Məhkəmə qərarları › İş №2(006)-111/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-111/2024

10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-111/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı̇ oğlunun Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı “hesablanmış sərfiyyat borcunun ödənilməsi tələbinin cavabdehə qadağan edilməsi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı̇ oğlu Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyət hüquqi əsasında İddiaçı̇ oğluna məxsusdur. Hal-hazırda sözügedən ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Hər ay mütəmadi olaraq vaxtında ödənişlər etməyinə baxmayaraq xx.xx.2023-cü il tarixdə ona ünvanlanmış bildiriş-xəbərdarlıq əsasında onun cavabdehə 904,66 manat məbləğində borcun olması məlum olmuşdur. Bununla bağlı cavabdehə müraciət edərək, borcun hansı əsasla hesablanmasını soruşduqda isə heç bir əsas göstərməyərək sərfiyyat borcu olduğunu qeyd etmişlər. Onun mənzilinin istilik təchizatına görə ödənişləri indiyədək Cavabdeh ASC-nin onların ərazi üzrə nümayəndəsinə ödənilməsinə baxmayaraq, göstərilən təşkilatın təqdim etdiyi Bildiriş xəbərdarlığa əsasən 2012-ci ildən heç bir ödəniş olunmamış və ümumi borc yığılaraq 904,66 manat olmuşdur. Bundan başqa hətta fərz edilsə də ki, qeyd edilən borc sərfiyyat borcudur bu halda da, iddia ərizəsinə əlavə etdiyi abonent hərəkətləri barədə saldodan da müəyyən olunur ki, cavabdehin ödənilməsini tələb etdiyi borc xx.xx.2012-ci ildən etibarən hesablanmış borcdur. Göstərilənlərə əsasən Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq hesablanmış 904,66 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı̇ oğlu iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək xx.xx.2023cü il tarixədək hesablanmış sərfiyyat borcunun ödənilməsinin ondan tələb edilməsi cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. İddiaçı̇ oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçının kommunnal xidmətlərin göstərilməsi ilə bağlı sərfiyyat borcu vardır. Onlar borcun ödənilməsi ilə bağlı dəfələrlə iddiaçıya şifahi formada müraciət etsələr də, o, bunu icra etməmişdir. Onlar qurum olaraq vətəndaşların kommunal xidmətlə bağlı borclarını ödəməyə şərait yaradılması məqsədi ilə məhkəməyə müraciət etmirlər, lakin vətəndaşlar bundan sui istifadə edərək müddətin ötürülməsinə istinad edirlər. Odur ki, bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə cavabdehin nümayəndəsi X1 izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan Bakı şəhəri, S.Rəhimov küçəsi, 138 saylı evin 13 saylı mənzili Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətinin elektron məlumat bazasında **********13 saylı kod üzrə qeydiyyata alınmışdır. Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyət tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqda İddiaçı̇ oğlunun isti su borcu üzrə 904,66 manat borcu olduğu qeyd edilmişdir. Hazırda iddiaçı tələb etmək müddətin keçməsinə istinad edərək xx.xx.2020-ci il tarixədək hesablanmış sərfiyyat borcunun ödənilməsinin ondan tələb edilməsini cavabdehə qadağan edilməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan İddiaçı̇ oğluna məxsus abunə kodu **********13 olan abunə haqqında sənəddən görünür ki, abonentin hazırda 904,66 manat olan borcu 2012-2020-ci illərə aiddir.

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı, 169769 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, S.Rəhimov küçəsi, 138 saylı evin 13 saylı mənzili İddiaçı̇ oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 868 nömrəli reyestr kitabında 130369 səhifədə xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır.

10. Mülki işin materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyətinin xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı̇ oğlunun istilik borcu üzrə 129,48 manat, isti su borcu üzrə 904,66 manat məbləğində borcu mövcuddur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

14. İş materiallarında olan iddiaçıya məxsus abunə kodu **********B0080 olan abunə haqqında sənəddən görünür ki, abonentin sayğac göstəricisi 576,76 manat kimi qeyd edilmiş, ödəmələr isə 1839,20 manatdır. Abunə haqqında məlumatın “bağlanan aktlar” bölməsindən göründüyü kimi, abonentin hazırda cəmi borcu 2367,73 manat təşkil edir. Həmin borc 2002-2015-ci illərə aiddir.

15. Bundan əlavə, “İstilik enerjisinin istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.1.2-ci bəndinə əsasən müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə müəssisə istilik və isti su təchizatı xidmətlərini dayandırır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

17. Mülki işin materiallarında olan iddiaçıya məxsus abunə kodu **********13 olan abunə haqqında sənəddən görünür ki, abonentin hazırda 904,66 manat olan borcu 2012- 2020-ci illərə aiddir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

19. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

20. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

21. Məhkəmə iddiaçıya məxsus abunə koduna 2012-2020-ci illər üçün hesablanmış borc məbləği ilə bağlı qeyd edir ki, həmin borcun ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən 12 ildən artıq müddətdə heç bir tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal müəyyən olumadığından həmin borcun ödənilməsinin tələb edilməsi cavabdehə qadağan edilməlidir.

22. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və ödəmənin qadağan edilməsi məhkəməyə müraciət etməsindən əvvəlki son üç ili üzrə (iddia müddətinin keçməsi ilə bağlı), yəni xx.xx.2020 il üzrə tələb edilməsinin qadağan edilməsində haqlı olmuşdur. Belə ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahatdan müəyyən edilir ki, iddiaçıdan əvvəlki dövrlər üzrə şifahi formada pul tələb edilmiş (məhkəməyə rəsmi qaydada müraciət edilməmişdir), lakin iddiaçı ödəməkdən müəyyən səbəblərdən imtina etmişdir.

23. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində xx.xx.2020-ci ilə istinad etsə də, məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmiş və vaxtaşırı ödəmələrin aylar üzrə hesablanması nəzərə alınaraq qeyd olunan tələbinin xx.xx.2020-ci ilədək (aprel ayı üzrə) hesablanması qanuna uyğun olmuşdur. Bundan əlavə isə xx.xx.2020-ci il tarixədək sərfiyyat borcunun məbləğinin müəyyən edilməsi gələcəkdə tərəflər arasında mübahisə olduğu təqdirdə qətnamənin icrası mərhələsində müəyyən edilməlidir .

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən İddiaçı̇ oğlunun xx.xx.2020-ci il tarixədək **********13 saylı abunə hesabına hesablanmış sərfiyyat borcunun ödənilməsi tələbi cavabdehə qadağan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar