Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1088/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qanunsuz hesablanmış 1607,79 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən fərdi yaşayış evdə ailəsi ilə birlikdə yaşayır. Həmin mənzilə aid olan 03/11-072 saylı abonent koduna əsasən ona “Barmek” dövrünə aid olan 2009, 28 manat dəyərində debitor borcu hesablanmışdır. “xxxx” ASC-yə etdiyi müraciətin verilmiş cavabda göstərilmişdir ki, həmin borc tərəfindən istifadə edilmiş elektrik enerjisindən yaranmışdır. Baxmayaraq həmin illər üçün ödədiyi qəbzlər vardır. Məcbur olaraq 05.06.2020-ci il tarixdə 600,0 manat məbləğində borc ödəmişdir. Hal-hazırda “xxxx” ASC-yə ödənişi tələb olunan borc məbləğin 1607,79 manat təşkil edir. Düşünür ki, cavabdeh tərəfindən hüquqları tam pozulmuşdur. Çünki təqdim olunmuş sayğac göstəricilərindən aydın olur ki, 13.01.2009-cu il tarixdən 21.01.2009-cu il tarixədək ona 8 gün ərzində 114 manat borc hesablanılmışdır. Bu tamamilə əsassızdır. Həmçinin borcun köhnə köhnə tarixdə yarandığını nəzərə alınsa, artıq həmin borc onun adından silinməli və “xxxx” ASC-nin kompyuter məlumat bazasından çıxarılmalıdır. Hesab edir ki, barəsində hesablanmış borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. Qanunvericiliyin tələbinə əsasən dövlət orqanları səlahiyyətləri daxilində qərar qəbul edərkən, akt tərtib edərkən, borc və ya qaimə hesablayarkən həmin qərarın və ya hesablamanın konkret hansı normativ hüquqi akt əsasında həyata keçirildiyini göstərməlidirlər. Cavabdeh orqan olan “xxxx” ASC qeyd edilən maddənin tələbini kobud şəkildə pozaraq, üzərinə düşən subutetmə vəzifəsini yerinə yetirməmişdir. Dövlət rüsumu haqqında qanuna əsasən istehlakçıların pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən istehlakçı dövlət rüsumunu ödəməkdən azad edilir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ona 1956 manat məbləğində borc ona məxsus **********10085 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bəzi yaranmış problem və işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, iddianı müdafiə etdiyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələblərinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. “xxxx” ASC ilə istehlakçı İddiaçı arasında 24.07.2020-ci il tarixdə bağlanmış 098915 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli elektrik enerjisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Abunə kodu **********10085 olan abunə haqqında sənəddən görünür ki, İddiaçı 1956,108 manat əlavə ödəniş hesablanmışdır. “xxxx” ASC-nin Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşov tərəfindən İHM və EQM X2 məsələlər üzrə sədr müavini Elşən Ağayevə ünvanlanmış 15.09.2020-ci il tarixli məktubdan görünür ki, 03/11-072 saylı abonent kodunun informasiya məlumat bazasında geniş bildiriş vərəqi tərəflərindən araşdırılmışdır. Məlum olmuşdur ki, abonent (İddiaçı) 2012-ci ilin fevral ayına qədər elektrik enerjisindən istifadə etmiş və bu dövr ərzində enerji təchizatı müəssisəsinə 2009,28 manat dəyərində ödənişi tələb olunan borcunu ödəməmişdir. Bu səbəbdən abonentə elektrik enerjisi verilişi dayandırılmış və elektrik sayğacının çıxış xətti kəsilmişdir. Obyekt fəaliyyətə başladığından 2020-ci ilin iyun ayında abonent elektrik enerjisi verilişinin bərpası məqsədilə müraciət etmiş və elə həmən tarixdə abonent elektrik enerjisi ilə təmin olunmuşdur. Debitor borc ödənişinin sadələşdirilməsi üçün abonentə “SMART kart” tipli sayğac quraşdırılaraq razılaşma protokoluna əsasən borcun hissə-hissə ödənməsi təklif olunsa da abonent qəti şəkildə etiraz etmişdir. Abonentin 10.09.2020-ci il tarixə Cavabdeh ASC-yə ödənişi tələb olunan borc məbləği 1607,79 manat təşkil edir. Qeyd edilmiş borc abonent tərəfindən ödənmədiyi təqdirdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərinə əsasən elektrik enerjisi verilişi yenidən dayandırılacaqdır. Həmçinin mövcud texniki şərtdə qeyd edilmiş qoşulma gücü həddi ilə hal-hazırda fəaliyyət göstərən obyektdəki (“AL” market) işlədicilərin güc həddinin uyğunluğunun yoxlanması tövsiyə olunmuşdur ki, uyğunsuzluq halı olduğu təqdirdə abonent güc artımı üçün aidiyyəti üzrə müraciət etsin. Araşdırma zamanı ərizəçinin hüquqlarının pozulması halı müəyyən edilməmişdir. 05.06.2020-ci il tarixli, 73434 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin hesabına 600 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İş materiallarında olan iddiaçıya məxsus abunə kodu **********10085 olan abunə haqqında sənəddən görünür ki, abonentin sayğac göstəricisi 1740,06 manat kimi qeyd edilmiş, ödəmələr isə 1686,89 manatdır. Abunə haqqında məlumatın “bağlanan aktlar” bölməsindən göründüyü kimi, abonentin hazırda cəmi borcu 1.956,10800 təşkil edir. Həmin borc 2001-2010-cu illərə aiddir. İddiaçının fərdi sahibkar statusuna malik olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilmənişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iddiaçıya məxsus abunə koduna 2001-2010-cu illər üçün hesablanmış borc məbləği ilə bağlı qeyd edir ki, həmin borcun ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən 11 ildən artıq müddətdə heç bir tələb irəli sürülmədiyindən, iddiaçı tərəfindən isə mübahisə predmeti olan borcdan ödəniş edilmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal müəyyən olunmadığından həmin borcun ödənilməsinə dair öhdəliyə müddətin keçməsi əsası ilə xitam verilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1956 manat məbləğində borc **********10085 saylı abunə hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1956 manat məbləğində borc İddiaçı məxsus **********10085 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1088/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1088/2021
08.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver