Məhkəmə qərarları › İş №2(006)-1035/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1035/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1035/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********10590) əsassız olaraq borc kimi yazılmış 48,70 manat (qırx səkkiz manat yetmiş qəpik) məbləğin cavabdeh "Azəriqaz İB" tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda abonent kodu **********10590 olmaqla cavabdeh “Azəriqaz İB” tərəfindən qazla təmin olunmaqdadır. Kommunal ödənişləri vaxtı-vaxtında ödədiyindən mənzilin qazla təmin olunmasında indiyədək hər hansı bir problem yaşanmamışdır. Ona məxsus elektron sayğac qaz kəsilməsi ilə əlaqədar klapan bağlanması və bir daha açılmaması səbəbindən sayğac yeni nəsil elektron sayğacla əvəz edilmişdir. Daha sonra xx.xx.2022-ci ildə bütün bina mexaniki sayğac sisteminə keçərkən, onun mənzilində olan Elektron tipli (Kartla işləyən) sayğac, balansında məbləğ olduğu halda və işlək vəziyyətdə olmasına baxmayaraq sökülərək mexaniki sayğac quraşdırılmışdır. Elektron sayğacdan istifadə zamanı hər hansı borcun yaranması mümkün deyil. Lakin xx.xx.2023-cü il tarixində təxminən 10 (on) ay sonra cavabdeh tərəfindən xx.xx.2023-cü tarixli ******* saylı aktla qaz sayğacının qeydiyyata almadığı təbii qazın 360 m3 müəyyənləşdirilməsi göstərilmiş və ona 48,70 manat (qırx səkkiz manat yetmiş qəpik) məbləğində borc gəlmişdir. Bu borcun nə zaman, hansı əsasla yazıldığı ona məlum deyil. Qeyd etdiyi kimi həm elektron, həm də mexaniki sayğacdan istifadə edərkən hər zaman ödənişləri vaxtıvaxtında həyata keçirmişdir. Yaranmış problemlə bağlı cavabdehin verdiyi cavab məktubunda göstərilmişdir ki, "Sayğaca baxış keçirilmiş sayğacın LCD ekranında informasiya əks olunmur, klapanı açıqdır, qaz keçir". Baxış onun iştirakı olmadan keçirilmişdir. Qeyd olunan məlumatlar həqiqəti əks etdirmir. Bildirdiyi kimi sayğacda və yaxud klapanda hər hansı problem mövcud olmamışdır. Cavabdehin qeyd etdiyi məlumatlar hər hansı bir sübutla öz təsdiqini tapmamışdır. Bütün bunlar azmış kimi cavabdeh xx.xx.2023-cü il tarixində soyuq hava şəraitində qaz təchizatını kəsərək sayğaca plomb vuraraq onun və ailəsinin mənzili qızdırmaq üçün yeganə istilik vasitəsindən məhrum etmişdir. Kombi işləməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, sayğac Cavabdeh İB nin əməkdaşları tərəfindən onun iştirakı olmadan sökülüb və Cavabdeh İBnin tərkibində olan Metrologiya Departamentində birtərəfli qaydada araşdırılıb və onun maraqlarını qoruyacağı mümkün deyil. xx.xx.2022-ci il tarixli ******* saylı aktda sayğacın quraşdırılma səbəbi kimi "əvəzetmə" qeyd edilmişdir. Hər hansı nasazlıq və ya digər səbəb göstərilməmişdir. Sayğacda klapanın açıq olması Azəriqaz İB-yə heç bir əsas vermir ki, abonentə qanunsuz olaraq borc yazsın. Normal işləyən sayğacın klapanın açıq olması normal haldır. Sayğacın LCD ekranının görünməməsi aşkar edilmişdirsə, niyə bu barədə ona yazılı məlumat bildirilməyib? LCD ekranın açılmaması Smart tipli sayğacda nəinki borcun olması əksinə onun vəsaitinin qalması ehtimalının daha çox olması anlamına gəlir. Çünki smart tipli sayğaclara əvvəl vəsait əlavə edilir sonra istifadə edilir. Cavabdeh İB-nin xx.xx.2022-ci ildə söküb apardığı sayğacın xx.xx.2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən tərtib etdiyi qanunsuz aktın nəticəsində ona yazılmış qanunsuz borc 1 (bir) ildən çox müddət keçdikdən sonra qanunsuz olaraq hesabına əlavə edilmişdir ki, bu da faktların və sübutların itirilməsinə və yaxud əlçatan olmamasına xidmət edir. Çünki həmin anda çalışan elektron cihazın 1 (bir) il sonra açılma ehtimalı yoxdur. Məsələnin mübahisəli olması və yazışmaların getdiyini və məhkəməyə müraciət edəcəyini bildirməyinə baxmayaraq Cavabdeh İB xx.xx.2023-cü il tarixində eyni qaydada ona xəbər və ya bildiriş vermədən havanın xüsusilə soyuq günlərində qaz təchizatını dayandıraraq onu qanunsuz yazılmış borcun ödənilməsinə məcbur etmişdir. Yalnız xx.xx.2023-cü il tarixində 48,70 manat yazılmış qanunsuz borc eyni qayda ilə qaz təchizatını qanunsuz şəkildə kəsilərək məcburi şəkildə ona ödənildikdən və o və ailəsi 3 (üç) gün qazsız qaldıqdan sonra xx.xx.2023-cü ildə qaz verilməsi bərpa edilmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixində ona ünvanlanan rəsmi məktubda klapan açıq olduğu üçün ona statistik olaraq 360 M3 qaz hesablanaraq əlavə edildiyi bildirilsə də, cavabdehin sonradan məhkəməyə təqdim etdiyi məktubda "sayğaca müdaxilə və sayğaca xəsarət kimi" yalan, qərəzli və bir-birinə zidd ifadələr verilmişdir. Cavabdeh İB bazarda tək olduğu və alternativ olmadığı üçün bu cür özbaşına əməllər törədərək istehlakçıların hüquqlarını kobudcasına pozur. Sayğac binanın blokunda yerləşdirilib və heç bir qoruyucusu yoxdur. Cavabdeh İB istədiyi vaxt istehlakçının xəbəri olmadan sayğacı söküb aparıb öz tabeçiliyində olan Metrologiya və digər Departamentlərin köməyi ilə birtərəfli aktlar tərtib edib istehlakçıya qanunsuz olaraq özbaşına borc yükləyib və qanunsuz olaraq qaz təchizatını dayandıraraq ödənişə məcbur edə bilməz.Sonda iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış 48,70 manat məbləğin Cavabdeh İB tərəfindən silinməsi və onun tərəfindən ödənilmiş 48,70 manat Cavabdeh İB-dən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı tərəfindən Cavabdeh İB-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, məhkəməyə qədər cavabdehə müraciət edərək bildirmişdir ki, ona məxsus mənzildə quraşdırılmış sayğac elektron sayğacla əvəz edilmişdir. 2022-ci ildə bina tamamilə mexaniki sayğaca keçərkən isə onun işlək sayğacı sökülərək mexaniki sayğac quraşdırılmışdır. Həmin vaxtı onun heç bir borcu olmamışdır. İndi ona 6 manat borcu olduğu təqdirdə 48 manat borc gəlmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, G-4 markalı **********5 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixində yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında dövlət yoxlamasından keçirilmiş və Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli MSK 29/1710-03430-1 saylı akt nəticəsində, sayğaca baxış keçirildi, sayğacın LCD ekranında informasiya əks olunmur, klapanı açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LSD ekranda CHECKİNG FİLE SYSTEM əks olunur və informasiya oxunmur, sayğac istismara yararsızdır rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəlı qərarı ilə təsdiq edilmiş "X1nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş ‘‘Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 360 m3 müəyyənləşdirilərək istehlakçı hesabına daxil edilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Cavabdehin nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış iddiaya etirazın məzmununa əsasən cavabdeh tərəfindən bildirilmişdir ki, həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK29/1710-03430-1 saylı Akta əsasən “sayğacda klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda CHECKİNG FİLE SYSTEM əks olunur və informasiya oxunmur, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Hesablanmış dəymiş ziyanın həcmi 360 m3 təşkil etmişdir. Hesablanmış 43,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********10590 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. **********10590 saylı abonent kodlu İddiaçı məxsus abonentin saldosu vərəqəsindən görünür ki, ünvan 4 ünvanında qazla işləyən cihazlar sırasında 4 gözlü qaz plitələri (PQ-4) (1/1), qənaətli su qızdırıcı (1/1) qeyd edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, islehlakçı İddiaçı məxsus **********10590 abonent kodlu qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. “Qaz sayğacının yoxlanılması barədə” MSK29/1710-03430-1 saylı, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, yoxlama nəticəsində **********5 zavod kodlu “sayğacda klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda CHECKİNG FİLE SYSTEM əks olunur və informasiya oxunmur, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 360 m3 müəyyənləşdirilərək istehlakçı hesabına daxil edilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun : 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın: 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin qiymətləndirməsi: Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 2022-ci ildə yenisi ilə əvəzləşdirilmişdir, çıxarılmış qaz sayğacı yoxlanılarkən qüsur aşkar olunmuş, bu əsasla təbii X1nın pozulması haqqında aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üzrə borc müəyyən edilərək iddiaçının abonent hesabına yazılmışdır, həmin məbləğ iddiaçı tərəfindən mənzilə qaz verilməsinin davam etdirilməsini təmin etmək üçün ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış borc məbləğinin hansı əsasla hesablanması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmiş, xx.xx.2022-ci il tarixli aktda “sayğacda klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda CHECKİNG FİLE SYSTEM əks olunur və informasiya oxunmur, qaz itkisi, müdaxilə” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 48,70 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********10590) itirilmiş qazın bərpası məqsədilə yazılmış 48,70 (qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində borc silinməli, həmin borca görə iddiaçı tərəfindən ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdan az (48 manat 70 qəpik) olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı **********10590 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 48,70 (qırx səkkiz manat yetmiş qəpik) manat borc silinsin, iddiaçı tərəfindən ödənilmiş 48,70 (qırx səkkiz manat yetmiş qəpik) manat Cavabdeh tərəfindən tutularaq İddiaçı geri qaytarılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar