Məhkəmə qərarları › İş №2(006)-1077/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1077/2024

12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1077/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılması adı ilə ona məlumat vermədən istifadəsində olan işıq sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılmış ona heç bir məlumat verilmədən sayğac yoxlamadan keçirilmiş, yoxlama zamanı işıəq sayğacının daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunduğunu, sayğacın faktiki seriya nömrəsi dəyişdirildiyi və buna görə nədənsə onun barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilərək 4462.25 manat məbləğində cərimə hesablanmışdır. Guya həmin müdaxilə onun tərəfindən edilmişdir. Bu axı absurtdur. Belə ki, onun və ailə üzvlərinin tərəfindən sayğaca heç bir müdaxilə edilməyib, tərəfindən vaxtında elektrik enerjisinin dəyəri ödənilib. Sayğac nədənsə 3 ilə yaxın bir vaxtdan sonra yoxlamadan keçirilmişdir. Abonent saldosuna baxdıqda açıq-aydın görünür ki, iddiaçı istifadə etdiyi işığın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. Qeyd edilri ki, işıq sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. İddiaçı istifadəsində olan işıq sayğacına müdaxilə etməmişdir və istifadə etdiyi işığın dəyərini artıqlaması ilə daim ödəmişdir. Bundan başqa aşkar edilmiş nöqsanın onun tərəfindən edildiyini eyni zamanda bu nöqsan nəticəsində necə enerji itkisi baş verməsinə dair hər hansı sübut yoxdur. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq istehsalat birliyinin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Lakin göründüyü kimi "xxxx" ASC birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla İddiaçı aid abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə qanunun tələblərini pozmuşdur. Belə ki, elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda, tərtib olunmuş saxta akta əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Göstərilənlərə əsasən, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən evinə (kod: **********30104) xx.xx.2023-cü il tarixdə ******* saylı akta əsasən hesablanmış 4462.25 manat cərimə borcun (kod: **********30104) ona məxsus abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 5648/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, yazılan cərimə akt üzrə hesablanmışdır. İddiaçının elektrik enerjisindən istifadə ilə bağlı heç bir borcu olmamışdır. O, vaxtlı-vaxtında ödənişləri etmişdir. Akt 2021-ci ildə cavabdehin nümayəndələri tərəfindən iddiaçının mənzilində yerləşən sayğaca baxış keçirilmiş və sayğac çıxarılmışdır. 2023-cü ildə isə birtərəfli qaydada cərimə hesablanaraq, iddiaçıya göndərilmiş, ödənilmədiyi təqdirdə isə elektrik enerjisinin verilişinin dayandırılacağı bildirilmişdir. Hesab edir ki, tərtib edilmiş akt və hesablanmış cərimə əsassızdır. Belə ki, sayğaca həqiqətən iddiaçı tərəfindən müdaxilə olunması heç bir sübutla təsdiq olunmur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçının mənzilində yerləşən sayğaca baxış keçirilmiş və optik gözlə baxılarkən sayğacın nömrəsinin bazada başqa, şitdə isə başqa olması müəyyən edilmişdir. Bununla bağlı olaraq 2021-ci ildə akt tərtib olunmuş və sayğac xx.xx.2023-ci ildə demontaj olunaraq labaratoriyaya göndərilmişdir. xx.xx.2023-cü ildə rəy verilmişdir ki, sayğaca müdaxilə olunub və onun iç sxemi dəyişdirilib. Bu müddət daxilində isə iddiaçı tərəfindən həmin sayğacdan istifadə olunub. Hesab ediri ki, idda tələbi əsassızdır və rədd olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus abunə kodu **********30104 olan ünvan 2 ünvanı üzrə sayğaca baxış keçirilən zaman cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı protokol-akta əsasən xx.xx.2023-cü il tarixə 4462.25 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borcun ona məxsus abunə hesabından silinməsini tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir.

a) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 may 2021ci il tarixli, 224801№-li Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus N.Yusifbəyli 3, mənzil 104 ünvanına baxış keçirilmiş və EEİQ-ni yoxlayan zaman məlum olmuşdur ki, yuxarıda göstərilən koda məxsus sayğacı optik gözlə oxuyan zaman sayğac nömrəsi daxili yaddaşın nömrəsi ilə uyğun gəlmir.

9. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2023-cü il tarixli, 024981 nömrəli Akt-protokoldan görünür ki, sayğacın daxili sxemi dəyişdirilən sayğaca müdaxilə olunub, sayğacın faktiki seriya nömrəsi “A081180449” olduğu halda proqram əlavəsi oxunan zaman “3108830” olduğu aşkar olunmuşdur.

10. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı Ağarəhim oğluna məxsus ünvan 2 ünvanına dair xx.xx.2023cü il tarixə EİQ pozulması nəticəsində 4462.25 manat borc hesablanmışdır.

11. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən N.Yusifbəyli 3, mənzil 104 ünvanında yaşayan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi bildirmişdir ki, mənzilin elektrin enerjisinə görə yaranmış borcu 4462.25 manat təşkil edir. İstifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun tam ödənişi təmin edilməsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.13.2-ci bəndinə əsasən mənzilə verilən elektrik enerjisi təchizatı xx.xx.2023-cü il tarixdən saat 12:00-dan dayandırılacaqdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

13. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

15. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, "xxxx" ASC tərəfindən əhaliyə elektrikin satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir.

16. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.

17. Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar.

18. Qaydaların 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir.

19. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

20. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar.

22. Həmin müqavilənin 6-1-ci bəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

23. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

25. Məhkəmə akta görə hesablanmış cərimənin silinməsi barədə qeyd edir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda, müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla iddiaçının abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki, belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir (həmçinin, bununla bağlı cavabdeh təşkilat tərəfindən akta görə məhkəməyə qarşılıqlı iddia ərizəsi verilməmişdir) .

26. Göründüyü kimi elektrik enerjisi paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də elektrik enerjisi paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə elektrik enerjisi paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə elektrik enerjisi paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olması anlamına gəlmir.

27. Beləliklə, akt əsasında iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli və 4462.25 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir.

28. Bundan əlavə isə məhkəmə qeyd edir ki, hazırda cavabdehin iddiaçıdan həmin mübahisəli akt üzrə hesablanmış cərimə ilə bağlı məhkəməyə iddia ilə müraciət etmək hüququ istisna edilmir.

29. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçının bu mərhələdə iddiasının təmin edilməsi (borcun silinməsi) gələcəkdə cavabdehin həmin akt üzrə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir.

30. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 3, mənzil 104 (abonent kodu: **********30104) ünvanına hesablanmış 4462.25 (dörd min dörd yüz altmış iki manat, iyirmi beş qəpik) manat məbləğində cərimə borcu iddiaçının **********30104 saylı abunə hesabından silinməlidir.

31. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizini təşkil edir.

32. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

33. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

34. Belə olan halda, iddia tələbi təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 64.62 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

35. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli akt əsasında Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 3, mənzil 104 (abonent kodu: **********30104) ünvanına hesablanmış 4462.25 (dörd min dörd yüz altmış iki manat, iyirmi beş qəpik) manat məbləğində cərimə borcu "xxxx" ASC tərəfindən İddiaçı **********30104 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 64.62 (altmış dörd manat, altmış iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar