Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1093/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 və cavabdeh "Cavabdeh2" QSC X19 Təşkilatının nümayəndələri X4 və X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh1" X14 və "Cavabdeh2" X8 Bank X3rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış, hazırda tələb hüququ Cavabdeh2 QSC-yə güzəşt edilmiş 3883 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və bütün nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o mühafizəçidir. Bu günə kimi bir çox yerlərdə bu peşədə çalışmışdır və aylıq maaşı hər zaman 1000 manata qədər olmuşdur. Hazırki iş üzrə kredit müqaviləsinin imzalandığı vaxt o, “X9 Dəstək” İctimai birliyində işləmişdir, həmin müəssisədə təhlükəsizlik üzrə mütəxəssis olmuşdur. “X9 Dəstək” İctimai Birliyi 2012-2013-cü illərdə ölkə prezidentinin tapşırığı ilə Oğuz və Şəki rayonlarında tikilən X10 sifarişçi təşkilatı olmuşdur. 2012-ci ilin avqust ayında birliyin rəhbəri və onun müdiri Dünyamin Xəlilov onu kabinetinə dəvət edərək bildirdi ki, hazırda Oğuzda yeni bir dövlət layihəsinə başlayıblar və H.Əliyev mərkəzinin Oğuzda tikintisini həyata keçirəcəklər. Bu tikintinin davamı üçün pul ayrılması lazımdır. Ona görə İctimai Birliyin üzvü kimi onun adına fiziki şəxs olaraq Beynəlxalq Bankda formal olaraq kredit rəsmiləşdirmək istəyirlər. Dünyamin Xəlilov ona söz verdi ki, pul kredit formasında 3 ilə rəsmiləşsə də, onlar krediti 1 ilə qaytarıb onun borcunun olmaması ilə bağlı arayış alıb verəcəklər. Onu əmin etdi ki, onsuz da bankın rəhbərliyi bilir ki, kredit Dünyamin Xəlilov tərəfindən götürülür və pulu da o qaytaracaq. Hətta dedi ki, X6 Ofisində hazırda onları gözləyirlər. Eyni gün o və birliyin baş mühasibi Əli Muradov X6 ofisinə gedib və ikinci mərtəbəyə qalxıb soldakı otağa daxil olmuşlar. Otaqda kredit şöbəsinin müdiri ondan maaşını soruşmuş və o, 400 manat aldığını demişdir. O, bütün sənədlərə qol çəksə də, bütün bu sənədlərin onu öhdəlik altına salan 1 milyon manatlıq kredit olduğunu bilməmişdir. Çünki ona heç kim həmin müqavilə üzrə bank tərəfindən 1 manat belə ödəniş etməyib. 2014-cü ilə tarixində o, yaşadığı Xırdalan şəhərində “FİNCA” bankdan şəxsi işi üçün 1000 manat kredit almaq istəmişdir. Ona bildirilmişdir ki, adına 1 milyon manat kredit olduğundan ona başqa bir məbləğ ayrıla bilməz. O, Dünyamin Xəlilova xatırlatmışdır ki, aradan iki il ötüb, ancaq kredit bağlanmayıbmış. Dünyamin Xəlilov onu əmin etmişdir ki, bu, ona heç bir problem yaratmayacaq, krediti də bağlayacaq, narahat olmasın. 2015-ci ilin yanvar ayına kimi o, müntəzəm olaraq Dünyamin Xəlilova bunu xatırlatsa da, ona deyilmişdir ki, bankın bundan xəbəri var, narahat olmasın. O, aldadıldığına ehtimal verməmiş, düşünmüşdür ki, müqavilə ayrılan gün və sonrasında onun bu pulu çəkdiyinə dair heç bir hal yoxdur. Çünki, həqiqətdə də, o, ayrılan 1 milyon manatın aqibətində yaxından-uzaqdan iştirak etməmişdir. Dünyamin Xəlilov digər bank kreditləri üzrə məsuliyyətə cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (hakim Əhməd Quliyev) 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(103)-1496/2017 saylı qərarı ilə (sərdlik edən hakim: Qail Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işi ilə də müəyyən olunmuşdur ki, pulu o deyil, Dünyamin Xəlilov almışdır. O, düşünmüşdür ki, əgər bu fakt cinayət işi ilə müəyyən olunubsa və onsuz da bank rəhbərliyi də bunu bilirsə, ondan heç kim heç nə tələb etməyəcək. Onun kredit götürdüyü Cavabdeh1 ASC xx/xx/2015-ci il tarixli müqavilə ilə problemli aktivlərinin tələb hüququnu “xxxxxxxxxx” QSC-yə güzəşt edib. “X12 Edilməsi Agentliyi” MMC isə Cavabdeh2 QSC-nin problemli kreditlərinə dair tələb hüququnun idarəedilməsi prosesini həyata keçirir. Cavabdeh tərəf əsas və faiz borcunun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək ondan müqavilə üzrə götürdüyü krediti əsas və faiz borcu birgə olmaqla 1.500.000 manat krediti qaytarmağı tələb edir. O, məhkəmənin diqqətinə çatdırır ki, o, hətta son vaxtlara kimi əmin edilmişdir ki, bütün bunlar prosedur qaydalarıdır və ondan heç kim bu borcu istəməyəcək. İş üzrə sənədlərə əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli arayışından da görünür ki, onun heç bir banka borcu olmamışdır. Hazırki iş üzrə cavabdehin istinad etdiyi müqavilə uydurmadır. O, hər nə qədər 3883 saylı kredit müqaviləsinə qol çəksə də, heç kimdən faktiki olaraq bu məbləği götürməmişdir. Bu müqavilə əslində “X9 Dəstək” İctimai Birliyinin sədri Dünyamin Xəlilov tərəfindən götürülmüş və bank rəhbərliyi də bunu bilmişdir. Təkcə Cavabdeh1 ASC-nin kreditin götürüldüyü günə aid olan kamera görüntülərinə baxılsa müəyyən olunar ki, ona həmin puldan 1 manat məbləğ belə verilməmişdir. Çünki o, özü üçün öhdəlik yaradacaq bir münasibətə daxil olduğumu bilməmişdir. 3883 saylı kredit müqaviləsinə imzanı işindən uzaqlaşmamaq üçün atmışdır. Çünki 1.000.000 manatlıq kredit müqaviləsinin bağlandığı şəxs olan Dünyamin Xəlilov onun müdiri olmuşdur. O, müdirinin göstərişi ilə elə həmin gün Cavabdeh1 ASC-nın Mərkəzi ofisinə aparılıb və əvvəlcədən Bank rəhbərliyi ilə Dünyamin Xəlilovun razılaşdırdığı üzrə sənədlərə qol çəkmişdir. Onun bu günə kimi aldığı ən yüksək əmək haqqı 1000 manata qədər olub. Müqavilənin bağlandığı tarixdə isə, ümumiyyətlə, 400 manat gəliri olub. Heç bir təminat göstərilmədən, 400 manat maaş alan bir şəxsin 1.000.000 manatlıq krediti götürməsi mümkün deyildir. Məhkəmənin diqqətinə çatdırır ki, onun 3883 saylı kredit müqaviləsinin təyinatından, haralara xərcləndiyindən xəbərdar olmamışdır. Lakin ona “X12 Edilməsi Agentliyi” MMC tərəfindən göndərilən x xxxx 2018-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, guya o, 2012-ci ilin 16 avqustundan 29 dekabrına qədər 8 dəfəyə ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Halbuki adi mühafizəçi vəzifəsində çalışan bir işçi heç vaxt qaytara bilməyəcəyi 1.000.000 manat məbləğində pulu 8 dəfəyə çəkib ya xərcləməli, ya da hər hansı investisiya etməli idi. Hər iki variantın onun üçün keçərli olmadığı faktı sübut edir ki, cavabdehlə onun arasında belə bir müqavilə, ümumiyyətlə, mövcud olmayıb. Cavabdeh tərəf, faktiki olaraq, onun bu pulu qaytaracağı ilə heç bir halı ona bildirməmişlər. O, sadəcə olaraq, mətni ona bəlli olmayan bir neçə sənədə qol çəkmişdir. Hətta X6 ofisində olarkən ondan maaşının məbləği soruşulmuşdur. O, da 400 manat olduğunu demişdir. İndi isə məhkəməyə müraciət edib, ondan bu pulu faizi ilə birgə 1.500.000 manat şəklində geri qaytarmağı tələb edirlər. Əslində sadə insan məntiqi ilə belə anlaşılandır ki, onun şəxsi həyatında ayrılan kreditin heç 1/100 həcmində belə artış olmayıbsa, onun bu müqavilədə hansısa iştirakını qəbul etmək və ona qarşı tələb irəli sürmək açıq-aşkar hüquqdan suiistifadədir. Nəticədə həmin əqd etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X16 yuxarıda göstərilən məzmunda izahat vermis və əlavə olaraq bildirmişdir ki, iddiaçı kredit müqaviləsini imzalasa da, pulun çıxarılması barədə qəbzləri o imzalamamış və pulu da götürməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh2" QSC X19 Təşkilatının nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 ASC-nin X1 “ABB Premyer” Müştəri Xidməti ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixli, 3883 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən hazırkı iş üzrə iddiaçıya illik 12 % tətbiq edilməklə, 36 ay müddətinə 1.000.000 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçının banka 1.000.000 manat əsas, 521.139,05 manat faiz borcu vardır. Onlar Abşeron Rayon Məhkəməsində borc tələbi ilə bağlı iddia qaldırmışlar. Bu proseslə bağlı Abşeron Rayon Məhkəməsində icraat dayandırılmışdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı iddia müddətini də ötürmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh2" QSC X19 Təşkilatının digər nümayəndəsi X5 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 36 ay müddətinə 1.000.000 manat məbləğində kredit xəttinin açılmasını, borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "Cavabdeh1" ASC ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsinin aldadılmanın nəticəsində bağlanmasına istinad edərək etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Hazırki işdə iddiaçı xx xxxxxx 2012-ci il tarixli, 3883 tarixli müqavilənin onun etibarından sui-istifadə yolu ilə bağlanmasına istinad etsə də, adı çəkilən müqavilənin bağlanması ilə bağlı özünün etibarından sui-istifadə edilməsi, aldadılması, sözügedən müqavilənin məhz bu hərəkət nəticəsində bağlanıldığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülkiprosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İndiki halda kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanması və iş materiallarına əlavə edilmiş məxaric orderləri bunu ehtimal etməyə əsas verir ki, müqavilələrdə qeyd olunan məbləğlər iddiaçıya təqdim edilmişdir. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Cavabdeh1" X14 və "Cavabdeh2" X8 Bank X3rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan, habelə qanunla bu cür iddialar üçün müəyyənləşdirilmişmüddətburaxıldığından kəsici müddət tətbiq olunmaqla təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" X14 və "Cavabdeh2" X8 Bank X3rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1093/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1093/2020
09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver