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 0,12 ha torpaq sahəsi 21.04.2008-ci il tarixdə “Gəncə Naftalan sağlamlıq mərkəzi MCC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 09.06.2017-ci il tarixli müqavilədən müəyyən olunur ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 72 saylı qeyri-yaşayış binasını satın alınması barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında 09.06.2017-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan hərracın keçirilməsi barədə 21.04.2017-ci il tarixli, 02/2 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin hallarından mübahisəsiz şəkildə aydın olur ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair sonuncu hərrac 09.06.2017-ci il tarixdə keçirilmişdir. İddiaçı isə qeyd edilən hərracın etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə 20.05.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh bankın nümayəndəsi tərəfindən təqdim edilmiş Gəncə Kəpəz Rayon Məhkəməsinin 12.02.2018-ci il tarixli, 2(043)-428/2018 saylı qərardadı ilə İddiaçı keçirilmiş hərrac və onun nəticələri barədə məlumatlı olması sübuta yetirlmişdir. Belə ki, qərardadın təsviriəsaslandırıcı hissəsindən görünür ki, İddiaçı, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsində qeyri-yaşayış binasına dair protokolun, alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı qeyd edilən tələblə məhkəmədə idia qaldırması onun keçirilmiş hərrac və onun nəticələri barədə qərardadın tarixinə müvafiq hesablanıldıqda 2018-ci ildən məlumatlı olmasını sübuta yetirir. Belə olan halda iddiaçının müvafiq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etdiyi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər Hazırkı iddia üzrə iddiaçı tərəf Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də, iddia rədd olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-932/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-932/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver