Məhkəmə qərarları › İş №2(006)-1109/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1109/2021

17.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1109/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisi sərfiyyatına görə hesablanmış vəsaitin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan **********20206 saylı abonent kodunda qeyd edilmiş 296,16 (iki yüz doxsan altı manat on altı qəpik) manat debitor borcu silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2011-ci ildə Xırdalan şəhəri, Masazır qəsəbəsindəki Abşeron Gənclər şəhərciyində 49 kv.m sahəsi olan mənzil almışdır. Aldıqdan sonra bir sıra təmir işləri görüb mənzili bağlayaraq oradan çıxmışdır. Təmir işləri qurtaran zaman son olaraq komendat ona xx.xx.2013-cü il tarixdə 12 manatlıq işıq pulu qəbzi vermişdir. Həmin işıq pulunu ödədikdən sonra nə mənzildə hər hansı təmir işi görmüş, nə də ki, bir gün olsun belə mənzildə yaşamamışdır. Təhlükəsizlik baxımından da mənzildə olan elektrik avadanlıqlarını söndürmüşdür. 2020-ci ilin aprel ayında mənzilə növbəti dəfə baş çəkən zaman mənzilin qapısında yerdə onun adına olan 296,16 manat məbləğində işıq sərfiyyatına dair qəbz olduğunu görmüşdür. Bu ona gözlənilməz bir sürpürz oldu. Ona görə ki, mənzildə yaşamadığı halda bu qədər məbləğdə işıq sərfıyyatı adamın heç vaxt ağlına belə gəlməzdi. Həmin binada quraşdırılmış sayğaclara nəzarət etmək imkanı məhduddur. Çünki, sayğac olan yerlərə yalnız komendat nəzarət edə bilir. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarəti də məhz "xxxx” ASC-nin Xidmət Sahəsi tərəfindən həyata keçirilir. Bu işıqdan istifadəyə dair sərfiyyatın qanunsuz hesablanması ilə bağlı müvafiq qurumun aidiyyəti orqanlarına çoxsaylı müraciət etməyinə baxmayaraq, onu dinləyən və bu faktı araşdıran olmamışdır. Bütün müraciətlərinə heç bir araşdırma aparmadan eyni cavab verirlər. Həmin cavabları da ərizəyə əlavə edir. Onun mənzilində su sərfiyyatı da olmamışdır. Bütün bunlar təsdiq edir ki, ona aid mənzilə işıq sərfiyyatına dair hesablanmış bu məbləğ qanunsuz və əsassız olduğundan silinməlidir. Elektrik enerjisindən istifadə Qaydalarının tələblərinə görə həmin Mövcud Elektrik enerjisindən istifadə Qaydalarının tələblərinə görə həmin sayğacda olan hər hansı qüsura görə o abunəçi olaraq məsuliyyət daşımır. Halbu ki, həmin nasazlıq onun iştirakıla araşdırılmadan ona qanunsuz və əsassız olaraq "xxxx” ASC-nin Xidmət Sahəsi tərəfindən 296,16 manat məbləğində sərfiyyat hesablanmış və həmin məbləğin ödənilməsi ilə bağlı bildiriş də göndərilmişdir. İşıqdan istifadəyə dair sərfiyyatın hesablanması zamanı mövcud “Elektrik enerjisindən istifadə Qaydaları”-nın tələbləri ilə yanaşı Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5, 339.1 və 339.5 maddələrin tələbləri də kobud şəkildə pozulmuşdur. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan **********20206 saylı 296,16 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ondan ötrü ki, o, “xxxx” ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən ünvan 2 ünvanında 2012-ci ildən yaşayış yoxdur. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sizin “xxxx” ASC-yə göndərilmiş xx.xx.2020-ci il tarixli müraciətinizə müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********20206 saylı kod üzrə mənzilinizin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2020-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 370,22 manat debitor borc mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sizin “xxxx” ASC-yə göndərilmiş xx.xx.2020-ci il tarixli, Ə-455/2 saylı və xx.xx.2020-ci il tarixli, Ə-455/3 saylı təkrar müraciətinizə müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********20206 saylı kod üzrə mənzilinizin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2020-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 370,22 manat debitor borc mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına olan **********20206 saylı abonent kodunda qeyd edilmiş 296,16 (iki yüz doxsan altı manat on altı qəpik) manat debitor borcu silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı adına olan **********20206 saylı abonent kodunda qeyd edilmiş 296,16 (iki yüz doxsan altı manat on altı qəpik) manat debitor borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar