Məhkəmə qərarları › İş №2(006)-1034/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1034/2022

28.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1034/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “”Azəriqaz” İstehsalat Birliyinə qarşı “qanunsuz cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sayğacının sınmasına görə İddiaçı adına qanunsuz şəkildə yazılmış 432 (dörd yüz otuz iki) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi qismində dindirilmiş X4 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Fərdi evin digər kommunal xidmətlərlə yanaşı qaz sayğacı da mövcuddur. Cavabdeh X7 İdarəsinin əməkdaşları 30 avqust 2021-ci il tarixində yaşadığı ünvanda yerləşən fərdi evə gələrək **********00000 saylı sayğacı dəyişən zaman əməkdaşlardan birinin əlindən sayğac yerə düşərək sınmış və istismara yarasız hala gəlmişdir. Əməkdaşlar buna dair ******* nömrəli, 30.08.2021-ci il tarixli Akt tərtib etib, yeni sayğac quraşdıraraq köhnə sayğacı özləri ilə aparmışlar. Həmin Aktda əməkdaşları tərəfindən qeyd olunmuşdur ki, “Sayğac demontaj zamanı yerə düşüb sındı, üst korpus gövdədən aralanıb, sayğac yenisi ilə əvəz olundu, gövdədəkilər oxunmur. Aktın doğruluğunu imzamızla təsdiq edirik: Abbasov N., Hməzyev K.” Təqribən 2021-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh İB-nin X7 İdarəsinin əraziyə nəzarət edən əməkdaşı onlara bildirmişdir ki, onların 432 (dörd yüz otuz iki) manat cərimələri vardır. Sonra dərhal o, “Asan Kommunal Xidməti”nə getmiş, oranın işçisi aktla tanış odluqdan sonra ona bildirmişdir ki, onun heç bir günahı yoxdur və ona Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Həmin qurumun laboratoriya rəyi həqiqəti əks etdirmir. Göründüyü kimi, qaz sayğacı Cavabdeh İB-nin X7 İdarəsinin əməkdaşlarının əlindən düşərək sındığı üçün burada onun heç bir günahı yoxdur, yazılmış cərimə qanunsuzdur və ləğv edilməlidir. Son olaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, 27.08.2021-ci il tarixdə ünvan 3 ünvanı X3 məxsus yaşayış evinə **********00000 saylı sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 6353314№-li 30.08.2021-ci il tarixli Aktdan görünür ki, **********00000 saylı sayğacı dəyişən zaman əməkdaşlardan birinin əlindən sayğac yerə düşərək sınmış və istismara yarasız hala gəlmişdir. Əməkdaşlar onu yenisi ilə əvəz etmişlər. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən, “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2 və 4.9-cu bəndlərinə əsasən, “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”, “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir”. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, “Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır”. Həmin Qanunun 18-ci maddəsinə əsasən, “Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır” Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, “Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir”, “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Beləliklə, iş materiallarında görünür ki, İddiaçı məxsus **********00000 saylı qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sınmış və qanunsuz şəkildə iddiaçının adına cərimə yazılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, qaz sayğacının sınmasına görə İddiaçı adına qanunsuz şəkildə yazılmış 432 (dörd yüz otuz iki) manat cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Qaz sayğacının sınmasına görə İddiaçı adına qanunsuz şəkildə yazılmış 432 (dörd yüz otuz iki) manat cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar