Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1051/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ünvan 1 ünvanında yerləşən yaşayış evinə cavabdeh tərəfindən qaçqın borcuna görə xx.xx.2019-cu il tarixə qədər 1464.91 manat borc hesablanmışıdır. Dəfələrlə həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina edərək, məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. AR Prezidentinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmana uyğun olaraq 2017-ci ilin 01 yanvar ayından aylıq müavinət müəyyən olunmuşdur. Qanunvericiliyə əsasən həmin tarixə qədər kommunal borclar dövlət tərəfindən mərkəziləşdirilmiş qaydada tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 30 saylı evin 30 saylı mənzilinə (abonent kodu: **********01206) hesablanmış 1464,91 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, kommunal borclar dövlət tərəfindən mərkəziləşdirilmiş qaydada tam şəkildə ödənilmişdir. Qeyd etdiyi ünvanda yerləşən yaşayış evi özgəninkiləşdirilmək istəyərkən borcun olduğu müəyyən olunmuşdur. Nəticədə evin üzərində kommunal borc olduğundan “ASAN Xidmət” Mərkəzi həmin evi alqı-satqı etməkdən imtina etmişdir. Buna görə də müqavilə bağlamaq mümkün olmamışdır. Bu da bir mülkiyyətçi kimi onun öz qanuni əmlakı üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılması deməkdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, mülki işin materiallarında olan abunə kodu **********01206 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixinə 1464,91 AZN borc hesablanmış və “qaçqın borcu silinmə” kimi qeyd edilmişdir.
7. Mülki işin materiallarında olan xx.xx.2009-cu il tarixli, AA seriyalı, 205108 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. Hazırda məskunlaşdığı ünvan: Sumqayıt şəhəridir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 30 saylı evin 30 saylı mənzil iddiaçı İddiaçı mülkiyyətindədir. Həmin mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1464,91 AZN məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı məcburi köçkün olduğunu və dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada tam şəkildə borcun ödənilməsini nəzərə alaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz hesablanmış borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 10.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
11. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
14. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məcburi köçkündür.
16. Göründüyü kimi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün kommunal xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər xx.xx.2016-cı il tarixədək nəzərdə tutulmasına baxmayaraq iddiaçıya əsassız borc hesablanmışdır.
17. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 30 saylı evin 30 saylı mənzilinə hesablanmış 1464,91 manat məbləğində borc **********01206 saylı abunə hesabından silinməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 30 saylı evin 30 saylı mənzilinə hesablanmış 1464,91 manat məbləğində borc **********01206 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov