Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1205/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı ödənilməmiş əmək haqqı və son haqq hesab tələbinə dair bir icraatda birləşdirilmiş iddiaları üzrə, Cavabdeh MMC və "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "AG Engineering” MMC-yə və ayrı icraatda "xxxx" MMC-yə qarşı ödənilməmiş əmək haqqı və son haqq hesab tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "AG Engineering” MMC-dən və "xxxx" MMC və sahibindən sənədləri tələb edib, ona sübut edib cəriməsinin yazılması və Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq ona düşən əmək haqqının və son haqq-hesabın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1204/2025 saylı qərardadı ilə iddiaçının ayrı-ayrı icraatlarda verdiyi tələblərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, "AG Engineering” MMC xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək baş mühasib vəzifəsində çalışmışdır. Avqust 2023 ilə aid olan əmək haqqı bank vasitəsilə kartına tam olaraq köçürülüb, çünki həmin əməliyyatı özü icra etmişdir. Lakin, sentyabr 2023 ilə aid olan əmək haqqını və son haqq-hesabı nə bank vasitəsilə kartına nədə ki, nəğd formada almamışdır. "AG Engineering” MMC-də 01- 18 sentyabr 2023-cü il tarix aralığında hər gün işə çıxmış və vicdanla öz işini yerinə yetirmişdir. Özüdə hansısa bir səbəbdən işə çıxmamaq, işdən qaçmaq, işə səhlənkar yanaşmaq, bu kimi hallar olmayıb və bu şirkətdə də olmayıb və ola da bilməz. O, öz işinə həmişə məsuliyyətli yanaşmış və vəzifə öhdəliklərini yerinə yetirmişdir. Konkret bu şirkətdə sübut üçün hər otaqda kamera mövcuddur, yəniki, 24/7 videomüşahidə var və serverə onun yazısı gedir. Sahibkardan həmin tarix aralığında olan videomüşahidəni tələb etsin. İkincisi isə, kadr işçisi hər ay hər işçiyə aid bir cədvəl yaradır başda işçinin adını göstərməklə ayın 1-dən - 30/31 kimi, orda gələn və gedən saatları göstərmək şərti ilə, öz xəttləri ilə doldurub imza atmışlar. Həmin onun imzası ilə olan cədvəl də mövcuddur. Məhkəmədən xahişi budur ki, sahibkardan həmin tarix aralığında olan cədvəli də tələb etsin. Konkret setyabrın 1 dən 18 kimi, o, saat 10.00 radələrində gəlib saat 20.00; 20.30; 21.00; 21.30 işdən çıxmışdır. Yəniki, saat 19.00 dan tez çıxan günü olmamışdır. Hətta, sentyabrın 01, 04, 05, 06 o, fasiləsiz işləmiş, fasilə etmədən. Yəniki, işin həcmi o gədər idi ki, çatdırmamışdır və yadına da düşmürdü fasilə edib nahar etmək. Onu demək istəmişdir ki, o, sentyabr ayında həmin şirkətlərdə 9 saat yox, 10 saatdan və daha artıq işləmişdir. Sübut üçün həmin 01-18 sentyabr 2024 il tarixlərdə yığdığı müştərilərə bank ödənişləri, statistika hesabatları, hesabladığını əmək haqqılar, son haqq-hesablar, əmək haqqı cədvəlləri, həmin əmək haqqı cədvəllərin əsasında kartlara ödədiyi əmək haqqları, banka sifariş verdiyi yeni bank kartları BTP də yığdığı və e-taxes.gov.az göndərdiyi ƏDV hesabatı. Yəni ki, həmin tarix aralığında bütün bu sənədlər vergi, statistika, bank sistemində mövcuddur və asan imza ilə daxil olub online-da görmək olur, onlar heç vaxt sistemdən pozula bilməz. Sentyabrın 18, iş yeri şəraitsiz və iş mühiti normal olmadığı üçün, özü könüllü ərizəsini yazıb çıxmışdır. Onu da qeyd eləmək istəmişdir ki, əgər sahibkar işçini AR ƏM-nin 68.2 “a” maddəsi ilə işdən azad edirsə, həmin işçinin tabelini boş göstərə bilməz, çünki bu qanun pozuntusudur. Məhkəmədən xahişi budur ki, sahibkara sübut eləsin ki, bu boş tabel qanuna ziddir və yolverilməzdir. Yəni ki, həmin boş tabel sonradan düzəlmə qondarma və saxta sənəddir. Həmin iki sənəd üst-üstə düşmür və bu hal birbaşa qanun pozuntusudur. Birdə bildirmək istəmişdir ki, sahibkar 68.2 ”a” maddəsinə görə şifahi hansısa bir arqument gətirsə, yaxşılıq etmişdir mənasında, bu onun üçün maraqlı deyil, ancaq sənəd əsasında. Həmin sözügedən şirkətlərin sahibi qanuna zidd hərəkət eləyir və ona görədə bu bir il ərzində nə əmək haqqı nədə ki son haqq-hesabı hələ də almamışdır. Bununla sahibkar həm qanunu pozur, həm də işçinin hüquqlarını pozur və taptalayır. Yəni ki, sahibkar ağlına gələni iş görməməlidir və görə bilməz, qanun çərçivəsində hərəkət etməlidir. 2023-cü ilin sentyabrın 01-18 kimi (12 iş günü üçün) hesabladığı əmək haqqı-700/21*12=400 manat, 1 ayın son haqq-hesabı (30/12*1aya)=2,5 gün düşən-57.57 manat, 400+57.57=457.57-43.20 (vergisi)=414.37 manat, mediasiya rüsumu və poçt xərci 65.00 manat, mənəvi sıxıntıya və mənəvi ziyan vurduqlarına görə və 1 ildən artıq əmək haqqını gözlədiyinə görə-1000 manat, cəmi 1480 manat. Cavabdeh MMC və "xxxx" MMC qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı qaldırdığı iddia ərizələrinin əsassız olduğundan təmin olunmadan rədd olunması, İddiaçı "xxxx" MMC tərfindən ödənilmiş 400 manat maddi yardım, avqust ayında hesablanmış və ödənilmiş 752.17 manat əmək haqqı, 157.81 manat fond və digər ödənişlər, cəmi 1309.98 manat, "xxxx" MMC tərfindən ödənilmiş 400 manat maddi yardım, hesablanmış və ödənilmiş 647.83 manat əmək haqqı, 132.25 manat fond və digər ödənişlər, ümumi iddia məbləğinə görə ödənilmiş 135 manat, cəmi 1315.08 manat pul vəsaitləri ondan tutularaq həmin şirkətlərə ödənilməsi, İddiaçı qanunsuz hərəkətləri nəticəsində təsisçisi və direktoru olduğum "xxxx" MMC və "xxxx" MMC-nin işgüzar nüfuzuna vurduğu ümumlikdə 12.000 manat maddi ziyan ondan tutularaq həmin şirkətlərə ödənilməsi, İddiaçı adına xx.xx.1996-cı il tarixdə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutu tərəfindən verilmiş AB-İ N 029853 saylı diplomun və onun mühasibat proqramları kurslarını bitirməyi haqqında sertifikatların həqiqiliyinin müəyyən edilməsi üçün ekspertizaya təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində bildirir ki, 2023-cü il avqust ayına olan əmək haqqı bank vasitəsilə kartına tam olaraq köçürülmüş, həmin əməliyyatı özü icra etmiş, lakin 2023-cü ilin sentyabr ayına olan əmək haqqını və son haqq hesabını almamışdır. Həmçinin o, "xxxx" MMC-nin direktorunun hansısa bir sənəd (məsələn, kassa nıəxaric orderi və ya ayrı bir nağd ödəniş sənədini) onun adından və onun imzası ilə təqdim etdiyi halda həmin sənədin saxta olacağını və şirkətin sahibinin həmin saxta sənədi təqdim etdiyi üçün məsuliyyət daşımalı olacağını və cinayət işi açılmalı olacağını, hüquqi şəxslərə ödənilən əmək haqqlarının yalnız nağdsız qaydada həyata keçirməli olduğunu bildirmişdir. Bundan başqa iddiaçı Cəmilə Eyvazova 1-18 sentyabr 2023-cü il tarixlərində hər gün işə çıxdığını və vicdanla öz işini yerinə yetirdiyini, onda hansısa bir səbəbdən işə çıxmamaq, işdən qaçmaq, işə səhlənkar yanaşmaq kimi hallarının mümkün olmadığını, öz işinə həmişə məsuliyyətli yanaşdığını və vəzifə öhdəliklərini yerinə yetirdiyini, konkret həmin şirkətdə sübut üçün hər otaqda kamera olduğunu, sübut üçün həmin görüntülərin və davamiyyət tabelinin tələb olunmasını, həmçinin iş saatından artıq işlədiyini, bəzi günləri fasiləsiz işlədiyini, iş yerinin havasız şəraitdə olduğunu, 18 sentyabr 2023-cü il tarixdə iş yeri şəraitsiz və iş mühiti normal olmadığı üçün özü könüllü ərizə yazıb öz xahişi ilə işdən çıxdığını bildirmişdir. İddiaçı son olaraq ərizəsində əgər sahibkar işçini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə A bəndi ilə işdən azad edildiyi halda həmin işçinin tabelinin boş göstərilməsinin yolverilməz olduğunu, çünki bu qanun pozuntusu olduğunu, həmin boş tabelin qanuna ziddir və yolverilməz olduğunu, həmin boş tabelin sonradan düzəlmə, yəni qondarma və saxta sənəd olduğunu, həmin iki sənədin üst-üstə düşmədiyini, həmçinin şirkət sahibinin şifahi hər hansı bir arqument gətirməsi (yaxşılıq etmək mənasında) bunun onun üçün maraqlı olmadığını, bütün halların ancaq sənəd əsasında sübut olunmasını bildirmişdir. Göründüyü kimi, İddiaçı iddia etdiyi halları təkzib edən sübutların qarşı tərəfdə olduğunu bildiyi üçün iddia ərizəsində öncədən həmin sübutların saxta olduğunu bildirməklə heç bir əsası olmayan iddiasının qəbul edilməsinə nail olmaq fikrindədir. Belə ki, "xxxx" MMC və "xxxx" MMC olmaqla təmir tikinti sahəsində fəaliyyət göstərirlər. Hər iki şirkətin təsisçisi və icraçı direktoru özüdür. Hər iki şirkətdə mühasib vəzifəsində çalışan işçinin xaricdə təhsil məqsədilə işdən ayrılması ilə əlaqədar 2023-cü il iyul ayında digər şəxslərlə yanaşı İddiaçı da iş elanlarından görüş üçün dəvət etmişlər. Görüşdə ona işin həcmi, iş rejimi və təklif olunan əmək haqqının məbləği bildirilmiş, həmçinin iş şəraiti ilə tanış edilmişdir. İş görüşməsində İddiaçı özü barədə məlumat verərək artıq uzun müddətdir mühasibat sahəsində fərqli şirkətlərdə çalışdığını, bu sahəni tənzimləyən qanunvericilik sahəsini mənimsədiyini, hazırda MMC-nin mühasibat işinin aparıldığı 1C proqramında, internet bank proqramlarında sərbəst işləmək bacarığının olduğunu bildirmişdir. Ali təhsil haqqında Azərbaycan Dövlət İqtisadiyyat İnstitunun diplomu, Bakı Maliyyə-Kredit texnikumunun diplomu ilə yanaşı mühasibat kurslarını bitirməsinə, proqramların öyrənilməsinə dair bir neçə sertifikat da təqdim etmişdir. Aralarında olan razılaşmaya əsasən İddiaçı 5 iş günü sərbəst qrafiklə hər iki şirkətin işləri, işçiləri və iş şəraiti ilə tanış olduqdan sonra 01 avqust 2023-cü il tarixdən işə başlamışdır. Bu müddətdə bir neçə dəfə ondan əmək kitabçasının əslinin təqdim olunması tələb olunsa da o, əmək kitabçasın təqdim etməmiş, işə rəsmi başladıqdan sonra təqdim edəcəyini bildirmişdir. Həmçinin sistemə giriş olunması, işçilərin əmək haqqlarının hesablanması, əmək müqavilələrinin tərtib olunması və digər işlərin yerinə yetirilməsi üçün asan elektron imza nömrələri Cəmilə Ayvazovya verilmişdir. İddiaçı 01 avqust 2023-cü il tarixə qədər, yəni rəsmi işə başlamamışdan öncə hər iki şirkətə görə cəmi 800 manat maddi yardım göstərilmişdir. İddiaçı 01 avqust 2023-cü il tarixdə əsas iş yeri olaraq "xxxx" MMC-də baş mühasib vəzifəsində, əlavə iş yeri olaraq "xxxx" MMC-də baş mühasib vəzifəsində işə başlamışdır. İddiaçı şirkətin rəhbəri olaraq ona bildirmədən özünü baş mühasib vəzifəsinə təyin etmişdir. Bir müddət sonra, təxminən 10 gün işlədikdən sonra İddiaçı istirahət üçün Antalya şəhərinə gedəcəyini bildirib 18 avqust 2023-cü il tarixdən əmək məzuniyyətinə çıxacağını bildirmiş və o, 18 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək əmək məzuniyyətində olmuşdur. Lakin, əmək məzuniyyətinə çıxdıqdan sonra müəyyən olunmuşdur ki, İddiaçı 2023-cü ilin avqust ayında cəmi 17 gün işdə olmasına baxmayaraq, hər iki şirkətdə həmin ay üçün özünə tam əmək haqqı hesablamışdır. Bunun səbəbinin onun özündən soruşduqda İddiaçı istirahətə getdiyi üçün ona pul lazım olduğunu, növbəti ayın əmək haqqının hesablanması zamanı bunun nəzərə alacağını bildirmişdir. Çalışdığı müddətdə İddiaçı qanunsuz hərəkətləri və məsuliyyətsizliyi nəticəsində hər iki şirkətin işgüzar nüfuzuna xələl gəlmiş, bununla da həmin şirkətlərə maddi ziyan vurulmuşdur. İlkin olaraq bildirmişdir ki, əgər hazırkı iddia ərizəsi İddiaçı özü tərəfindən tərtib olunmuşdursa, bu özü onun savad və peşə biliklərinin göstəricisi kimi qəbul edilməlidir. İddia ərizəsi həm "Azərbaycan dilinin Orfoqrafiya Normalarına riayət olunması baxımdan, həmçinin mahiyyət etibar ilə xətalardan və yanlış məlumatlardan ibarətdir. İddia ərizəsinə diqqət yetirsəz İddiaçı iddia etdiyi halları və irəli sürdüyü fikirləri təkzib edən sübutların qarşı tərəfdə olduğunu bilir və həmin sübutlara öncədən qiymət verərək saxta olduğunu bildirir. Həqiqətdə məsələ aşağıdakı kimidir: İddiaçı iş görüşməsində peşə bilikləri barədə yalan məlumatlar vermiş, özünü mühasibatlıq sahəsində peşəkar işçi kimi təqdim etmişdir. Lakin çalışdığı müddətdə verdiyi bütün məlumatların yalan olduğu üzə çıxmışdır. Belə ki, həmin müddətdə onun ümumiyyətlə mühasibatlıq sahəsində olan proqramlardan məlumatının olmadığı, sadə əməliyyatlar olan işçilərin işə götürülməsində, məzuniyyət və əmək haqqlarının hesablanmasında dəfələrlə səhvə yol verilməsi halları baş vermiş, bununla da şirkətlə işçilər arasında dəfələrlə anlaşılmazlıq yaranmışdır. İşlədiyi yarım avqust və yarım sentyabr ayları ərzində İddiaçı heç bir hesabat verməmişdir. Əvvəla "xxxx" MMC ilə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-yə aid aylıq ƏDV hesabatları 2020-ci ildən bu günə kimi "xxxx" MMC tərəfindən hazırlanır və təqdim edilir. "xxxx" MMC-yə həmin dövr ərzində xaricdən idxal edilmiş malların mədaxili İddiaçı tərəfindən icra edilməmişdir. Bu hesabat və rəsmiləşdirilmələrin aparılmasına sadəcə olaraq İddiaçı nə savadı, nə də bacarığı imkan verməmişdir. Bundan əlavə, İddiaçı 2024-cü il oktyabr ayında adları çəkilən şirkətlər barəsində X1 Xidmətinə əsassız və şirkətlərin işgüzar nüfuzuna zərər yetirən yalan məlumatlardan ibarət müraciət etdikdən sonra həmin xidmətin sorğusunun cavablandırılması məqsədilə İddiaçı hər iki şirkətdə işlədiyi 2023-cü ilin avqust və sentyabr ayları yoxlanılmış və bir sıra araşdırmalar aparılmışdır. Beləliklə, şirkətlərin həmin dövrdə çalışan əməkdaşlarının verdiyi məlumatlara əsasən İddiaçı müəyyən əməliyyatları yerinə yetirən zaman "AnyDesk" proqramından (kompüterin uzaqdan idarə olunması üçün nəzərdə tutulan proqram) istifadə etməsi, yəni müəyyən əməliyyatları bacarmadığı üçün şəxsiyyəti məlum olmayan başqa şəxslərə həmin əməliyyatları icra etdirmiş və Ayvazova iş vaxtı bitdikdən sonra bu səbəbdən ofisdə qalmış, bununla da kənar şəxslərin köməyindən istifadə etdiyini digər işçilərdən gizlətməyə çalışmışdır. Bununla da İddiaçı şirkətlərə məxsus şəxsi məlumatların digər şəxslərin əlinə keçməsinə şərait yaratmışdır. Həmçinin 2024-cü ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra tərəfindən aparılmış araşdırma zamanı həmin dövrdə İddiaçı ilə birlikdə çalışan şirkətin keçmiş qadın əməkdaşının təqdim etdiyi videogörüntülərə və verdiyi məlumatlara əsasən İddiaçı iş prosesi zamanı bir neçə dəfə şirkətin digər əməkdaşları arasında iş otağında şirkətlərin fəaliyyəti ilə bağlı və şirkətlərə aid olan şəxsi məlumatların keçdiyi danışıqların gizli şəkildə audio səs yazılarının aparmışdır. Bu hallar şirkətin əməkdaşları tərəfindən müəyyən edilmiş, həmin anlar video və foto görüntü ilə qeydə alınmış, lakin Ayvazovanın qadın olması, işə yeni başlaması səbəbindən həmin məlumatlar və videogörüntülər həmin dövrdə şirkət rəhbərliyinə təqdim olunmamışdır. Bunları təsdiq edən həmin foto və videogörüntülər yaddaş diskində məhkəməyə təqdim olunacaqdır. Həmçinin İddiaçı məsuliyyətsizliyi nəticəsində, yəni 3-cü rüb 2023-cü il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyənnamə hesabatları və arayışları müəyyən edilən müddətdə təqdim etmədiyinə görə "xxxx" MMC və "xxxx" MMC barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eləcə də mühüm olan hallardan biri də budur ki, İddiaçı məhkəməni də aldadaraq iddia ərizəsində "ağır iş rejimi" ilə əlaqədar öz xahişi ilə vəzifəsindən azad olunduğunu qeyd etmişdir. Halbuki xx.xx.2023-cü il tarixdə Ayvazovaya tutduğu vəzifəyə qətiyyən uyğun olmadığı tərəfimdən izah edilmiş, Ayvazova bütün iradları şərtsiz qəbul etmiş, MMC-lərdən aldığı əmək haqqlarını belə geri qaytarmağa razı olduğunu bildirmişdir. Bütün göstəricilərilə ən ağır maddə ilə işdən azad edilməyi haqq edən Ayvazova iddia ərizəsində qeyd etdiyi kimi tərəfimdən yaxşılıq, humanistlik edilərək öz xahişi ilə azad edilmişdir. İşdən azad ediləndən bir ildən artıq müddət keçdikdən sonra bir dəfə də olsun müraciət etmədən X1 Xidmətinə şikayət etmiş, şikayəti Xidmət tərəfindən əsassız hesab edilmişdir. Ayvazova müəssisə rəhbəri olaraq onu aldadaraq yalan təqdimatla uyğun olmadığı vəzifəyə təyinat almış, əmək haqqı adı altında müəssisələrin vəsaitini mənimsəmişdir. Vəzifə öhdəliklərini yerinə yetirmədən vəsait əldə edilməsi mənimsəmə hesab edilməlidir. Ayvazovanın iddia ərizəsində iş yerinin havasız şəraitdə olduğunu, 18 sentyabr 2023-cü il tarixdə iş yeri şəraitsiz və iş mühiti normal olmadığı üçün könüllü şəkildə ərizəsini yazıb işdən çıxması kimi həqiqətə uyğun olmayan, şirkətləri nüfuzadan salan ifadəsinə cavab olaraq, müasir şəkildə təmir olunmuş və işçilər üçün bütün şəraitin yaradıldığı qeyd olunan şirkətlərin əməkdaşlarının çalışdığı ofisin şəraitini əks etdirtən videogörüntünün köçürüldüyü disk məhkəməyə təqdim olnur. Bununla yanaşı İddiaçı adına xx.xx.1996-cı il tarixdə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutu tərəfindən verilmiş AB-İ N029853 saylı diplomun həqiqiliyi müəyyən edilmək üçün ekspertizaya göndərilməli, onun mühasibat proqramları kurslarını bitirməyi haqqında sertifikatların və diplomun həqiqiliyi yoxlanılmalıdır. Göründüyü kimi, İddiaçı 2023-cü ilin avqust ayında 13 gün işdə olmasına baxmayaraq, dövlət orqanlarına ünvanladığı şikayətlərdə və məhkəmədə qaldırdığı iddia ərizəsində həmin ayı tam olaraq işlədiyini yalandan bildirməklə və həmin aya görə aldığı tam əmək haqqını gizlətməklə işlədiyi şirkətlərin barəsində əsassız və bilə-bilə yalan informasiyalar yaymaqla, tərəflər arasında bağlanılmış müqavilə ilə təsbit olunmuş vəzifə öhdəliklərini və əmək qanunvericiliyi ilə müəyyən edilmiş normaları pozmaqla şirkətlərin kommersiya sirrini təşkil edən məlumatları üçüncü şəxslərə çatdırmaqla, həmçinin onun məsuliyyətsizliyi nəticəsində şirkətlərə cərimələrin tətbiq olunmasına və öz hərəkətləriilə şirkətləri əməkdaşları arasında nüfuzdan salmaqla həmin şirkətlərə maddi ziyan vurulmasına səbəb olmuşdur. Hazırda baş tutan bu məhkəmə prosesi qəbul ediləcək qərardan asılı olmayaraq müəssisələrin bu tarixdən sonra iştirak edəcəyi tenderlərdə iştirakına "məhkəmə çəkişmələrinə cəlb edilmisiniz" cavabı ilə əngəl yaradacaqdır. Odur ki, İddiaçı qaldırdığı iddia ərizələri əsassız olduğundan təmin olunmadan rədd olunmalı, İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 400 manat maddi yardım, avqust ayında hesablanmış və ödənilmiş 752.17 manat əmək haqqı, 157.81 manat fond və digər ödənişlər, cəmi 1309.98 manat, "xxxx" MMC tərfindən ödənilmiş 400 manat maddi yardım, hesablanmış və ödənilmiş 647.83 manat əmək haqqı, 132.25 manat fond və digər ödənişlər, cəmi 1180.08 manat, həmçinin onun qanunsuz hərəkətləri nəticəsində təsisçisi və direktoru olduğu "xxxx" MMC və "xxxx" MMC-nin işgüzar nüfuzuna vurduğu ümumlikdə 12.000 manat maddi ziyan ondan tutularaq həmin şirkətlərə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi X3 ilk iddialar üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, onların rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan işəgötürən "xxxx" MMC X3 şəxsində və işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu müddətsiz həmin şirkətə baş mühasib vəzifəsinə işə götürülmüşdür. Müqavilədə əsas iş kimi qeyd edilmişdir. İş materiallarında olan işəgötürən "xxxx" MMC X3 şəxsində və işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu müddətsiz həmin şirkətə baş mühasib vəzifəsinə işə götürülmüşdür. Müqavilədə əlavə iş kimi qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müaviləsinə “AR ƏM-nin 68.2 “a”-tərəflərin birinin təşəbbüsü maddəsinə əsasən həmin tarixdən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müaviləsinə “AR ƏM-nin 68.2 “a”-tərəflərin birinin təşəbbüsü maddəsinə əsasən həmin tarixdən xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışlara baxış zamanı ona xx.xx.2023-cü il tarixdə 684.31 manat, 06 09.2024-cü il tarixdə isə 585.71 manat ödənişin olunduğu müəyyən edilmişdir. O, "xxxx" və "AG Engineering” MMC tərəfindən araşdırmaya müvafiq qaydada təsdiqedici sənədlər (iş vaxtın uçotu tabelləri və digər müvafiq təsdiqedici sənədlər) təqdim olunduqdan sonra müraciətinə yenidən baxılaraq cavab yeriləcəkdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində ünvanladığı növbəti müraciəti ilə əlaqədar bildirilmişdir ki, qeyd olunan müəssisələr tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır müraciətində qeyd etdiyiz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş xxxxxxx001400 nömrəli əmək müqaviləsi bildirşindən görünür ki, işəgötürən "xxxx" MMC-ilə iddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin başlanma tarixi xx.xx.2023-cü il olmaqla, aylıq əmək haqqı 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş xxxxxxx001401 nömrəli əmək müqaviləsi bildirşindən görünür ki, işəgötürən "xxxx" MMC-ilə iddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsi üzrə müəyyən edilmiş aylıq əmək haqqı 1000 manat məbləğdən dəyişdirilərək 700 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş xxxxxxx001300 nömrəli əmək müqaviləsi bildirşindən görünür ki, işəgötürən "xxxx" MMC-ilə iddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin başlanma tarixi xx.xx.2023-cü il olmaqla, aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. İş materiallarında olan olan işəgötürən "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş və imzalanmış 2023-cü ilin avqust ayı üçün hesablama, ödəmə cədvəlindən görünür ki, İddiaçı cəmi 23 iş gününə görə ümumilikdə 684,31 (xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün aylıq əmək haqqı 1000 manat olmaqla hasablanmış, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üçün aylıq əmək haqqı 700 manat olmaqla hasablanmışdır) manat məbləğində əmək haqqı ödənilmiş, sentyabr ayı üçün isə əmək haqqı hesablanmamışdır. İş materiallarında olan olan işəgötürən "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş və imzalanmış 2023-cü ilin avqust ayı üçün hesablama, ödəmə cədvəlindən görünür ki, İddiaçı cəmi 23 iş gününə görə ümumilikdə 585,71 manat məbləğində əmək haqqı ödənilmiş, sentyabr ayı üçün isə əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə hər iki iddianın “2023-cü ilin sentyabrın 01-18 kimi (12 iş günü üçün) 414.37 manat”ın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi ona işlədiyi sentyabr ayının günlərinə görə əmək haqqı ödənilməmişdir. Cavabdehlərin nümayəndəsi tərəfindən əvvəlki iclaslarda iddiaçının öz vəzifələrini lazımi qaydada icra etmədiyi əsası ilə ona son haqq-hesabın və 12 iş günü üçün əmək haqqının ödənilmədiyi etiraf edilimişdir. İşin hallarını, eyni zamanda cavabdehlərin nümayəndəsinin iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsini nəzərə alaraq aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsait”də də əmək haqqı və digər pul alacaqları (iqtisadi dəyəri olan nemətlər) əmlak hüququ hesab edilsə də, onları tələb etmək hüququna tətbiq olunan müddətlər iddia müddəti hesab olunduğu vurğulanmışdır. İş materiallarına əlavə edilmiş Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş arayışlardan görünür ki, iddiaçı Cavabdeh MMC və "xxxx" MMC-yə mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərmiş, məhkəməyə iddia tələbləri ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də, iddiaçı pul tələbinə dair iddia verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərmişdir. Beləliklə, iddiaçı sözügedən tələblərlə bağlı iddia müddətini ötürdüyündən hər iki cavabdehə qarşı “2023-cü ilin sentyabrın 01-18 kimi (12 iş günü üçün) 414.37 manat”ın tutulması hissəsində iddia müddətini ötüməsi əsası ilə iddialar təmin edilməməlidir. Məhkəmə iddia tələblərinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 1.000 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlər tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Məhkəmə həmçinin qeyd edir ilk iddia tələbləri təmin edilmədiyindən çəkilmiş mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin "xxxx" MMC tərfindən ödənilmiş 400 manat maddi yardım, avqust ayında hesablanmış və ödənilmiş 752.17 manat əmək haqqı, 157.81 manat fond və digər ödənişlər, cəmi 1309.98 manat, "xxxx" MMC tərfindən ödənilmiş 400 manat maddi yardım, hesablanmış və ödənilmiş 647.83 manat əmək haqqı, 132.25 manat fond və digər ödənişlər” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin əsas hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 141-ci maddəsinin birinci hissəsinə əsasən Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürənlərin müqavilə əsasında ödədikləri əmək haqqı, yardımlar və sairə ödənişlərin işçinin peşəkar olmaması əsası ilə geri tələb etmələri qanunda nəzərdə tutulmadığından, bu hissədə qarşılıqlı iddia tamamilə əsassız olduğu üçün təmin edilə bilməz. Eyni zamanda qarşılıqlı iddia tələbinin 12000 manat mənəvi ziyanın tələb edilməsi əsası da heç bir mötəbər sübutlarla əsaslandırılmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, əsas hissədə qarşılıqlı iddianın rədd edilməli olması səbəbindən mənəvi ziyanın ödənilməsi tələbi də rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “İddiaçı adına xx.xx.1996cı il tarixdə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutu tərəfindən verilmiş AB-İ N 029853 saylı diplomun və onun mühasibat proqramları kurslarını bitirməyi haqqında sertifikatların həqiqiliyinin müəyyən edilməsi” barədə qarşılıqlı iddianın verilməsi üçün Cavabdeh MMC və "xxxx" MMC-nin sübyektiv hüquqları mövcud olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən bu maddənin 6-cı hissəsi nəzərə alınmaqla əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə peşə hazırlığı və təhsili barədə müvafiq sənəd təqdim edilir. Əmək müqaviləsi könüllü bağlanan əqddir. İşəgötürən işçi ilə əmək müqaviləsi bağlayarkən sonuncunun təyin ediləcəyi vəzifə xüsusiyyətlərinə uyğun olan peşə hazırlığı barədə sənədləri qəbul etməklə, onları kifayət qədər uyğun saymış və bunun əsasında aralarında əmək müqaviləsi rəsmiləşdirilmişdir. Hazırda tərəflər arasında əmək müqaviləsinə xitam verildikdən sonra keçmiş işçinin peşə hazırlığını mübahisələndirməklə onun təqdim etdiyi diplom yaxud sertifikatın saxta olmasını iddia etmək heç bir hüquqi nəticə doğurmur. Belə ki, tərəflər arasında qüvvədə olan əmək müqaviləsi artıq mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə və "xxxx" MMC-yə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı ödənilməmiş əmək haqı və son haqq hesab tələbinə dair bir icraatda birləşdirilmiş iddiaları təmin edilməsin. Cavabdeh MMC-nin və "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə və "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1205/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1205/2025
25.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver