Məhkəmə qərarları › İş №2(006)-121/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-121/2021

16.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-121/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İlkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili X1, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka dair qanun üzrə vərəsəliyin açılması» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik payının müəyyən edilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, ataları X7 28.12.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra altı vərəsəsi qalmışdır – İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır. Atalarından ünvan 1 ünvanda 3 otaqlı həyat evi miraas qalmışdır. Bu evə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya FM, 006032 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Ataları sağlığında həmin yaşayış evini iddiaçılardan İddiaçı2 notarial qaydada vəsiyyət etmişdir. Hal-hazırda həmin evdə bacıları Cavabdeh1 yaşayır. Bacıları Cavabdeh1 onların ata evləri ilə bütün əlaqələrini kəsmişdir. Halbuki onlar ataların sağlığınla və onun ölümündən sonra atalarından miras qalmış əmlaka faktiki sahiblik etmişlər və həmin əmlakdan istifadə etməklə mirası qəbul etmişlər. Mərhum atalardan miras qalmış əmlakın bölüşdürülməsi barədə digər vərəsələrlə razılıq əldə edə bilmirlər. Beləliklə onların ataları X3 miras qalmış əmlakdan vərəsəlik üzrə pay almaq hüquqları varlır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM 006032 saylı qeydiyyat vəsiqəsi əsasında ataları X3 miras qalmış yaşayış evinin onlar tərəfindən qəbul edilmiş hesab edilməsi, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya FM 006032 saylı qeydiyyat vəsiqəsi əsasında ataları X3 miras qalmış yaşayış evindən miras payların müəyyən edilərək, ayrılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka dair qanun üzrə vərəsəliyin açılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışlar ki, ataları X7 2017-ci ilin dekabr ayının 28-də rəhmətə getmişdir. Atalarından miras olaraq Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 110 saylı ev qalmışdır. Ataların vəfatından sonra məlum olmuşdur ki, guya atası yuxarıda qeyd olunan evi bacısı İddiaçı2 vəsiyyət etmişdir. İddiaçılar hesab edirlər ki, həmin vəsiyyətnamə atasının əsl iradəsinin əks etdirmir və onun ziddinə olaraq tərtib edilmişdir, bu səbəbdən də etibarsız hesab edilməlidir. Belə ki, anası 1980-ci ildə rəhmətə getmişdir. Atası bir daha evlənməmiş, elə o vaxtdan da Cavabdeh1 ona və digər bacı-qardaşlarına qulluq edib, qayğılarına qalmışdır. Hər bir zaman atanın yanında olaraq ona maddi və mənəvi dəstək, «qulaq yoldaşı» olmuşdur. Məlum hadisələrə görə onlar qaçqın düşərək Azərbaycana gəldikdən sonra Bakı şəhərində məskunlaşmışlar. İddiaçı hələ atasının sağlığında həmin evdə qeydiyyatda olmaqla yaşayır. Onlar ailədə altı uşaqdırlar. Onların hər biri ailəli olmaqla, ailələri ilə birlikdə özlərinə məxsus evdə yaşayırlar. Qardaşı İddiaçı1 isə ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşayır. Kiçik qardaşı Cavabdeh3 Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmaqla orada yaşayır. Bacısı İddiaçı2 Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olsa da, iyirmi ilə yaxındır ki, Rusiya Federsiyasında yaşayır. Bacısı Cavabdeh2 Rusiya Federasiyası vətəndaşıdır və orada yaşayır. Kiçik bacısı Cavabdeh4 isə Almaniyada yaşayır. Atası həmişə deyirdi ki, «evi sənə vəsiyyət edəcəm, kimsəyə möhtac olmayasan, balalarımdan bir səndən narahatam, o birilərin evi, ailəsi, uşaqları var». Lakin atası rəhmətə gedəndən sonra onlara məlum olmuşdur ki, qardaşı Vilayət bacıları Mirvari və Qızqayıtla birləşərək evi ələ keçirmək məqsədilə 2012-ci ilin yanvar ayında, onların xəbərləri olmadan atası notariusa aparıb (vəsiyyətnamə yazmaq üçün atasını Bakı şəhəri 26 saylı notariat kontoruna aparmışlar, hərçənd ki, 22 saylı notariat kontoru evlərinə daha yaxın məsafədə yerləşir və notariusla bağlı bütün sənədləşmə işləri məhz həmin kontorda aparmışlar), orada onu aldadaraq vəsiyyətnaməni onun adına deyil, Mirvarinin adına yazdırmışdır. Atası latın qrafikası ilə yaxıb oxuya bilmirdi. Həmçinin atası son vaxtlar «demensiya xəstəliyi»ndən (yaddaşı pozulmuşdu, bəzən öz övladlarını belə tanımırdı, gecə-gündüzü, gedəcəyi və ya qayıdacağı yolu səhv salırdı) əziyyət çəkirdi. Bundan az öncə isə, yəni 2011-ci ilin noyabr ayında atasının xəbəri olmadan iddiaçı ona verilmiş etibarnamə əsasında bacısı Zinyət ailə üzvləri ilə birlikdə həmin evdən qeydiyyatdan çıxarmışdır. Atası evi İddiaçı2 vəsiyyət etməzdi. Belə ki, mərhum atasının Mirvari ilə münasibəti həmişə pis olmuş, sonuncu atasına qarşı həmişə kobudluq etmiş, sözünü eşitməmiş, heç vaxt qayğısına qalmamış, bir xoş sözlə belə könlünü sevindirməmişdir. Bu səbəbdən də atası İddiaçı2 adına vəsiyyətnamə verə bilməzdi. Vəsiyyətnamə verilən vaxt atası anlaqsız vəziyyətdə olmuş, nəyə imza atdığını belə bilməmişdir. Onun vəziyyətdən istifadə edərək həmin vəsiyyətnaməyə imza etdirmişlər. Vəsiyyətnamə söhbəti açılmasın deyə atasını istəyinə zidd olaraq (belə ki, atası gedərkən ağlayırdı, öz evində iddiaçı ilə qalmaq istəyirdi) onu Rusiya Federasiyasında yaşayan bacısı Qızqayıtın yanına aparmışlar. Atam elə orada da vətəndən uzaqda vəfat etmişdir. Bunlardan başqa, 2017-ci ilin dekabr ayında iddiaçı, eyni üsulla, yəni atasının xəbəri olmadan (belə ki həmin vaxt atası Rusiya Federasiyasında idi) iddiaçını da həmin evin qeydiyyatından çıxarmaq istəmiş (bu barədə məhkəməyə müraciət etmişdir), lakin atasının qəfil ölümü onun planlarını pozmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri 26 saylı notariat kontorunda Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 110 saylı evə dair atası X5 adından İddiaçı2 verilmiş 24 yanvar 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə, yuxarıda qeyd edilən əmlak üzrə qanun üzrə vərəsəliyin açılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qərardadı ilə 22.09.2019-cu il tarixdə ölmüş İddiaçı2 hüquqi varisi müəyyən edilənədək mülki işin icraatı dayandırılmışdır. Nəsimi rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı2 oğlu X8 prosessual hüquq varis kimi işə cəlb edilərək mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbininə uyğun izahat verərək iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Qarşlıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 26 saylı Notariat Kontorunun nümayəndəsi tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə mülki işə ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 və qarşlıqlı iddia üzrə cavabdeh Bakı şəhəri 26 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 08.08.2001-ci il tarixli, FM seriyalı, 006032 №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 39 saylı reyestr kitabının 5879 nömrəli vərəqində, 30/15943 nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə X7 tərəfindən 24.01.2012-ci il tarixdə tərtib edilmiş və Bakı şəhəri 26 saylı notarit kontorunda təsdiq edilmiş vəsiyyətnaməyə əsasən, X7 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 10.01.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 28.12.2017-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində ölmüşdür. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən verilmiş arayışın kserosurətindən görünür ki, mərhum X7 ünvan 1 ünvanında ölən günə kimi 28.12.2017-ci il tarixədək qızı Cavabdeh1 ilə birlikdə yaşayıb və qeydiyyatda olub. Halhazırda qeydiyyatda Cavabdeh1 təkdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən ünvan 4 ünvanlanmış 11.02.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinn 31.08.2018ci il tarixli qətnaməsi ilə atası X7 olması və anası X9 1980-cı ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gülüstan kəndində vəfat etməsi faktı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alıb ona və qardaşı Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4236/2018 saylı, 31.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçilər Cavabdeh1 və Cavabdeh3 atalarının X7 olması və anaları X9 1980-cı ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunun Gülüstan kəndində vəfat etməsi faktların müəyyən edilməsi, hazırki qətnamənin doğum haqqında akt qeydində qeydin düzəldilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, hazırki qətnamənin ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən ünvan 4 ünvanlanmış 01.03.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 1 ünvanında yaşamış və 27.12.2017-ci ildə vəfat etmiş atası X3 qalmış miras əmlakı qəbul edir. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 2(078)-310/2014 saylı, 07.05.2014-cü il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh3 ilə X4 bacıqardaş olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən ünvan 4 ünvanlanmış 16.03.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, mərhum atası 28.12.2017-ci il tarixdə vəfat etmiş X3 ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miradan ona çatan payı qəbul edir. İş materiallarında olan İddiaçı1 tərəfindən ünvan 4 ünvanlanmış 15.02.2019-cu il tarixli ərizənin kserosurətindən görünür ki, 28.12.2017-ci il tarixdə ölmüş atası X3 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması üçün bacısı İddiaçı2 adından etibarnamə əsasında çıxış edərək təqdim etdiyi sənədləri geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydda təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı2 22.09.2019-cu il tarixdə Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin 11.01.2021-ci il tarixli məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemində saxlanılan məlumatlara əsasən İddiaçı2 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Məhkəmə ilk öncə qarşılıqlı ilkin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.2ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində vəsiyyətnamənin etibarsız hesab edilməsi halı kimi vəsiyyət edənin savadsız olması bildirilmiş və bu halda üç şahidin iştirakı ilə tərtib olunmasının vacib olduğu qeyd edilmişdir. Yuxarıda qeyd olunan halın təsdiqi üçün qarşılıqlı iddia üzrə iddiaçı heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız öz mülahizələrinə əsaslanmışdır. Verilən vəsiyyətnamədə həmçinin notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılaraq notariusun və iki şahidin iştirakı ilə tərtib olunması öz təsdiqi taparaq iddianın əksini sübut etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin qarşılıqdı iddia üzrə iddianın qanun üzrə vərəsəliyin açılması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən vəsiyyətnamə etibarlı hesab edildiyindən və qanunvericiliyin tələblərinə əsasən (qanun üzrə vərəsəlik o zaman müəyyən edilir ki, miras qoyan vəsiyyətnamə qoymur və ya məhkəmə tərəfindən həmin vəsiyyətnamə qismən və ya tam etibarsız hesab edilir) qarşılıqlı iddia qanun üzrə vərəsəlik işinin açılması hissəsində təmin oluna bilməz. Məhkəmə ilkin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məhkəmə ilkin iddia üzrə iddianın mirasın qəbul edilmiş hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hər iki iddiaçılar (həmçinin digər vərəsələr) mirasın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına müraciət etmiş, müraciətləri öz ərizələri əsasında qeydə alınmış, lakin vərəsələr arasında qeyd olunan əmlakla bağlı mübahisə olduğundan notariat kontoru tərəfindən rəsmiləşdirilmə sonadək aparıla bilməmişdir. Bu halın özü hər iki vərəsə tərəfindən mirasın qəbul edilməsinə yönəlmiş hərəkət olmuş, lakin müxtəlif səbəblərdən notariat orqanında rəsmiləşdirilə bilməmişdir. Odur ki, iddia tələbi mirasın qəbul edilmiş hesab edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə ilkin iddianın digər hissəsi olan miras paylarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçı X6 ( İddiaçı2 hüquqi varisi) vərəsəlik payı üzrə vəsiyyətnamə mövcud olduğundan və məhkəmə tərəfindən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir səbəb olmadığından iddiaçının payı artıq vəsiyyətnamə üzrə müəyyən olunduğundan yenidən miras paylarının bölünməsinə zərurət qalmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı X6 (İddiaçı2 hüquqi varisi) miras paylarının bölünməsi barədə ilkin iddiası əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə həmçinin ilkin iddia üzrə digər iddiaçı X2 miras paylarının müəyyən edilməsi hissəsi ilə bağlı bildirir ki, nə qədərki miras qoyan X7 tərəfindən tərtib edilmiş vəsiyyətnamə mövcud olduğundan və məhkəm tərəfindən bu etibarsız və ya qismən etibarsız hesab edilmədiyindən miras əmlakının taleyi müəyyən edilmiş və vəsiyyət üzrə vərəsə İddiaçı2 vəsiyyət edilmişdir. Bu halın özü isə ilkin iddia üzrə İddiaçı1 mirasın müəyyən edilərək bölünməsi barədə iddiası əsassız olmuş və ilkin iddia üzrə iddiaçının yalnız müstəqil qaydada sonradan məhkəməyə müraciət etməklə miras qalmış əmlakdan məcburi payının müyyən edilməsi barədə iddia vermək hüququ mövcud olaraq qalmışdır. Odur ki, ilkin iddia üzrə İddiaçı1 ilkin iddiası bu hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə yekunda yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka dair qanun üzrə vərəsəliyin açılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mirasın qəbul edilmiş hesab edilməsi, vərəsəlik payının müəyyən edilməsi» tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka dair qanun üzrə vərəsəliyin açılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar