Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1041/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. X1 ilə atası X3 xx.xx.1967-ci il tarixində rəsmi nikah bağlamışlar. Bundan öncə anasının soyadı Səmədova olmuşdur. Atası X3 xx.xx.1989-cu il tarixində vəfat etmişdir. X1 isə 1940-cı ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, xx.xx.2022-ci il tarixində Rusiya Federasiyasının Moskva vilayətinin, Lyuberçı şəhərində vəfat etmişdir. Anası xx.xx.1996-cı ilə qədər ünvan 1 ünvanında yaşamış, daha sonra isə xəstəliyi ilə bağlı Rusiya Federasiyasına köçmüş, lakin oranın vətəndaşlığını almamışdır. Bakıda yaşadığı müddətdə o, uzun illər Nəsimi rayonunda yerləşən 3 saylı şəhər Poliklinikasında əvvəlcə terapevt, sonra həkim rentgenoloq vəzifəsində çalışmışdır. Anasının vəfatından sonra onun qanuni vərəsəsi kimi DSMF-dən alınmamış qalıq pensiyanı almaq hüququm yaranmışdır. Lakin doğum haqqında şəhadətnaməsinin ana qrafasında anasının adının səhvən Seda, ata adının isə Baqirovna yazılması, notariat orqanı tərəfindən ona qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamsinin verilməsinə maneçilik törətmişdir. Belə ki, anasın ölüm haqqında şəhadətnaməsində onun adı Səidə, ata adı Bağır qızı, nikah haqqında şəhadətnaməsində isə adı səhvən Seda, ata adı isə Baqirovna qeyd edilmişdir. Bundan başqa Nəsimi rayon keçmiş Sosial Təminat şöbəsi tərəfindən anasının adına verilmiş 411927 nömrəli pensiya vəsiqəsində onun ata adı Baqirovna qeyd edilmişdir. Bu yazı Nəsimi rayon 3 saylı şəhər Poliklinikası tərəfindən onun adına verilən 4.03.1072-ci il tarixli əmək kitabçasında da təkrarlanmışdır. Anasının ondan başqa digər övladı olan qardaşı X8 doğum haqqında şəhadətnaməsində də anasının adı səhvən Baqirovna qeyd edilmişdir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etsə də, oradan ona bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Nərimanov rayon keçmiş vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən X11 adına verilmiş xx.xx.1967-ci il tarixli, АЗ №073152 nömrəli nikah haqqında şəhadətnamənin, Rusiya Federasiyasının Moskva vilayətinin baş VVAQ idarəsinin Lyuberçı şəhər dairəsi tərəfindən X4 adına verilmiş 21 iyul 2022-ci il tarixli, Vİİİ-ИК №880818 nömrəli ölüm haqqında şəhadətnamənin, Bakı şəhər Nəsimi rayon keçmiş Sosial Təminat şöbəsi tərəfindən X5 adına verilmiş xx.xx.1993-cü il tarixli, 411927 nömrəli pensiya vəsiqəsinin və Bakı şəhər Nəsimi rayon 3 saylı şəhər Poliklinikası tərəfindən X5 adına verilmiş xx.xx.1972-ci il tarixli Əmək kitabçasının eyni şəxsə, yəni asası X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Daha sonra Ərizəçi ərizəyə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, qeyd edilən mübahisəli dörd hüquqi sənədin üçündə heç bir nöqsan aşkar edilməmiş, yalnız X3 ilə X20 arasında bağlanmış 1967-ci il tarixində nikah haqqında şəhadətnamədə texniki səhv olaraq Seda kimi qeyd edilmişdir. Odur ki, ərizənin yalnız X11 adına verilmiş nikah haqqında şəhadətnamənin eyni şəxsə, yəni X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun məktəbdə sinif yoldaşı olmuşdur. Onlar 11 il bir yerdə Bül-Bül adına Musiqi məktəbində təhsil almışlar. Bu müddət ərzində onlar mütəmadi olaraq bir-birlərinin evinə gedib-gəlirmişlər. Onun anasının adı Səidə olmuşdur. Atasının vəfatından sonra Fərid Rusiyə Respublikasına getmiş və uzun müddət orada yaşamışdır. Sonradan özündən eşitmişdir ki, təxminən 7-8 ay öncə anası Səidə xanım vəfat etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun məktəbdə sinif yoldaşı olmuşdur. Onlar 11 il bir yerdə Bül-Bül adına Musiqi məktəbində təhsil almışlar. Bu müddət ərzində onlar mütəmadi olaraq bir-birlərinin evinə gedib-gəlirmişlər. Onun anasının adı Səidə olmuşdur. Anasının ölməsi barədə ona Fərid məlumat vermişdir. Təxminən 7-8 ay öncə vəfat etmişdir. Fəridin bir qardaşı da var idi. O da vəfat etmişdir.
9. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, mülki işin materiallarında olan АЗБ №134507 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası X3, anası X13.
11. Mülki işin materiallarında olan İ-ЖГ № 254414 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiqlənmiş surətindən görünür ki, X16 xx.xx.1940-cı il tarixində Təbriz şəhərində anadan olmuş, atası X21, anası X2.
12. Mülki işin materiallarında olan АЗ № 073152 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 və X20 arasında xx.xx.1967-ci ildə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 540 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir.
13. Mülki işin materiallarında olan xx.xx.1972-ci il tarixli əmək kitabçasından görünür ki, X17 xx.xx.1972-ci il tarixində Bakı şəhər 3 saylı poliklinikaya terapevt vəzifəsinə təyin edilmişdir.
14. Mülki işin materiallarında olan 411927 saylı vəsiqədən görünür ki, X14 xx.xx.1993-cu il tarixində pensiya təyin edilmişdir.
15. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-AZ № 128396 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiqlənmiş surətindən görünür ki, X19 30 iyul 1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X3, anası X6.
16. Mülki işin materiallarında olan Moskva 62 saylı VVAQ orqanı Tsaritsino rayonu dövlət xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş rus dilidən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu barədə 2022-ci ilin iyul ayının 13-cü günündə ********************1 saylı ölüm haqqında qeyd aparılmışdır.
17. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 242868 seriya nömrəli təkrar ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.1989-cu il tarixində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1989-cu ilin 06 ayının 06 günündə 951 № ilə qeyd edilmişdir.
18. Mülki işin materiallarında olan Moskva vilayətinin VVAQ Baş İdarəsinin Lyubertsı şəhər dairəsi üzrə VVAQ İdarəsinin 1 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş rus dilidən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu barədə 2022-ci ilin iyul ayının 21-ci günündə ********************5 saylı ölüm haqqında qeyd aparılmışdır.
19. Mülki işin materiallarında olan Moskva vilayətinin VVAQ Baş İdarəsinin Lyubertsı şəhər dairəsi üzrə VVAQ İdarəsinin 1 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş rus dilidən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu barədə 2022-ci ilin iyul ayının 13-cü günündə ********************1 saylı ölüm haqqında qeyd aparılmışdır.
20. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 156 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı və təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Lakin təqdim edilmiş sənədlər kifayət qədər olmadığı üçün müraciətin icra olunması qeyri-mümkündür. Qeyd olunanlara əsaslanaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
21. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vətəndaşlıq məsələləri baş idarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, X7, Ərizəçi, X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır.
22. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin valideynləri X3 və X18 xx.xx.1967-ci ildə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 540 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir. Qeyd olunan şəhadətnamədə adı “Səidə” olduğu halda “Seda” kimi qeyd edilmişdir. Bu səbəbdən hazırda ərizəçi bəzi sənədləşmə işlərində çətinlik çəkir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
25. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.
26. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
27. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
28. Göründüyü kimi, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin valideynlərinin nikah haqqında şəhadətnaməsində anasının adı düz olmadığından, hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır.
29. X9 məxsus doğum haqqında şəhadətnaməsində və nikah haqqında şəhadətnaməsində doğum tarixinin eyni olması Bakı şəhər Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 09 iyul 1967-ci il tarixində verilmiş АЗ № 073152 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin ona məxsus olmasına dair ərizənin təmin edilməsi barədə məhkəmənin qənaətinin düzgün olduğuna dəlalət edir.
30. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhər Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 09 iyul 1967-ci il tarixində verilmiş АЗ № 073152 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus olması faktı müəyyən edilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. Bakı şəhər Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 09 iyul 1967-ci il tarixində verilmiş АЗ № 073152 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin xx.xx.1940-cı il təvəllüdlü X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov