Məhkəmə qərarları › İş №2(005)-934/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-934/2024

23.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-934/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı "xxxx" MMC, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının İddiaçı qarşı kredit borcunun gecikdirilməsinə görə hesablanmış kompensasiya məbləğinin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 35/01 nömrəli “hərracın yekunları barədə Protokolun və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; hərracın yekunlarına dair protokol və müqavilə əsasında “Pakistan Milli Bankının Bakı filialının adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(103)-288/2020 nömrəli qətnaməsi ilə cavabdeh “Montinburg" MMC-dən 47512,70 manat əsas borcun, 8988.87 manat faiz borcunun və 5000 manat məbləğində isə cərimə borcunun iddiaçı “Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən mülkiyyət hüququ ilə İddiaçı məxsus ümumi sahəsi 84 kv.m olan 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 118000 müəyyən olunması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Bu barədə müvafiq icraata başlamaq haqqında Qərar və tələbin könüllü icra olunması barədə bildiriş borclu İddiaçı göndərilmişdir. Bundan sonra icra məmuru tərəfindən “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi" MMC-yə rəsmi müraciət edərək, iş üzrə ipoteka predmeti barəsində hərracın təşkil olunaraq keçirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 118000 manat məbləği olmaqla həyata keçirilməsi qeyd edilmişdir. Bu da tam əsaslıdır ona görə ki, iş üzrə məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti birbaşa olaraq qeyd edilmişdir. Həmin Qətnamə də hal-hazırda qüvvədədir və dəyişdirilməmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən 31 avqust 2020-ci il tarixli, 01/884 nömrəli Bildirişi Sabunçu rayon İŞ-nə, tələbkar və borcluya göndərməklə iş üzrə ilkin hərracın xx.xx.2020-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi və ipoteka predmetinin ilkin satış qiymətinin isə 118000 manat məbləğində olduğunu qeyd etmişdir. Hərrac təşkilatından əldə edilmiş sənədlərdən göründüyü kimi, ilkin hərrac baş tutmamış və daha sonra xx.xx.2020-ci il tarixli, 02/1331 Açıq hərracın keçirilməsi barədə bildirişdən də göründüyü kimi xx.xx.2020-ci il tarixdə saat 11:00-də təkrar hərrac keçirilmiş və qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti olan əmlak 100300 manat (118000 manat - 15%--100300 manat) məbləğinə təkrar hərraca çıxarılmışdır. Hərrac mərkəzinin xx.xx.2020-ci il tarixli, a/1503 nömrəli ipoteka predmetinin əldə olunmasına dair tələbkar Banka və digər cavabdehlərə göndərilmiş Təklif məktubundan da göründüyü kimi təkrar hərracda əmlakın alıcısı olmadığı üçün İpoteka haqqında qanunun tələbinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ipoteka predmeti olan mənzil girov saxlayan Banka 75 225 manata təklif olunmuş və Bank tərəfindən əldə olunaraq sifarişçi Sabunçu rayon İcra və Probasiya Şöbəsi, Hərracın keçirilməsinə şərait yaradan "xxxx" MMC və İpoteka saxlayan "xxxx"nın Bakı filialının etibarnamə üzrə nümayəndəsi Vəkil3 tərəfindən Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli. 35/01 nömrəli protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli Müqavilə imzalanmışdır. Daha sonra həmin sənədlər əsasında ipoteka predmetini əldə etmiş Bank tərəfindən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış əldə olunmuşdur. Aşağıda qeyd etdiyi səbəblərə görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələbinin pozulması ilə keçirildiyi üçün nəticələri ləğv edilməlidir: ümumiyyətlə bu iş üzrə kredit müqaviləsi üzrə Bank qarşısında Borcalan İddiaçı, yox "Montinburg” MMC və onun təsisçisi, eləcə də qanuni təmsilçisi X4r. Bunu kreditor Bankın nümayəndələri də bilir. İddiaçı isə iş üzrə Bank qarşısında Girovqoyan kimi çıxış etmişdir. Keçirilmiş hərracın yekun nəticələri barədə İddiaçı məxsus olan əmlakın Bankın mülkiyyətinə keçirilməsi dair məlumatı, mənzildən qeydiyyatdan çıxarılmağı barədə Sabunçu rayon Polis İdarəsi tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli məktubu əldə etdikdən sonra bilmişdir. Bundan sonra Sabunçu rayon İcra Şöbəsinə gedərək icra məmurundan ona məxsus əmlakın artıq Bankın mülkiyyətinə keçdiyini, hətta 7 faiz icra ödənişinin Bank tərəfindən ödənildiyini və alış qiyməti ilə. qətnamə borcu arasında yaranmış fərq məbləğinin isə icra şöbəsinin depazit hesabına ödənildiyinin şahidi olmuşdur. Bütün bu proseslərdən isə İddiaçı ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən ərizə ilə hərrac təşkilatına müraciət edilərək, hərrac təşkilatından icra şöbəsinin sifariş məktubunu, hərracın vaxtı və yeri barədə bildirişləri və hərracın yekunlarına dair protokolun ona təqdim edilməsini xahiş etdi. Hərrac təşkilatı tərəfindən İddiaçı ərizəsinə cavab olaraq hərracın keçirilməsinə dair xx.xx.2020 və xx.xx.2020-ci il tarixli Bildirişlər, ipoteka predmetinin tələbkara təklif olunmasına dair Təklif məktubu, keçirilmiş hərrac barədə Atribut qəzetində dərc olunmuş elanın surəti, hərracın keçirilməsi barədə Bildirişlərin İddiaçı göndərilməsi barədə 12 ədəd poçt sənədlərinin surəti (hec bir poçt sənədində İddiaçı almasını təsdiq edən imza yoxdur) təqdim olunmuşdur. Həmin vaxt hərrac təşkilatının rəhbəri olmuş Günel Mustafayevadan hərracın yekunları barədə protokolun və müqavilənin İddiaçı təqdim olunmasını tələb edəndə, Günel xanım ona Protokol və Müqaviləni imzalanmadığı bildirmişdir. Həmin sənədlər İddiaçı xx.xx.2021 -ci il tarixdə təqdim edilmişdir. Belə olan halda ipoteka saxlayan Bank 30 gün müddətinə təklifə cavab verməli olduğu halda, əgər xx.xx.2021-ci il tarixdə hərracın yekunları barədə protokolu hələ də imzalamayıbsa (90 gün keçmişdir artıq), deməli əmlakın əldə olunmasından imtina edib. Eləcə də İddiaçı heç vaxt Bank tərəfindən əmlakın əldə olunması nə yazılı, nə də şifahi olaraq bildirilməmişdir. 2023-cü ilin avqust ayında əmlakın Bank tərəfindən əldə olunduğunu bildikdən sonra, İddiaçı İcra şöbəsinə və Banka gedərək artıq mənzilinin Bankın mülkiyyətinə keçirildiyinin şahidi olmuşdur. Bakı Aepllyasiya Məhkəməsinin müvafiq qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, məhkəmə tərəfindən verilmiş İcra vərəqinə əsasən Sabunçu rayon İcra şöbəsi tərəfindən mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 2 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən mənzilin hərracdan satılması barədə "xxxx" MMC-yə sifariş məktubu göndərmiş və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə başlanılmışdır. Əldə etdiyi sənədlərdən görünür ki, ilkin hərrac xx.xx.2020-ci il tarixə, saat 11:00-a təyin edilərək tərəflərə, eləcə də İddiaçı xx.xx.2020-ci il tarixli, 01/884 nömrəli bildiriş göndərilmiş, lakin İddiaçı göndərilmiş 152782 nömrəli poçt sənədinin alıcı qrafasında ünvanda yoxdur qeydi yazılmışdır. Təkrar hərrac xx.xx.2020-ci il tarixə, saat 11:00-a təyin edilmiş, İddiaçı göndərilən xx.xx.2020-ci il tarixli, 02/1331 nömrəli bildirişin, xx.xx.2020-ci il tarixli, 164811 nömrəli poçt sənədinin alıcı qrafasında ünvan düzgün deyil, qeydi yazılmışdır. İpoteka predmetinin əldə olunması barədə tələbkara göndərilmiş xx.xx.2020-ci il tarixli, a/1503 Təklif məktubunun məlumat üçün isə İddiaçı göndərilməsinə dair xx.xx.2020-ci il tarixli, 165454 nömrəli poçt sənədinin alıcı qrafasında “ünvanda yoxdur qəbul etmədi” qeydi yazılmışdır. Hərrac təşkilatı bildirişləri eləcə də qızı X1 da göndərmişdir ki, həmin qeydlər ona göndərilən poçt sənədlərinin alıcı qrafasında aparılmışdır. İddiaçı və ailəsi girov qoyduqları evdə yaşayır və bütün günü də evdə İddiaçı və ya ailə üzvləri olmuşdur. Keçirilmiş hərrac barədə İddiaçı ünvanına göndərilmiş bildirişlərin çatmaması (əldə olunmaması) mümkün deyildir. Göründüyü kimi, istər əvvəlcə başlamış hərrac, istərsə də, sonradan keçirilmiş hərraclar İddiaçı mülkiyyət hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlər və qəsdlər üzərində qurulmuşdur. Qeyd olunan hərracların (həm ilkin, həm də təkrar) keçirilməsi barədə, eyni zamanda bu hərracların keçirilməsi barədə olan qeyd olunan bildirişlərin heç birindən xəbəri olmamışdır. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 30 mart 2012-ci il tarixli, N2335/2 saylı zaminlik müqaviləsi üzrə cavabdeh İddiaçı tərəfindən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına (Ləğv prosesindədir) ödənilməli olan 61501,57 manatın ödənilməsinin gecikdirildiyi 23 may 2017-ci il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan 2439 gün üçün həmin məbləğə illik 5% hesablanmaqla 20548,26 manatın və ödənilmiş 151,65 manat dövlət rüsumunun tutularaq iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının (Ləğv prosesindədir) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, zamin və ipoteka qoyan şəxs olan cavabdeh Bank qarşısında öhdəliklərini hal-hazıradək icra etməmişdir. Belə ki, hal-hazıradək cavabdeh qanuni qüvvədə olan məhkəmə aktının icrasından yayınır və Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və hərracdan satılmış mənzili tərk etmir və orada yaşamaqda davam edir. Bankla "xxxx" MMC və İddiaçı arasında bağlanmış 30 mart 2012-ci il tarixli, №335/2 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ipoteka qoyan şəxs olmaqla yanaşı həm də zamindir və borcalan "xxxx" MMC ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etməmişdir. Həmçinin İddiaçı xx.xx.2023-cü il tarixdə Banka ərizə ilə müraciət edərək, “Bankın xeyrinə yüklü edilmiş mənzilin hərrac vasitəsilə Bankın adına rəsmiləşdiyi üçün yenidən həmin mənzilin ona satılması üçün son məhkəmə qərarında göstərilən əsas və faiz borcunun və bank xərclərinin ödənilməsi üçün 1 ay vaxt verilməsini xahiş etmişdir. Lakin sonradan Banka və digərlərinə qarşı hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə iddia qaldırmışdır. 23 may 2017-cİ il tarixə kredit və faiz borcu üzrə 61501,57 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Kredit müqaviləsi üzrə zamin və ipoteka qoyan şəxs olan cavabdeh tərəfindən 23 may 2017-ci ildən sonra bu günə kimi kredit müqaviləsindən irəli gələn öhdəliklər tam olaraq icra edilmədiyi səbəbindən Bankın gecikdirilmış vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Hazırda sözügedən kredit müqaviləsi üzrə Banka ödənilməli olan məbləğ 61501,57 manat ödənilməmiş qalmaqdadır. 23 may 2017-ci ildən 26 yanvar 2024-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 20548,26 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia ərizəsinə uyğun izahat verərək, hərracın keçirilməsinə dair bildirişlərin qanunla müəyyən edilmiş qaydada göndərilmədiyini və ipoteka predmetinin əldə olunmasına dair təklifin bank tərəfindən bu təklifin verilməsindən 30 gün sonra qəbul edildiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, tərəflər arasında danışıqlar getdiyini, işin barışıqla bitməsinə böyük ehtimalın olduğunu bildirərək məhkəmə iclasının 30 gün müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın əsassız olduğundan və kəsici müddət ötürüldüyündən rədd qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə digər cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-288/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh “Montinburg" MMC-dən 47512,70 manat əsas borc 8988.87 manat faiz borcu və 5000 manat məbləğində isə cərimə borcu iddiaçı “Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan ünvan 1 ünvanındakı, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən mülkiyyət hüququ ilə İddiaçı məxsus ümumi sahəsi 84 kv.m olan 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 118000 müəyyən olunmalıdır. "xxxx" MMC, İddiaçı, X7 və X3, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 01 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinə dair hərracın xx.xx.2020-ci il tarixdə keçiləcəyi barədə məlumat və yeri barədə məlumatlar qeyd olunmuşdur. Bildirişə dair xəbərnamələrdən İddiaçı ünvanlanmış bildirişin “Ünvanda yoxdur” qeydi, X2 ünvanlanmış bildirişin isə “ünvanda qalmır” qeydi ilə geri qaytarıldığı aydın olur. "xxxx" MMC, İddiaçı, X7 və X3, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinə dair hərracın xx.xx.2020-ci il tarixdə keçiləcəyi barədə məlumat və yeri barədə məlumatlar qeyd olunmuşdur. Bildirişə dair xəbərnamələrdən İddiaçı ünvanlanmış bildirişin “Ünvan düzgün deyil” qeydi, X2 ünvanlanmış bildirişin isə “Belə bir ünvan yoxdur” qeydi ilə geri qaytarıldığı aydın olur. "xxxx" MMC, İddiaçı, X7 və X3, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli a/1503 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsi 5563-67809/17 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı ş. Sabunçu r. Bakıxanov qəs,Əhmədbəy Ağayev küç.,41 saylı evin 7 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 75225 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. “Atribut” qəzetinin 29 avqust-05 sentyabr 2020-ci il tarixli buraxılışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilə dair ilkin satış qiyməti 118000 manat olmaqla xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumatlar qeyd edilmişdir. “Atribut” qəzetinin 02-08 oktyabr 2020-ci il tarixli buraxılışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş hərrac baş tutmadığından ilkin satış qiymətindən 15% aşağı qiymətlə xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumatlar qeyd edilmişdir. “Atribut” qəzetinin 14 oktyabr 2020-ci il tarixli buraxılışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilə dair hərracın baş tutmadığı qeyd olunmuşdur. Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 35/01 nömrəli protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-288/2020 saylı icra vərəqəsi, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 5563-67809/17 saylı sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən satış qiymətindən 25% aşağı olmayan məbləğlə 75225 manat qiymətlə tələbkar Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına təklif edilmiş və filialın nümayəndəsi Vəkil3 tərəfindən qəbul edilərək alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinin Pakistan Milli Bankının Bakı Filialının tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: “Montinburg" MMC və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı arasında borc müqaviləsi bağlanmış, “Montinburg" MMC filialdan borc pul götürmüşdür. İddiaçı “Montinburg" MMC-nin öhdəliklərinin icrasının təminatı kimi özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzili Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. Borcalan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-288/2020 saylı qətnaməsi ilə kredit müqaviləsi üzrə yaranmış borcun “Montinburg" MMC-dən tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yerləşən 41 saylı evin 7 saylı mənzilinə yönəldilmiş, həmin evin açıq hərracdan satılması, ipoteka predmentinin ilkin satış qiymətinin 118000 manat müəyyən edilməsi və s. qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Əmlak ilkin satış qiyməti 118000 manat olmaqla xx.xx.2020-ci il tarixdə, ilkin satış qiymətindən 15% aşağı qiymətlə - 100300 manata xx.xx.2020-ci il tarixdə hərraca çıxarılmış, alıcı olmadığından əmlak ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə - 75225 manata ipoteka saxlayana - Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialına təklif olunmuşdur. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı təklifi qəbul etmiş və alqı-satqı müqaviləsi bağlanaraq əmlak Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3 və 43.4-cü maddələrə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İş materialları ilə müəyyən olunur ki, hərrac təşkilatçısı hərrac bildirişini yuxarıda qeyd olunan qanunvericilik tələblərini pozmaqla ipoteka qoyana ünvanlanmışdır. Belə ki, həm xx.xx.2020-ci il tarixdə keçirilmiş ilk hərrac, həm də xx.xx.2020-ci il tarixdə keçirilmiş təkrar hərrac barədə bildirişi İddiaçı ünvan 7 ünvanı üzrə göndərmişdir. Bu bildirişlər “Ünvanda yoxdur” və “Ünvan düzgün deyil” qeydləri ilə geri qaytarılmışdır. İddiaçı özü də iddia ərizəsində ailəsi ilə birlikdə ipoteka predmeti olan mənzildə yaşadığını bildirmişdir. Bu mənzilin ünvanı isə “ünvan 8yil, “ünvan 9 ünvanıdır. Aydındır ki, hərrac təşkilatçısı evin ünvanında texniki yanlışlığa yol verərək, “41” əvəzinə “141” qeyd etmişdir. Bu səbəbdən də müvafiq bildirişlər ünvanın düzgün olmaması qeydi ilə geri qaytarılmışdır. "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hazırki halda isə birinci hərrac xx.xx.2020-ci il tarixə, təkrar hərrac isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Təkrar hərraca dair bildiriş xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Qanunverciliyin hərracın keçirilməsi barədə bildirişin göndərilməsinə dair yuxarıda qeyd edilən normasının məzmunundan bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda normanın tətbiq edildiyi subyekt olan "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etməli idi, ona başqa davranış imkanı verilməmişdir. Lakin MMC əməl etməli olduğu normanın tələbini pozmuşdur. İddiaçı nəticələrini mübahisələndirdiyi hərracın qeyd edilən qaydada keçirilmədiyini iddia etmiş, əmlakın hərraca çıxarılmasından məlumatsız olduğunu irəli sürmüşdür. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında ünvan 1 7 nömrəli mənzilə yönəldilmə olması, həmin mənzilin açıq hərracda satılması İddiaçı bəlli idi. Qeyd olunan məhkəmə aktından kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir. Məhkəmənin qənaətinə görə, əmlak iddiaçının adına olmaqla onun tərəfindən ipoteka ilə yüklü edilmiş, ipoteka ilə təmin edilmiş öhdəlik icra olunmadığından müvafiq məhkəmə qətnaməsi ilə əmlaka tutma yönəldilərək onun açıq hərracda satılması qət edilmiş və bu zaman o, məhkəmə iclaslarında iştirak etmişdir. (başqa sözlə, əmlakın hərraca çıxarılmasını nəzərdə tutan qətnamədən 5 il, əmlakın hərraca çıxarıldığı vaxtdan isə təxminən 4 il sonra). Bu mənada əmlakın hərraca çıxarılmasından onun xəbərsiz olmasını qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Məntiqli deyildir ki, o, əmlakına tutma yönəldildiyini bildiyi halda, ötən uzun müddət ərzində əmlakının açıq hərracda satılmasından məlumatsız olsun. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı tərəfə hərrac barədə məlumatın çatdırılmamasının məsuliyyətini hərracı keçirən təşkilat və ya tələbkar daşıya bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hərrac barədə qəzetlərdə müvafiq elanlar verilmişdir və mənzilinin hərraca çıxarılacağı barəsində məhkəmə qətnaməsinin mövcudluğundan xəbərdar olan iddiaçının bu məzmunda elanları da oxumamasının məsuliyyətini o özü daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. İdidaçının bu qədər müddət ərzində, ipoteka ilə yüklü edilmiş əmlakın aqibətindən iddiaçının məlumatsız olması ağlabatan deyildir. Belə ki, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə ilk iddia tələbinin təmin edilməsi üçün əsasların mövcud olmadığı qənaətinə gəlir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericiliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu itirmişdir. Belə ki, iş materiallarında olan icra vərəqindən İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verdiyi müəyyən olunur. İşə baxan apelyasiya instansiya məhkəməsi xx.xx.2019-cu il tarixdə qətnamə qəbul etmişdir. Hazırda iddiaçı Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 23 may 2017-ci il qətnamədən məlumatlı olmasına, həmin qətnamədən apelyasiya şikayəti verməsinə baxmayaraq kəsici müddətin öütürülməsinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də İddiaçı "xxxx" MMC, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Qarşılıqlı iddiaçı 23 may 2017-ci il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan 2439 gün üçün borclunun ödəməyi gecikdirdiyi pul məbləğinə görə illik 5 faiz dərəcəsi ilə hesablamış kompensasiya tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunur ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Qeyd edilən Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarından, o cümlədən plenum qərarından aydın olur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından aydın olur ki, iddiaçı illik 5% hesablamaqla tələb etdiyi pul məbləğini Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 23 may 2017-ci il tarixdən qarşılıqlı iddianın verildiyi tarixədək hesablayaraq 20548,26 manat pulun tutulmasını xahiş edir. Halbuki həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(103)-288/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan kredit müqaviləsi üzrə borcludan vaxtında ödəmədiyi, o cümlədən müqavilə üzrə ödəməyi öhdəsinə götürdüyü bütün borc məbləği, əsas borc, ona hesablanmış faiz borcu və cərimə borcu borcalandan tutmuşdur. Yəni tərəflər arasında olan kredit müqaviləsi həmin məhkəmə mübahisəsinə qədər kreditor tərəfindən birtərəfli qaydada imtina olunmamışdırsa, həmin məhkəmə qətnaməsi ilə artıq kredit müqaviləsi ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borcun tutulması ipoteka predmetinə yönəldilmişdir. Qarşılıqlı iddiaçı borcalan tərəfindən qətnamənin icrasından qəsdən yayındığına dair hər hansı sübut təqdim etməmiş, iş materialları ilə belə bir hal müəyyən edilməmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra tədbirləri qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə yaranır. Lakin iddiaçı tərəflər arasında olan mübahisəyə baxan məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktının tarixindən qarşılıqlı iddianın verilməsi tarixinə illik 5% kompensasiya məbləği hesablamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin qanuni əsası mövcud deyil, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMC, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının İddiaçı qarşı kredit borcunun gecikdirilməsinə görə hesablanmış kompensasiya məbləğinin tutulması tələbinə dair qarşılıqlı iddia təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumları müvafiq olaraq onları ödəmiş iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia ərizəsinin verilməsinə görə ödənilmiş ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının İddiaçı qarşı kredit borcunun gecikdirilməsinə görə hesablanmış kompensasiya məbləğinin tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar