Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1238/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçınun cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpası, "xxxx" ASC tərəfindən ünvan 6nin sayğacına (abunə kodu **********90001) hesablanmış 239 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvana abunə kodu **********90001 olan sayğac quraşdırılmışdır. Təxminən 2013-cü il tarixdə "xxxx" ASC-nin Sabunçu rayon Maştağa İşıq İdarəsinin nəzarətçisi tərəfindən bağa 2012-ci il tarixdə istehsal olunan sayğac quraşdırılmışdır. Uzun müddət hər ay nəzarətçi tərəfindən yoxlama zamanı sayğacda heç bir qüsur və ümumiyyətlə evdə kənar xəttin və həyətdə elektrik sərfiyyatına təsir edəcək hər hansı bir elektrik avadanlığının olduğu aşkar edilməmişdir. O, özü də bunu etiraf etmişdir. Lakin, buna baxmayaraq son iki aya görə noyabr ayında 111,9 manat, dekabr ayında 127,7 manat və yanvar ayı üçün isə hesablanmamışdır. Hesab etmişdir ki, 239 manat pul vəsaitinin ona məxsus abunə kodlu sayğacın üzərinə hesablanması qanunsuzdur və məhkəmə tərəfindən həmin məbləğ silinməlidir. Daha sonra, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpası, "xxxx" ASC tərəfindən ünvan 6nin sayğacına (abunə kodu **********90001) hesablanmış 364 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək silinməsi və yeni sayğacın quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpası, "xxxx" ASC tərəfindən ünvan 6nin sayğacına (abunə kodu **********90001) hesablanmış 309 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək qeyd etdi ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc sayğac üzrə istifadə etdiyi elektrik enerjisinə görə hesablanmış borcdur. Odur ki, iddiaçının iddiası əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı adına ünvan 3 ünvanına **********90001 saylı abunə kodu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh təşkilata sayğacın çıxarılaraq labiratoriya şəraitində yoxlanılmaqla rəy verilməsi xahiş edilmişdir. İş materiallarında olan iddiaçıya ünvanlanan məktubdan görünür ki, Sabunçu rayonu, Maştağa, Albalılıq 1 bağ massivi 961 ünvanında olan elektrik sayğacına baxış keçirilmiş, sayğacın axan yükə əsasən sərfiyyatı düzgün qeyd etdiyi məlum olmuşdur. Elektrik sayğacının xəta ilə işləməsi aşkar olunmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı abunə hesabına xx.xx.2023-cü il tarixə elektrik enerjisinin istifadəsinə görə 309 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən dövr üçün, yəni 2022-ci ilin noyabr-dekabr, dekabr-yanvar, 2023-cü ilin yanvar-fevral ayları üzrə qəbzlərə görə iddiaçının abunə hesabına 364,77 manat borc hesablanmışdır. İddiaçı həmin borc məbləğini mübahisələndirməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdən hissə-hissə ödənişinə başlamışdır. Belə ki, son ödəniş xx.xx.2023-cü ildə edilərək mübahisələndirilən məbləğ üzrə 131,57 manat ödəniş edilmişdir (mülki iş 12-ci səhifəsi). Lakin məhkəmə iclaslarında iddiaçı izahat verərək bildirmiçdir ki, onun il ərzində etdiyi ödənişlərə diqqət yetirilsə, hər ay ortalama 25-40 manat sərfiyyatı olur ki, onun da gecikdirmədən ödənişini aparır. İş materiallarına "xxxx" ASC tərəfindən təqdim edilmiş abunəçi İddiaçı Xanuvar qızının sərfiyyatı və ödənişləri cədvəlinə baxdıqda müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər ona hesablanmış sərfiyyatın ümumi məbləği 464,48 manat təşkil etmişdir. Həmin cədvəlin davamında abunəçi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər edilən ümumi ödənişlərin məbləği isə 458,79 manat təşkil etdiyi görünür (mülki işin 7-ci səhifəsi). Təqdim edilmiş cədvələ əsasən sərfiyyatla ödəniş məbləği arasında 5,69 manat ödənilməmiş məbləğ müəyyən edilir (464,48- 458,79=5,69 manat). Həmin cədvəlin 2022-ci il üzrə aylıq sərfiyyat və ödəniş məbləğlərinə baxdıqda isə onların hər ay üzrə ortalama 30-40 manat olması, mübahisə edilən son aylarda isə sərfiyatın məbləğinin 77 və 97 manat olması müşahidə olunur. Qeyd olunanların qeyri müəyyənlik kimi qəbul olunmasını iddiaçı onunla əsaslandırmışdır ki, onun istifadəsində olan sayğac istismar olunduğu dövrdən, mübahisə yaranan dövrə qədər sərfiyyatı təxminən eyni məbləğdə hesablayır. Bunu cavabdeh tərəfindən təqdim edilmiş cədvədəki göstəricilər də təsdiq edir. O cümlədən, iddiaçı sübut kimi onu da qeyd etmişdir ki, mübahisələndirilən dövrdən sonra, yəni mart-aprel ayları üzrə sərfiyyatın məbləği müvafiq olaraq 15 manat təşkil etmişdir ki, bunu da işə əlavə etdiyi xx.xx.2023xx.xx.2023 tarixləri əhatə edən qəbzlə təsdiqini tapır. Bu qeyri-müəyyənliyi iddiaçı elektrik sayğacın texniki nasazlığı və ya istismar müddətinin keçməsi ilə əlaqələndirərək, sayğacın dəyişdirilməsi üçün "xxxx" ASC-nin müvafiq qurumlarına müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçının istifadəsində olan elektrik sayğacın qeyd etdiyi sərfiyyatla əlaqələndirmişdir. Sübut kimi, iddiaçıya ünvanlanmış sayğacının xəta ilə işləməməsi barədə "xxxx" ASC tərəfindən baxışın keçirilməsi və sayğacın axan yükə əsasən sərfiyyatı düzgün qeyd etməsini bildirən 20 fevral 2023-cü il tarixli 13-13/2-2/17-M- 550-5/2023 №-li məktubunu təqdim etmişdir. İddiaçının istismarında olan elektrik sayğacın istismar müddətinin müəyyən edilməsi məqsədi ilə iddiaçı ilə "xxxx" ASC arasında elektrik enerjisinin təhcizatı ilə bağlı bağlanmış müqavilənin təsdiqlənmiş surətinin təqdim edilməsi barədə Nəsimi Rayon Məhkəməsi tərəfindən 24 fevral 2023-cü il tarixdə cavabdehə ünvanlanmış məktuba cavab daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə mübahisələndirilən dövrün sərfiyyatında qeyri müəyyənliyin olması qənaətinə gəlir. Mübahisələndirilən dövr üçün abunə hesabına əsassız olaraq hesablanmış 364,77 manat borcun 131,57 manat məbləği iddiaçı tərəfindən könüllü olaraq ödəməsini nəzərə alaraq hazırda əsassız hesablanmış borcun 233,2 manat təşkil etdiyi müəyyən olunur (364,77-131,57=233,2) Beləliklə, bütün qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 6 ünvanına əsassız hesablanmış 233.2 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə təqdim etdiyi sübutlar bir birnə ziddiyyət təşkil edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 6 ünvanına (abonent kodu **********90001) əsassız hesablanmış 233.2 (iki yüz otuz üç manat iyirmi qəpik) manat borc silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1238/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1238/2023
18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver