Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1179/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X9, Cavabdeh2 və onun vəkili X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin sonlarında iddiaçının anası X8 özünə məxsus, hal-hazırda da iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini iddiaçıya bağışlamaq məqsədi ilə notariat kontoruna müraciət etmişdir. Həmin kontorda lazım olan sənədlər barədə iddiaçının anasına məlumat verildikdə, anası, həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün, tanışları mənzil alqı-satqısı ilə məşğul olan Cavabdeh2 sözügedən mənzili iddiaçının adına keçirməyi xahiş etmişdir. Bu məqsədlə 2018-ci ilin noyabr ayının 27-də 46 saylı notariat ofisində Füzuliyə etibarnamə vermişdir. Bundan bir müddət sonra Füzuli, onlara gələrək anasının şəxsiyyət vəsiqəsini və mənzilə dair çıxarışı alaraq, iddiaçıya növbəti gün həmin 46 saylı notariat ofisinə gəlməyini bildirmişdir. Novbəti gün, dekabr ayının 25-də iddiaçı deyilən notariat ofisinə getmişdir. Cavabdeh2 iddiaçıya mənzilin onun adına keçirilməsinə etiraz etmədiyinə dair sənəd imzalamalı olduğunu söyləmiş, iddiaçı isə öz növbəsində ona inanaraq ona təqdim olunan sənədi imzalamışdır. Bundan bir müddət sonra anası Cavabdeh2 ilə əlaqə saxlayaraq mənzilə dair çıxarışın alınması üçün hara getməli olduğunu soruşduqda, o, darıxmamağı, lazım olanda xəbər edəcəyini söyləmişdir. Sonra isə zəngləri ya cavabsız, ya da cavabdehin müxtəlif bəhanələrlə suallardan yayınması ilə nəticələnmişdir. Bu hal isə narahat etdiyindən, anası verdiyi etibarnaməni ləğv etmək qərarına gəlmiş, amma qeyd etdiyi kimi anasının şəxsiyyət vəsiqəsinin cavabdehdə olması, onun 03.01.2020-ci il tarixdə 102 xidmətinə zəng edərək şikayət etməsi ilə nəticələnmişdir. Şikayətin mahiyyəti Cavabdeh2 mənzilə dair çıxarışın və şəxsiyyət vəsiqəsinin qaytarmaması olmuşdur. 102 xidmətinə edilmiş zəng heç bir nəticə vermədikdə isə anası etibarnaməni ləğv etmək məqsədilə, yəni şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmişdir. 14.01.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi almış və dərhal, 16.01.2020-ci ildə etibarnaməni ləğv etmişdir. Nəhayət 2020-ci ilin fevral ayında anası Füzuli ilə telefon əlaqəsi saxlaya bilmiş və ona: «Bizim işimiz neçə oldu? Mənzili Vəfanın adına keçirdin?» sualına o: «Yox, keçirmədim, mənzili özümə saxldım, girov kimi» cavabı vermiş, telefonu söndürmüşdür. Bu danışıqdan heç nə başa düşməmələrindən və narahat olduqlarından, mənzilinin dürümü ilə bağlı Notariat ofisinə müraciət etdikdən sonra onlara Cavabdeh2 onları aldadaraq, iddiaçının anasının ona verdiyi etibarnamədən istifadə etdiyi, özü isə doğma qızı, iş üzrə digər Cavabdeh1 arasında 08.01.2020-ci ildə alqı-satqı müqaviləsinin bağlanıldığı məlum olmuşdur. Bir müddət sonra isə iddiaçının anası vəfat etmişdir. Hesab edir ki, qeyd edilən hallar, yəni anasının dəfələrlə cavabdehə zəng edərək mənzilə dair çıxarışın verilməsini tələb etməsi, bu nəticə vermədikdə 102 xidməti vasitəsi ilə etdiyi şikayət, etibarnaməni ləğv etmək üçün göstərdiyi səylər, yəni şəxsiyyət vəsiqəsi alması və dərhal etibarnaməni ləğv etməsi, hazırki vaxtadək iddiaçının həmin mənzildə yaşamağı, əqdin aldatma, mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını aydın şəkildə göstərir.Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında anası X8 və onun qardaşı X7 məxsus olmuş, bildiyinə görə dayısı İbrahim tərəfindən icarəyə verilmişdir. Ölkə hüquqlarından kənarda yaşayan dayısı ilə anasının payına düşən icarə haqqı ilə bağlı telefon əlaqəsi saxladıqda o, iddiaçıya fərdi yaşayış evinin anasına aid hissəsini icarəyə vermədiyini, hətta həmin hissənin anasına yox, digər şəxsə məxsus olduğunu bildirərək, oğlu Ramizin vasitəsi ilə fərdi yaşayış evinə dair çıxarışı iddiaçıya göndərmişdir. Həmin çıxarışdan ona məlum olmuşdur ki, fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında anasına məxsus hissəsi də iş üzrə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Vəkil tərəfindən 46 saylı notariat ofisinə göndərilən vəkil sorğusuna aldıqları cavabdan isə onlara, iddiaçının anasının Qəsr küçəsi, ev 13, mənzil 4 ünvanında yerləşən mənzilini iddiaçının adına rəsmiləşdirilməsi üçün 2018-ci il noyabr ayının 27-də 46 saylı notariat ofisində vermiş olduğu etibarnamədən istifadə etməklə anasının adından çıxış edərək iş üzrə Cavabdeh2 ilə onun qızı, iş üzrə digər Cavabdeh1 arasında 46 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlandığı məlum olmuşdur. İddiaçının anası X2 öldüyü günədək yuxarıda adı çəkilən fərdi yaşayış evində qeydiyyatda olması, başqa məqsədlə vermiş olduğu, sonradan isə israrla ləğv etdiyi etibarnamədən istifadə edərək, yaxın qohum olan eyni cavabdehlər tərəfindən anasının mülkiyyətindəki əmlaklarının hamısının özgəninkiləşdirilməsi, əqdlərin aldatma, mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını aydın şəkildə göstərir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış aalqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair əlavə olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsinin də etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddiaya uyğun izahat verərək bildirmişdir ki, iddiaçının anası qeyd olunan mənzilləri satmaq niyyəti olmadan eibarnamə vermiş və bundan da iddiaçının xəbəri olmamışdır. Cavabdeh2 iddiaçının anasını aldadaraq qeyd olunan mənzilləri Cavabdeh1 adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qeyd olunan mənzilləri etibarnamə əsasında qızına satmış, və həmin pulları qızının əvəzinə özü şəxsən ödəmişdir. İddiaçının özünün isə evin satılmasına dair razılıq ərizəsi belə notarial qaydada təsdiq olunmuşdur. İddiaçının anasının evi satmaq niyyəti olmuş və qabaqcadan pulu almışdır. Bütün bunları nəzərə alaraq iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkilidə cavabdehin izahatına uyğun çıxış edərək iddia tələbinin tam həcmdə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 122600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 15 may 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X16 İsayeviç, X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən 16.02.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, 13 saylı evin 4 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2605 saylı reyestr kitabının 242769 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış 27 noyabr 2018-ci il tarixli AR-İ seriyalı 699260 nömrəli etibarnamədən görünür ki, X1 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə üç il müddətinə 27.11.2021-ci il tarixədək verilmiş, bu etibarnamə üzrə səlahiyyətlər digər şəxslərə verilə bilər. İş üzrə İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış 25.12.2018-ci il tarixli ərizənin surətindən görünür ki, X5 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına razılıq vermişdir. İş materiallarında olan Bakı şəhəri 46 saylı notarial kontoru tərəfindən təsdiq edilmiş və X8 (onun adından etibarnamə əsasında Cavabdeh2) ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2019-cu il tarixli ilkin satış müqaviləsinin surətindən görünür ki, X8 ünvan 4 ünvanında yerləşən mənzilini Cavabdeh1 satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşlər. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 30.000 manat məbləğini Cavabdeh1 bu müqavilənin qüvvəyə mindiyi tarixdə X5 notariusun depozit hesabı vasitəsilə ödəyir, yerdə qalan 40.000 manat məbləğini isə 3 ay müddəti ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş 08.01.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X8 (onun adından etibarnamə əsasında Cavabdeh2) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 13 saylı evin 4 saylı mənzilini alıcı Cavabdeh1 70000 manata satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh1 müqavilənin 4-cü bəndində nəzərdə tutulan daşınmaz əmlakın satış dəyərindən 30.000 manat məbləği tərəflər arasında bağlanmış 11.04.2019-cu il tarixli ilkin müqaviləyə əsasən 11.04.2019-cu il tarixdə, 20.000 manat məbləği isə 16.07.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə satıcı X5 ödəmişdir. Qalan 20.000 manat məbləği alqı-satqı zamanı satıcı X5 notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. İş materiallarında olan «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən X2 nümayəndəsi Cavabdeh2 ünvanlanmış 16.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, cari il üçün İdarənin smeta xərclərində daşınmaz tarix və mədəniyyət abidələrinin alınması üçün vəsait nəzərdə tutulmadığından inventar nömrəsi 2207 olan yerli əhəmiyyətli memarlıq abidəsinin qeyd edilən hissəsini 70.000 manata almaqdan imtina etmişlər. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 6-cı abzasının tələblərini nəzərə alaraq abidənin alqı-satqısı nəticəsində onun yeni mülkiyyətçisi barədə məlumat verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrindən 20.02.2019-cu il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi 1 otaqda (y/s-23,9 kv.m., k/s-22,3 kv.m.), eyvan 8.1 kv.m., açıq eyvan-8,1 kv.m. X2 adına, 3 otaqda (y/s-56,9 kv.m., k/s-2,6 kv.m.), açıq eyvan 3,4 kv.m. X6 paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 161 saylı reyestr kitabının 14777 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş 12.03.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X8 (onun adından etibarnamə əsasında Cavabdeh2) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını (y/s-23,9 kv.m.,k/s-22,3 kv.m., eyvan 8,1 kv.m., açıq eyvan 8,1 kv.m.) alıcı Cavabdeh1 130000 manata satmışdır. İş materiallarında olan «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən X2 nümayəndəsi Cavabdeh2 ünvanlanmış 14.09.2018-ci il tarixli məktubun surətindən görünür ki, cari il üçün İdarənin smeta xərclərində daşınmaz tarix və mədəniyyət abidələrinin alınması üçün vəsait nəzərdə tutulmadığından inventar nömrəsi 2209 olan yerli əhəmiyyətli memarlıq abidəsinin qeyd edilən hissəsini 130.000 manata almaqdan imtina etmişlər. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 6-cı abzasının tələblərini nəzərə alaraq abidənin alqı-satqısı nəticəsində onun yeni mülkiyyətçisi barədə məlumat verilməsini xahiş etmişlər. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi 3 otağını (y/s-56,9 kv.m., k/s-2,6 kv.m.), açıq eyvan 3,4 kv.m. X6, 1 otağını (y/s-23,9 kv.m.,k/s-22,3 kv.m., eyvan 8,1 kv.m., açıq eyvan 8,1 kv.m.) Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişmişdir. İş materiallarında olan X8 tərəfindən ünvan 6 ünvanlanmış 16.01.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, 27.11.2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh2 reyestrdə 7E/8554 nömrə il qeyd olunmuş etibarnamə vermişdir. AR Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən həmin etibarnamənin qüvvəsinə xitam verilməsi barədə «Elektron notariat» informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.05.2020-ci il tarixli AZ-İİ seriyalı 053246 nömrəli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 01.05.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.05.2020-ci il tarixdə 125 № ilə qeyd edilmişdir. Ölümün səbəbi ürək çatmamazlığı göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının anası X2 Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 13 saylı evin 4 saylı mənzili və Bakı şəhəri, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağı (y/s-23,9 kv.m.,k/s-22,3 kv.m., eyvan 8,1 kv.m., açıq eyvan 8,1 kv.m.) mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X8 Cavabdeh2 ona məxsus olan bütün əmlakları barəsində sərəncam verilməsi ilə bağlı Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə vermişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, X2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələr bağlanılmışdır. Həmin müqavilələrə əsasən Zemfira Mikayılovaya məxsus Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 13 saylı evin 4 saylı mənzili 70.000 manata və Bakı şəhəri, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağı (y/s-23,9 kv.m.,k/s-22,3 kv.m., eyvan 8,1 kv.m., açıq eyvan 8,1 kv.m.) 130.000 manata Cavabdeh1 satmışdır. Evin satılması barədə isə İddiaçı Rafael qızı razılıq ərizəsi vermişdir. Məhkəmə eyni zamanda müəyyən edilmişdir ki, X8 01.05.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 13 saylı evin 4 saylı mənzil və Bakı şəhəri, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi notarius tərəfindən alqı-satqı müqaviləsi əsasında tam qaydalara riayət etməklə rəsmiləşdirilmiş və bununla bağlı heç bir maneə olmamışdır. İddiaçının irəli sürüdüyü tələbə münasibətdə isə xəbəri olmadığını, evlərin satılması üçün etibarnamə verilmədiyini qeyd etsədə bunun əksini sübut edən özünün razılıq ərizəsi mövcud olmuşdur. İddiaçının anası tərəfindən isə etibarnamənin ləğv edilməsi tarixi isə həmin mənzillərlə bağlı alq-satqı müqavilələri baş tutduqdan sonraya təsadüf etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Eyni Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Göstərilən Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə hazırki mülki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakların satılması ilə əlaqədar bağlanmış əqdə hüquqi qiymət verərək hesab edir ki, Zemfira Mikayılovanın əmlakları onu özgəninkiləşdirməyə hüququ olan şəxs tərəfindən qanuni əsaslarla özgəninkiləşdirilmişdir. Belə ki, AR Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2). Məhkəmə Zemfira Mikayılovaya məxsus daşınmaz əmlakların satılması ilə bağlı iddiaçının gətirdiyi dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsassızdır. İddiaçı Zemfira Mikayılovanın Cavabdeh2 adına etibarnamənin verilməsində məqsədinin daşınmaz əmlakların iddiaçıya bağışlaması ilə bağlı olmasını göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Cavabdeh2 belə öhdəliyinin olması da hər hansı sübutla təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, mübahisəli daşınmaz əmlaklar Zemfira Mikayılovanın adından Cavabdeh2 adına verilmiş ümumi etibarnamə əsasında satılmışdır. Həmin etibarnamədə Zemfira Mikayılova özünə məxsus bütün əmlaklar barəsində sərəncam verilməsi ilə bağlı Cavabdeh2 səlahiyyət vermişdir. Bu səbəbdən iddiaçının bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair tələb əsassız hesab edilməlidir. Əgər Z.Mikayılovanın iddiaçıya mübahisəli əmlakların bağışlaması ilə bağlı səlahiyyət vermək niyyəti varidisə, yalnız bu səlahiyyətlər çərçivəsində etibarnamə verilə bilərdi. Məhkəmə iddiaçının anasına məxsus əmlakların satılmasında hər hansı iradə ifadəsinin olmaması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Z.Mikayılova tərəfindən verilmiş etibarnamədən görünür ki, həmin etibarnamədə o, bütün əmlaklarına dair sərəncam vermək səlahiyyətini Cavabdeh2 etibar etmişdir. Həmin etibarnamə ümumi, yəni bütün əmlaklarla bağlı verilmişdir. Bu səbəbdən hal-hazırda iddiaçının anasına məxsus əmlakların satılmasına iradə ifadəsinin olmaması ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki,iddiaçı X5 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Beləliklə məhkəmə hesab edir ki, Zemfira Mikayılovaya məxsus olan əmlakların alqısatqısına dair bağlanılmış müqavilələrinin qanuni əsaslarla bağlanılması öz təsdiqini tapdığından və həmin əmlakların satılmasına iddiaçının Zemfira Mikayılovanın iradə ifadəsinin olmaması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından, iddia tələbi daşınmaz əmlakların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab olunduğundan, iddia tələbi daşınmaz əmlakların dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində də təmin edilməməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1179/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1179/2021
18.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver