Məhkəmə qərarları › İş №2(006)-1124/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1124/2021

17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1124/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iş üzrə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah dövründə hazırki iş üzrə mübahisə predmeti olan ünvan 1 mənzil 30 ünvanında yerləşən mənzili əldə etmişlər. Lakin, bu yaxın günlərdə iddiaçının əldə etdiyi məlumata görə birgə nikah dövründə əldə edilmiş birgə mülkləri onun xəbəri olmadan ipoteka ilə yüklü edilmiş və götürülmüş kreditin təminatı olaraq girov qoyulmuşdur. Həmin rəsmiləşmələrin hansı qaydada aparıldığının dəqiqləşdirilməsi üçün Cavabdeh2 sənədləri saxladığı yerə baxış keçirərkən ipoteka müqaviləsi və digər sənədləri əldə etdi və əldə etdiyi məlumatlar təsdiqlənmiş oldu. Rəsmişləşdirmə xx.xx.2015-ci il tarixli, 124257-NEDVİJ-3529 saylı ipoteka müqaviləsi əsasında aparılmışdır. Qeyd olunan ipoteka müqaviləsi iddiaçının xəbəri olmadan rəsmiləşdirilmişdir və heç bir sənədləşmədə iddiaçının imzası olmamışdır. Odur ki, ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən cavabdehlər “xxxx" ASC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 124257-NEDVİJ-3529 saylı ipoteka müqaviləsi və ona dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli, 01 saylı Razılaşmanın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, eyni zamanda ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 124257-NEDVİJ-3529 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 ona məxsus ünvan 1 mənzil 30-u banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 86.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 124257-NEDVİJ-3529 saylı ipoteka müqaviləsinə dəyişiklik barədə 01 saylı Razılaşmadan görünür ki, “İpoteka Saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli 124257-NEDVD-3529 saylı «İpoteka Müqavilə»sinin 4.1. və 4.2-ci bəndləri dəyişilərək bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) «İpoteka Saxlayan»la «İpoteka qoyan» arasında Bakı şəh., Xətai rayonu, M. Hadi küç., 73 bağlanmış xx xxxxxx 2015-ci il tarixli 124257-CNS-16069 N:li «Kredit müqaviləsi»ndən əmələ gələn mövcud, həm də «İpoteka Saxlayan»la «İpoteka qoyan» arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn «İpoteka Saxlayan»ın «İpoteka qoyan»a qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir, ipoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti «İpoteka qoyan»la «İpoteka Saxlayan» arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 32322 ABŞ dolları məbləğində əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 'manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı “Cavabdeh1» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan poteka predmeti-Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 90000 (doxsan min) manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və mənzil satıldıqdan sonra, cavabdehlər Cavabdeh2, X5, X6, Məmməd Rakif oğlu, X4 və İddiaçı tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahələrindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh2 iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın alınaraq «xxxx» MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan-100 (bir yüz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1624/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2, X2, X3, X7, X1 və İddiaçı qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-4261/2018 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2015-ci il tarixli “əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında” ərizəsindən görünür ki, o, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 30 saylı mənzilin Cavabdeh1 ASC-yə ipoteka qoyulmasına razıdır və həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Beləliklə, iddia tələbindən də göründüyü kimi hazırki iş üzrə mübahisənin predmeti iddiaçının razılığı olmadan mübahisəli mənzilin mülkiyyətçisi ilə Bank arasında bağlanmış ipoteka müqaviləsidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İpoteka müqaviləsinin mühüm şərtləri Mülki Məcəllənin 307-ci maddəsində və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində öz əksini tapmışdır. Qanunverici tərəfindən qeyd olunan şərtlərin məcmusu qəti və geniş təfsir oluna bilməyən kimi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan normalarda yaşayış sahəsinə dair istifadə hüququna malik olan, onun mülkiyyətçisi olmayan şəxslərin ipoteka müqaviləsinin bağlanmasına razılığın verilməsi şərti nəzərdə tutulmamışdır. Buna görə də ipoteka müqaviləsinin bağlandığı vaxt bu cür razılığın alınması ipoteka saxlayan üçün mütləq şərt deyildir. Bundan əlavə, ipotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş belə şəxslər ipoteka müqaviləsini yuxarıda qeyd olunan əsasla mübahisələndirmək deyil, ipoteka saxlayanı təmin etmək üçün ipotekanı özünə keçirmək ixtiyarları vardır (Mülki Məcəllənin 315-ci maddəsi). Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mənzilin ipotekaya qoyulması ilə bağlı razılıq ərizəsini notariusa təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» xx xxxxx 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması əqdin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən ipoteka müqaviləsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar