Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1033/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərişıq” ASC-nin müvafiq səlahiyyətli əməkdaşları tərəfindən 17.01,2021-ci il tarixində tərtib edilmiş Rl 200642 saylı aktın ləğv edilməsi və akta əsasən **********10001 nömrəli abonent hesabına əsassız yerə hesablanmış 602.59 manat borcun silinməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi ərazisində **********24 reyestr nömrəli bağın sahibidir və **********10001 nömrəli abunə kodu üzrə elektrik enerjisindən istifadə edir. Qeyd olunan ünvanda tikintisi davam edən bağ evinin elektrik sayğacında yağışlı havada qəza baş vermişdir. Dərhal "xxxx" ASC-nin əməkdaşlarına məlumat verilmiş və qəzanın müvəqqəti olaraq sayğacsız aradan qaldırılması təmin edilmişdir. "xxxx" ASC-nin əməkdaşları bildirmişdir ki, yeni sayğac quraşdırılanda maksimal göstərici ilə hesabat aparılacaq. Yeni sayğac quraşdırıldıqdan sonra 240 manat məbləğində hesabat təqdim olunmuş və ödəniş edilmişdir. Bundan sonra 601 manat məbləğində borcla bağlı hesabat təqdim edilmişdir. Bununla əlaqədar "xxxx" ASC-yə müraciət edilmiş və sonuncunun 18 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, yoxlama zamanı mənzilə məxsus elektrik hesabata sayğacının tamamilə yanması faktı aşkarlanaraq Rİ 200342 nömrəli akt tərtib edilmiş, 5809 kVts-602,59 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Eyni zamanda qeyd edilən məktubda ödəniş sənədinin Elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq hazırlanması bildirilmişdir. Bundan sonra yenidən 01 iyun 2021-ci il tarixdə müraciət edilmiş və qeyd edilən məbləğdən narazı olunduğu təkrar "xxxx" ASC-yə bildirilmişdir. Məbləğin nəzərdən keçirilib daha detallı əsaslandırılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 09 iyun 2021-ci il tarixdə "xxxx" ASC yenidən əvvəlki ilə eyni məzmunda məktub ilə müraciətə cavab vermişdir. Göründüyü kimi mübahisə cavabdehlə məhkəmədən kənar qaydada öz həllini tapmamışdır. O isə akt üzrə hesablanan və ödənilməsi tələb edilən borc məbləği ilə razı deyil. Hesab edir ki, "xxxx" ASC-nin Zirə ETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş Rl 200642 nömrəli akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 602,59 manat borc məbləği abonent hesabından silinməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" nümayəndələri tərəfindən tərtib edilən akta əsasən abonent hesabına əsassız yerə hesablanmış 400 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək, hesablanmış borcdan 200 manat məbləğində ödəniş etdiyini, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, iddiaçıya məxsus ünvanda əməkdaşlar tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, sayğac yanıb. Bununla əlaqədar akt tərtib edilmiş və akta əsasən iddiaçıya 602,59 manat məbləğində əlavə ödəniş hesablanmışdır. Abonentə hesablanmış məbləğ itirilmiş elektrik enerjisinin miqdarıdır və iddiaçı tərəfindən ödənilməlidir. Akt elektrik enerjisindən istifadə qaydalarının tələblərinə uyğun tərtib edilmişdir. Ona görə də iddianı əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan bağ massivi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 613 nömrəli reyestr kitabının 52037 nömrəli vərəqində 11.03.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17.01.2021-ci il tarixli, 200642 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Zirə, Üzümçülük sovxozu ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirən zaman elektrik sayğacının qısa-qapanma nəticəsində tamamilə əriyib yandığı müəyyən edilmişdir. "xxxx" ASC-nin 15.04.2021-ci il tarixli icra vərəqinin təsdiq olunmuş surətindən görünür ki, Türkan qəsəbəsi, Zirə, Üzümçülük sovxozu ünvanında **********10001 abunə kodlu elektrik sayğacının tamamilə yandığı qüsur kimi müəyyən edilmişdir. İstehlakçıya (3,8 kvt x 24 saat x 0,7 x 91 gün) = 5809 kvts (910x0,07; 4899 x0,11) hesablanması və sxemin bərpa edilməsi qərara alınmışdır. Abunə kodu **********10001 olan abunə haqqında sənəddən görünür ki, Rİ 200642 saylı akta əsasən İddiaçı 602,59 manat əlavə ödəniş hesablanmışdır. İddiaçı tərəfindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova ünvanlanmış 20.04.2021-ci il tarixli və 01.06.2021-ci il tarixli ərizələrinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona 601 manat məbləğində əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 17.01.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********10001) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, bununla əlaqədar Rİ 200642 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 602,59 manat əlavə ödəniş hesablanmışdır. İddiaçı qeyd edilən borcun 200 manatını ödəmiş, 400 manat qalıq borcun əsassız olaraq hesablandığından silinməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, akt sayğacın əriyib yandığı ilə əlaqədar tərtib edilmişdir, akt tərtib edildikdən sonra sayğac yeni sayğacla əvəz edilmişdir, mübahisələndirilən məbləğ də itirilmiş elektrik enerjisinin miqdarı kimi hesablanmışdır. Lakin akta əsasən iddiaçıya 91 gün üçün əlavə ödəniş hesablanmışdır. Halbuki elektrik enerjisindən istifadə üzrə hesablaşma dövrünə uyğun olaraq iddiaçıya bir ay üçün əlavə ödəniş hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya aşağıda göstərilən qaydada 30 gün üçün əlavə ödəniş hesablanmalıdır: (3,8 kvt x 0,7 x 24 saat x 30 gün) - 34 kvts = 1915,2 kvts (174,27 manat). Akta əsasən hesablanmış borcun müəyyən hissəsi - 200 manat ödənildiyindən, borcun digər hissəsi (400 manat) əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən hesablanmış 400 manat məbləğində borc iddiaçıya məxsus **********10001 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 400 manat məbləğində borc İddiaçı məxsus **********10001 abunə kodundan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1033/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1033/2022
22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver