Məhkəmə qərarları › İş №2(006)-1094/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1094/2022

05.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1094/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X3 arasında ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15.08.2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi”nin (müqaviləni tərəflərin adından cababdeh Cavabdeh imzalamışdır) etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həyat yoldaşıdır. Onunla birgə nikahından 14.09.2007-ci il təvəllüdlü Nihad adlı oğulları olmuşdur. Bakı şəhəri,Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsində yerləşən 96 saylı binanın 1-ci mərtəbəsində yerləşən 13,5 kv.m ümumi, 8,7 kv.m. əsas, 4,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi uzun illər icarə müqaviləsi əsasında onun istifadəsində olmuşdur. 2008-ci ildə həmin qeyri-yaşayış sahəsini özəlləşdirmiş və tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli kitabın 4086 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi **********101 - 05101-083001, Qeydiyyat nömrəsi **********). Həm də bu barədə onun adına Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 28.02.2008-ci il tarixli, MH seriyalı, 01322282 saylı çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsindən bir müddət istifadə etdikdən sonra həbs olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməyə başlamışdı. Orada cəza çəkən vaxtlarda hazırda cavabdeh olan həyat yoldaşı Cavabdeh təkidli xahişləri nəticəsində yuxarıda adı çəkilən həmin qeyri - yaşayış sahəsini azyaşlı - 14.09.2007-ci il təvəllüdlü oğulları Nihadın adına rəsmiləşdirməyə razılıq verdi. Bu məqsədlə hazırda cavabdeh olan həyat yoldaşı Yeganənin adına Cəzaçəkmə Müəssisəsinin rəisinin imzası ilə təsdiq edilmiş 11.08.2011-ci il tarixli, 17/26-618 saylı Etibarnamə vermişdir. Cavabdeh həmin etibarnamə əsasında xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsini 15.08.2011-ci il tarixli “qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi” əsasında oğulları X2 bağışlamışdır. Bağışlama müqaviləsini onun adından Cavabdeh ona verdiyi “etibarnamə” əsasında imzalamışdı. Eyni zamanda da oğulları Nihad azyaşlı olduğundan onun əvəzindən də qanuni nümayəndəsi kimi anası Cavabdeh imzalamışdı. Sonradan bilmişdir ki, cavabdeh onu aldatmış, həmin qeyri-yaşayış sahəsini onun razılığı olmadan icarəyə vermiş, icarə pullarını alaraq şəxsi işlərinə xərcləmiş, daha sonra onun razılığı olmadan qeyri-yaşayış sahəsinin söküntüsü ilə əlaqədar tikinti şirkəti ilə razılığa gəlmiş,onlardan külli miqdarda icarə pulu əldə etmiş və həm də həmin qeyri-yaşayış sahəsinin əvəzindən 30.0 kv.m. təmirli qeyri-yaşayış sahəsini alaraq satmış və onun da pullarını mənimsəmişdir. Cavabdehin məqsədi əvvəlcədən onu aldatmaq olmuş, guya oğulları Nihadın gələcəyini təmin etmək adı ilə onun adına bağışlamağa onu inandırmış, lakin cəza çəkdikdən sonra ona məlum olmuşdur ki, cavabdehin məqsədi ona aid əmlakları mənimsəmək olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinin məzmununa əlavələr edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən 96 saylı binanın birinci mərtəbəsində yerləşən 13.5 m2 qeyri-yaşayış sahəsi 1993-cü ildən onun istifadəsində olmuşdur. 2008-ci ildən həmin qeyri-yaşayış sahəsini özəlləşdirmiş və tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət revesterində 43 nömrəli kitabının 4086 № - li vərəqində qeydiyyata alınmışdır. Həyat yoldaşı Cavabdeh universal ssenarisi üzrə riyakar davranış və danışıqlarının fonunda və eyni zamanda, cəzaçəkmə müəssisəsində olduğu müddətdə aldadaraq, 11.08.2011 - ci il tarixli, 17/26-618 saylı müəssisə rəisinin imzası ilə təsdiq edilmiş etibarnamə üzrə 14.09.2007-ci il təvəllüdlü oğlu Nihad Quliyevin adına rəsmiləşdirməyə razılıq verdi. Nihad azyaşlı olduğundan, onun əvəzinə anası Cavabdeh çıxış edərək imza atmışdır. O, həbsdən azad olduqdan sonra məlum olmuşdur ki, cavabdeh onu aldatmış, həmin qeyriyaşayış sahəsini xəbəri və razılığı olmadan icarəyə vermiş, icarə pullarını alaraq şəxsi işlərinə xərcləmişdir. Bundan başqa cavabdeh 2018-ci ildə "xxxx" MMC şirkətinin nümayəndələri ilə əvvəlcə onun göstərişləri üzrə hərəkət etsə də MMC - nin rəsmiləri ilə ümumi razılığa gəlmədikdə əmlakı yerlə-yeksan olduqdan sonra ağlaya-ağlaya onunla telefonla danışaraq ümidsiz olduğunu ifadə etmişdir. Bundan sonra o intensiv yazışmalara başladı və şikayətlərinin qarşısını almaq məqsədilə 11 saylı cəzaçəkmə müəssisəsindən 15 saylı cəzaçəkmə müəssisəsinə etap edildi və "xxxx" MMC-in hakimiyyətdəki konstentrik dairələrlə əlaqələrindən istifadə edərək şikayətinin getməməsi məqsədilə 130 (yüz otuz) gün karstda saxlandıqdan sonra 6 (altı) ay həbsxana rejiminə keçirilməsinə nail olmuşlar. Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bir neçə dəfə girov saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı həbsxanasında yanına gələrək izahat almış və mülkiyyət hüquqlarının bərpa edilməsi, paytaxt Bakıda "xxxx" MMC-nin vandalları tərəfindən həyata keçrilmiş vandalizm aktına hüquqi qiymət veriləcəyinə söz vermişlər. Bu barədə cavabdeh Yeganə Quliyevlə danışdı və onun özü də, anası, qardaşı ilə birlikdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olduqlarını, izahat verdiklərini və onun təlimatına uyğun hər şeyi etdiklərini bir daha söz verdi. Lakin, o həbsxanadan azad olduqdan sonra 2021-ci ilin noyabr ayında bilmiş ki, Cavabdeh onu aldatmış və iradəsinin əlehinə olaraq "xxxx" MMC —nin vandalları ilə konsensus razılıq əldə edərək 100 kv.m deyil, 30 kv.m sahə üçün qarşı tərəflə razılaşmış, 70 kv.m.-in əvəzində pul almış, şikayətçi olmadığını bildirmiş və bütün bunlar barədə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 1(006)-213/2019 saylı məhkəmə hökmündə də öz əksini tapmışdır. Bir daha sübut olundu ki, cavabdehin məqsədi əvvəlcədən onu aldatmaq, xəyanət etmək olmuş və "Nihadın gələcəyini təmin etmək” adlı fikir sadəcə olaraq onu inandırmağa yönəlmiş mənfur və məkrli niyyətinin tərkib hissələrindən biridir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli əmlak iddiaçının borcuna görə müsadirə olunurdu. İcra məmuru icra sənədinin icra edilməli olduğunu bildirmişdi. İddiaçının icra sənədi üzrə tələbkara olan borcu onun anası tərəfindən ödənilmişdir. Bu səbəbdən də iddiaçının borclu olduğu tələbkar icra sənədinin icra edilməsindən imtina etdi. Bu hadisələrdən sonra iddiaçı ilə birlikdə mübahisəli əmlakın oğulları Nihada bağışlanmasında razılığa gəlmişlər. Hazırda oğlunun 15 yaşı vardır. Qeyd olunan əmlakın ümumi sahəsi 13,5 kv.m idi, lakin zirzəminin çıxarışı yox idi. Əmlakın içində avadanlıqlar var idi. Sonradan həmin ərazinin söküləcəyini, yerində "xxxx" MMC adlı şirkəti tərəfindən tikinti aparılacağını eşitmişlər. Bu xəbəri Nazim bildikdə, həmin əmlakın əvəzinə 100 kv.m ərazi verilməsini tələb etdi. "xxxx" MMC adlı şirkət isə bu təkliflə razılaşmırdı. Hətta bu mübahisələr digər hüquq-mühafizə orqanlarına qədər davam etdi. Sonunda şirkət tərəfindən onlara 30 kv.m verilməsi şərti ilə razılığa gəldilər. Əmlak sahəsi yenidən hazır olanadək ona heç bir pul vəsaiti ödənməmişdir. Hazırda uşaqlar böyüyür və onun yanında olduğu üçün o, uşaqlara baxır. Bağışlanmış əmlak hələ də oğlunun adındadır, satılmayıb. O, uşağın iradəsi əleyhinə heç bir hərəkət etməmişdir. Məlumat üçün bildirir ki, əmlak hazırda təhvil verilmə ərəfəsindədir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində istifadədə olan 0.0283 ha topaq sahəsində yerləşən 96 saylı binanın 1-ci mərtəbəsində 13,5 kv.m ümumi, 8,7 kv.m. əsas, 4,8 kv.m köməkçisi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4086 nömrəli vərəqində 28.02.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 15.08.2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi”nin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri,Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi, 96 saylı binanın 1-cı mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyriyaşayış sahəsini oğlu X2 bağışlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-213/2019 saylı, 27.11.2019-cu il tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi qismində iştirak etmiş Cavabdeh "xxxx" MMC tərəfindən ona sökülmüş əmlakın əvəzinə birinci mərtəbədə yola baxan tərəfdən 30,0 kv.m təmirli qeyri-yaşayış sahəsinin verildiyini, aralarında əvəzləşmə müqaviləsinin bağlandığını, ona dəymiş ziyanın ödənildiyini, "xxxx" MMC-yə qarşı heç bir şikayət və tələbinin olmadığını və bunu təsdiq edən notariat qaydasında təsdiq edilmiş ərizənin iş materiallarına əlavə edildiyini bildirmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsini 15.08.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu X2 bağışlamışdır. Müqavilə hər iki tərəfdən Cavabdeh tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı özünə məxsus ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyriyaşayış sahəsini 14.09.2007-ci il təvəllüdlü oğlu Nihadın adına rəsmiləşdirilməsi üçün cəzaçəkmə müəssisəsinin rəisinin imzası ilə təsdiq edilmiş 11.08.2011-ci il tarixli, 17/26- 618 saylı etibarnaməyə əsasən arvadı Cavabdeh müvafiq səlahiyyətlər vermişdir. Hazırda iddiaçı onunla X3 arasında bağlanmış, predmeti ünvan 1 binanın 1-cı mərtəbəsində yerləşən ümumi sahəsi 13,5 kv.m olan qeyri-yaşayış sahəsi olan 15.08.2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Müqavilə tərəfi X1 yetkinlik yaşına çatmamasına baxmayaraq, o, mülki-prosessual hüquq qabiliyyətlidir və məhkəmədə qanuni nümayəndə vasitəsilə iştirak etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən iddiaçıya X1 cavabdeh qismində işə cəlb edilməsi təklif edilsə də, o, bu məsələnin həlli üçün zəruri prosessual hərəkətləri etməmiş, X1 cavabdeh qismində işə cəlb edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Halbuki mülki prosessual qanunvericiliklə bu məsələnin həlli yalnız iddiaçının səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 48 və 49.4-cü maddələrinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə cavabdeh qismində cəlb edilmiş Cavabdeh yetkinlik yaşına çatmayan X1 qanuni nümayəndəsinin olmasını nəzərə alaraq hazırki mülki iş üzrə icraata mövcud tərkibdə baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci və 339.3-cü maddələri təşkil edir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələblərinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən müəyyən olunur ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin maddələrin məzmunundan göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Mülki işin materiallarından göründüyü kimi iddiaçının 15.08.2011-ci il tarixli “Qeyriyaşayış sahəsinin bağışlama müqaviləsi”nin bağlanması məqsədi ilə aldadılması, həmçinin aldanmasına səbəb kimi istinad etdiyi halların müqavilə bağlanan zaman mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatından da məlum oldu ki, o, müqavilə bağlanan zaman cavabdeh tərəfindən aldadılmamışdır. Aldadılmanı zəruri edən hallar müqavilə bağlandıqdan xeyli sonra üzə çıxmışdır. İddiaçının izahatından həmçinin müəyyən olunmuşdur ki, o, Cavabdeh sökülmüş əmlakın əvəzinə 30,0 kv.m təmirli qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən veriləcəyinə razılaşdığı, aralarında əvəzləşmə müqaviləsinin bağlandığı və bununla da Cavabdeh "xxxx" MMC-yə qarşı mövcud olan bütün şikayət və tələblərindən imtina etdiyi səbəbindən də cavabdeh tərəfindən aldandığına dair qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 213/2019 saylı, 27.11.2019-cu il tarixli hökmünə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşev küçələrinin kəsişməsindəki məhəllədə 2,37 hektar ərazidə yerləşən mövcud yaşayış binalarının mülkiyyətçiləri ilə razılaşma aparıldlqdan sonra sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 noyabr 2017-ci il tarixli 280 nömrəli sərəncamı ilə verildiyi və daha sonra köhnə tikililərin mülkiyyətçiləri ilə MMC arasında məhkəmə mübahisələrinin yarandığı müəyyən edilmişdir. Halbuki mübahisələndirilən bağışlama müqaviləsi 15.08.2011-ci il tarixdə bağlanmışdır. Belə olan halda qeyd edilməlidir ki, İddiaçı məhkəməyə bildirdiyi faktiki hallar onun istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Çünki iddiaçı mübahisə predmeti olan əqdin bağlanması məqsədilə aldadılmamış, özünün “aldanmış” hesab edilməsinə əsas olan hallar isə mübahisələndirdiyi əqdin bağlanmasından xeyli sonra yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə qeyd etməyi vacib sayır ki, kəsici müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyini, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar