Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1036/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qıznın katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh: Cavabdeh-dən 9034 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5665/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh-nin banklarda olan hesablaşma hesablarının üzərinə 9030 manat həcmdə həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı xx.xx.2016-cı ildə Cavabdeh ilə (bundan sonra cavabdeh) 42 saylı müqavilə bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi, 15 saylı binanın yaxınlığında yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra həmin binanın girişində, 4-cü mərtəbədə yerləşən ümumi sahədə 112 m² olan, 2 otaqlı 1 saylı mənzilin iddiaçıya satılması barədə müqavilə bağlamışlar. Müqavilənin dəyərini, hər m² üçün 937.5 manat hesabı ilə 105000 manat olaraq tam ödəmişdir. Lakin evin mülkiyyət hüququna dair çıxarış alarkən məlum oldu ki, cavabdeh müqavilə şərtlərini pozub və iddiaçıya təhvil verdiyi mənzilin ümumi sahəsi nəzərdə tutulduğundan 9.6 m² azdır. Başqa sözlə iddiaçıdan 9000 manat artıq pul alıb. Çıxarışı və texniki pasportu aldıqdan sonra cavabdehə müraciət edərək artıq aldığı pulun qaytarılmasını tələb etmişdir. Lakin bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmırlar. Müqavilədə göstərilməsə də aralarındakı şifahi razılaşmaya əsasən divarların hündürlüyü 3 metrdən az olmamalı idi. Lakin döşəmədən tavana qədər olan məsafə 2.80 metrdir. Başqa bir məqam ondan ibarətdir ki, təsdiq olunmuş layihə ilə divarların qalınlığı da nəzərdə tutulduğundan nazikdir. Cavabdeh icra hakimiyyəti tərəfindən təsdiq olunmuş layihəni iddiaçıya verməkdən imtina etdiyi üçün divarların 10 sm və ya 5 sm nazik olmasını hazırda müəyyən etmək mümkün deyil. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının xahişi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ev 71 mənzil 15 yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 71, M4, m5 tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 3059 nömrəli reyestr kitabının 285638 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli 42 saylı alqı-satqı müqavilədən görünür ki, İddiaçı oğlu ilə Cavabdeh-nin direktoru X5 arasında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.MƏmmədov küçəsi, 15 saylı binanın yaxınlığında yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra, həmin binanın İ girişində, İV mərtəbəsində yerləşən ümumi sahəsi 112 kv.m təşkil edən, 2 otaqlı, 15 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanılmışdır. Mənzilin dəyəri 105.000 manatdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı müqaviləyə imza etməklə müqavilənin şərtləri ilə razılaşmış, müqavilədə nəzərdə tutulan məbləği tam şəkildə cavabdehə ödəmiş və alqı-satqı müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı oğlunun mənzil alqı-satqısı zamanı Cavabdeh-nin qanunsuz olaraq, həmçinin aldatma, dələduzluq və saxtakarlıq yolu ilə ondan aldığı pulun MMC tərəfindən ona qaytarılması barədə tələbi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 331.1-ci maddəsnə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 390.2-ci maddəsinin tələbinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşmaəldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 421-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən, ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddiaçı Cavabdeh-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1036/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1036/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver