Məhkəmə qərarları › İş №2(006)-1151/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1151/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1151/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********71943 olan “Samsung Galaxy A30” markalı telefon üçün 41 (qırx bir) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; 09.09.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung LED” televizor üçün 1656 (min altı yüz əlli altı) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat cərimə; 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********03997 olan “Samsung Galaxy A71” markalı telefon üçün 203.1 (iki yüz üç manat, on qəpik) manat ödənilməmiş hissə, 20.9 (iyirmi manat, doxsan qəpik) manat cərimə, ümumilikdə 2090 manat borc, 40.9 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx"-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.09.2019cu il, 09.09.2020-ci il, 11.05.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********71943 olan “Samsung Galaxy A30” markalı telefon, “Samsung LED” televizor, İMEİ Kodu **********03997 olan “Samsung Galaxy A71” markalı telefon almış və nəticədə 2090 (iki min doxsan,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.09.2019-cu il tarixli müqaviləsinə əsasən, al qı-satqı qiyməti 633 (altı yiiz otuz üç) manat (18 ay x 35 manat + 3 manat ilkin ödəniş) İMEİ Kodu **********71943 olan “Samsung Galaxy A30” markalı telefon üçün ümumilikdə, 45 (qırx beş) manat olmaqla ondan, 41 (qırx bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə; 09.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1656 (min altı yüz əlli altı) manat (18 ay x 92 manat + 0 manat ilkin ödəniş) “Samsung LED” televizor üçün ümumilikdə, 1821 (min səkkiz yüz iyirmi bir) manat olmaqla ondan, 1656 (min altı yüz əlli altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 165 (yüz altmış beş) manat cərimə; 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1376.6 (min üç yüz yetmiş altı manat, altmış qəpik) manat (18 ay x 68.2 manat + 149 manat ilkin ödəniş) İMEİ Kodu **********03997 olan “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə, 224 (iki yüz iyirmi dörd) manat olmaqla ondan, 203.1 (iki yüz üç manat. on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.91 (iyirmi manat, doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1765.5 manat təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 07.09.2019-cu il tarixdə ümumi dəyəri 633 manat təşkil edən İMEİ Kodu **********71943 olan “Samsung Galaxy A30” markalı telefonu, 09.09.2020-ci il tarixdə isə ümumi dəyəri 1.656 manat təşkil edən “Samsung LED” markalı televizoru, 11.05.2020-ci il tarixdə ümumi dəyəri 1.376,6 manat təşkil edən İMEİ Kodu **********03997 olan “Samsung Qalaxy A71” markalı telefonun hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 07.09.2019-cu il tarixli, 09.09.2020-ci il tarixli və 11.05.2020-ci il tarixli müqavilələrə əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu olaraq tələb etdiyi məbləğ 07.09.2019-cu il tarixli müqavilə üzrə 4 manat, 09.09.2020-ci il tarixli müqavilə üzrə 165 manat, 11.05.2020-ci il tarixli müqavilə üzrə isə 20,9 manat təşkil edir. 07.09.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00895965 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********71943 olan “Samsung Galaxy A30” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 09.09.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21152010 nömrəli müqaviləyə əsasən “Samsung LED” markalı televizoru tam qüsursuz halda təhvil almışdır. 11.05.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20274502 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********03997 olan “Samsung Qalaxy A71” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 26.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələriə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 06.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 09.09.2020-ci il tarixli müqavilə üzrə 1.656 manat əsas borc, 165 manat cərimə borcu, 07.09.2019-cu il tarixli müqavilə üzrə 41 manat əsas borc, 4 manat cərimə borcu, 11.05.2020-ci il il tarixli müqavilə üzrə isə 203,1 manat əsas borc, 20,9 manat cərimə borcu, cəmi 2.090 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 07.09.2019-cu il tarixli müqavilə üzrə 4 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətli olsa da, 09.09.2020-ci il tarixli müqavilə üzrə 165 manat məbləğində, 11.05.2020-ci il tarixli müqavilə üzrə isə 20,09 manat dəbbə pulunun tutulması ağlabatan deyildir və bu məbləğ müvafiq olaraq 100 manat, 10 manatadək azaldılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09.09.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.656 manat, cərimə borcu üzrə 100 manat, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 41 manat, cərimə borcu üzrə 4 manat, 11.05.2020-ci il tarixli müqavilə üzrə isə əsas borc üzrə 203,1 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə hər üç müqavilə üzrə 2014,1 manat borc və dövlət rüsumu kimi ödənilmiş 40,90 manatın 39 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.09.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.656 manat, cərimə borcu üzrə 100 manat, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 41 manat, cərimə borcu üzrə 4 manat, 11.05.2020-ci il tarixli müqavilə üzrə yaranmış əsas borc üzrə 203,1 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 40,90 manatın 39 manatı, cəmi 2053,1 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar