Məhkəmə qərarları › İş №2(006)-107/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-107/2024

19.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-107/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «ödənilməmiş əmək haqqının və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilməmiş əmək haqqının və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 4.400 manat məbləğində ödənilməmiş əmək haqqının və 592 manat məzuniyyət pulunun, həmçinin ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmədiyi 270 günə görə 13.478 manat 40 qəpik gecikdirmə məbləğinin, əmək haqqı gecikdirildiyi üçün götürülmüş kreditə görə ödənilmiş 550 manat məbləğində faiz ödənişinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Ərizəyə əsasən görünür ki, iddiaçı “xahiş etdi” hissəsinin “Cavabdeh MMC-dən ödənilməmiş 5045,04(beş min qırx beş manat dörd qəpik) əmək haqqı məbləğinin, əmək haqqının ödənilməməsinə görə 6190,33 (altı min yüz doxsan manat otuz üç qəpik) gecikdirmə məbləğinin, əmək haqqı geckdirildiyinə görə iddiaçı tərəfindən götürülmüş kreditə görə ödənilmiş 550 manat faiz ödənişinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi” məzmununda qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xxxxxxx000501 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də «Qeydiyyat və sənədləşmə üzrə mütəxəssis» vəzifəsində işləmişdir. Əmək müqaviləsi üzrə əmək haqqı vergi və ödənişlər çıxılmaqla 600 manat təşkil etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqının ödənilməsində gecikmələr yaranmağa başlamışdır. Bununla bağlı iradlarını cavabdehə bildirsə də, hər şeyin yaxşı olacağını, şirkətin maliyyə sıxıntısı olduğunu bildirməklə müxtəlif bəhanələr gətirmişlər. Cavabdeh MMC-də çalışdığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh ona əmək haqqı olaraq ümumilikdə 2.200 manat (2022-ci ilin aprel ayında 900 manat; 2022-ci ilin iyun ayında 900 manat; 2022-ci ilin oktyabr ayında 400 manat məbləğində nağd ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli əmrlə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsiylə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq onunla son haqq-hesab düzgün aparılmamış, ona əmək haqqı olaraq ödənilməli olan 4.400 manat məbləğində əmək haqqı ödənilməmiş, həmçinin iş ili üzrə hesablanmış, lakin ödənilməmiş məzuniyyətə görə 592 manat məbləğində məzuniyyət haqqı ödənilməmişdir. Bununla bağlı X4 müraciət etmişdir. Müraciətinə baxılmasına dair X3 Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulduğu müəyyən edilmiş və buna müvafiq olaraq cavabdehin səlahiyyətli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda qeyd edilən məktubun mətnindən də göründüyü kimi, Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehə son haqq-hesabın ödənilməsi ilə bağlı göstəriş xarakterli məktub ünvanlansa da, cavabdeh tərəfindən bu günədək son haqq-hesabı ödənilməmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən əmək haqqının ödənilməməsi ilə bağlı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq vaxtında ödəmədiyi, həmçinin ümumiyyətlə ödəmədiyi və ya əmək müqaviləsində müəyyən edilmiş məbləğdə ödəmədiyi üçün o, gündəlik ehtiyaclarını və digər hüquqi və fiziki şəxslər qarşısında mövcud olan öhdəliklərini yerinə yetirmək üçün onunla "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən istifadəsində olan «Albalı» Kredit Kartından əmək müqaviləsi müddətində müxtəlif məbləğlərdə kreditlər çəkməyə məcbur olmuş və bu günədək həmin kreditlər üzrə 550 manat məbləğində faiz borcu ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən X1 Sistemindən (MEİS) verilmiş (iş yerinə dair arayış) görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi bağlanmış, o, qeydiyyat və sənədləşmə üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 669 manat 71 qəpik təşkil etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə sistemə vurulmuş əmək müqaviləsi bildirişindən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından, həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - Cavabdeh MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlamış xx.xx.2023-cü il tarixli 3-17-5/1-549/2023 nömrəli izahatına əsasən görünür ki, xx.xx.2022-ci il tarixli **********4 saylı müraciətə əsasən Cavabdeh MMC-nin maliyyə sıxıntısı çəkdiyini və uzun müddət əməkdaşlarına və digər şirkətlərə qarşı borclarının, bununla yanaşı debitor borclarının da ( alacaqlarının) olduğunu bildirmiş və debitor borclarını alan kimi bütün borclu olduqları şəxslər qarşısında öhdəliklərini bağlayacaqlarını bildirmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 fevral 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı həmin idarəyə əmək hüquqlarının pozulması ilə bağlı 3 müraciət (xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli) ünvanlamışdır. Müraciətlə əlaqədar daha ətraflı məlumat vermək məqsədi ilə iddiaçı izahatını və əmək haqqı hesabından çıxarışı araşdırmaya təqdim etmişdir. Xidmətin Bakı şəhər İdarəsi iddiaçıya bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən iddiaçı ilə müəssisə rəhbərliyi arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmr ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi, lakin bu Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozularaq son haqq-hesabın hesablanıb ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirilmişdir ki, iddiaçının son haqq-hesabının Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsi barədə Cavabdeh MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 9/8797 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlər nəzərə alınmaqla, İddiaçı xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında ödənilməmiş əmək haqqı məbləği 5.045 manat 04 qəpik və əmək haqqının ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5ci maddəsinə əsasən ödənilməli olan gecikdirmə məbləği 6.190 manat məbləğində müəyyən edilir (Birinci və üçüncü suallar üzrə). Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında İddiaçı iş ilinə görə ödənilməli olan və ödənilməyən məzuniyyət haqqının hesablanmasına dair məlumatlar mövcud olmadığından ekspert qarşısında qoyulmuş ikinci suala cavab vermək mümkün olmadı (İkinci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 11 saylı Mediasiya Təşkilatının 06 mart 2023-cü il tarixli MŞB/11/2023-00360 saylı arayışından görünür ki, iddiaçı 06 mart 2023-cü il tarixdə saat 15:00-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi həmin sessiyaya gəlməmişdir. İddiaçı işsiz olduğundan 50 manat mediasiya xərcinin Dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun, həmçinin ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmədiyi 270 günə görə gecikdirmə məbləğinin, əmək haqqı gecikdirildiyi üçün götürülmüş kreditə görə ödənilmiş faiz ödənişinin tutulmalı olmasını iddia edir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin «a» yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X2 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. - 7-ci maddəsinin 2-ci bəndinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. - 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. - 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. - 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. - 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. - 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. - 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. - 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə tərəfindən işə obyektiv, tam, hərtərəfli baxılması üçün iş üzrə iddiaçı tərəfin vəsatəti üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında iddiaçı tərəfin təqdim etdiyi suallar üzrə cavablandırılması zəruri olan, əhəmiyyət kəsb edən suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında ödənilməmiş əmək haqqı məbləği 5.045 manat 04 qəpik təşkil edir. Əmək haqqının ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən ödənilməli olan gecikdirmə məbləği 6.190,33 manat məbləğində müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Göründüyü kimi, iddiaçıya vəsatətdə göstərdiyi suala uyğun olaraq xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında ödənilməmiş əmək haqqı 5.045 manat 04 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış məbləğ isə 6.190,33 manat təşkil edir. Bu səbəbdən göstərilən pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının üçüncü şəxs (bank) qarşısında kredit üzrə öhdəliklərinin yaranması ilə hazırki mülki iş üzrə mübahisə edilən hallar arasında səbəbli əlaqə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının əvəzi olaraq 5.045 manat 04 qəpik, gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz olmaqla hesablanmış 6.190 manat 33 qəpik pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının əvəzi olaraq 5.045 manat 04 qəpik, gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz olmaqla hesablanmış 6.190 manat 33 qəpik pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar