Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1139/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3-ə cavabdeh tərəfindən əsassız yazılmış 468 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar, yəni babası, nənəsi və onların ailəsi 2002-ci ildən ünvan 1 ünvanında yaşamışlar. X2 rəhmətə gedəndən sonra həmin mənzil nənəsi X8 mülkiyyətinə keçmiş, xx.xx.2020-ci ildə nənəsi rəhmətə getdikdən sonra isə mənzil onun mülkiyyətinə keçmişdir. Yaşadıqları müddətdə cavabdeh ilə aralarında hər hansı bir mübahisə olmayıb. Lakin o, 2022-ci ilin iyun ayında həmin mənzili satdıqdan sonra mübahisə yarandı. Belə ki, mənzili almış ailə abonent kimi qeydiyyata düşmək istədikdə işıq idarəsindən bildirdilər ki, mənzilin işığa görə 523 manat borcu var. Borcun nə səbəbdən yarandığını soruşduqda bildirdilər ki, bilmirlər çoxdan qalma borcdur. Borcun mənşəyini aydınlaşdırmaq üçün Energetika Nazirliyinə müraciət etmək məcburiyyətində qaldılar. X11 müraciətinə cavab olaraq Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Tənzimləmə Agentliyinin Sumqayıt Filialından 25 iyul 2022-ci il tarixli AERA-21- 1434/22 nömrəli məktubla cavab verdilər ki, 468 manat "xxxx" ASC-nin fəaliyyətinə qədər yaranmış borc olduğuna görə xx.xx.2022-ci il tarixində ödənişi tələb edilməyən borc qrafasına daxil edilmişdir. Cavabdehin nümayəndələri şifahi olaraq bildirdilər ki, aradakı fərqi ödəsinlər və məsələ həll olsun. Onlar da 55 manat ödədilər. Lakin məsələ həll edilmədi. Cavabdeh tərəf tələb edir ki, indi də qalan 468 manatı ödəməlidirlər. Ödəməsələr, abonent adı dəyişdirilməyəcək. Borcun necə yaranması sualına cavabdeh tərəfin dediyindən belə çıxır ki, guya “Barmek”in dövründə sayğac düz işləməyib (gah da bildirirlər ki, sayğaca müdaxilə olunub) ona görə də borc yaranıb. Cavabdehin bəhanələrini əsassız hesab edir. Belə ki, nə "xxxx", nə də "xxxx" ASC “Barmek”in hüquqi varisi deyildirlər, deməli hətta borc olmuş olsa idi də onların bu borcu tələb etmək hüquqları yoxdur. İkincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə görə yaşayış binalarının pilləkən meydançasında quraşdırılmış mənzillər üzrə hesablaşma sayğaclarının, o cümlədən, onların üzərindəki plombların qorunmasına və sayğacların işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi (yəni cavabdeh) cavabdehlik daşıyır. Əgər hər hansı bir müdaxilədən, yəni inzibati xarakterli əməldən söhbət gedirsə bu halda cavabdeh müvafiq akt bağlamalı və tədbir görülməsi üçün müvafiq icra orqanına göndərməli idi. Belə bir akt yoxdur, yəni ən azından onlar xahiş etdilər ki, onlara akt göstərilsin, cavabdeh heç bir sənəd göstərmədi. Cavabdeh bu cür mənşəyi məlum olmayan borcları bir məqsədlə yaradır: mənzilini satan (dəyişən, bağışlayan) abonentlərdən ödəniş tələb etmək üçün “hüquqi əsas” yaratsın. Belə olmasaydı həmin borcu dərhal tələb edərdi. Cavabdeh tərəf hüquqdan sui-istifadə edir: yerlərdəki işıq idarələri hüquqi şəxs olmadığından hüququ pozulan vətəndaşlar Bakıya məhkəməyə dəfələrlə gəlib-getməyin çətinliyini nəzərə alaraq, çox halda Məhkəməyə müraciət etmirlər, bu da Azərbaycandakı bəzi inhisarçı kommunal xidmət sahələrinə (“Azəriqaz” İB, "xxxx" ASC), o cümlədən, "xxxx" ASC-yə imkan yaradır ki, istədiklərini etsinlər. Cavabdeh qeyd edir ki, 468 manat “borc” ödənişi tələb edilməyən borclar qrafasına daxil edilib. Deməli, həmin öhdəliyin tələb etmə müddətinin keçdiyini cavabdeh özü təsdiq edir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları : Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 594 saylı, xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə, bina 20/13, mənzil 47-də qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, abuna haqqında cədvəl təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixində “ETAİS” proqram təminatından “ORACLE” proqram təminatına 523 manat borc məbləğinin keçirilməsi abunə haqqında cədvəldə qalıq borcun yaranmasına səbəb olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında vərəqədən görünür ki, **********01984 saylı abunə kodu olan ünvana 523 manat məbləğində borc hesablanmışdır. xx.xx.2022-ci il tarixdə mövcud olan 468 manat borc “keçmiş borc” olaraq qeyd edilmişdir. AN-İ seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 59.51 kv/m olan mənzil İddiaçı tərəfindən X1. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə borcun silinməsi üçün pretenziya qaydasında müraciət etmişdir. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mənzilin elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-nin “Sumqayıt” Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında **********01984 kodu ilə xx.xx.2000-ci il tarixdən abonent qeydiyyatındadır. xx.xx.2009-cu ildə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2023-cü il tarixində isə “M610” tipli, 21769646 saylı elektrik hesabat sayğacı ilə əvəz edilmişdir. “Sumqayıt” Regional Enerji Təchizatı və Satışı İdarəsinin “X3 Komissiyası” tərəfindən ərizə araşdırılmış və "xxxx" ASC-nin fəaliyyəti dövründə yaranmış 468 manat məbləğdə borc xx.xx.2022-ci il tarixində dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından abonentlərə təqdim edilən bildirişdə də qeyd edilmir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10-cu bəndinə əsasən, yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən, üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin qiymətləndirməsi: İddiaçı elektrik enerjisindən istifadə edilməsinə görə barəsində tərtib olunmuş abonent saldosuna əsasən ona 468 manat borc hesablanmış, bu səbəbdən də, iddiaçı həmin borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə 468 manat borc hesablanmış və həmin borc məbləği mülki iş materiallarına əlavə olunmuş abonent saldosu ilə də öz təsdiqini tapmışdır. Lakin mülki iş materiallarında olan iddiaçının müraciətinə səlahiyyətli orqanın cavab məktubundan da göründüyü kimi, yazılmış borcun “tələb olunmayan borclar” qrafasına aid edilməsinə baxmayaraq, qeyd edilən borcun silinməsinin orqanının səlahiyyətində olmaması göstərilmişdir. Məhkəmə hesab edir ki, ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş borc məbləğinin silinməməsi hazırda iddiaçının hüquqlarını pozur, iddiaçı həmin ünvan üzrə mənzili özgəninkiləşdirmiş olsa da, həmin borcun abunəyə dair sənədlərdə qeydiyyatının mövcudluğu digər hüquqların da həyata keçirilməsinin qarşısını almış olur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, **********01984 abunə kodu üzrə hesablanmış və ödənişi tələb edilməyən 468 manat borc abonentin hesabından silinməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 3-ə (Abunə kodu **********01984) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 468 (dörd yüz altmış səkkiz) manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1139/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1139/2024
03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver