Məhkəmə qərarları › İş №2(006)-1141/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1141/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1141/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı "yeni abunə kodunun verilməsi və hesablanmış borcun ilkin mülkiyyətçiyə aid olması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı "yeni abunə kodunun verilməsi və hesablanmış borcun ilkin mülkiyyətçiyə aid olması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi evə daxil olan ******* saylı sayğaç üzrə **********30000 saylı abunə kodu üzrə hesablanmış 2318,19 manat borcun Hüseynov Azərin vərəsəsi olan ikinci Cavabdeh2 şamil edilməsi, həmçinin "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi evə yeni abunə kodun verilməsi və çəkilməsi, həmçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə üçüncü şəxs Cavabdeh2 ilə rəsmi qaydada alğı-satqı müqaviləsi bağlamış və onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsini alıb. Daha sonra xx.xx.2023-cü il tarixdə qeyd olunan ünvana həm torpağa, həm də fərdi evə çıxarış əldə etmişdir. Komunal xidmətlər üzrə abunə kodlarını öz adına dəyişmiş, lakin ‘"Azərişıq” ASC-nin işıq xətti üzrə 2318,19 manat məbləğində borcun olması ona məlum olmuşdur. Cavabdehə ilkin müraciət etmiş və keçmiş mülkiyyətçi Hüseynov Azərin adına olan **********30000 saylı abunə kodu üzrə borcun onun özünə şamil edilməsi və mülkiyyətində olan fərdi evə yeni abunə kodu verilməsini xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli 13-13/2-2/ 18-H-l 1383-5/2023 saylı imtina məktubu ilə məlum etmişdilər ki, borc ödənilməmişdir. Hazırda bir istehlakçı olaraq yeganə yolu məhkəmə qaydasında keçmiş borcun keçmiş mülkiyyətçinin vərəsəsi olan üçüncü şəxs Cavabdeh2 şamil edilməsi və mülkiyyətində olan fərdi evə yeni abunə kodun verilməsini məhkəmədən xahiş etməkdir. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianın ona qarşı olan 2318,19 manat elektrik enerjisi sərfiyyatına görə borcun onun tərəfindən ödənilməsi hissəsində iddianı qəbul etmir. Belə ki, ona Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli B-45/2-151/2 saylı məktubu ilə əvvəllər onun mülkiyyətində olmuş və 12 iyun 2023cü il tarixdə İddiaçı satdığı ünvan 3 ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair razılıq verilmişdir. Qeyd edilən icazənin tarixi ilə torpağın alqı-satqısı arasında 21 ay müddət keçmişdir. 21 ay ərzində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə 2318,19 manat elektrik enerjisinin sərfiyyatına görə borcun hesablanmasının nə məntiqi, nə də hüquqi əsası vardır. İlk növbədə qeyd etmək lazımdır ki, qeyd edilən fərdi yaşayış evində demək olar ki, yaşayış olmayıb. Yaşayış olsa belə, aya 110,4 manatlıq elektrik enerjisi sərfiyyatı (2318,19 manat:21 ay) borc düşür ki, fərdi yaşayış evinə qeyd edilən elektrik enerjisinin sərfiyyatı məhkəmə tərəfindən birmənalı qarşılanmamalıdır. Aylıq ortalama 110,4 manat sərfiyyatın olduğu qəbul edilsə belə, "xxxx" ASC tərəfindən indiyədək elektrik enerjisinin verilməsinin dayandırılmaması da şübhə doğurur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarının" 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir), istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.13-cü bəndə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 8.14-cü bəndə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.26-cı bəndə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. İstehlakçıya təqdim edilən ödəniş sənədlərində hər zaman qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş müddətdə borc ödənilməzsə, elektrik enerjisinin verilməsi dayandırılacaqdır. 9.13.2-ci bənddə də qeyd edilib ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Qanunvericiliklə müəyyən edilmiş müddət 8.14-cü bəndə əsasən də 1 aydır.Belə olan halda 2318,19 manat borc olmasına baxmayaraq elektrik enerjisinin verilməsinin dayandırılmaması birmənalı qarşılanmamalıdır. Məhkəmənin diqqətinə çatdırılır ki, indiyədək qeyd edilən fərdi yaşayış evində demək olar ki, yaşamadığından arada bir mənzilə yalnız baxış keçirmək məqsədilə getmişdir. İndiyədək nə 2318,19 manat borc, nə də ondan əvvəl yaranmış borclara görə mənzilə bildiriş təqdim edilməyib (göndərilməyib). Nə də ki indiyədək elektrik enerjisinin verilməsi dayandırılmayıb. Ən azından səhv hesablanmış sərfiyyata görə olan borc barədə məlumatı olardı. Hesab edir ki, ya iddiaçının iddia etdiyi borc alqı-satqı müqaviləsindən sonra əmələ gələn borcdur.Ya da sayğacda hansısa dövrdə nasazlıq baş verib.Ya da sayğaca kənar qoşulmalar mövcud olub və ya mövcuddur. Göstərilənlərə əsasən iş üzrə həm də cavabdeh olan "Azərişıq” ASC tərəfindən 2318,19 manat borcun əmələ gəlmə mənbəyini göstərən təsdiqedici sənədlər (aylıq sərfiyyat və sərfiyyata uyğun hesablanmış sərfiyyata görə borc cədvəlləri, borcun yaranma tarixi-əvvəli və sonu göstərilməklə, sayğacın ilk və son göstəricilərinə dair məlumatlar və s.) məhkəməyə təqdim olunması barədə vəsatət verir. 18.9-2-ci bəndə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Qeyd edilən bənddə göstərilən baxışın keçirilməsini təsdiq edən sənədlərin də "xxxx" ASC tərəfindən məhkəməyə təqdim olunması və "xxxx" ASC tərəfindən sayğacın nasaz olub olmamasının yoxlanılması məqsədilə sayğaca da baxış keçirilməli və bu barədə akt məhkəməyə təqdim edilməsi barədə vəsatət verir. Həmçinin 8.22-ci bəndə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. İddiaçı göstərilən bəndə əsasən əvvəlcədən qeyd edilən sənədi tələb etsə idi, məsələ daha tez və operativ həllini tapardı. İddiaçının Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddiları isə ayrı-ayrılıqda iddia olub cavabdehlərə qoyulan tələblər fərqlidir. Yəni Cavabdeh2 qarşı olan iddia "xxxx" ASC-dən tələb olunmur və həmçinin "xxxx" ASC-yə qarşı olan iddia Cavabdeh2 tələb olunmur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddiası üzrə ona qarşı irəli sürülən tələb hissəsində (2318,19 manat borcun ondan tutulması) iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli, AN-İ №1084468 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, Cavabdeh2 ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 0.0281 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə X6 20.000 (iyirmi min) manata satmışdır.Müqaviləni Cavabdeh2 xx.xx.2019-cu il tarixdə verilmiş 5166 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X3 imzalamışdır. xx.xx.2023-cü il tarixli, **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin tam mülkiyyətçisidir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, H-11383-5/2023 saylı məktubuna əsasən, İddiaçı elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair “Azərişıq" ASC-yə daxil olmuş müraciətinə (xx.xx.2023-cü il tarixli, H-11383-5/2023 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, **********30000 nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, qeyd olunan ünvanda istehlak edilmiş, lakin ödənişi aparılmamış və ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmiş xx.xx.2002-ci il tarixə qədər 34,86 manat, xx.xx.2006-cı il tarixə qədər 170,46 manat borc vardır. O cümlədən hal-hazırda mənzildə istehlak edilmiş və ödənişi tələb olunan 2318,19 manat borc vardır. Qeyd olunur ki, Abunə vərəqində (hesab dövriyyəsində) ad dəyişdirilərkən bütün qrafalarda yerləşən borclar ödənilməlidir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.22-ci maddəsinə əsasən Abonent mənzildən və ya qeyriyaşayış sahəsindən köçərkən, həmin mənzilin və ya qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ordan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Abunə vərəqinin təhlili zamanı qeyd olunan arayış öz əksini tapmamışdır. "xxxx" ASC-nin elektron sistemindən çıxarışdan görünür ki, Azər Hüseynovun adına olan **********30000 abunə kodu üzrə 2024-cü il tarixə olan borc 2318,19 (iki min üç yüz on səkkiz manat on doqquz qəpik) manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş **********30000 abunə kodu üzrə saldodan görünür ki, abunəçinin 2318,19 manat borcu yaranmışdır. Tətbiq edilən qanunvericilik: «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X2 qaydaları»nın: 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İş üzrə müəyyən edilmiş hallar ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-də Hüseynov Azərin məişət abonenti olduğu ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 0.0281 ha olan torpaq sahəsini iddiaçıya satmışdır. Həmin əmlak xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alımaqla onun mülkiyyətindədir. Həmin ünvan üzrə istehlak edilmiş elektrik enerjisi sərfiyyatına görə abunə saldosunda 2318,19 manat borc qeyd olunur. İddiaçı həmin borcun əvvəlki mülkiyyətçi Cavabdeh2 aid olduğunu iddia etsə də, tələbinin əsasında istinad etdiyi bu halın təsdiqi üçün sübut təqdim etməmişdir.İş üzrə sübutlarla 2318,19 manat borcun əvvəlki mülkiyyətçi olmuş Cavabdeh2 tərəfindən istehlak edilmiş elektrik enerjisi sərfiyyatına görə yaranması halı təsdiq edilməmişdir.Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, həmin halın təsdiq edilməsi belə iddia tələbinin 2318,19 manat borcun əvvəlki məişət abonenti olmuş Cavabdeh2 şamil edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı keçmiş Cavabdeh2 köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etmək üzrə qanunun imperativ normasının göstərişinə riayət etməmiş, bununla da abunə vərəqində (hesab dövriyyəsində) ad dəyişdirilərkən bütün qrafalarda yerləşən borcları ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı elektrik şəbəkəsinə əvvəllər qoşulmuş ünvan 3 ünvanına köçdüyündən, bununla da onunla cavabdeh "xxxx" ASC arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalı və cavabdeh "xxxx" ASC iddiaçının adına şəxsi hesab açmalı olduğundan, iddia tələbi ünvan 1 ünvanda yerləşən fərdi evə dair iddiaçıya cavabdeh "xxxx" ASC tərəfindən yeni abunə kodu verilməsinə dair hissədə əsaslıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi evə dair İddiaçı "xxxx" ASC tərəfindən yeni abunə kodu verilməlidir. Lakin iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi evə dair İddiaçı "xxxx" ASC tərəfindən yeni abunə kodu verilsin. Cavabdeh2 münasibətdə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar