Məhkəmə qərarları › İş №2(006)-1078/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1078/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1078/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən onun adına əsassız hesablanmış istehlak edilmiş enerjiyə görə 955,94 manat və məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinə görə 1.336,56 manat məbləğində olmaqla, cəmi 2.292,5 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 3 (üç) nəfərdən ibarət olan ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Fərdi yaşayış evinin kommunal xidmətlərə görə abonent müqavilələri iddiaçının atası mərhum X1 adınadır. Belə ki, atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı müvafiq sənədləri təqdim etməklə cavabdeh təşkilata müraciət edərək atası vəfat etdiyinə görə onunla abonent müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin həmin qurum tərəfindən ona verilən cavab məktubunda onların adına elektrik sərfiyyatına görə borc olması səbəbindən adına yeni abonent müqaviləsi bağlanmaqdan imtina edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən İddiaçı təqdim edilmiş 01 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, 955,94 manat məbləğində borc "xxxx" ASC-nin fəaliyyəti dövründə istehlak edilmiş və 1.336,56 manat məbləğində borc isə məcburi köçkün limitindən artıq istehlak edilmiş enerjinin dəyəridir. Qeyd edilən borclar xx.xx.2011-ci il və xx.xx.2016-cı il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcların ödənilməsi yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb olunur. İddiaçının ailəsinin elektrik enerjisinə görə borcu yoxdur. Yaşadıqları ev özbaşına tikilidir və 2005-ci ilin yanvar ayında sayğac qoyularkən bütün borclar hesablanıb verilmiş və bundan sonra həmin evə sayğac qoymuşlar. İddiaçının elektrik enerjisinin ödənilməsi ilə əlaqədar ciddi problemi yaranmamışdır. Cavabdeh "xxxx" ASC tərəfindən qeyd alınmış xx.xx.2011-ci və xx.xx.2016-cı illər üzrə qeydə alınmış borcların yaranması ilə bağlı heç bir sənəd və sübut yoxdur. Digər tərəfdən isə borclarla bağlı iddia müddəti bitmişdir. Cavabdeh iddiaçıdan borcu məhkəmə qaydasında tələb etməsə də, abonent müqaviləsini onun adına keçirməkdən imtina etməklə faktiki olaraq borcun ödənilməsini tələb edir. Odur ki, həm də iddia müddətinin bitməsinə görə də borclar silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X9 iddianı qəbul etməyib bildirdi ki, həm "xxxx" ASC-nin fəaliyyəti dövründə, həm də məcburi köçkün limitindən artıq istifadəyə görə yaranmış borclar dondurulmasına baxmayaraq, mövcuddur və ödənilməlidir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AЗ seriyalı ******* nömrəli şəhadətnamədən görünür ki, İddiaçı atası X3r. "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli 131434 nömrəli aktından görünür ki, X1 Binə südçülük sovxozunda olan evinin qeydiyyatsız və sayğacsız olması müəyyən edilmiş, 5 gün müddətində sayğac qoyulmasa, hesabat aparılacağı qərara alınmışdır. Ölüm haqqında AZ-İİ seriyalı, 384754 nömrəli şəhadətnamədən görünür ki, X7 xx.xx.2023cü il tarixdə ölmüşdür. Abunə haqqında sənəddən görünür ki, X4 məxsus (qaçqın - 3) ünvan 2 ünvanı üzrə **********00238 nömrəli abunə kodunun 1336,56 manat və 955,94 manat məbləğlərində borcu vardır. Bağlanan aktlar qrafasında xx.xx.2011-ci ildə 955,94 manat “Barmek” borcunun olması, xx.xx.2016-cı ildə isə 1336,56 manat qaçqın borcu silinməsi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, **********00238 nömrəli abunə kodu üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 955,94 manat məbləğində borcun "xxxx" ASC-nin fəaliyyəti dövründə istehlak edilmiş, ödənişi təmin olunmamış enerjinin və 1.336,56 manat məbləğində borcun məcburi köçkün limitindən artıq istehlak edilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Qeyd edilən borclar xx.xx.2011-ci və xx.xx.2016-cı il tarixlərində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Abonentin hərəkət cədvəlindən görünür ki, X4 məxsus (qaçqın - 3) ünvan 2 ünvanı üzrə **********00238 nömrəli abunə kodunun 2018-ci ilin sonunda və həmin ildən etibarən hər növbəti ilə (eləcə də 2024-cü ilə) keçərkən borcu qalmamışdır. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 11 nömrəli arayışından görünür ki, İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evində qeydiyyatsız olaraq yaşayır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İbayev X2 rayonu, Soltanlı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mərhum atasına məxsus olmuş, hazırda isə iddiaçının faktiki sahibliyində olan fərdi yaşayış evinə verilmiş abunə koduna "xxxx" ASC-nin fəaliyyəti dövründə 955,94 manat, məcburi köçkün limitindən artıq enerjidən istifadə edilməsinə görə isə 1.336,56 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfin iddiaçının müraciətinə verdiyi cavab məktubundan, eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, həmin borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmiş, yəni dondurulmuşdur. Bu borcların ödənilməsi isə yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış verilərkən tələb olunur. Hazırda iddiaçı mərhum atasının adına olan abunə kodunun öz adına keçirilməsinə məhz bu səbəbdən imtina verilməsini hüquqlarının pozulması hesab edərək, əsassız yazılmış borcun silinməsini; cavabdeh tərəf isə borcun dondurulmasına baxmayaraq, ödənilməli olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, sərfiyyat borcu olduğu iddia edilən 955,94 manat məbləğində borcun xx.xx.2011-ci ildə və məcburi köçkün limitindən artıq istifadə edilmiş enerjinin dəyəri olduğu iddia edilən 1336,56 manat məbləğində borcun isə xx.xx.2016-cı ildə tələb olunmayan borclar siyahısına daxil edilərək dondurulmasına baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi və ya alqı-satqı zamanı borcun olmaması barədə arayışın verilməsi zamanı tələb edilməsi əsassızdır. Dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcların mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən əsassız yazılmış 2292,50 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat məbləğində borc (dondurulmuş) **********00238 nömrəli abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız yazılmış 2292,50 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat məbləğində borc (dondurulmuş) **********00238 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar