Məhkəmə qərarları › İş №2(006)-1043/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1043/2021

23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1043/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilə şərtlərinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilə şərtlərinə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2015-ci il tarixli, “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2015-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 12% dərəcə ilə hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” ASC arasında xx xxxx 2015-ci il tarixli “Klassik Əmanət (depozit)” hesabı haqqında müqavilə bağlanmşdır. Müqaviləyə əsasən, onun tərəfindən əmanətə qoyulmuş 28.000 ABŞ dolları əmanət üzrə illik faiz dərəcəsi 12 faiz olmuş və əmanətin müddətinin 84 ay olmaqla xx xxxx 2022-ci il tarixinədək qüvvədə olduğu göstərilmişdir. O, həmin müqaviləyə əsasən xx xxxxx 2017-ci il tarixədək hər ay öz hesabından qeyd olunan faizin gəlirini çıxarmışdır. Gələcəkdə qoyduğu əmanət üzrə daha böyük məbləğdə faiz gəlirinin yığılması üçün, qeyd olunan tarixdən həmin əmanətdən hər hansı çıxarış eləməmişdir. Bu yaxınlarda mobil telefonuna yüklədiyi aplikasiyaya daxil olaraq, cavabdeh bankda yığılmış faizlər üzrə gəlirlərinə baxanda fazilərin düzgün hesablanmadığını görmüşdür. Cavabdeh banka zəng vuraraq məlumat almaq istəsə də, bankın filialına yaxınlaşmağını söylədmişlər. Dedikləri kimi əvvəlcə digər əmanəti üzrə xx xxxxxxx 2020-ci il tarixində “xxxx” ASC-nin Nəsimi filialına yaxınlaşmış və orada ona xx.xx.2017-ci il tarixli bir məktub təqdim edərək, onun əmanəti üzrə faiz dərəcəsinin onun hər hansı bir formada razılığı olmadan 2 faizə endirildiyini bildirdilər. O, buna etiraz etsə də, həmin məktubun guya ki, ona poçt vasitəsilə göndərildiyini bildirdilər və poçt qəbzini təqdim etdikdə həmin qəbzdə məktubun onun tərəfindən alınması barədə hər hansı imza və ya qeydin olmadığını bildirdikdə, ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirdilər. Onun, həmin bankın başqa filiallarında da əmanəti olduğundan, qeyd olunan qanunsuzluğun həmin filiallarda da törədilib-törədilmədiyini müəyyən etmək üçün xx xxxxxxx 2020-ci il tarixində digər filiallara getmişdir. Cavabdeh bankın Səbail filialından ona arayış təqdim edilərək, həmin filialda olan 28.000 ABŞ dolları əmanəti üzrə illik faiz dərəcəsinin dəyişdirilmədən 12 faiz olaraq qaldığı bildirildi. Bankın Qaradağ filialı Nəsimi filialı kimi qanunsuzluq və özbaşınalıq edərək həmin filialdakı əmanəti üzrə 12 faiz dərəcəni ona hər hansı məlumat vermədən 2 faizə endirmişdir. Bunu hansı əsasla etdiklərini soruşsa da, ona hər hansı bir sənəd və ya arayış tədim olunmamışdır. Həmin günü bankın Mərkəz filialındakı 50.000 ABŞ dolları üzrə 20,6 faiz olan əmanətinin faizinin də 2 faizə endirildiyi bildirildi. Nəsimi filialı tərəfindən xx xxxxxxx 2020-ci il tarixində ona təqdim edilmiş məktubda, müqavilə şərtlərinin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixindən birtərəfli qaydada dəyişdirildiyi və əmanətin illik faiz dərəcəsinin 2%-ə endirildiyi qeyd olunub. Faiz dərəcəsinin birtərəfli qaydada azaldılmasının qanuniliyinin əsaslandırılması məqsədilə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinə, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edilib. Qeyd olunan normanın hazırki münasibətlərə şamil edilməsini qanunsuz hesab edir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən və maliyyə vəziyyətinin pisləşməsindən bəhs edərkən cavabdeh ilk növbədə bütövlükdə ölkə iqtisadiyyatındakı vəziyyətin dəyişmiş olduğunu vurğulayır və məktubdan belə aydın olur ki, ölkə iqtisadiyyatı cavabdehi müqavilələri birtərəfli qaydada dəyişdirməyə məcbur edəcək qədər çökmüş bir vəziyyətdədir. Halbuki, ölkə rəhbərliyi tərəfindən dəfələrlə vurğulanmışdır ki, müəyyən iqtisadi çətinliklər olsa da, dövlətimiz bu çətinliklərin öhdəsindən uğurla gəlir. Belə olan halda, o, cavabdeh tərəfindən ona göndərilmiş məktubu qeyd edilən dövlət səviyyəli bəyanatların təkzibi olaraqmı qəbul etməlidir? Üstəlik, cavabdeh dediklərini, həm də, Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli Fərmanı ilə əsaslandırmağa çalışır. Hesab edir ki, bu istinad adı çəkilən Fərmandan sui-istifadədir. Belə ki, Fərmanda yalnız problemli kreditlərdən bəhs olunur, cavabdehə qoyulan əmanətlərlə bağlı isə tək bir söz belə yoxdur. Hər kəsə məlumdur ki, 2017-ci ildə cavabdeh tərəfindən öhdəliklərin könüllü restrukturizasiyası həyata keçirilmiş, Azərbaycan dövləti cavabdehin 3 milyard ABŞ dolları həcmində borcunun ödənilməsini öhdəsinə götürmüş, bununla da, cavabdehin maliyyə vəziyyəti xeyli yaxşılaşmışdır. Son 9 aylıq nəticələrindən isə cavabdehin öz fəaliyyətindən mənfəət əldə etdiyi aydın olur. Ümumiyyətlə, əgər ölkə iqtisadiyyatının vəziyyətinin pisləşməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul etsək, eyni normanı cavabdehə borcu olan şəxslərə də şamil etmək lazım olacaq ki, bu da bütövlükdə bank sisteminin məhvində təkanverici qüvvə rolunu oynayacaq. Qeyd olunanlara əsasən, hesab edir ki, cavabdehlə əlaqədar olaraq, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən heç bir söhbət gedə bilməz. Belə ki, müqavilənin 1.5-ci bəndinə əsasən, müqavilənin müddəti 84 aydır, yəni müqavilə müddətlidir. MM-in 948.3-cü maddəsinə əsasən, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və va müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin cavabdeh əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı cavabdeh tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Göründüyü kimi, qeyd olunan norma imperativ xarakter daşıyır və mövcud qanunvericilik müddətli əmanət müqavilələri üzrə faizlərin miqdarının cavabdeh tərəfindən azaldılmasını birmənalı şəkildə qadağan edir. Beləliklə, müqavilənin özündə də yeni faiz dərəcələrinin dəyişdirilməsinə yalnız müqavilə müddəti uzadıldıqda və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlandıqda icazə verilir. Hazırki halda isə müqavilə müddəti hələ bitmiş olmadığından, belə bir dəyişikliyin edilməsi həm qanunvericiliyə, həm də müqavilə şərtlərinə ziddir. Cavabdeh tərəfindən isə qeyd edilən qaydalar kobud şəkildə pozulmuş, məlumat xarakterli bir məktubun göndərilməsinə istinad olunsa da, həmin məktubun ona təqdim olunması təmin edilməmiş, həmin məktubun özləri tərəfindən tərtib edilməsi müqaviləyə dəyişiklik edilməsi üçün yetərli hesab olunmuşdur. Göründüyü kimi, əmanət müqaviləsinin faizlərlə bağlı şərtləri cavabdeh bank tərəfindən dəyişdirilsə də, bununla bağlı tərəflər arasında hər hansı razılıq əldə edilməmiş, əmanət müqaviləsinə dəyişikliklər edilməsi barədə tərəflər arasında müqavilə imzalanmamışdır. Müqavilənin faizlərlə bağlı şərtləri bank tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən birtərəfli qaydada dəyişdirilmiş, bu barədə ona hər hansı məlumat verilməmiş və müqavilə üzrə depozitin illik faiz dərəcəsi 2 faizə endirilmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 28.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 84 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmanət müqaviləsinin illik faiz dərəcəsi 12 faiz olduğu halda, iddiaçı əmanət məbləğinə hesablanmış faiz məbləğini öyrənmək məqsədi ilə məlumat əldə etmiş, faiz məbləğinin düzgün hesablanmadığını öyrənmiş, bu səbəbdən banka müraciət etmiş və ona məlum olmuşdur ki, onun razılığı olmadan müqavilə üzrə faizlər 2%-ə endirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göstərilən Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Göstərilən Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi, yəni faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarının bank tərəfindən birtərəfli qaydada azaldılması yolverilməzdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin 3.4-cü bəndinə əsasən əmanət üzrə faizlər qanunvericilikdə müəyyən olunan qaydada vergiyə cəlb edildikdən sonra ödənilir və bu ödəniş şərti müqavilənin 1.5-ci bəndində göstərilən müddət (xx xxxx 2022-ci il tarixədək) ərzində dəyişdirilə bilməz. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən isə bu müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minərək bu müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin hazırki işdə cavabdeh müqavilənin faiz dərəcəsinə dair şərti birtərəfli qaydada dəyişdirərək 12%-dən 2%-ə endirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin dəyişikliyin etibarsız hesab edilməsini və Mülki Məcəllənin 948.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmanət üzrə faizlərin bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş illik 12% dərəcə ilə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh "xxxx" ASC tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 12% (on iki) dərəcə ilə hesablanması öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh "xxxx" ASC tərəfindən birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 12% (on iki) dərəcə ilə hesablanması öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar