Məhkəmə qərarları › İş №2(006)-1207/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1207/2025

11.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1207/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli beh müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında hazırki mülki işin baxılmamış saxlanılması məsələsi müzakirə edilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin mövqeyinə münasibətdə izahatında qeyd etmişdir ki, qeyd edilən digər mülki işlə bağlı hakim iddianın predmetindən kənara çıxmaq istəməmiş, belə ki, həmin iddianın predmeti ikiqat behin tutulması olmuşdur. Lakin, Ali Məhkəmənin mövqeyi vardır ki, əqdlə bağlı mübahisə vardırsa, məhkəmə tərəfindən ilk növbədə əqdin etibarlılığı yoxlanılmalıdır. Həmin mülki iş üzrə isə əqdin etibarlılığı məsələsi məhkəmə baxış iclası mərhələsində mübahisələndirildiyindən məhkəmə qətnamədə əqdin etibarlılığı məsələsinə toxuna bilməmişdir. Həmin qətnamə iddiaçı tərəfin xeyrinə olmuşdur. Hazırda həmin qətnamə iddiaçı tərəfindən əqdin etibarlılığı məsələsinə görə mübahisələndirilsə, məntiqi cəhətdən belə çıxır ki, iddiaçı tərəf həmin qətnamə ilə ümumiyyətlə razı deyildir və nəticədə, öz əleyhinə qətnamə qəbul edilməsinə səbəb olacaqdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin mövqeyini dinləyib hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, daha əvvəl hazırki iş üzrə cavabdeh olan Cavabdeh İddiaçı qarşı behin ikiqat tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(006)-2832/2024 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, “cavabdeh tərəfindən beh müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı məsələ baxış mərhələsində irəli sürüldüyündən məhkəmə beh müqaviləsinin etibarsızlığı məsələsini kifayət qədər araşdırmaq imkanından məhrum olmuş, hazırki mərhələdə məhkəmə yalnız irəli sürülən tələbin əsaslılığı ilə bağlı məsələ araşdırılmışdır”. Sözügedən qətnamədən daha sonra Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-753/2025 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2024-cü il tarixli, e- 2(006)-2832/2024 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi behin iki qat tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə baxılarkən cavabdeh (hazırki iş üzrə iddiaçı) tərəfindən əqdin etibarlılığı məsələsi mübahisələndirilməsinə baxmayaraq və Ali Məhkəmənin mövqeyinə əsasən əqdlə bağlı mübahisə yarandıqda, məhkəmə tərəfindən ilk növbədə əqdin etibarlılığı məsələsinə hüquqi qiymət verilməli olmasına baxmayaraq, həmin məsələ məhkəmə baxışı mərhələsində irəli sürüldüyündən məhkəmə tərəfindən əqdin etibarlılığı məsələsi araşdırılmamış və yekun məhkəmə aktında da həmin məsələyə hüquqi qiymət verilməmişdir. Sözügedən qətnamədən Cavabdeh sonradan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qətnamə hazırki iş üzrə iddiaçının xeyrinə qəbul edilmiş olsa belə, əqdin etibarlılığı məsələsi hazırda mübahisə predmetidir və əgər məhkəmə hazırki işə baxaraq iddia tələbini gələcəkdə təmin etmiş və əqd etibarısz hesab etmiş olsa, o zaman Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi bir növ öz əhəmiyyətini itirmiş olacaqdır, çünki Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən mövcud bir əqdə əsaslanmış və hüquqi qiymət verilmişdir. Bu halda bu məhkəmədə yenidən eyni predmetə hüquqi qiymət verilməsi qanunsuz olacaqdır. Məhkəmə hesab edir ki, nə qədər ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfin kassasiya şikayəti verərək, əqdin etibarlılığı məsələsini yenidən mübahisələndirmək hüququ var, o zaman hazırki mülki işə baxılması məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi istiqamətində məqsədəmüvafiq hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni əsaslarla mübahisə üzrə iş başqa məhkəmənin icraatında olduğundan İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia tələbi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia tələbi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar