Məhkəmə qərarları › İş №2(006)-1194/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1194/2021

15.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1194/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıla Cavabdeh1 qardaş-bacıdırlar. Ataları X6 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Ataları vəfat edərkən mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən, 105 saylı evin 3 otaqlı 40,0 kv metr yaşayış, 55 kv m ümumi sahədən ibarət 16 saylı mənzili miras qalmışdır. Bu qardaş-bacıdan başqa, hazırda Rusiya Federasiyasında yaşayan digər qardaşları - X5 də var. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı atası vəfat edən ərəfədə nə şəxsiyyət vəsiqəsi, nə doğum haqqında şəhadətnaməsi, nə də digər hər hansı bir sənədi olmamışdır. Heç hərbi xidmətdə də olmamışdır. Doğulduğu gündən atası ilə birlikdə yuxarıda qeyd olunan mənzildə yaşamışdır. Azərbaycan dilini bilməməsi, hüquqi savadsız olması, anasının atası ilə boşanması və daha sonra valideynlərinin ölümü ilə bağlı olaraq sənədləşmə işlərində özü iştirak edə bilməmişdir. Atası öləndən sonra bacısı Viktoriya (cavabdeh) vərəsəlik işləri ilə məşğul olacağını bildirmişdir, ara-sıra da gözə toz üfürmək məqsədi ilə iddiaçıya bir iki əhəmiyyətsiz sənədə imza atdırmışdır. Lakin bu yerdə qeyd olunmalıdır ki, İddiaçı miras əmlakı faktiki qəbul etmişdir, belə ki, doğulduğu gündən etibarən həmin mənzildə yaşamışdır. Daha sonra 2015-ci ilin avqust ayında bacısı iddiaçıya bildirmişdir ki, ona şəxsiyyət vəsiqəsi almışdır. Bundan dərhal sonra Hərbi Komissarlığa müraciət edilib və 1982-ci il təvəllüdlü, orta təhsilli iddiaçı xx.xx.2015-ci il tarixdə (yəni 33 yaşında) həqiqi hərbi xidmətə aparılmışdır. Hərbi xidmətdən xx.xx.2017-ci il tarixdə təxris olunmuşdur və öz doğma evinə qayıtmışdır. Daha sonra bacısından evin aqibəti ilə maraqlandıqda o, hər şeyin qaydasında olduğunu bildirmişdir. Bundan sonra, 2019-cu ildə Viktoriya qardaşına evi satmaq niyyətində olduğunu bildirmişdir. Belə ki, o izah etmişdir ki, evlənmək və özünə başqa ev almaq niyyətindədir və satışdan əldə olunacaq pul aralarında bölünəcək. İddiaçı Ruslan bacısına əngəl olmaq istəməmişdir və pulun digər qardaş da nəzərə alınaraq 3 yerə bölünməsini təklif etmişdir. Cavabdeh bununla razılaşıb, iddiaçıya "təzə ev alana qədər bir müddət xalası gildə yaşamağı” təklif etmişdir. Cavabdehin sözlərinə görə o, xx.xx.2019-cu il tarixdə atalarının mənzilini satır və xx.xx.2019cu ildə özünə yeni mənzil alır. İddiaçı öz payını istəyərkən isə, o bildirmişdir ki, heç bir pay yoxdur, heç kimə bir qəpik pul verəsi deyildir. Sonradan işlə tanış olarkən iddiaçı tərəfindən müxtəlif instansiyalara sorğular göndərildi. Məlum oldu ki, Bakı şəhəri 13 saylı X9 Viktoriya ilə qanunsuz sövdələşməyə girərək, cavabdehi tək vərəsə kimi qeydə almışdır. Sorğuya cavab verərkən isə işə ailə tərkibi haqqında arayış tikilib və Viktoriyadan başqa daha 2 vərəsənin - Ruslan və Aleksandrın olduqları da müəyyən olunub. Halbuki, həmin elektron arayışın üzərində çap edilmə tarixi var -xx.xx.2020-ci il. Görünən budur ki, Notariat kontoru öz səhvinin və ya cinayətinin üstünü ört-basdır etmək üçün 6 il sonra qanunun tələb etdiyi sənədləri yığmağa başlamışdır. Hələ notarius İ.Hüseynova "qabaqdan-gəlmişlik" edərək, iddiaçının sorğusuna cavab verərək bildirir ki, İddiaçı mirasın qəbulu müddətini buraxmışdır. Doğulduğu gündən miras qoyanın ölümünə qədər və ölümündən sonra daha 5 il həmin mənzildə yaşayan şəxs müddəti buraxıbmış. Yəni qısası, Cavabdeh1 özündən başqa 2 qardaşının olmasını gizlətmiş, qanunsuz yolla 70 saylı MKİS-dən yalnız özünün yaşaması barədə arayış almış, daha sonra Notariat Kontorun notariusu ilə əlbir olaraq digər vərəsələrin çağırılmamasına nail olmuş və tək vərəsə kimi bütün miras əmlakı qəbul etmiş daha sonra isə özgəninkiləşdirmişdir. Cavabdeh1 adına verilmiş xx.xx.2015-ci il tarixli, 2V- 43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilməli, İddiaçı vərəsəlik hüququ tanınmalı və ona da qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Daha sonra payına mütənasib olaraq mənzilin alqı-satqısından əldə olunan pul bölünməlidir. Göstərilənlərə əsasən Cavabdeh1 verilmiş xx.xx.2015-ci il tarixli, 2V- 43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası X2 vərəsəsi kimi tanımaqla miras əmlaka iddiaçının 1/3 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Aleksandr Rusanovla Cavabdeh1 qardaş-bacıdırlar. Ataları X6 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Ataları vəfat edərkən mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən, 105 saylı evin 3 otaqlı 40,0 kv metr yaşayış, 55 kv m ümumi sahədən ibarət 16 saylı mənzili miras qalmışdır. Atası öləndən sonra bacısı Viktoriya (cavabdeh) vərəsəlik işləri ilə məşğul olacağını qardaşlarına bildirmişdir. Qardaşlar bu işin cavabdeh tərəfindən aparılmasına etiraz etməmişdirlər. Lakin bu yaxınlarda həm iddiaçıya, həm üçüncü şəxsə məlum olmuşdur ki, Viktoriya özünü tək vərəsə kimi qələmə verərək şəhadətnaməni öz adına almış, daha sonra isə həmin mənzili satmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 verilmiş xx.xx.2015-ci il tarixli 2V- 43 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, iddiaçı X1 xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası X2 vərəsəsi kimi tanımaqla miras əmlaka mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin 1/3 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun (eyni zamanda X1) nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinin nümayəndəsi tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 bildirmişdir ki, onunla Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixdə daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanan zaman iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin razılıq ərizələri alınmışdır. O, vicdanlı alıcıdır. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, iddiaçının keçmiş qonşusudur. İddiaçı 8 il bundan qabaq, atasının ölümündən sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra nənəsinin yanına gəlmişdir. Atasına məxsus olmuş evi bacısı Cavabdeh1 başqa bir şəxsə satmışdır. İddiaçı özü işləmir, savadsız bir adamdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş AZ-İİİ № 573553 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə X3. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T № 104205 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə X8 Nikolayevnadır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 649000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası isə X3. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi – ünvan 1 mənzil 16 ünvanında qeydiyyatda olan qızı- Cavabdeh1dır. O, bu miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 40 kv.m, ümumi sahəsi 55 kv.m olan 3 otaqlı 16 saylı mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 16 Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2295 saylı reyestr kitabının 213665 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş xx xxx 2019-cu il tarixdə Bakı şəhəri 46 saylı Notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 mənzil 16 Cavabdeh1 tərəfindən X4 84800 manata satılmışdır. İş materiallarında olan X1 razılıq ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus ünvan 1 mənzil 16-nın satılmasına etiraz etmir, gələcəkdə həmin mənzillə bağlı pretenziyası olmayacaqdır. İş materiallarında olan İddiaçı razılıq ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus ünvan 1 mənzil 16-nın satılmasına etiraz etməmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı) Bundan əlavə, qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən etmişdir. Yuxarıda qeyd olunan qanunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cür üzrlü səbəblər müəyyən olunmamışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs miras əmlakı qəbul etmək üçün müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərlərinin olmamasını göstərmişlər. Ümumiyyətlə, nə İddiaçı, nə də onun qardaşı A.Rusanov ataları X6 2014-cü ildə vəfat edəndən sonra miras əmlakı nə faktiki (işə baxılarkən bununla bağlı heç bir sübut təqdim olunmamışdır), nə də qanunla müəyyən olunmuş qaydada və müddətdə notariat kontoruna müraciət etməklə qəbul etməmişlər və miras əmlakı qəbul etmək üçün müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa olunması üçün müvafiq tələblə məhkəməyə müraciət etməmişlər. Yuxarıda qeyd olunduğu kimi həmin mənzil 2019-cu ildə bacıları (iş üzrə cavabdeh olan Cavabdeh1) tərəfindən satılanda notariat kontoruna mənzilin özgəninkiləşdirilməsinə razı olmaları ilə bağlı ərizələrini təqdim etmişdilər. Bu faktın özü iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin vərəsəlik işi barədə məlumatlı olmasını sübut edir. Həmçinin də onu göstərir ki, onlar həmin mənzilin bacıları Cavabdeh1 tərəfindən vərəsə kimi qəbul olunmasına (və daha sonra satılmasına) etirazları olmamış və onlar hərəkətsizlik edərək öz vərəsəlik paylarından bacılarının xeyrinə faktiki olaraq imtina etmişdilər. Mənzilin satılmasından əldə olunacaq pul vəsaitinin onların üçünün arasında bərabər bölünməsi barədə onların arasında hər-hansı bir razılaşmanın olmasını təsdiq edə biləcək sübutlar isə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vərəsəlik şəhadətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, həm iddiaçının, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbi"nə dair iddia ərizələri təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar