Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1201/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı və cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktların ləğvi və aktlar üzrə hesablanmış 3164 manat məbləğində borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC tərəfindən qanunsuz və əsassız olaraq yazılmış 3000 (üç min) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Lakin xx xxxxxx 2020-ci ildə ona məxsus olan, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev 9, mənzil 83 ünvanında küçədə yerləşən işıq sayğacı sındırılmış və bununla bağlı «xxxx» ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinə özü məlumat vermişdir. «xxxx» ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları tərəfindən heç bir məlumat verilmədən və onun iştirakı olmadan 2500 (iki min beş yüz) AZN məbləğində cərimələnmişdir. Sözü gedən akta əsasən sayğacın hesablama tablosunun deşildiyi və bu tablonun oxunmadığı aşkar edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə Xəzər rayon Enerji Təchizatı və Satış idarəsinin əməkdaşları protokol tərtib edərək onun məlumatı və iştirakı olmadan işıq sayğacını dəyişdirmişlər. Dəyişdirilən bu sayğac daha sonra alışaraq yanmışdır. xx xxxxxx 2020-ci il tarixdə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları, yenə ona heç bir məlumat vermədən və iştirakı olmadan akt tərtib etməklə onu 500 (beş yüz) AZN cərimələmişlər. Akta əsasən ünvana baxış keçirilərək sayğacın əriyib yararsız halda olduğu, yenisi ilə əvəz olunmalı olduğu müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixdə isə Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları protokol tərtib edərək onun məlumatı və iştirakı olmadan işıq sayğacını dəyişdirmişlər. «xxxx» ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları tərəfindən tərtib olunan protokol və aktların heç birində iştirak etməmiş və imzası yoxdur. «xxxx» ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsinə haqqında iştirakı olmadan tərtib olunmuş aktların nüsxəsinin verilməsi ilə bağlı müraciət etsə də, müraciəti rədd olunmuş və iki aktdan hər hansı birinin surəti verilməmişdir. Qeyd olunan bu cərimə tamamilə qanunsuz və əsassız hesablanmışdır. Çünki, əgər onların qeyd etdikləri kimi sayğaca hansısa müdaxilə olunsaydı bunu işıq sayğacını dəyişən zaman tərtib edilmiş aktda ona izah edib işığın hara sərf olunmasını göstərərdilər. Odur ki, ona məxsus evə 3000 manat cərimənin yazılması əsassız və qanunsuzdur. «xxxx» ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satış İdarəsi işıq sayğacını ona məlumat vermədən, onun iştirak olmadan və təhvil-təslim etmədən quraşdırmışlar. Göstərilənlərə əsasən «xxxx» ASC tərəfindən qanunsuz və əsassız hesablanmış 3000 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini artırmış, «xxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020ci il tarixli aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış 3164 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli R №171765 saylı akta əsasən elektrik istifadə qaydaları pozulduğuna görə iddiaçıya 472.12 manat məbləğində borc, sayğacı təhvil vermədiyinə görə 74.06 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli R №171815 saylı akta əsasən isə aktın köhnə tarifinə görə 12,60 manat və elektrik istifadə qaydaları pozulduğuna görə iddiaçıya 66.55 manat məbləğində borc yazılmışdır. xx.xx.2020-ci il tarixli 1609.58 (bir min altı yüz doqquz manat, əəli səkkiz qəpik) manat məbləğində borc isə sayğac göstəricilərinə əsasən sərfiyyata dair hesablanmış borcdur. Lakin hazırda qeyd olunan borcun (1609.58 manat) hansı formada hesablanmasını və sayğacın iddiaçı tərəfindən təhvil verilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmirik. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli, Qaradağ RMKTB-nin 109 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 2 mənzil 42 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş R № 171765 saylı aktdan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi ev 9, mənzil 83 ünvanında olan sayğaca EEİQ-ya uyğun baxış keçirilən zaman sayğacın hesablama tablosunun deşildiyi və tablonun oxunmadığı müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş R № 171815 saylı aktdan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi ev 9, mənzil 83 ünvanına abonentin şifahi tələbinə əsasən baxış keçirilmiş, quraşdırılmış elektrik sayğacının tamamilə əridiyi və yararsız halda olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, ******* saylı protokoldan görünür ki, 171815 saylı akt əsasında sayğac quraşdırılmış, çıxarılan sayğac isə tam yanmışdır. «Elektroenergetika haqqında» xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan aktlar tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh “xxxx” ASC tərəfindən aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, aktlar abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, sayğacın təhvil verilməməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa hər iki aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan hər iki akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq 625.33 (R №171765 akta görə 472,12 manat + sayğac təhvil verilmədiyinə görə 74,06 manat + R №171815 akta görə 79,15 manat ) manat borc hesablanmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş abunə haqqında arayışda hesablanmış 1.609,58 manat borc xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövrü, yəni sayğacın elektron tablosunun yararsız vəziyyətdə olduğu dövrü əhatə etdiyinə görə, həmçinin cavabdeh tərəfindən qeyd olunan borcun nəyə əsasən və hansı formada hesablanmasına dair sübutlar təqdim edilmədiyinə görə qanuni hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xxxx» ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli R №171765 saylı və xx xxxxxx 2020-ci il tarixli R №171815 saylı aktlar ləğv edilməli, ünvan 3 ünvanı üzrə İddiaçı adına olan «**********90083» saylı abunə koduna qeyd olunan aktlar üzrə hesablanmış 625.33 (altı yüz iyirmi beş manat, otuz üç qəpik) manat borc və əlavə olaraq hesablanmış 1609.58 (bir min altı yüz doqquz manat, əlli səkkiz qəpik) manat borc, cəmi 2234.91 (iki min iki yüz otuz dörd manat, doxsan bir qəpik) manat məbləğində elektrik enerjisi borcu əsassız sayılaraq silinməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «xxxx» ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli R №171765 saylı və xx xxxxxx 2020-ci il tarixli R №171815 saylı aktlar ləğv edilsin. ünvan 3 ünvanı üzrə İddiaçı adına olan «**********90083» saylı abunə koduna qeyd olunan aktlar üzrə hesablanmış 625.33 (altı yüz iyirmi beş manat, otuz üç qəpik) manat borc və əlavə olaraq hesablanmış 1609.58 (bir min altı yüz doqquz manat, əlli səkkiz qəpik) manat borc, cəmi 2234.91 (iki min iki yüz otuz dörd manat, doxsan bir qəpik) manat məbləğində elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1201/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1201/2021
18.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver