Məhkəmə qərarları › İş №2(006)-1051/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1051/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1051/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 323.42 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin noyabr ayının sonlarında Cavabdeh əməkdaşları iddiaçıya müraciət edərək qaz sayğacının yerinin dəyişdirilərək küçəyə çıxarılmalı olduğunu bildirmişlər. xx.xx.2020-ci il tarixdə iddiaçının mənzilində quraşdırılmış sayğac dəyişdirilmiş və köhnə sayğac açılan zaman cavabdehin əməkdaşlarının əlindən hündürlükdən düşərək zədələnmişdir. Bununla bağlı sayğacın dəyişdirilməsi barədə xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda da öz əksini tapmış, həmin aktın qeyd hissəsində “sayğacın açılarkən cavabdehin əməkdaşı Ərşad Sevdimalıyevin əlindən düşməsi nəticəsində saycağın zədələndiyi” qeyd edilmişdir. İddiaçının mənzilində 2018-ci ildən 2020-ci ilədək yaşayış olmadığı üçün qazdan istifadə edilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən iddiaçıya təqdim edilmiş bildirişdə 323.42 manat borcun olduğu qeyd edilmişdir. İddiaçı həmin borcun nədən qaynaqlanması və qanunsuz olması barədə ərizə ilə müraciət etmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda “borcun qaz sayğacının zədələnməsi nəticəsində itirilmiş 3240 m3 qaz itkisinə görə hesablandığı” bildirilmişdir. Guya bununla bağlı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Baxmayaraq ki, həmin akt barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Nəticədə iddiaçıya 323.42 manat əsassız borc yazılmışdır. Həmin borc qanunsuz olduğundan silinməlidir. Cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01800 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 28260272 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metereologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-04569-1 saylı Akta əsasən “sayğacın membranını hərəkətə gətirən qol qırıqdır, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Hesablanmış dəymiş ziyanın həcmi 3240 m3 təşkil etmişdir. Hesablanmış 324 manat məbləğində dəymiş ziyan 2021-ci ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi) çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********01800 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin etirazı ilə qətiyyən razı olmadığını, etirazı qanunsuz və əsassız hesab etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı (**********01800) məxsus Ak. H.Əliyev 2, 180 nömrəli mənzilə quraşdırılmış qaz sayğacı çıxarılarkən Cavabdeh İB-nin çilingəri Sevdimalıyev Ərşadın əlindən yerə düşdüyü üçün gövdənin alt hissəsi deformasiya olmuş, qaz keçirməmişdir. Sayğacın quraşdırılma səbəbi yeni xəttə keçirmək olmuşdur. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli, MSK-29/1710-04569-1 №-li Aktdan görünür ki, 28260272 nömrəli “G-6” markalı Elster tipli qaz sayğacına baxış keçirilmiş, membranı hərəkətə gətirən qolun qırıq olması müəyyən edilmiş, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, həmin tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında İddiaçı (**********01800) məxsus Ak. H.Əliyev 2, 180 nömrəli mənzilə quraşdırılmış sayğacın membranını hərəkətə gətirən qolun qırıq olması və itirilmiş qazın həcminin 3240 m3 olması müəyyən edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı (**********01800) məxsus Ak. H.Əliyev 2, 180 nömrəli mənzilə quraşdırılmış qaz sayğacı əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı məxsus Ak. H.Əliyev küçəsi, ev 2, mənzil 180 ünvanı üzrə **********01800 nömrəli abonent kodunun qalıq borcu 323,42 manat təşkil edir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (**********01800) məxsus ünvan 1 ünvanında sayğaca baxış keçirilmiş, membranı hərəkətə gətirən qolun sınıq olması müəyyən edilmişdir. Akt imzalanmamışdır. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda istehlakçı hesabında (**********01800) yaranmış borcun araşdırılması ilə əlaqədar bildirilmişdir ki, Departament tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 3240,0 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. İddiaçı (abonent kodu: **********01800) məxsus ünvan 3 ünvanı üzrə abonentin saldosundan görünür ki, 2021-ci ilin yanvar ayında qalıq və aktlar üzrə 324 manat borc hesablanmış, 2023-cü ilin noyabr ayının sonuna borc 323,42 manat təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, online rejimdə sayta daxil olaraq (https://azeriqaz.az/az/balance) abunə kodunu daxil etmək vasitəsi ilə abunəçinin adına qalıq borc hazırda 323,42 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Ak. H.Əliyev küçəsi, ev 2, mənzil 180 ünvanında yaşayır. Həmin ünvanda olan qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, membranı hərəkətə gətirən qolun qırıq olması barədə akt tərtib edilmişdir. Bununla bağlı iddiaçıya verilmiş abonent koduna borc yazılmışdır. Hazırda iddiaçı 323,42 manat məbləğində borcun əsassız yazıldığını iddia edərək, qaz sayğacına edilən müdaxiləyə görə özünün deyil, cavabdehin məsuliyyət daşıdığını bildirib, əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə borcun əsaslı yazıldığını bildirərək, iddiaçının sayğacın hesablama mexanizmini pozmaqda maraqlı ola biləcəyini və itirilmiş qaza görə yaranmış borcun məhz iddiaçı tərəfindən ödənilməli olduğunu qeyd edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından və qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından, cavabdeh isə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin, etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqımüqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiqvə təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qazsayğacı istehlakçının vəsaiti hesabına təchizedilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəzedilməsi)və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələbedildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, ******* nömrəli aktda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanı üzrə İddiaçı (abonent kodu: **********01800) əsassız hesablanmış 323.42 (üç yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanı üzrə İddiaçı (abonent kodu: **********01800) əsassız hesablanmış 323.42 (üç yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar