Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-124/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb etməklə cavabdehlər Cavabdeh və Şükürov Mejdun Bayram oğluna qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin «Sənaye» filialı ilə Cavabdeh arasında bağlanmış 26.04.2017-ci il tarixli RH-00006-01/17A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 87300 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh və Şükürov Mejdun Bayram oğlunun etibarnamə əsasında adından çıxış edən X9 26.04.2017-ci il tarixdə iddiaçı ilə RHG-00006-01/17A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Şükürov Mejdun Bayram oğluna məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsində yerləşən 15 nömrəli evin, 131,4 kv.m. ümumi, 71,0 kv.m. yaşayış, 60,4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 121 nömrəli mənzili İpoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 150 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 6.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə səbəb olmuşdur. Cavabdehin 23.05.2019-cu il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 50.537,75 manat, faiz borcu 4917,56 manat, dəbbə pulu 6346,49 manat təşkil edir. Beləliklə cavabdehin 23.05.2019-cu il tarixə ümumi borcu 61801,80 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin «Sənaye» filialı ilə Cavabdeh arasında bağlanmış 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 23.05.2019-cu il tarixinə olan 50.537,75 manat əsas borc, 4917,56 manat faiz borcu, 6346,49 manat dəbbə borcu, ümumilikdə 61801,8 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh və Şükürov Mejdun Bayram oğlu ilə bağlanan 26.04.2017-ci il tarixli, RHG-00006-01/17A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Şükürov Mejdun Bayram oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,4 kv.m. olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonar əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə cavabdeh Şükürov Mejdun Bayram oğlu vəfat etdiyindən və onun qnun üzrə vərəsəsi müəyyənləşdiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. İmişli Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinin 12.07.2021-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən ü.s.131,4 kv.m. olan mənzil sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən 22.12.2020-ci il tarixdə vəfat etmiş Şükürov Mejdun Bayram oğlunun vərəsələri İmişli şəhəri, Koroğlu küçəsi, ev 12 ünvanında qeydiyyatda olan arvadı X5r və o, miras əmlakdan tam hissədə irs almalıdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC-nin «Sənaye» filialı ilə Cavabdeh arasında bağlanmış 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 25.08.2021-ci il tarixinə olan 50.537,75 manat əsas borc, 4917,56 manat faiz borcu, 5846,49 manat dəbbə borcu, ümumilikdə 61301,8 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, "xxxx" ASC ilə Cavabdeh və Şükürov Mejdun Bayram oğlu arasında bağlanan 26.04.2017-ci il tarixli, RHG-00006-01/17A saylı ipoteka müqaviləsi və 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında tam mülkiyyət hüququ üzrə Şükürov Mejdun Bayram oğlunun qanun üzrə vərəsəsi X3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131,4 kv.m. olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh X6 məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X7 illik 24% olmaqla 36 ay müddətinə 24.04.2020-ci il tarixədək 87300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 121 saylı mənzil tam mülkiyyət hüququ əsasında Şükürov Mejdun Bayram oğlunun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində "xxxx" QSC-nin «Sənaye» filialı ilə “İpoteka qoyan” qismində Şükürov Mejdun Bayram oğlu və «Borcalan» qismində Cavabdeh arasında bağlanılmış 26.04.2017-ci il tarixli RHG-00006-01/17A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Şükürov Mejdun Bayram oğluna məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin, 131,4 kv.m. ümumi, 71,0 kv.m. yaşayış, 60,4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı 121 nömrəli mənzili ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 1430 №-li reyestr kitabının 130993 №-li vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Şükürov Mejdun Bayram oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin, 121 saylı mənzilinin 26.04.2017-ci il tarixli RH-00006- 01/17A saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan X6 tərəfindən İmişli rayon 2 saylı Notariat Kontorunda 13.03.2017-ci il tarixdə verilmiş ərizədən götrünür ki, o, həyat yoldaşı Şükürov Mejdun Bayram oğluna məxsus olan ünvan 1-də yerləşən mənzilin "xxxx" ASC-də sonrakı ipoteka qoyulmasına etiraz etmir, ipoteka qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyinə öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh və Şükürov Mejdun Bayram oğluna 26.04.2019-cu tarixdə ünvanlanmış bildirişin kserosurətindən görünür ki, Cavabdeh 26.04.2017-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 121 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 29.04.2019-cu il tarixli ipoteka qoyulmuş predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində yerləşən 4 saylı evin 82 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildirişin rəsmi qeydiyyata alınmasını xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 07.05.2019-cu il tarixli məktubuna əsasən Şükürov Mejdun Bayram oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, 15 saylı evin 121 mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 23.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsi üzrə 23.05.2019-cu il tarixə 50537,75 manat əsas kredit borcu, 4917,56 manat faiz borcu, 6346,49 manat cərimə borcu, cəmi 61801,8 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsi üzrə 25.08.2021-ci il tarixə 50537,75 manat əsas kredit borcu, 4917,56 manat faiz borcu, 5846,49 manat cərimə borcu, cəmi 61301,8 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24061 saylı, 11.12.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh ödənilməli olan 23.05.2019-cu il tarixə (arayış tarixinə) əsas borc üzrə 50,737,48 manat, faiz borcu üzrə 4.532,55 manat; 11.12.2019-cu il tarixə (rəyin tərtib edildiyi tarixə) əsas borc üzrə 50.737,48 manat, faiz borcu 11.229,90 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/96 saylı, 10.06.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh ödənilməli olan 23.05.2019-cu il tarixə (arayış tarixinə) əsas borc üzrə 50,737,48 manat, faiz borcu üzrə 4.532,55 manat; 10.06.2020-ci il tarixə (rəyin tərtib edildiyi tarixə) əsas borc üzrə 50.737,48 manat, faiz borcu 17.284,57 manat müəyyən edilmişdir. Bank tərəfindən 26.04.2017-ci il tarixli, RH-00006-01/17A saylı kredit müqaviləsi üzrə dəbbə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza tədqiqatı zamanı Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dəbbə borcu hesablanmadı. Ona görə də bank tərəfindən dəbbə borcuna yönəldilmiş pul vəsaitləri ilkin və təkrar məhkəmə-mühasibat ekspertizası təhqiqatı zamanı borclunun əsas və faiz borclarına yönəldilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 27.10.2020-ci il tarixli LP-112/20 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Musabəyov yaşayış sahəsi, K.Rəhimov küçəsində yerləşən 15 nömrəli evin 121 saylı mənzilin hazırki bazar qiyməti – 151.000 manat təşkil edir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22.12.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.12.2020ci il tarixdə 1023 № ilə qeyd edilmişdir. İş materiallarında olan İmişli Regional «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, 22.12.2020-ci il tarixdə vəfat etmiş Şükürov Mejdun Bayram oğluna məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 131,4 kv.m. olan mənzil sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan İmişli regional “ASAN xidmət” mərkəzində notarial ofisi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, 22.12.2020-ci il tarixdə vəfat etmiş Şükürov Mejdun Bayram oğlunun vərəsəsi arvadı X6 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrinin 30.06.2021-ci il tarixli, **********FK33802 nömrəli arayışına əsasən "xxxx" ASC-nin 31.10.2014-cü il tarixli BK-029/14S KM nömrəli İpoteka müqaviləsinə əsasən yüklüdür, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 21.07.2011-ci il tarixli, ******* nömrəli MA seriyalı **********31-05301- 093046 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 71,0 kv.m., yardımçı sahəsi 60,4 kv.m.olan, ümumi sahəsi 131,4 kv.m. olan 3 otaqlı mənzil sahəsindən ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında 26.04.2017-ci il tarixli RH-00006-01/17A saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 87300 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Şükürov Mejdun Bayram oğlu arasında bağlanmış 26.04.2017-ci il tarixli RHG-00006-01/17A saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsi, 15 saylı evin 3 otaqlı 121 nömrəli mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit razılaşmaları üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 25.08.2021-ci il tarixə olan 50.537,75 manat əsas borcu, 4917,56 manat faiz borcu, 5846,49 manat cərimə, cəmi 61.301,80 manat məbləğində borcu yaranmışdır. Cavabdeh Şükürov Mejdun Bayram oğlu 22.12.2020-ci ildə vəfat etmiş və 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsi, 15 saylı evin 3 otaqlı 121 nömrəli mənzil miras əmlak kimi X2 adına qeydiyyatdan keçmişdir. İddiaçı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış cəmi 5846,49 manat borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə 10.06.2020-ci il tarixə əsas borc üzrə 50.737,48 manat, faiz borcu üzrə 17.286,57 manat təşkil edir. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 50.537,75 manat əsas borcun və 4917,56 manat faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 26.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsi bankla Cavabdeh arasında bağlanmışdır, Şükürov Mejdun Bayram oğlu isə ipoteka qoyan şəxs olmuşdur. Şükürov Mejdun Bayram oğlu 22.12.2020-ci ildə vəfat etmişdir və 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsi, 15 saylı evin 3 otaqlı 121 nömrəli mənzil miras əmlak kimi X2 adına qeydiyyatdan keçmişdir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.10.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Məhkəmə qeyd edir ki, ipoteka qoyanın ölməsi onun xitamına əsas olmadığından, həmçinin ipoteka qoyanın qanun üzrə vərəsəsi müəyyən olunduğundan, bank tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tutulmalı olan borc məbləği Şükürov Mejdun Bayram oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş və 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında tam mülkiyyət hüququ üzrə Mejdun Şükürovun qanun üzrə vərəsəsi X3 məxsus mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq Gülsuqra Şükürovaya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2017-ci ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İşdə olan "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsində yerləşən 15 saylı evin 121 nöməri evinin hazırki bazar dəyəri 151.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasınıi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənzilin boşaldılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli RH-00006-01/17A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə PH-00006-01/17A saylı kredit müqaviləsi üzrə 50.537,75 əsas borcu, 4917,49 manat faiz borcu, 500 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, cəmi 55.985,35 manat məbləğində pul tutulmalı, tutma "xxxx" ASC ilə Şükürov Mejdun Bayram oğlu arasında bağlanan 26.04.2017-ci il tarixli RHG-00006-01/17A saylı ipoteka müqaviləsi və 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamə əsasında tam mülkiyyət hüququ üzrə Şükürov Mejdun Bayram oğlunun qanun üzrə vərəsəsi X3 məxsus olan ilkin satış qiyməti 151.000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsi, 15 saylı evin 121 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 55.985,35 manat borc iddiaçının xeyrinə ödənilməli, mənzil boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və 0,40 marat bank xidmət haqqı da tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 300 (üç yüz) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli RH-00006- 01/17A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə PH-00006-01/17A saylı kredit müqaviləsi üzrə 50.537,75 (əlli min beş yüz otuz yeddi manat, yetmiş beş qəpik) manat əsas borcu, 4917,49 (dörd min doqquz yüz on yeddi manat, qırx doqquz manat) manat faiz borcu, 500 (beş yüz) manat cərimə, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, cəmi 55.985,35 (əlli beş min doqquz yüz səksən beş manat, otuz beş qəpik) manat məbləğində pul tutulsun. Tutma "xxxx" ASC ilə Şükürov Mejdun Bayram oğlu arasında bağlanan 26.04.2017ci il tarixli RHG-00006-01/17A saylı ipoteka müqaviləsi və 30.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamə əsasında tam mülkiyyət hüququ üzrə Şükürov Mejdun Bayram oğlunun qanun üzrə vərəsəsi X3 məxsus olan ilkin satış qiyməti 151.000 (yüz əlli bir) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Yasamal rayonu, Musabəyov y/sahəsi, Kamal Rəhimov küçəsi, 15 saylı evin 121 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 55.985,35 (əlli beş min doqquz yüz səksən beş manat, otuz beş qəpik) manat borc iddiaçının xeyrinə ödənilsin, mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 300 (üç yüz) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-124/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-124/2021
09.09.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver