Məhkəmə qərarları › İş №2(006)-1051/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1051/2021

23.02.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1051/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 001/01-KM**********4/19JV2-1İ kredit müqaviləsinə əsasən ona illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24(iyirmi dörd) ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir.Həmin müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə Banka əsas borc üzrə 3632,66 manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 466,73 manat, cəmi 4099,39 manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında xx xxxxxx 2019-cu il tarixli, 001/01-ZM**********4/19 №-li zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 3632,66 manat, xx.xx.2020-ci il tarixə faiz borcu üzrə 466,73 manat, cəmi 4099,39 manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz etməyərək, əsas borcun hissəhissə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz etməyərək, əsas borcun hissəhissə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/01-KM**********4/19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 23% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “İddiaçı" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan “İddiaçı" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən banka əsas borc üzrə 3632,66 manat, faiz borcu üzrə 466,73 manat, cəmi 4099,39 manat borcu qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 001/01-KM**********4/19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 23% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3632,66 (üç min altı yüz otuz iki manat, altmış altı qəpik ) manat, faiz borcu üzrə 466,73 (dörd yüz altmış altı manat, yetmiş üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4129,39 (dörd min yüz iyirmi doqquz manat, otuz doqquz qəpik) manat məbləğində pul alınaraq “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3632,66 (üç min altı yüz otuz iki manat, altmış altı qəpik ) manat, faiz borcu üzrə 466,73 (dörd yüz altmış altı manat, yetmiş üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4129,39 (dörd min yüz iyirmi doqquz manat, otuz doqquz qəpik) manat məbləğində pul alınaraq “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar