Məhkəmə qərarları › İş №2(005)-97/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-97/2022

27.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-97/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi şərtlərinin pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq işlədiyi iş saatları, bayram günləri, məzuniyyət günlərinə görə əlavə əməkhaqqı hesablanması, irəli sürdüyü iddialarına görə maddi təzminat ödənilməsi və haqqında tətbiq olunan, "Əmək Məcəlləsi"nin 70-ci maddəsinin "Ç" bəndinin icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 2019-cu ilin yanvar ayında "xxxx" MMC-yə işə düzəlmişdir. 2019-cu il satış göstəricilərinə görə respublikada birinci yer tutmuşdur. 2020-ci il oktyabrın 1-də heç bir audit yoxlaması aparılmadan psixoloji vəziyyətinin gərgin vaxtında yazdığı ərizə əsas götürülərək işdən azad olunmuşdur. Hansı ki o, bu ərizəni keçirdiyi dərin ailə böhranı vaxtı qarşı tərəfin diqtəsi ilə aldadılaraq yazmışdır. Hadisələrin cərəyan etdiyi vaxtda 2005ci il təvəllüdlü kiçik oğlu xəstəliklər səbəbindən dünyasını dəyişmişdir. Bunu də əlavə edir ki, "xxxx" MMC-in direktoru İrfan Yılmaz 24 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə rəsmi məktub göndərərək onun məsuliyyətə cəlb edilməyini xahiş etmişdir. Ərizə üzərində Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin tədqiqatçısı, polis kapitanı X5 tərəfindən araşdırma aparılmış və 11 yanvar 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin rədd edilməsində Nərimanov rayon Prokurorluğunun baş vermiş hadisə ilə əlaqədar təftişin keçirilməməsi, müstəqil audit yoxlanmasının aparılmaması və müvafiq aktın tərtib edilməməsi əsas götürülmüşdür. Lakin qarşı tərəfdən fərqli olaraq onun irəli sürdüyü iddialar sübutludur. Bunlar aşağıdakılardır: belə ki, 1. İş və istirahət vaxtı üzrə əmək müqaviləsində göstərilir. İş vaxtı həftənin 5 günü 08:00 -16:00, Şənbə günü isə 08:00 -13:00. O, isə hər gün səhər saat 8-də Sunfood MMC-yə aid X7 zavodunda plastik kartı monitora vurub işə gəlmişdir. Axşam işdən qayıtma saatı orta hesabla saat 21 radələri olmuşdur. Hətta saat 00:00, bəzən də daha gec. İşlədiyi 22 ay müddətində ona məzuniyyət verilməmişdir. Bayram günü istisna olmaqla (31 dekabr, 21 mart) daim istismar olunmuşdur. Verdiyi bu məlumatların həqiqiliyinə cavabdehdir və sistemdən yoxlatdırılmasını xahiş edir. Böyük dövriyyəli müştərilərdən köhnə mal götürərkən borc bank sistemində çıxılmırdı və müştəri ilə arada borc mübahisəsi yaranmasın deyə o, götürdüyü köhnə məhsulları kassadan nağd pulla almışdır. Bundan müdiri Şehmuz bəyin xəbəri vardır. Onun hesablamalarıma görə onun iadə anbarında 1421 manat artıq iadəsi var, yəni pulu var. İşlədiyi müddət ərzində Şehmuz bəyin göstərişi ilə 8 müştəri ilə qeyri-rəsmi satış edib (50000 ton pendirqatıq) pul ödənişi ilə Bazarstore" kassalarına keçirmişdir. Çekləri saxlamışdır. Bu prosesdə müştəri tutub əlaqə yaratmaq üçün təxminən 1000 manat pul xərcləmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Eyni zamanda əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş və məhkəməyə iddiaya etiraz ərizəsini təqdim etmişdir. Etirazında göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı” “artıq işlədiyi iş saatları, bayram günləri, məzuniyyət günlərinə görə əlavə əmək haqqı hesablanması, irəli sürdüyü iddialarına görə maddi təzminat ödənilməsi və haqqında tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinin icrasının dayandırılması ” tələbinə dair iddia tələbi tam şəkildə əsassız olduğundan təmin edilməməli və iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində göstərir ki, “2020-ci il oktyabrın 1-də heç bir audit yoxlaması aparılmadan psixoloji vəziyyətinin gərgin vaxtında yazdığı ərizə əsas götürülərək işdən azad olunmuşdur. Hansı ki, o, bu ərizəni keçirdiyi dərin ailə böhranı vaxtı qarşı tərəfin diqtəsi ilə aldadılaraq yazmışdır.” Qeyd olunanlarla bağlı bildirmək istəyir ki, İddiaçı heç kəs hansısa bir ərizəni (və ya sənədi) məcburi və ya zor tətbiq etməklə yazdırmamışdır. Çünki, Cavabdeh MMC-də “Süd Satışı” departamentində “Satış üzrə ekspeditor” vəzifəsində işləyən xx.xx.1976 cı il təvəllüdlü İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək fiziki şəxslərə satdığı südün pulunu həmin gün şirkətin hesabına daxil etməli olduğu halda bunu etməmiş və nəticədə şirkətə məxsus cəmi 8.500,00 (səkkiz min beş yüz) manatı mənimsəmişdir. İşçinin bu əməli şirkət tərəfindən ifşa olunduqdan sonra ondan 11.09.2020-ci il tarixli “İzahat” götürülmüş və o, etdiyi bu əməli öz izahatında tam etiraf etmişdir. Həmçinin göstərilən işçinin atası X2 da bununla bağlı 11.09.2020-ci il tarixli “İzahat” vermiş və oğlunun bu əməlini bir daha təsdiq etmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı şirkətə vurduğu ziyanı tam şəkildə geri ödəmək barədə dəfələrlə xəbərdarlıqlar edilsə də o, bu xəbərdarlıqların heç birinə məhəl qoymamış və götürdüyü məbləğdən 1.200,00 (min iki yüz) manatı geri qaytarmış, 1.101,83 (min yüz bir manat səksən üç qəpik) manat isə onun əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesabından tutulmuşdur. Hazırda İddiaçı Cavabdeh MMC-dən götürdüyü 6.198,17 (altı min yüz doxsan səkkiz manat on yeddi qəpik) manat məbləğ ödənilməmiş qalmışdır. Əlavə olaraq bildirir qeyd olunan məbləğin şirkətə geri ödənilməsi üçün tərəfindən 24.11.2020-ci il tarixli, 258 saylı “Ərizə” ilə Nərimanov rayon Polis İdarəsinə də müraciət edilmişdir. Daha sonra müraciəti aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin baş təhqiqatçısı Nurlan Nurulu tərəfindən qəbul edilmiş 11.01.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən onlara məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin baş təhqiqatçısı Nurlan Nurulu tərəfindən qəbul edilmiş 11.01.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarın 6-cı abzasında göstərilir: “Araşdırma zamanı izahatı alınmış İddiaçı törətdiyi əməli səmimi etiraf etməsini və halhazırda maddi vəziyyətinin yaxşı olmadığını lakin gələcəkdə götürdüyü öhdəlik üzrə ödəniş edəcəyini bildirmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən Nərimanov RFİ-nin 17-ci Polis Şöbəsində, həmçinin şirkətdə verdiyi “İzahat’’lar ilə iddiaçının şirkətə məxsus pulların qanunsuz olaraq öz mənafeləri üçün götürüb istifadə etməsi aydın şəkildə etiraf və təsdiq olunmuşdur. Bu səbəbdən tərəfindən Kürdəmir Rayon Məhkəməsində iddia qaldırılmış və 2(041)-698/21 saylı iş üzrə sədrlik edən hakim tərəfindən 30 mart 2021-ci il tarixdə çıxarılan qətnamə əsasında onların iddia tələbi tam şəkildə təmin edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə yalnız əlavə vaxt qazanmaq niyyətindədir. İddiaçı iddia ərizəsində göstərir ki, “Qarşı tərəfdən fərqli olaraq onun iddiaları sübutludur. Bunlar aşağıdakılardır: İş və istirahət vaxtı üzrə əmək müqaviləsində göstərilir. İş vaxtı həftənin 5 günü 08:00-16:00, sənbə günü isə 08:00 13:00. Mən isə hər gün səhər saat 8-də "xxxx" MMC-yə aid X7 zavodunda plastik kartı monitora vurub işə gəlmişdir. Axşam işdən qayıtma saatını orta hesabla saat 21 radələri olub. Hətta saat 00:00, bəzən daha gec olub. İşlədiyi 22 ay müddətində ona məzuniyyət verilməyib. Bayram günü istisna olmaqla (31 dekabr, 21 mart) daim istismar olunmuşdur. Verdiyi bu məlumatların həqiqiliyinə cavabdehdir və sistemdən yoxlatdırmağını xahiş edir. 2. Böyük dövriyyəli müştərilərdən köhnə mal götürərkən borc bank sistemində çıxılmırdı və müştəri ilə arada borc mübahisəsi yaranmasın deyə o, götürdüyü köhnə məhsulları kassadan nağd pulla almışdır. Bundan müdiri Şehmuz bəyin xəbəri vardır. Onun hesablamalarına görə iadə anbarında 1421 manat artıq iadəsi, yəni pulu vardır. 3. İşlədiyi müddət ərzində Şehmuz bəyin göstərişi ilə 8 imişləri ilə qeyri-rəsmi satış edib (50,000 ton pendir-qatıq) pul ödənişi ilə Bazarstore kassalarına keçirmişdir. Çekləri saxlamışdır. Bu prosesdə müştəri tutub əlaqə yaratmaq üçün təxminən 1000 manat pul xərc xərcləmişdir. ” Qeyd olunanlarla bağlı bildirmək istəyir ki, iddiaçının həmin qeydləri tamamilə cəfəngiyatdır və heç bir sübuta söykənməyən dəlillərdir. Məsələn: Əgər işçi öz əmək funksiyalarını çatdırıb vaxtında etməyərək və müştərilərlə vaxtında görüşüb öz öhdəliklərini icra etməyərək iş yerinə gəlib həmin başa çatdırılmamış işlərini icra edirsə burada hansısa artıq işləməkdən söhbət belə gedə bilməz. Bu kimi hallar işçinin öz təşəbbüsü ilə və könüllü şəkildə olur. Odur ki, iddiaçıya münasibətdə belə bir hal olmamışdır, olmuşsa belə yalnız öncə qeyd olunan vəziyyətlə əlaqədar ola bilərdi. İddiaçının Şehmuz bəylə qeyd olunan mövzuda hər hansı yazışması yoxdur, əgər varsa buyursun təqdim edə bilər. X7 zavodu yarandığı tarixdən heç 50,000 ton perdir-qatıq istehsal etməyib, qaldı ki, iddiaçının həmin həcmdə satış etməsi və kassaya keçirməsi. Həmçinin cavabdehin nümayəndəsi 26.04.2022-ci il tarixdə ərizə verərək hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh MMC-işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi əsas iş yerinə satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir (2.2-ci bənd). İşçi 24 yanvar 2019-cu il tarixdən işə başlayır (2.4-cü bənd). İşçiyə hər ay 247 (iki yüz qırx yeddi) manat məbləğdə əmək haqqı ödənilir (4.2-ci bənd); Əmək müqaviləsinin bağlanması ilə bağlı 24.01.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh MMCişəgötürən ilə İddiaçı-işçi arasında 24.01.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır; İddiaçı satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 247 manat təşkil edir. Cavabdeh MMC-nin direktoru X3 cəmiyyətin Süd Satışı Departamentində satış üzrə ekspeditor vəzifəsində çalışan İddiaçı tərəfindən ünvanlanmış 11.09.2020-ci il tarixli izahatdan görünür ki, “ailəsində həyat yoldaşının və oğlunun müalicəsi ilə əlaqədar pula ehtiyacı olmuşdur. Bu məsələ ilə əlaqədar müdiri Seymur Şahinə müraciət etmiş, ondan yardım istəmiş, Seymur bəy “imkan yoxdur” demişdir. O, hərkəsin müqəddəs saydığı ailə dəyərlərinin xilası naminə üzərində olan süd satışının 7500 manat məbləği istifadə etməyə məcbur olmuş və sonra zəng vurub bu halı məruzə etmişdir. Azərsun Holding şirkətinin xeyirxah imicinə güvənmiş və ümid etmişdir ki, onu anlayışla qarşılayıb möhlət verəcək, bu məbləği qəpiyinəcən ödəyəcəkdir”.... 11.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov RPİnin 17-ci PŞ-nin baş təhqiqatçısı Nurlan Nurlunun qərarından görünür ki, “.... araşdırma zamanı izahatı alınmış İddiaçı törətdiyi əməli səmimi etiraf etməsini və hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığını lakin gələcəkdə götürdüyü öhdəlik üzrə ödəniş edəcəyini bildirmişdir. Cavabdeh MMC-nin direktoru X3 ünvanlanmış 01.10.2020-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı yazıb bildirmişdir ki, şirkətdən mənimsədiyi 8500 manatın 1200 manatımı geri qaytarmışdır. Qalan maddi ziyanın 7300 manatının hesablanacaq son haqq hesab məbləğinin tamamından tutulmasına etiraz etmir. Ərizəni imzası ilə təsdiq edir. Cavabdeh MMC-nin 02.10.2020-ci il tarixli, 1227/K saylı əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda 02.10.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh MMC-nin 02.10.2020-ci il tarixli, 1227/1 K saylı əmrindən görünür ki, Cəmiyyətin Süd Satışı Departnmenlində Salış üzrə ekspedilor vəzifəsində çalışmış İddiaçı 03.09.2020-ci il tarixində şirkətə məxsus pulu mənimsəməsi nəticəsində şirkətə dəymiş maddi ziyan ilə bağlı əmr edir: 1. İddiaçı hesablanmış son haqq hesab məbləğinin tamamı onun şirkətə məxsus pulu mənimsəməsi nəticəsində şirkətə dəymiş maddi ziyan məbləğindən tutulsun; 2. Cəmiyyətin Baş mühasibi Aliq Hüseynov və İnsan Resursları müdiri Elşad Babayev bu əmrdən irəli gələn digər məsələləri həll etsinlər. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 01.10.2020-ci il tarixli, 11№-li prtokolundan görünür ki, "xxxx" MMC-nin Süd Satışı Departamentində Satış üzrə ekspeditor vəzifəsində çalışan İddiaçı 03.09.2020-ci il tarixində şirkətə məxsus 8500 manat pulu mənimsəməsi halı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "c" bəndinin tələblərinin pozulması halı kimi qiymətləndirilir və 02.10.2020-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(041)-698/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı 6193,17 (altı min bir yüz doxsan səkkiz manat 17 qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 6228.17 (altı min iki yüz iyirmi səkkiz manat 17 qəpik) tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 02.10.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı aid ******* seriyalı əmək kitabçası həmin tarixdə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış 24.01.2019-cu il tarixli əmək müqaviləsi üzrə Cavabdeh MMC-nin Süd Satışı Departamentində satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 1227/k nömrəli, 02 oktyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq işlədiyi iş saatları, bayram günləri, məzuniyyət günlərinə görə əlavə əməkhaqqı hesablanması, irəli sürdüyü iddialarına görə maddi təzminat ödənilməsi və haqqında tətbiq olunan, "Əmək Məcəlləsi"nin 70-ci maddəsinin "Ç" bəndinin icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02.10.2020-ci il tarixli, 1227/K №-li əmrlə xitam verilmişdir. İddiaçı tərəfindən 19.04.2022-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və iş materiallarına əlavə edilmiş Təhvil-təslim aktı ilə müəyyən olunur ki, 02.10.2020-ci il tarixdə İddiaçı ******* seriyalı əmək kitabçası təhvil verilmişdir. Bu da sübut edir ki, iddiaçı həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlı olmuşdur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 19.04.2022-ci il tarixdə müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi şərtlərinin pozulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi şərtlərinin pozulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar