Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-121/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “müqavilənin dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “müqavilənin dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7811287A128 saylı müqaviləni dəyişdirərək, həmin müqavilə üzrə əsas borcun 80 (səksən) faizinin, yəni 15748 manat azaldılması və faiz borcunun (12068 manat) tamamilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Vətən Müharibəsi qazisi, müharibə əlili olmaqla, 6 medalla təltif edilmişdir. Cavabdeh ASC iddiaçının hüquqlarını pozaraq onun üzərinə çox ağır maddi öhdəlik qoymuş, öz təqsirli hərəkəti ilə zərərin sığorta vasitəsilə kompensasiya edilməsinin qarşısını almış, qanunsuzluğa yol vermişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh ASC-dən 2000 manat məbləğində kredit götürmüşdür. Lakin o, 6 ay sonra xidmətdən kənarlaşdırılmışdır. Banka olan kredit borcunu ödəyə bilmədiyindən, xəstəliyi və işdən azad edilməsi ilə əlaqədar olan sənədləri götürüb Cavabdeh ASC-yə müraciət etmiş və müraciətində sığorta vasitəsilə zərərin kompensasiya edilməsinin təmin olunmasını xahiş etmişdir. Lakin Cavabdeh ASC işi yubatmış və iddiaçının xahişini nəzərə almamışdır. Halbuki, məlumat verilsəydi, sığora şirkəti kredit məbləğinin 80 % hissəsini qarşılayacaqdı. Cavabdeh ASC bunu etməkdənsə, yeni kredit qrafiki açaraq iddiaçını yeni kredit müqaviləsi bağlamağa məcbur etmişdir. İddiaçı zənn etmişdir ki, zərər sığorta vasitəsilə kompensasiya olunacaqdır. Lakin Cavabdeh ASC 19685 manat kredit borcunu yenidən qeyd etmiş və üstəlik 12068 manat faiz müəyyənləşdirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının şəhadətləndirilməsi həyata keçirilmiş, xx.xx.2020-ci il tarixdə partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən ifadə olunmuş üzvi dissosiativ pozuntu, postkommasion sindrom, davranış pozuntusu ilə psixotik əlamətlərlə müşahidə edilən ağır depressiya, suisidal (intihar) cəhdlərlə diaqnoz qoyulmuşdur. Həmçinin, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi X5 Baş direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılovun verdiyi rəylə xx.xx.2022-ci il tarixli müayinəyə əsasən iddiaçıya “üzvi mənşəli (müharibədə qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu F07.0 – intihar cəhdlərlə” diaqnozu qoyulmuş, onun əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə əlilliyi təsdiqlənmişdir. Psixi pozuntularla əlaqədar iddiaçı 3 dəfə intihara cəhd etmişdir. Belə ki, o əmək qabiliyyətsiz olmaqla əlilliyinə görə 550 manat pensiya alır və Cavabdeh ASC tərəfindən həmin məbləğin 382 manat hissəsi birbaşa onun kartından tutulmaqla iddiaçını çox ağır vəziyyətə salır. İddiaçının himayəsində körpə uşaqları var və Cavabdeh ASC-nin qanunsuz hərəkəti nəticəsində uşaqlarına baxa bilmir, onların ehtiyacını ödəmək imkanına malik deyil. İddiaçı işdən çıxarıldıqdan sonra Cavabdeh ASC-yə müraciət edərək buna dair məlumat verilməsini, məlumatların sığorta şirkətinə təqdim edilməsini xahiş etmişdir. Belə ki, "xxxx" ASC-nin “100 qat həyat sığortası şəhadətnaməsi üzrə yaddaş vərəqi”nin 1.4-cü maddəsinə əsasən şəhadətnamə ilə təminat verilən sağalmaz xəstəliklər və vəziyyətlər sığorta hadisəsi hesab edilir. İddiaçının xəstəliyi də, şübhəsiz ki, sağalmaz xəstəlikdir. Lakin Cavabdeh ASC qəsdən bu məlumatları sığorta şirkətinə təqdim etməmiş, müddətin keçməsinə şərait yaratmışdır. Bununla da, bütün maddi yükün iddiaçının üzərində qalmasına səbəb olmuşdur. İddiaçı Cavabdeh ASC-dən hüquqlarının bərpasını tələb etdikdə, o, yeni müqavilə bağlanmasını, yeni qrafikin təsdiq edilməsini təklif etmiş və Cavabdeh ASC tərəfindən onun qalıq borcu uzun müddətə hissə-hissə ödəyə biləcəyi bildirildikdən sonra o, həmin şərtlə razılaşmışdır. Lakin qalıq borcun ödənilməsinə görə müqaviləyə 19685 manat əsas və 12068 manat faiz borcunun ödənilməsi məsələsi iddiaçıya aydın olmamışdır. İddiaçını zərərə salan bank üstəlik daha artıq maddi yükü onun üzərinə yükləmək istəyir. Beləliklə, Cavabdeh ASC sığorta şirkətinə vaxtında məlumat verməməklə iddiaçıya xeyli miqdarda zərər vurmuş, iddiaçıda yalnış təsəvvür yaradaraq ağır şəraitli müqavilənin bağlanmasına nail olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC və "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ASC etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK4718330A128 saylı kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə, illik faiz dərəcəsi 18% olmaqla 20000 AZN məbləğində istehlak krediti verilmişdir. Həmin tarixdə kreditin ayrılması üçün İddiaçı tərəfindən banka müraciət edilən ərizədə qeyd olunmuşdur ki, o, xx.xx.2021ci il tarixində 2200 AZN məbləğində götürdüyü kredit üzrə öhdəliyini tam icra etmişdir. 2021-ci ildə götürülmüş kredit üzrə İddiaçı "xxxx" ASC-dən sığorta şəhadətnaməsi əldə etmiş, xx.xx.2022-ci il tarixli ərizə ilə qeyd olunan sığorta şəhadətnaməsinə xitam verilməsini xahiş etmişdir. 2022-ci ildə ayrılmış kredit üzrə İddiaçı ilə "xxxx" ASC arasında kredit sığorta şəhadətnaməsi rəsmiləşdirilmişdir. Qeyd olunan şəhadətnaməyə əsasən sığortalı tərəfindən müəssisənin ləğv edilməsi və ya iş yerlərinin azaldılması/ştat vahidlərinin ixtisarı nəticəsində məşğulluğun itirilməsi hallarında kredit öhdəliyinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixində İddiaçı yazılı müraciəti əsasında kredit restrukturizasiya edilərək RGTK7811287A128 nömrəli kredit müqaviləsi imzalanmışdır. Kreditin müddəti 83 ay, illik faiz dərəcəsi – 15% müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bank onu aldatmış, kredit sığorta şirkəti tərəfindən bağlanmalı olduğu halda, sığorta şirkətinə məlumat verməmiş, əksinə onunla daha ağır şərtlərlə yeni kredit müqaviləsi bağlanmışdır. Lakin iddiaçının qeyd etdiyi “100 qat həyat sığortası şəhadətnaməsi” xx.xx.2022-ci il tarixli müqavilə üzrə deyil, xx.xx.2021-ci il tarixli müqavilə üzrə verilmiş və daha sonra kredit borcu bağlandıqda ləğv edilmişdir. Belə olduğu halda həmin sığorta şəhadətnaməsinin şərtləri sonrakı kredit müqaviləsinə şamil edilə bilməz. İddiaçının daha ağır şərtlərlə yeni kredit müqaviləsi bağlanması barədə dəlili ilə bağlı bildirilir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə kreditin faiz dərəcəsi 48%, aylıq ödəniş məbləği isə 587.5 manat təşkil etdiyi halda, yeni kredit müqaviləsinin faiz dərəcəsi 15%, aylıq ödəniş məbləği isə 382.46 manat təşkil edir. Göründüyü kimi yeni kredit müqaviləsi daha uzun müddətə (83 ay) bağlandığı üçün bank tərəfindən iddiaçıya güzəşt olunaraq faiz dərəcəsi 48%-dən 15%-ə endirilmişdir. Təqdim olunmuş sənədlərdən, həmçinin, iddiaçının ərizəsindən göründüyü kimi, yeni kreditin verilməsində məqsəd iddiaçının əvvəlki krediti üzrə qalıq borcunu bağlamaqla daha yüngül şərtlərlə yeni ödəniş qrafikinin tərtib edilməsi olmuşdur. Belə olduğu halda iddiaçının iddia ərizəsində qeyd etdiyi “cavabdeh 19685 manat kredit borcunu yenidən qeyd edib və üstəlik 12068 manat faiz müəyyən edib” fikri əsassızdır. Belə ki, əgər yeni kredit müqaviləsi bağlanmalı olmasa idi belə, iddiaçı həmin 19685 manat məbləğində borcu ödəməli idi. Faiz borcuna münasibətdə isə, iddiaçı tərəfindən götürülmüş xx.xx.2022-ci il tarixli kreditin qrafiki üzrə ümumilikdə 28209,57 manat, xx.xx.2022-ci il tarixli kreditin qrafiki üzrə isə ümumilikdə 31754,01 manat ödənilməlidir. Kreditin aylıq ödəniş məbləğinin 587.5 manatdan 382.46 manata, faiz dərəcəsinin isə 48%-dən 15%-ə endirilməsini nəzərə alaraq 83 ayın sonunda ümumilikdə həmin məbləğin də ödənilməsi iddiaçının vəziyyətini ağırlaşdırmaq kimi qiymətləndirilə bilməz. Ümumi borc məbləği, kredit üzrə hesablanan faizlər və digər müqavilə şərtləri kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında müəyyən olunur. İddiaçı müqaviləni imzalamaqla bankın kreditin müddəti, illik faiz dərəcəsi və kreditin verilməsinə dair digər bütün şərtləri ilə tanış olduğunu, şərtləri qəbul etdiyini təsdiq etmişdir. İddiaçının müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədikdən sonra ümumi borc məbləğini, kredit üzrə hesablanan faizləri mübahisələndirməsinin heç bir hüquqi əsası yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-121/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsinin “11.834,78 manat məbləğində faiz borcunun silinməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTGK4211765A128 saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana istehlak məqsədilə 12 ay müddətinə illik 21 % ödənilməsi şərtilə 2200 (iki min iki yüz) manat məbləğində kreditin verilməsini, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmağı, müştəri isə həmin kreditdən istifadə edərək, yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı GTGK4211765A128 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sığorta edilmiş, sığorta məbləği 1174.33 manat təşkil etmişdir. "xxxx" ASC-nin “100 qat həyat sığortası şəhadətnaməsi” üzrə yaddaş vərəqində qeyd edilmişdir ki, sığortaçı sığortalıya “İstisnalar” bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalının bədbəxt hadisə nəticəsində ölümü, ona bədbəxt hadisə nəticəsində İ dərəcəli əlilliyin təyin edilməsi, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsi, şəhadətnamə ilə təminat verilən sağalmaz xəstəliklər və vəziyyətlər nəticəsində baş vermiş sığorta hadisələrinə sığorta təminatı verir. Sığorta şəhadətnaməsi ilə müəyyən olunmuş sığorta təminatı (təminatları) həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə baş verdikdə və sığorta hadisəsi hesab edildikdə, şəhadətnamənin şərtlərinə uyğun olaraq sığortaçı tərəfindən sığorta ödənişi həyata keçirilir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, GTGK4211765A128 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə 2200 manat məbləğində kredit götürmüş və "xxxx" ASC-dən sığorta şəhadətnaməsi əsasında həyat sığortası əldə etmişdir. xx.xx.2022-ci il tarixində bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək, yeni kreditin alınması ilə bağlı banka müraciət etmişdir. Hazırki ərizə ilə müvafiq sığorta şəhadətnaməsinə xitam verilməsini xahiş etmiş, habelə yeni kredit müqaviləsi üzrə həyat sığortası nəzərdə tutulmadığını və əlavə olaraq sığorta haqqı ödəməyəcəyini nəzərə alaraq, əvvəlki sığorta şəhadətnaməsi üzrə ödədiyi sığorta haqqının geri qaytarılması ilə bağlı hər hansı tələbinin olmadığını təsdiq etmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona gündəlik tələbat məqsədləri üçün 20000 manat məbləğində, 48 ay müddətinə, GTGK4718330A128 nömrəli müqavilə ilə kredit verilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK4718330A128 saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana gündəlik tələbat krediti məqsədilə 48 ay müddətinə illik 18% ödənilməsi şərtilə 20000 (iyirmi min) manat məbləğində kreditin verilməsini, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmağı, müştəri isə həmin kreditdən istifadə edərək, yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Kredit sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış GTGK4718330A128 nömrəli kredit müqaviləsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Xəstəlik haqqında xx.xx.2022-ci il tarixli, 9532 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı hərbi xidmət dövründə travma almış və sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 9831 nömrəli rəyindən görünür ki, İddiaçı “üzvi mənşəli (müharibədə qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, intihar cəhdlərilə” diaqnozu qoyulmuşdur. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona rəsmiləşdiriləcək kredit hesabına xx.xx.2018-ci il tarixli **********01100 nömrəli və xx.xx.2022-ci il tarixli GTGK4718330A128 saylı kredit müqavilələri üzrə müvafiq olaraq 336 manat və 19154.32 manat məbləğlərində borcun vaxtından əvvəl tam ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, gündəlik tələbat məqsədləri üçün 19685,22 manat məbləğində, 83 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli razılıq ərizəsindən görünür ki, onunla bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7811287A128 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7811287A128 saylı kredit müqaviləsindən və ona əlavədən (ödəniş cədvəlindən) görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana gündəlik tələbat məqsədilə 83 ay müddətinə illik 15% ödənilməsi şərtilə 19685.22 (on doqquz min altı yüz səksən beş manat iyirmi iki qəpik) manat məbləğində kreditin verilməsini, borcalan krediti əldə edən zaman birdəfəlik 194.90 AZN (bir yüz doxsan dörd manat doxsan qəpik) xidmət haqqı ödəməyi və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür (cəmi faiz borcu 12.068,79 manat). Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, xx.xx.2022-ci ildə İddiaçı xx.xx.2024-cü ilədək “üzvi dissosiativ pozuntu. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu. Qulağın barotravması” diaqnozu qoyularaq, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz olması müəyyən edilmişdir. İddiaçı Cavabdeh ASC-yə müraciətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli RGTK7811287A128 saylı müqaviləni 3 gün ərzində dəyişdirərək, müqavilə üzrə əsas borcun 80 faizinin azaldılmasını və faiz borcunun tamamilə silinməsini banka təklif etmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC tərəfindən MLİ-P138225/21 nömrəli kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə sığortalanmışdır. Həmin şəhadətnaməyə əsasən sığorta müddəti xx.xx.2021ci ildən xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. A00054B79AJD nömrəli əlillik arayışında İddiaçı xx.xx.2022-ci il tarixdə növbəti müayinə müddəti göstərilməklə İİİ dərəcəli əlillik təyin edilməsi qeyd edilmişdir. Həmçinin xəstəlik haqqında şəhadətnamədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində xəsarət almağı qeyd edilmişdir. Bu hal sığorta hadisəsinin sığorta müddəti ərzində baş vermədiyini müəyyən etməyə imkan verir. Müqavilə xx.xx.2022-ci il tarixində qüvvədən düşmüş və "xxxx" ASC tərəfindən baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirilməmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona xx.xx.2022-ci il tarixdə İİİ dərəcəli (müddətli) əlillik təyin edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün tələb olunan məlumatları təqdim etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 avqust 2023-cü il tarixli 3-16-16/2-4/1209 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə, İddiaçı adından Cavabdeh ASC-nin Kəpəz filialının müdiri X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 03 ədəd ərizədə müvafiq olaraq “İmza:” və “Borcalan:” qrafalarındakı imzalar; xx.xx.2022-ci il tarixli RGTK7811287A128 nömrəli Kredit müqaviləsinin üz və arxa tərəflərində “Borcalan:” qrafalarındakı imzalar; kredit müqaviləsinə əlavə ödəniş qrafikinin 1-ci vərəqində aşağı sağ tərəfdəki və 2-ci vərəqində “İddiaçı” yazılarından aşağı hissədə yerləşən imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixo-nevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 626 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı “F 07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “F 33.3 – Qayıdan depressiv pozğunluq, psixiotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” diaqnozu ilə xx.xx.2022-ci ildən Gəncə şəhər Psixi-nevroloji Dispanserində qeydiyyatdadır. Müalicə dövrləri və xəstəliyinin ağırlaşdığı dövrlər barədə məlumatlar, müalicə ilə əlaqədar bütün sənədlər ambulator kartoçkada qeyd olunub. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1967 nömrəli cavab məktubundan görünür ki, Komissiyanın arxivində vətəndaş İddiaçı barədə xx.xx.2023-cü il tarixli, 6580 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa hər hansı digər sənədlər saxlanılmır. Qeyd olunan şəhadətnamə məktuba əlavə edilmişdir. Həmin şəhadətnamədən görünür ki, İddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2023-cü il tarixli 3516 nömrəli rəyindən görünür ki, İddiaçı hal-hazırda üzvi mənşəli (keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində intihar fikirləri ilə müəyyən edilir. İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsini imzalayan zaman onda xroniki ruhi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq olmamışdır. İddiaçı müəyyən edilən üzvi mənşəli (keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya onun xx.xx.2022-ci il tarixdə kredit müqaviləsini imzaladığı zaman öz hərəkətlərinin mənasını dərk etməmək və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi nəticəsinə gəlməyə əsas vermir, yəni İddiaçı kredit müqaviləsini imzaladığı zaman o, öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur. xx.xx.2024-cü il tarixli 050 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli RGTK7811287A128 saylı kredit müqaviləsi üzrə cari tarixə ümumi borcu 17684.60 AZN (17451.38 AZN əsas borc və 233.22 AZN faiz borcu) təşkil edir. xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək isə İddiaçı RGTK7811287A128 saylı kredit müqaviləsi üzrə 6043.12 AZN (3522.96 AZN faiz, 286.32 AZN cərimə, 2233.84 AZN əsas borc) ödəniş olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2021-ci il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya istehlak məqsədilə 12 ay müddətinə illik 21 % ödənilməsi şərtilə 2200 manat məbləğində kredit verilmiş, iddiaçı həmin kredit müqaviləsi üzrə müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2022-ci ilədək iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Sığorta hadisələrinə sığortalının bədbəxt hadisə nəticəsində ölümü, ona bədbəxt hadisə nəticəsində İ dərəcəli əlilliyin təyin edilməsi, İİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsi, şəhadətnamə ilə təminat verilən sağalmaz xəstəliklər və vəziyyətlər aid edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, sığortalanmış kredit müqaviləsi üzrə öhdəliyini tam icra etdiyindən, ona yeni kredit verilməsini və əvvəlki müqavilə üzrə sığorta şəhadətnaməsinə xitam verilməsini xahiş etmiş, habelə yeni kredit müqaviləsi üzrə həyat sığortası nəzərdə tutulmadığını və əlavə olaraq sığorta haqqı ödəməyəcəyini nəzərə alaraq, əvvəlki sığorta şəhadətnaməsi üzrə ödədiyi sığorta haqqının geri qaytarılması ilə bağlı hər hansı tələbinin olmadığını təsdiq etmişdir. Beləliklə, xx.xx.2022-ci ildə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 48 ay müddətinə illik 18 % ödənilməsi şərtilə 20000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi isə 1 il müddətinə, yəni xx.xx.2023-cü ilədək iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Sığorta risklərinin dairəsinə yalnız müəssisənin ləğv edilməsi və iş yerlərinin azaldılması və ya ştat vahidlərinin ixtisarı nəticəsində məşğulluğun itirilməsi halı aid edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya hərbi xidmət dövründə travma alması ilə əlaqədar sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə dair xəstəlik haqqında şəhadətnamə verilmiş, xx.xx.2022-ci ildə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən ona “üzvi mənşəli (müharibədə qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, intihar cəhdlərilə” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci ildə iddiaçı ərizələrlə cavabdehə müraciət edərək, xx.xx.2018-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələri üzrə müvafiq olaraq 336 manat və 19154.32 manat məbləğlərində borcun vaxtından əvvəl tam ödənilməsinə köməklik göstərilməsini, bununla əlaqədar ona 83 ay müddətinə 19685,22 manat məbləğində nağd pul krediti verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmiş, bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. Nəticə olaraq xx.xx.2022-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdeh tərəfindən iddiaçıya 83 ay müddətinə illik 15 % ödənilməsi şərtilə 19685.22 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi hazırki iş üzrə üçüncü şəxslər qismində cəlb edilmiş sığorta şirkətləri və ya hər hansı başqa sığorta şirkəti tərəfindən sığorta edilməmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya xx.xx.2024-cü ilədək “üzvi dissosiativ pozuntu. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu. Qulağın barotravması” diaqnozu qoyularaq, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə pretenziya ilə müraciət edərək, aralarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin dəyişdirilməsini ondan xahiş etmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin onun hüquqlarını pozduğunu, müqaviləni bağladıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində təsəvvürünün yanlış çıxdığını və məhz psixoloji vəziyyətindən sui-istifadə edərək cavabdehin onu aldatdığını, onunla daha ağır şərtlərlə müqavilə bağladığını, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığını mübahisələndirərək, kredit müqaviləsinin sığortalı olduğu halda, yaranmış borcun böyük hissəsinin sığorta şirkəti tərəfindən ödənilməli olmasına baxmayaraq, cavabdehin öz öhdəliyini yerinə yetirməyərək, müvafiq şirkətə vaxtında məlumat vermədiyini, bununla da yaranmış borcunun ona məxsus pensiya kartından silindiyini bildirərək, cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin dəyişdirilməsini, müqavilə üzrə əsas borcun 80 faizinin, yəni 15748 manat azaldılması və faiz borcunun (233,22) tamamilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş; cavabdeh iddiaçının aktiv müqavilələri üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən, onunla restrukturizasiya qismində hazırda mübahisələndirilən müqavilənin bağlandığını, bu müqavilənin onun vəziyyətini ağırlaşdırmadığını, əksinə əvvəlki müqavilələrlə müqayisədə illik faiz dərəcəsinin azaldıldığını, müqavilənin heç bir sığorta şirkəti tərəfindən sığorta edilmədiyini və borc yarandığı təqdirdə iddiaçının ona məxsus kart hesablarından akseptsiz silmə əməliyyatı edilməsinə dair razılıq ərizəsinin olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmiş; iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddiaçı ilə cavabdeh arasında əvvəllər bağlanmış digər kredit müqaviləsi üzrə iddiaçının həyatının sığorta edildiyini, lakin həmin müddətdə heç bir sığorta hadisəsinin baş verməməsi səbəbindən onlar tərəfindən sığorta ödənişinin həyata keçirilmədiyini, iddiaçıya İİİ dərəcəli əlillik təyin edilməsinə və bu kateqoriya üzrə sığorta ödənişi verilməsi nəzərdə tutulmamasına baxmayaraq, humanizm prinsipinə əsasən ona ödəniş etmək niyyətində olduqlarını bildirmiş, məhkəmə araşdırmaları zamanı iddiaçı həmin məbləğin ona ödənilməsini təsdiq etmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar aparılan araşdırma ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsini mübahisələndirdiyindən, müqavilənin etibarlı olub-olmaması məsələsi məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, müqavilədəki imzanın iddiaçı tərəfindən icra edilməsi, onun müqaviləni imzalayarkən öz hərəkətlərinin mənasını dərk etmək və onlara rəhbərlik etmək iqtidarında, yəni anlaqlı olması məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertizalar nəticəsində verilmiş ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Bu faktların təsdiqi ilə eyni zamanda, iddiaçının “cavabdehin onu aldatması” barədə dəlili də rədd edilir. İddiaçı həm də “onunla olan müqavilənin daha ağır şərtlərlə bağlandığını” iddia etsə də, iş materiallarında tərəflər arasında müxtəlif tarixlərdə bağlanmış kredit müqavilələrinin müqayisəli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də, sonuncu müqavilə üzrə illik faiz dərəcəsi daha az, ödəniş müddəti isə daha uzun olmuşdur. Bütün bu hallar isə onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi etibarlıdır. Məhkəmə iddia tələbinin “müqavilənin dəyişdirilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı bu tələbini müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində təsəvvürünün yanlış çıxması, yəni kredit müqaviləsinin sığortalı olduğunu, sığorta hadisəsinin baş verməsi nəticəsində yaranmış borcun böyük hissəsinin sığorta şirkəti tərəfindən ödənilməli olduğunu hesab etməsi, lakin cavabdehin öz öhdəliyini yerinə yetirməyərək, müvafiq şirkətə vaxtında məlumat vermədiyini, bununla da yaranmış borcun ona məxsus pensiya kartından silinməsinin onun hüquqlarını pozması ilə əsaslandırsa da, onun bu dəlilləri işdə olan mötəbər sübutlarla təkzib olunur. Belə ki, mübahisələndirilən kredit müqaviləsinin deyil, tərəflər arasında bağlanmış əvvəlki müqavilələrin sığortalı olması və sığorta hadisələrinin dairələrinin konkret müəyyən olunması, həmin sığorta müqavilələri qüvvədə olan müddət ərzində isə heç bir sığorta hadisəsinin baş verməməsi, iddiaçının axırıncı sığorta müqaviləsindən öz istəyi ilə vaxtından əvvəl imtina etməsi, iddiaçıya qoyulmuş diaqnozun (təyin edilmiş əlillik dərəcəsinin) hətta qüvvədən düşmüş sığorta müqavilələri üzrə də sığorta hadisəsi (riski) hesab edilən halların siyahısına aid olmaması toplanmış sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi mübahisəsiz hallar olmuşdur. Buna baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC tərəfindən humanizm prinsipinə əsasən, iddiaçıya müəyyən məbləğdə pul vəsaitinin verilməsi faktı məhkəmə tərəfindən yüksək qiymətləndirilir. Mübahisələndirilən kredit müqaviləsi heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığından və iddiaçının ödənişlər üzrə gecikmələr olduğu təqdirdə ona məxsus kart hesablarından yaranmış borcların silinməsinə dair razılıq ərizəsi olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus pensiya kartından silmə əməliyyatlarını yerinə yetirməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində iddiaçının təsəvvürünün yanlış çıxması faktı öz təsdiqini tapmadığından, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin dəyişdirilməsi barədə iddia tələbinin təmin edilməsinə heç bir əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. İddia tələbinin “əsas borcun 80 faizinin azaldılması və faiz borcunun silinməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, hazırda cavabdeh tərəfindən iddiaçıya məxsus digər kart hesabından borcun silinməsi ilə bağlı əməliyyatlar icra edildiyindən, iddiaçının tələbinin əsaslı olması müəyyən ediləcəyi təqdirdə bu əməliyyatların aparılmasının onun hüquqlarını pozması təsdiq ediləcəyindən, bu tələb məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmış və məhkəmə müəyyən etmişdir ki, tələbin bu hissəsi müqavilənin dəyişdirilməsi tələbindən irəli gəlir və iddiaçı bu tələbini də kredit müqaviləsinin sığortalı olması ilə, yəni borcun mübahisələndirilən hissəsinin sığorta şirkətləri tərəfindən ödənilməsi ilə əlaqələndirir. Lakin yuxarıda da qeyd edildiyi kimi bu fakt məhkəmədə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-337.2, 337.4-337.5-ci maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339-cu maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1, 422.4-cü maddələrinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740-cı maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarına əsasən, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin dəyişdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin dəyişdirilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-121/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-121/2024
26.02.2024 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver