Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1091/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X5 miras qalmış, ünvan 1 ünvanda yerləşən mənzilə vərəsəlik hüququnun tanınması məqsədilə ünvan 2 Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə verilən məktub əsasında vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün ünvan 2 Notariat Kontoruna göstəriş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, vərəsəliyin qəbulu ilə bağlı müddətin üzrlü hesab edilərək, uzadılması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 90 saylı mənzili bacısı X5 miras qalmışdır. X15 20 yanvar 1936-cı il tarixdə Şəki (Nuxa) şəhərində doğulmuşdur. Hər ikisinin atası Hacıyev (Hacısəmədov) Əziz Hacısəməd oğlu, anası X4r. X15 11 may 2019-cu il tarixdə vəfat etmişdir. Bacısı heç vaxt ailə qurmamışdır, övladı yoxdur. O, bacısının miras qalmış əmlakına sahiblik edən yeganə şəxsdir. Yəni, bacısının sağlığında qeyd olunan mənzil bacısının və onun istifadəsində olmuşdur. Bacısının ölümündən sonra da əmlak onun faktiki sahibliyindədir. Bacısı psixi qüsurlarına görə öz hərəkətlərini bilmədiyindən, fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Onun tələbilə Nəsimi rayon Məhkəməsinin göstərişi əsasında bacısı X15 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertizası tərəfindən tibbi-psixatrik müayinədən keçirilmişdir. Bacısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertizasının 03 dekabr 2015-ci il tarixli 1760a saylı rəyinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Səmədova Sumayənin psixoloji çətinlikləri hələ 1990-cı illərdən başlamışdır. Bunu sübut edən səbəblərdən biri X14 rayonu S.Rüstəm küçəsi 60 ünvanda olan binanın yararsız vəziyyətdə olan 44 saylı yarımzirzəmi mənzilindən köçmək istəməməsi, daim orada olan siçovulların və həşəratların əhatəsində qalmasına üstünlük verməsidir. Bacısına 1994-cü il 30 avqust tarixdə order verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bacısına 1994-cü ildə Bakıxanov küçəsi 42/90 ünvanda birotaqlı mənzil verilsə də, bacısı həmin mənzilə köçməkdən boyun qaçırmış, özünün dediyi kimi «dostları olan siçovul və tarakanların» yanında yaşamasına üstünlük vermişdir. Həddən artıq yararsız və anti-sanitariya vəziyyətində olan mənzil, bacısının orada yersiz səs-küy yaratması həmin binada yaşayan sakinlər üçün narahatlıq yaratdığından sonuncular sahə müvəkkilinə ərizə ilə müraciət etmişlər. O da dəfələrlə bacısını yeni ünvana köçməsinə təkid etsə də, bacısı onun sözünü dinləməmişdir. Nəhayət, Nəsimi rayon İcra Hakimiyyəti məktubla Nəsimi rayon Məhkəməsinə X1 haqqında müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin iş üzrə 2-566/1995-ci il saylı qətnaməsi 30 may 1995-ci ildə qanuni qüvvəsini almışdır. X7 hərəkətləri, şahidlərin ifadələri haqqında məlumat vardır. Qətnamənin arxivdəki surəti vəkilin 33 iyul 2019-cu il tarixli sorğusuna əsasən ona verilmişdir. Bacısını Bakıxanov küçəsi 42/90 ünvanda bir otaqlı mənzilə köçürə bilsə də, bacısı orderi almaqdan imtina etmişdir. Ona isə həmin mənzilin orderinin surəti Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. O, qeydiyyat dəftərinə imza ataraq orderin surətini götürmüşdür. Məhz buna görədir ki, Səmədova Sumayənin Bakıxanov küçəsi 42/90 ünvandakı mənzili özəlləşdirilməmiş qalmışdır. Evin orderinin əsli isə arxivdədir. Məhz buna görə də o, iddia ərizəsinə orderin özünü deyil, surətini əlavə etmişdir. O, həmin mənzilə olan vərəsəlik hüququnu müəyyən etmək və həmin mirasa vərəsəlik hüuqunun tanınması və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 2021-ci ilin iyul ayında Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İşə hakim Səməd Cəfərovun sədrliyi ilə baxılmışdır. Bacısının ölümündən uzun müddət keçdiyi üçün məhkəmə ünvan 2 Notariat Kontoruna imtina məktubunun verilməsi üçün xx.xx.2021-ci tarixdə məktubla müraciət etmişdir. ünvan 2 Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə həmin məktub ona verilmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, həyat yoldaşı X10 baxdığı və onu uzun müddətə evdə tək qoya bilmədiyi üçün vərəsəliklə bağlı məsələnin həlli ilə vaxtından gec məşğul olmağa başlamışdır. O, 2015-ci ildən serebral aterskleroz xəstəliyindən əziyyət çəkir. Uzun illərdir ki, kömək olmadan hərəkət etməkdə çətinlik çəkir. Son illərdə isə vəziyyəti daha da kəskinləşmişdir. Baş gicəllənmə, baş beyin qan dövranı pozğunluğu nəticəsində günün çox hissəsini məcburi yataq vəziyyətində keçirməli olur. Köməksiz vəziyyətdə gəzəndə isə tez- tez yıxılır. Daima həkim nəzarətində olur, vəziyyəti kəskinləşən kimi isə evə həkim çağırmalı oluram. Eyni zamanda o, xroniki qan azlığından da əziyyət çəkir. Hazırda qanının ümumi faizi 30 faizdir. Məhz belə vəziyyətdə olan yaşlı, xəstə adamı uzun müddət tək qoyub heç yerə çıxa bilməmişdir. Bu indi də belədir. Hətta mağazaya getdikdə belə ya nəvəsini, ya da qonşunun uşaqlarından birini çağırmalı olur. Vərəsəliklə bağlı məsələnin gec həll etməyə başlamağının digər bir səbəbi də X6 qanunsuz əməllərindən irəli gəlmişdir. O, fəaliyyət qabiliyyəti olmayan bacısı X8 11 may 2019-cu il tarixində vəfat etməsi haqqında məlumat ona gec verilmişdir. Belə ki, İ.Məhiyeva 2012-ci ildən Səmədova Sumayəni oğurlayaraq heç kimə demədən və yalandan onun, yəni doğma bacısının yoldaşı ilə birlikdə qəzada öldüyünü söyləyərək aparıb yanında saxlayan X12 “xala yatıb”, “bibi heç kimi görmək istəmir” deyərək onu və heç bir digər qohumunu Səmədova Sumayənin yanına buraxmamışdır. Fiziki və əqli baxımdan gücsüz olan qoca bir qadının geri qayıtmağa heç bir çarəsi, imkanı və qüvvəsi isə yox idi. 2012-ci ildən 2019-cu ilin sentyabrına qədər bacısının son vəziyyətindən xəbəri olmayıb. Dəfələrlə ona zəng etsə də, qapısına getsə də onunla əlaqə saxlamaq, bacısını ona göstərmək istəməmişdir. Yalnız Nəsimi rayon Məhkəməsinin verdiyi qətnamə əsasında sonuncu dəfə 7 may 2019-cu ildə onun evinə gedib bacısını görə bilmişdir. Yalnız Azərbaycan Respublikası Prokurorluğuna şikayətlə müraciət etdikdən və iş Xətai rayon Prokurorluğuna gəlib çıxdıqdan sonra o, bacısı Səmədova Sumayənin ölüm xəbərini demişdir. Məhz belə vəziyyət də vərəsəliklə bağlı məsələnin gecikməsinə səbəb olub. 2019-cu ilin martından isə COVİD-19 infeksiyasının başlaması da vərəsəliklə bağlı məsələnin bu qədər uzanmasına səbəb olmuşdur. Uzunmüddətli evə qapanmalar, müəssisə və təşkilatların onlayn iş rejiminə keçmələri, 65 yaşdan yuxarı olan şəxslərin müvəqqəti olaraq evdən kənara çıxa bilməməsi ilə olan qadağalar da belə səbəblərdəndir. Heç yerə gedə bilməmiş, evdə oturmağa məcbur olmuşdur. Elə buna görə də vərəsəliklə bağlı məsələni tələb olunan müddətdə həll edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 23 aprel 1938-ci il təvəllüdlüdür, atası Hacıyev (Hacısəmədov) Əziz Hacısəməd oğlu, anası X4r. X15 20 yanvar 1936-cı il təvəllüdlüdür, atası Hacıyev (Hacısəmədov) Əziz Hacısəməd oğlu, anası X4r. Almas və Sumayə doğma bacı olmaqla, Sumayə, bacıları Humay (1933-cü ilin oktyabr ayında, 10 günlük körpə ikən), həmçinin valideynləri vəfat etmişlər. X15 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində, ürəyin xroniki işemik xəstəliyindən vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 14 may 2019-cu il tarixdə 843 saylı akt qeydi aparılmış, mərhumənin adına 2 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 iyul 2019-cu il tarixdə AZ-İİ seriyalı 030002 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Hacıyev (Hacısəmədov) Əziz Hacısəməd oğlu xx.xx.1946-cı il tarixdə Şəki şəhərində, Məmmədova (Əbdülhəlimova) Mədinə Süleyman qızı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 356 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş bacısı X5 miras qalmış mirasa dair vərəsəlik şəhadətnaməsi almaq üçün ofisə daxil olmuş ərizəsinə baxılmışdır. Qanunavericiliyin bəzi müddəalarının tələbləri ərizəçinin nəzərinə çatdırılmaqla, müvafiq sənədləri təqdim etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnaməni rəsmiləşdirə biləcəyi qeyd olunmuşdur. İşin mübahisəsiz hallarına əsasən X11 ünvan 1 ünvanda yerləşən mənzilə dair 30 avqust 1994-cü il tarixli order verilmişdir. X3 fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Fəaliyyət qabiliyyətsiz olduğundan mənzili öz adına özəlləşdirməmişdir. X8 yeganə birinci növbə vərəsəsi İddiaçıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İşin faktiki hallarından göründüyü kimi, X8 yeganə birinci növbə vərəsəsi İddiaçıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, bacısının ölümü haqqında gec məlumat alması, həyat yoldaşı X2 aterskleroz xəstəliyindən əziyyət çəkməsi və iddiaçının himayəsində olması, habelə COVİD-19 infeksiyasının başlaması ilə əlaqədar ölkə üzrə karantin rejiminin tətbiqi, o cümlədən uzunmüddətli evə qapanmalar, müəssisə və təşkilatların onlayn iş rejiminə keçmələri, 65 yaşdan yuxarı olan şəxslərin müvəqqəti olaraq evdən kənara çıxa bilməməsi ilə olan qadağalar vərəsəlik üzrə qanunvericliliklə müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri hesab oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum X8 mirasının qəbul edilməsi üçün buraxılmış müraciət müdəti üzrlü hesab edilərək uzadılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum X8 mirasının qəbul edilməsi üçün buraxılmış müraciət müdəti üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1091/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1091/2022
13.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver