Məhkəmə qərarları › İş №2(005)-99/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-99/2022

25.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-99/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmələr barədə ərizə üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər bir vərəsənin payına uyğun məcburi pay hüququnun təmin edilməsinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizələr ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mübahisəli daşınmaz əmlaka və qaraja dair 3 ədəd bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və hər bir vərəsinin payına uyğun məcburi pay hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ataları X20 15.03.2012-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra qardaşları Cavabdeh1 qeyri qanun yolla (saxta etibarnamə əsasında) atalarının vəfatından təxminən iki il sonra ata mülkünü anaları X5 adına keçirmişdir. X9 07.04.2021-ci il tarixində vəfat etmişdir. Onun dəfn mərasimindən sonra məlum olmuşdur ki, Cavabdeh1 yenidən qanun pozuntusuna yol verərək ata müklünü ələ keçirmək məqsədi ilə iddiaçılardan xəbərsiz ata mülkünü tam olaraq öz adına keçirmişdir. Valideynlərdən sonra qalan vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı4, İddiaçı5 valideynlərinin birinci dərəcəli vərəsələridirlər. X20 öldükdən sonra X4 stresslərdən və yaşının çox olmasından onda əmələ gələn yaddaş zəifliyindən sui-istifadə edən Cavabdeh1 ata mülkünü tək sahiblənmişdir. 1994-cü ildə iddiaçıların valideynlərinin yaşadığı binanın 1-ci mərtəbəsinin sakinləri binanın baş tərəfində əlavə otaqlar tikmişdilər. İddiaçı2 da öz vəsait hesabına Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdıraraq 2-ci mərtəbədə 2 ədəd böyük otaq, hamam və ayrıca sanitar qovşaq inşa etdirərək valideynlərinin istifadəsinə vermişdir. 1996-cı ildə valideynlərin yaşadığı mərtəbədə yaşayan qeyri millətdən olan Valentina adlı qadın yaşadığı bir otağı satarkən həmin otağın alınması üçün 6000 ABŞ dolları ödəmiş və sonradan Bakı şəhər İcra Hakimiyyətində və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qeydiyyata alınmaqla valideynlərinin istifadəsinə vermişdir. İddiaçı2 ata mülkünə tam iddialı deyil. O mülkün bütün vərəsələr arasında bərabər payda bölünməsinin tərəfdarıdır. İddiaçı2 öz vəsaiti hesabına tikilən 2-ci mərtəbədəki 2 ədəd böyük otaq, hamam və sanitar qovşağı və Valentinadan alınan otaq onun payına verilsin. Mənzilin qalan hissəsi və qarajın bütün vərəsələr arasında hər bir vərəsənin payına uyğun bərabər bölünməsini xahiş edirlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh1 iddia ərizəsinə etirazla müraciət edərək bildirdi ki, iddiaçılar qeyd etmişlər ki, saxta etibarnamə əsasında o, bu əmlakları anaları adına keçirtmişdir. Daha sonra isə həmin əmlak ona verilmişdir. Bununla bağlı qeyd edir ki, hazırda mübahisə olunan əmlak 11 il bundan əvvəl X5 adına qeydiyyatdan keçmişdir. Həmin əmlakın X5 adında olması və onun adına keçməsi barədə indiyə kimi övladları arasında heç bir mübahisə olmamışdır. Belə ki, hər hansı mübahisə olacaq idisə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsini əsas gətirərək, iddiaçı 3 ay və ya mirasın açıldığı vaxtdan 6 ay ərzində, hansısa əmlaka dair payı qəbul etməsi barədə Notariat orqanına ərizə təqdim etməyə borclu olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən, saxta etibarnamə ilə əmlakın əldə edilməsi deyilsə də, özləri tərəfindən həmin mülkiyyət barədə heç bir mübahisələndirmə tələbləri olmamışdır. Odur ki, qanunla gözlənilən 3 ay və 6 ay müddətləri ötmüş, eyni zamanda, verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələri ilə bağlı 11 il müddətində heç bir mübahisə, iddia irəli sürməmişlər. Bundan sonra tam 6 il müddət ərzində həmin əmlak, tam qanuni mülkiyyət hüquqları üzrə X5 xüsusi mülkiyyətində olmuş, onun tam iradə ifadəsinin ifadə etdiyi Daşınmaz Əmlakın Bağışlama Müqavilələri, sağlığında heç bir pozuntu, qanunsuzluq olmadan, notariat orqanında Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən əldə olunan çıxarışla, evdə qeydiyyatda olan bütün şəxslərin iradə ifadəsi bildirilməklə, Cavabdeh1 və digər qardaşlarına yaşayış evini hədiyyə etmişdir. 8 iyun 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı, iddiaçıların, hələ X1 iddia qaldırmaq, belə ki, müəyyən olunmuş müddət ərzində iddia irəli sürmək imkanları olsa da, onlar, bu imkanlarından istifadə etməyərək, müqavilə bağlandığı vaxtdan 5 il keçdikdən sonra, X9 vəfat etdikdə iddia irəli sürmüşlər. Cavabdeh1 qeyd edilənlərə əsasən iddia tələblərini etibarsız əqdlərlə bağlı qanunla müəyyən edilmiş müddətlərin ötürülməsi ilə verildiyini bildirərək, iddia tələblərinin sübuti əsaslarının olmaması səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid X17 ifadə verərək bildirdi ki, X5 əri öləndən sonra yaddaş pozuntuları olmuşdur, ətrafindakı insanları, öz adını belə xatırlamırdı. Mərhum bununla bağlı müalicələr də almışdır. Məhkəmə iclasında şahid X10 ifadə verərək bildirdi ki, X20 ölənədək mərhum X2 ilə ciddi problemlər olmamışdır. X20 öldükdən sonra X5 yaddaşı ilə bağlı problemlər yaranmağa başlamışdır. X8 artıq xatırlamırdı. Məhkəmə iclasında şahid X12 ifadə verərək bildirdi ki, X20 öldükdən sonra X5 yaddaşı ilə bağlı problemlər yaranmağa başlamışdır, o, hətta ailə üzvlərini və övladlarını da tanımırdı. Məhkəmə iclasında şahid X14 ifadə verərək bildirdi ki, X20 öldükdən sonra X5 müəyyən müddətdən sonra yaddaşı ciddi zəiflədi və o tanıdığı insanları tanımırdı. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, X20 öldükdən sonra X5 yaddaşı ilə bağlı problemlər yaranmağa başlamışdır. Mərhum uzun müddət müalicə almışdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 021619 nömrəli arayışdan müəyyən olunur ki, X20 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b. 54, 14 saylı mənzildə yaşamışdır və bu mənzil onun şəxsi mülkiyyətindədir. Bu mənzildə daimi qeydiyyatda olan şəxslər X20, onun yoldaşı X9, oğlu Cavabdeh3, oğlu Cavabdeh1 , oğlu Cavabdeh2, X13, nəvələri X23, X15 və X16 olmuşdur. Nərimanov rayon Qeydiyyatı şöbəsi tərəfindən verilmiş 04.08.2011-ci il tarixli AZ İ seriyalı, 484108 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X20 Bakı şəhərində 15.03.2011-ci il tarixdə ölmüşdür. 08.06.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrindən müəyyən olunur ki, “Hədiyyə verən” X9 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evin, ü/s 155.3 kv.m, yaş. sah. 118.1 kv.m. , yar. sah. 37.2 kv.m olan 7 otaqlı, 14 nömrəli mənzili 87.5 kv.m, 5 otaq və köm. sah. 37.2 kv.m hissədə “Hədiyyə alan” Cavabdeh1; yenə həmin mənzili 19.1 kv.m, 1 otaq hissədə “Hədiyyə alan” Cavabdeh2; həmin mənzili 11.5 kv.m, 1 otaq hissədə “Hədiyyə alan” Cavabdeh3 bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b. 54, 14B saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında tam payda məxsusdur və bu barədə 30.06.2017-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Nərimanov rayon Qeydiyyatı şöbəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli AZ İİ seriyalı, 177829 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində 10.04.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 tərəfindən verilmiş 07.12.2021-ci il tarixli 2924 saylı rəydən müəyyən olunur ki, mülki iş materiallarında olan ifadələrə X7 26.07.2017-ci il tarixli video görüntülərə əsasən belə qənaətə gəlmək olar ki, X3 “damar mənşəli demensiya psixotik daxilolmalarla (f01)” qeyd olunmuşdur. Həmin pozuntular 2012-ci ildən sonra inkişaf etməyə başlamış və tədricən proqressivləşərək ömrünün sonunadək davam etmişdir. X9 08.06.2017-ci il tarixdə bağışlama müqavilələrini imzalayarkən onda qeyd olunan psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək, yaranmış şəraitin mahiyyətini anlamaq, davranışının mümkün nəticələrini dərk etmək iqtidarına malik olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh şəxslərin anaları olan X9 07.04.2021-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl X9 08.06.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqavilələri bağlayaraq Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 54 saylı evi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvafiq hissələrdə bağışlamışdır. Hazırda iddiaçılar anaları X5 bağışlama müqavilələrin bağlayarkən faktiki olaraq hərəkətlərini dərk etmək iqtidarında olmadığı əsas gətirərək, qeyd edilən müqavilələrin etibarsız sayılmasını, mənzilin və qarajın bütün vərəsələr arasında hər bir vərəsənin payına uyğun bərabər bölünməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir :“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.” Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2004-cü il 12 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə baxışında tədqiq edilmiş mülki iş materiallarından müəyyən edilir ki, X3 “damar mənşəli demensiya psixotik daxilolmalarla (f01)” qeyd olunmuşdur. Həmin pozuntular 2012-ci ildən sonra inkişaf etməyə başlamış və tədricən proqressivləşərək ömrünün sonunadək davam etmişdir. X9 08.06.2017-ci il tarixdə bağışlama müqavilələrini imzalayarkən onda qeyd olunan psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək, hərəkətlərini idarə etmək, yaranmış şəraitin mahiyyətini anlamaq, davranışının mümkün nəticələrini dərk etmək iqtidarına malik olmamışdır. Mülki Məcəllənin göstərişlərinə əsasən, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, X5 bağışlama müqavilələrinin bağlandığı vaxtda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmaması mülki işin materialları ilə sübuta yetirilmişdir. Bu səbəbdən X5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilməlidir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Bundan başqa məhkəmə qeyd edir ki, iddia məcburi payların müəyyən edilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanunvericiliyin müddəalarından aydın olur ki, məcburi pay tələb etmək hüququ yalnız vəsiyyətnamə olduqda yaranır, hazırda vəsiyyətnamə olmadığından məcburi payların müəyyən edilməsi mümkün deyil. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağladığı 08 iyun 2017ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar