Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1127/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin filialı ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı kredit müqaviləsinin, xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinin, xx.xx.2015-ci il tarixli 107G15 saylı əlavə kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı İpoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq o - İddiaçı xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. O - İddiaçı pasport qeydiyyatında olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti., ev-20A, m-63 ünvanında yerləşən mənzildə dünyaya gəlmişdir. O, hal-hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Həmin mənzilə pasport qeydiyyatındadırlar və həmin mənzilə onun və ailəsinin istifadə hüququ yaranmışdır. Lakin əmisi X11 “xxxx” ASC ilə xx.xx.2014-cü il tarixli 275 UM/14 saylı kredit müqaviləsinin, xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsindən yaranan öhdəliklərin təminatı kimi onun və ailəsinin yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti., ev-20A. m-63 ünvanında yerləşən mənzili təminat kimi göstərmiş və onun və ailəsinin xəbəri və razılığı olmadan “xxxx” ASC ilə xx xxxx 2014-cü il tarixli 275UMİ/14 saylı İpoteka müqaviləsi bağlayaraq yüklü etmişdir. O, hesab edir ki, həmin ipoteka müqaviləsi qanunsuzdur və buna görədə ləğv edilməlidir. Çünki onun və ailəsinin həmin mənzildə istifadə hüquqları vardır. Buna görə də mənzil ipoteka müqaviləsi ilə yüklü edilərkən cavabeh “xxxx” ASC onun da razılığını almalı idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “xxxx” ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsindən görünür ki, bank (borc verən) X7 (borc alan) 60 ay müddətinə 1.000.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı kimi xx.xx.2014-cü il tarixli, 275UMİ/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 20a saylı evin 63 saylı mənzili göstərilmişdir. Belə ki, “xxxx” ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********11-05101-093005 saylı reyestr, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixdə qeydə alınmış MA seriyalı ******* saylı Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 20a saylı evin 63 saylı mənzil öhdəliklərin təminatı kimi “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 74.000 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank (borc verən) X7 (borc alan) illik 21% dərəcəsi ilə 36 ay müddətinə 65.000 USD məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank (borc verən) X7 (borc alan) illik 21% dərəcəsi ilə 36 ay müddətinə 15.000 USD məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizələrdən görünür ki, X12, X3, X8, X9, X4qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 20a saylı evin 63 saylı mənzinin “xxxx” KB ASC-yə ipoteka qoyulmasına razı olmuş, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə X11 arasında xx.xx.2014-cü il tarixli 275UM/14 saylı əsas kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 275N/14 saylı, xx.xx.2015-ci il tarixli 107G/15 saylı əlavə kredit müqavilələri bağlanılmış, həmin kredit müqavilələrinin təminatı olaraq xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı ipoteka müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 20a saylı evin 63 saylı mənzil öhdəliklərin təminatı kimi “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin filialı ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 275UM/14 saylı kredit müqaviləsinin, xx.xx.2014-cü il tarixli 275N/14 saylı əlavə kredit müqaviləsinin, xx.xx.2015-ci il tarixli 107G15 saylı əlavə kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 275UMİ/14 saylı İpoteka müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddianın “X11 ilə “xxxx” ASC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda və Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslində daşınmaz əmlakın ipotekaya qoyulması zamanı qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının alınmasını müəyyən edən müddəalar yoxdur. Bu qayda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur. Lakin həmin Təlimatın 49-cu bəndinin tələblərinin pozulması ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəslində və ya digər müddəalarında əqdlərin bu əsasa görə etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Əksinə Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin girov və ipoteka müqaviləsinə aid müddəalarında bu hal nəzərdə tutulmamışdır. Bu mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158-ci və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2015-ci il tarixli Qərarında öz əksini tapmışdır. Belə ki, həmin Qərardan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olan bilməz. Məhkəmə iddianın “X11 ilə “xxxx” ASC arasında bağlanmış əsas kredit müqaviləsinin və həmin müqavilə əsasında bağlanmış əlavə kredit razılaşmalarının etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin və ona əsasən bağlanmış razılaşmanın Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün hər-hansı əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1127/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1127/2021
02.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver