Məhkəmə qərarları › İş №2(006)-1100/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1100/2021

07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1100/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və pay hüququ üzrə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və pay hüququ üzrə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının həyat yoldaşıdır, onunla nikahları 2007-ci ilin aprelin 4-də rəsmi qeydiyyata alınmışdır. Bu gün də qanuni nikahdadılar. Bu nikahdan iki övladları dünyaya gəlmişdir. Bir neçə gün əvvəl iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun razılığı olmadan, iddiaçıdan xəbərsiz mülkiyyətlərində olan, birgə nikah dövründə əldə olunmuş daşınar əmlakları – 2014-cü il buraxılışlı, ağ rəngli, **-XA-*** dövlət nömrə nişanlı, mühərrik **********5355, BAN: WDD1173461N162123 «Mercedes Benz» CLA markalı və 2014-cü il buraxılışı olan, mühərrik: VQ37566034A, BAN: JNRCS1MWXEM631186 «İnfiniti QX70» minik markalı, **- NK-*** dövlət nömrə nişanlı avtomobilləri etibarnamə əsasında birgə mülkiyyətlərindən çıxarılmasına səbəbkar olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYP-nin vəkil sorğusuna cavabına əsasən tünd göy metallik rəngli göstərilən «İnfiniti QX70» minik avtomobili və «Mercedes Benz CLA 250» markalı minik, ağ rəngli avtomobilləri 17.03.2020-ci ildə Cavabdeh3 verilmiş etibarnamə əsasında 18.03.2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçirilmişdir. Cavabdeh3 və Cavabdeh2 qeyri-rəsmi olaraq lombard işçiləridirlər. Qanunverici hər kəsin mülkiyyət hüququnun olmasını tanımış və Dövlət həmin hüququn qorunmasına təminat vermişdir. Bütün bunlara baxmayaraq cavabdeh onun mülkiyyət hüququnu kobud formada pozmuş, iddiaçını mülkiyyətində olan əmlaklardan məhrum etmişdir. Göstərilənlərə əsasən birgə nikah dövründə əldə olunmuş 2014-cü il buraxılışlı, ağ rəngli, **-XA-*** dövlət nömrə nişanlı, mühərrik: **********5355, BAN: WDD1173461N162123 «Mercedes Benz» CLA markalı və 2014-cü il buraxılışlı olan, tünd göy metallik rəngli, mühərrik: VQ37566034A, BAN: JNRCS1MWXEM631186 «İnfiniti QX70» minik markalı, **-NK-*** dövlət nömrə nişanlı avtomobilləri, Cavabdeh3 17.03.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında Cavabdeh2 satılmasına dair 18.03.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin alqısatqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin nəqliyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomobillərin bölünərək ½ hissəsinə iddiaçıya, ½ hissəsinə isə Cavabdeh1 pay hüququ üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə digər şəxslər Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 cavabdeh qismində cəlb olunmaqla birgə nikah dövründə əldə olunmuş 2014cü il buraxılışlı, ağ rəngli, ** XA *** dövlət nömrə nişanlı, mühərrik **********5355, BAN: WDD1173461N162123 «Mercedes Benz» CLA markalı və 2014-cü il buraxılışlı olan, tünd göy metallik rəngli, mühərrik: VQ37566034A, BAN: JNRCS1MWXEM631186 «İnfiniti QX70» minik markalı, **-NK-*** (hazırda ** KR ***) dövlət nömrə nişanlı avtomobillərin bütün alqı-satqı müqavilələri, yəni Cavabdeh3 17.03.2020-ci il tarixdə verilmiş etibarnamə əsasında Cavabdeh2 satılmasına dair 18.03.2020-ci il tarixli alqı-satqı müqavilələrinin, Cavabdeh3 tərəfindən etibarnamə əsasında 11.06.2020-ci il trixli alqı-satqı müqaviləsi ilə «Mercedes Benz CLA 250» markalı avtomobilin 17.09.2020-ci ildə qeydiyyatdan çıxararaq Cavabdeh4 verilməsi barəsindəki, Cavabdeh4 Cavabdeh7, Cavabdeh7 Cavabdeh6 satması barədə 08.09.2020-ci ildə alqı-satqı müqaviləsini, BDYP-nin 08.11.2020-ci il tarixli «Mercedes Benz CLA 250» minik markalı avtomobilin Cavabdeh6 satılması haqqında alqı-satqı müqaviləsini, «İnfiniti QX70» minik markalı avtomobilinin isə Cavabdeh2 tərəfindən 11.05.2020-ci ildə qeydiyyatdan çıxarılaraq digər nömrə ilə, ** KR *** dövlət nömrə nişanı ilə Cavabdeh5 satılması barəsindəki alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmini alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomobillərin öz əvvəlki (ilkin) dövlət nömrə nişanları qaytarılmaqla bölünərək ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə Cavabdeh1 Sərdar oğlunun paa hüququ üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək, iddiaçının bu iddianı məqsədyönlü şəkildə verdiyini, pulun qaytarılmasından yayındığını, cavabdehin iddianı etiraf etməsini qanunsuz hesab edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəməyə digər Cavabdeh1 ərizə yazaraq göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır, nikahları 2007-ci ildə qeydiyyata alınmışdır. Hal-hazırda da nikahdadırlar. Bu nikahdan iki övladları günyaya gəlmişdir. «Rahat Kredit» lombarda birgə mülkiyyətlərində olan «Mercedes Benz CLA» markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı və «İnfiniti QX70» markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilləri arvadının xəbəri olmadan girov qoymuşdur. Həmin vaxt lombard tərəfindən girov biletlərinin bir nüsxəsi ona təqdim edilməmişdir. Bununla bağlı onun tərəfindən girov biletlərinin surətlərinin təqdim edilməsi ilə bağlı dəfələrlə lombarda müraciətlər etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Hər 2 avtomobil 23.000 ABŞ dolları məbləğində aylıq 5% dərəcəsi ilə «Rahat Kredit» lombarda girov qoyulmuşdur. Həmin vaxt özünü lombardın əməkdaşı kimi təqdim edən Cavabdeh3 ona avtomobilləri girov qoyduqdan sonra etibarnamə verməyini tələb etmişdir. Bundan sonra o, hər iki avtomobilə dair Bakı şəhəri 54 saylı notariat kontorunda Cavabdeh3 adına etibarnamə vermişdir. Cavabdeh3 ondan xəbərsiz mülkiyyətlərində olan birgə nikah dövründə əldə olunmuş daşınar əmlakları «Mercedes Benz CLA» markalı, **-XA-*** dövlət nömrə nişanlı və «İnfiniti QX70» markalı, **-NK-*** dövlət nömrə nişanlı avtomobilləri etibarnamə əsasında birgə mülkiyyətlərindən çıxarılmasına səbəbkar olmuşdur. 18.03.2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçirilmişdir. 2020-ci ilin mart ayının əvvəllərində korona virus (Covid 19) pandemiyası ilə əlaqədar məşğul olduğu gül ticarətində geriləmə olmuş, aylıq 5200 manat faiz borxunu lombarda ödəyə bilməmişdir. 17.03.2020-ci il tarixdə lombardın müdiri kimi tanıdığı Emin adlı şəxslə Cavabdeh3 ünvan 1 ünvana onu çağıraraq gecə saat 2-yə qədər qanunsuz olaraq azadlıqdan məhrum etmişdilər. 18.03.2020-ci il tarixdə isə ona məxsus olan hər il avtomobil onun razılığı və məlumatı olmadan Cavabdeh2 mülkiyyətinə keçirilmişdir. Bununla bağlı dəfələrlə lombarda müraciətlər etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Bütün bu olanlarla bağlı verdiyi iddia Nərimanov rayon Məhkəməsində 2020-ci ilin may ayından 2(005)-2171/2020 saylı mülki iş Kəmalə Əmirxanovanın icraatındadır. Avtomobillərin qanunsuz yolla əlindən alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin vəkil sorğusuna verdiyi cavabda da aydın görünür ki, Cavabdeh3 etibarnamə ilə avtomobilləri satıb Cavabdeh2 və sonra yenidən Cavabdeh2 etibarnamə ilə avtomobilləri qaytarıb Cavabdeh3. Hələ bu da azlığ etmiş kimi o, bu barədə Nərimanov rayon Məhkəməsində iddia qaldıran kimi avtomobilləri bir neçə adamın adına özgəninkiləşdirmişlər. Bu barədə məhkəmə avtomobillərin özgəninkiləşdirilməsinə həbs qoysa belə, avtomobillərin üzərinə həbsin qoyulmasına mane olmuşlar. Bu adamların əməllərində cinayət tərkibi var. O, ailəsi fikir çəkməsin deyə, bütün bu olanların öhdəsindən tək başına gəlmək istəmişdir, amma bacarmamışdır. Arvadı da bu məsələdən xəbər tutmuşdur. Ona görə də arvadı İddiaçı iddiasını qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər və cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdelərin və cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı maşınların satılmasına həm telefonla razılıq bildirmişdir. İntiqam gül satışı ilə məşğul olurdu və pulları ödəmədiyinə görə avtomaşını satmaq qərarına gəlmişdir. Bununla bağlı iddiaçı Nadir adlı şəxsə etibarnamə vermişdir. Bütün bu söhbətlər mənim iştirakımla İntiqamın evində aparılırdı. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 04.04.2007-ci il tarixli, AZ-İ № 300474 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X2 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04.04.2007-ci il tarixdə 160 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Salamova soyadı verilmişdir. İş materiallarında olan AR DİN-nin Baş X9 İdarəsi tərəfindən verilmiş arayışlarından görünür ki, «Mercedes Benz CLA 250» minik markalı, ** XA *** dövlət nömrə nişanlı avtomaşın 10.04.2015-ci ildə və «İnfiniti QX70» minik markalı, ** NK *** dövlət nömrə nişanlı avtomaşın 23.06.2018-ci ildə Cavabdeh1 adına qeydiyyata alınmış, 17.03.2020-ci il tarixli etibarnaməyə əsasən maşın Cavabdeh3 etibar edilmiş, 18.03.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən maşın Cavabdeh2 adına qeydiyyatdan keçmişlər. İş materiallarında olan Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 27.10.2020-ci il tarixli məktubundan görünür ki, 17.03.2020-ci il tarixli 7E- 2013,7E-2014 reyesrt üzrə təsdiq edilmiş Cavabdeh3 verilmiş etibarnamə Cavabdeh1 27.10.2020-ci il tarixli 8İ-6369,8İ-6371 reyestrli ərizəsinə əsasən həmin tarixdə ləğv edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları və şahidin ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 04.04.2007-ci il tarixdə rəsmi nikah bağlanılmış və onların birgə nikahdan iki övladları anadan olmuşdur. İddiaçı ilə Cavabdeh1 birgə nikahda mübahisəli «Mersedes Benz CLA250» markalı ** XA *** dövlət qeydiyyat nişanlı və «İnfiniti QX70» markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşınlar əldə etmişlər. Cavabdeh1 həmin avtomobillərə dair Cavabdeh3 etibarnamə vermişdir və sonuncu mübahisəli avtomobillər alqı-satqı müqavilələri əsasında Cavabdeh2 satmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mübahisəli «Mersedes Benz CLA250» markalı ** XA *** dövlət qeydiyyat nişanlı və «İnfiniti QX70» markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomaşınlar Cavabdeh1la birgə nikahda olan zaman qazanılmış və həmin avtomaşınlar 18.03.2020-ci il tarixdə alqı-satqı yolu ilə özgəninkiləşdirilərkən onun razılığı olmamış və avtomaşınlar onun xəbəri olmadan özgəninkiləşdirilmişdir. Bu səbəbdən iddiaçı avtomaşınlara dair bağlanılmış alqı-satqı müqavilələlərinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və avtomaşınların üzərlərində 1/2 pay üzrə mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddsəinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Həmin Məcəllənin 33.4-cü maddsəinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.3 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli Fərmanı ilə Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları müəyyən edilmişdir. Həmin qaydalara əsasən maddənin 2.1-ci hissəsinə əsasən Reyestrlərdə hər bir daşınar əmlaka dair məlumat bölməsi tərtib edilir. Bölmələr ərəb rəqəmləri ilə nömrələnir. Hər bir bölmədə aşağıdakı məlumatlar qeydə alınmalıdır:- aşağıdakılar hissəsində avtomobil satılarkən mülkiyyətçidən başqa kimlərində razılığının alınması tələbi müəyyən edilməmişdir və bu hərəkətlərin həyata keçirilməsi hüququnu müvafiq icra hakimiyyəti olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə vəzifə kimi qoyulmuşdur. (notariusun üzərinə deyil) Odur ki, belə bir razılığın tələbi ilə bağlı qayda müəyyən edilmədiyindən, şahid ifasəi ilə və etibarsız hesab edilmə ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən və qeyd olunanlara əsasən etibarnamənin verilməsi və etibarnamənin qüvvəsində olması ilə əlaqədar həmin əqdlərin bağlanması hüquqi çərçivədə həyata keçirildiyindən, iddiaçının həyat yoldaşı Cavabdeh1 X3 vermiş olduğu etibarnamə əsasında baş tutmuş 18 mart 2020-ci il tarixli və 11.06.2020-ci il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair dair iddiası təmin oluna bilməz. Məhkəmə həmçinin cavabdeh iddiaçının həyat yoldaşı Cavabdeh1 iddianın etiraf edilməsi hissəsi ilə bağlı qeyd edir ki, belə bir etiraf əsassızdır. Bu etirafın özü bilərək verilmiş etirafdır və məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddia tələbi həmin hissələrdə təmin edilmədiyindən məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparmadan iddianın digər hissələri olan cavabdehlər İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 ilə bağlanmış 2014-cü il buraxılışlı, ağ rəngli, ** XA *** dövlət nömrə nişanlı, mühərrik **********5355, BAN: WDD1173461N162123 «Mercedes Benz» CLA markalı və 2014-cü il buraxılışlı olan, tünd göy metallik rəngli, mühərrik: VQ37566034A, BAN: JNRCS1MWXEM631186 «İnfiniti QX70» minik markalı, **-NK-*** (hazırda ** KR ***) dövlət nömrə nişanlı avtomobillərin bütün alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmini alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, həmin avtomobillərin öz əvvəlki (ilkin) dövlət nömrə nişanları qaytarılmaqla bölünərək ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə Cavabdeh1 Sərdar oğlunun pay hüququ üzrə mülkiyyət hüququnun tanınması hissəsində də təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və pay hüququ üzrə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında verilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və pay hüququ üzrə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar