Məhkəmə qərarları › İş №2(006)-1129/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1129/2024

24.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1129/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən istifadəsində olan sayğac dəyişdirilmişdir. Sayğacı bir müddət istifadə etdikdən sonra ona 650 manat borcunun olmasına dair bildiriş gəlmişdir. İddiaçı cavabdehı müraciət etmiş və bundan sonra ona bildirmişlər ki, sayğac dəyişdirilərkən “sayğac sərfiyyatı qeyd etmir” iddiaçı qeyri-qanuni qazdan istifadə edir. Guya sayğaca müdaxilə etmişdir. Ona görə ona 650 manat cərimə hesablanmışdır. Guya o təqsirkardır. Bu axı absurddur. Qaz sayğacı çıxarılarkən bütün plombları yerində olmuşdur. Çıxarılarkən zədələnmişdir, buna cavabdeh özləridir. Çünki hər ayda bir dəfə qaza baxış keçirməli idilər. Lakin, cavabdeh illərə uyğun ona cərimə hesablamışdır. Əgər qanunsuz qazdan istifadə etmişsə, bunu baxış keçirərkən görməli idilər. Onun təqsiri sübut olunmadan ona saxta akt tərtib edərək cərimə hesablayırlar. Və 70 manat ödətdiriblər ki, yeni sayğac gətiriləcək. Lakin həmin sayğaca borc qoyulub. İddiaçı mütəxəssis deyildir ki, qaz sayğacına müdaxilə etsin. Ən geci hər ay sayğaca baxış keçirmişlər. Müdaxilə etmiş olsaydı, bunu asanlıqla müəyyən etmək olardı. İddiaçı istifadə etdiyi qaz sayğacına müdaxilə etməmişdir və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Göstərilənlərə əsasən iddiaçıya məxsus Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 15 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********00150) hesablanmış 650 manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh nümayəndəsi X10 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. İddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddia ərizəsində qeyd olunan ünvan üzrə Cavabdeh İB-də istehlakçı kimi X4 qeydiyyata alınmış və həmin ünvana **********00150 saylı istehlakçı kodu verilmişdir. Göründüyü kimi qeyd olunan ünvanda istehlakçı X1r, hazırki iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Birliyə müraciət edərək istehlakçı hesabını öz adına keçirməmişdir. Bundan əlavə, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 15 ünvanında istifadədə olan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli Akt tərtib olunmuşdur. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək 648.00 (3240 m3 x 0.20) manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Mülki iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2018-ci ilin yanvar ayında İddiaçı yaşadığı evə aid olan qaz sərfiyyatını hesablayan sayğac çıxarılaraq, yenisi ilə əvəz edilmişdir. Həmin ilin aprel ayında isə çıxarılan sayğaca baxış keçirilmiş və sayğacın klapanının işlək olmaması və metrologiya plombunun yuvasının ətrafının zədəli olması əsası ilə müvafiq akt əsasında istehlakçıya cərimə hesablanmışdır. Hazırda iddiaçı onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamasını iddia edərək xx.xx.2018-ci il tarixli akta əsasən hesablanmış 650 manat cərimə borcunun silinməsini tələb edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı yaşadığı Cavadxan küçəsi, ev 10, mənzil 15 saylı ünvanda qaz sayğacına baxış keçirilmiş və qazın ödənilməmiş sərfiyyatına görə həmin sayğac yenisi ilə əvəz edilmişdir.

10. Mülki işin materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavadxan küçəsi, ev 10, mənzil 15 saylı ünvanda qaz sayğacına baxış keçirilmiş və baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh İB 19/1710-0043 nömrəli aktına görə sayğacın klapanı işlək deyil. Metrologiya plombunun yuvasının ətrafı zədəlidir.

11. Mülki işin materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı Nağıyeva Səriyyəyə ******* saylı, xx.xx.2018-ci il tarixli akt əsasında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub.m/saat, orta günlük iş orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.metr/saat, orta günlük iş orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3240 kub metr əlavə sərfiyyat hesablanmışdır.

12. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli (kod **********00150) abonent saldosundan görünür ki, 2018-ci ilin may ayında 647.50 manat məbləğində əlavə borc hesablanmışdır.

13. Mülki işin materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilən AZ-İ seriyalı, 220330 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2006-cı il tarixdə kəskin ürək çatmamazlığından ölmüşdür.

14. Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Məznil Kommunal İstismar sahəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 1035 nömrəli Arayışdan görünür ki, Nağıyev X3, 10 saylı evin 15 nömrəli mənzilində qeydiyyatdadır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sayğacın klapanının işləməməsinə görə itirilmiş qaz həcminin 3240 m3 hesablanması, aktda qeyd olunan 60 günlük sərfiyatın hansı tarixdən və hansı əsasla başlanması cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, № ******* saylı, xx.xx.2018-ci il tarixli aktın tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun kimin tərəfindən törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

17. Bunlarla yanaşı, № ******* saylı, xx.xx.2018-ci il tarixli aktın tərtib edilməsi zamanı İddiaçı aktın tərtib edilməsində iştirak etdiyi və aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

18. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən isə görünür ki, X2 11 dekabr 2006-ci il tarixdə, yəni akt tərtib edilməzdən illər öncə vəfat etmişdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

20. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

21. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

22. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il tarixdə X5 əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 15 üzrə yoxlama keçirilmiş, yoxlamanın nəticəsində sayğacın klapanının işləməməsi müəyyən edilmiş, bu barədə akt tərtib olunmuş və elə həmin tarixdə qeyd olunan akt əsasında 3204 m3 həcmində qazın itirilmiş olduğu müəyyən edilmiş, itirilmiş qaz məbləğinin ödənilməsi qərara alınmışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdehin əməkdaşlarının tərtib etdiyi aktda sayğacın klapanının işlək vəziyyətdə olmadığı qeyd olunmuş, klapanın işlək olmadığı müddət ərzində itirilmiş qazın həcmi isə ehtimala əsaslanaraq hesablanmışdır. Cavabdeh tərəf sayğacın klapanının işlək vəziyyətdə olmamasına istehlakçı tərəfindən sayğaca edilmiş hər hansı kənar müdaxilənin səbəb olmasına dair sübut təqdim etməmişdir.

23. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

24. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

26. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir

27. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, ünvan 1 ünvanı üzrə (abonent kodu **********00150) hesablanmış 647,50 (altı yüz qırx yeddi manat, əlli qəpik) manat məbləğində borc cavabdeh X8 tərəfindən silinməlidir.

28. Bundan əlavə məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, hazırda iddiaçı həmin evdə yaşadığından, əvvəlki mülkiyyətçi isə vəfat etdiyindən və iddiaçının mənzildən istifadəsi qanunsuz olmadığından iddiaçının iddia irəli sürməkdə subyektiv hüququ mövcud olmuşdur.

29. Məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı akt üzrə 650 manatın silinməsini tələb etsədə akt üzrə cəmi tərtib edilən məbləğin 647,50 manat olması müəyyən edilmişdir. Bu səbəbdən iddia yalnız 647,50 manat hissəsində təmin edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan ödənilməli olan 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

37. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 10, mənzil 15 ünvanına dair Cavabdeh Bakı X11 Departamentinin xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının abunə hesabına (**********00150) yazılmış 647.50 (altı yüz qırx yeddi manat, əlli qəpik) manat cərimə borcu silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar