Məhkəmə qərarları › İş №2(006)-1257/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1257/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1257/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 noyabr 2021-ci il tarixli MAS-4574 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 noyabr 2022-ci il tarixə 419.12 manat gecikdiritmiş əsas, 469.95 manet gecikdirilmiş mükafat və həmin günə hesablanmış 321.18 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 850 manat, ümumilikdə 2060.25 manat borc və ödənilmiş 40.61 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli, MAS-4574 saylı "Daxili lizinq" müqaviləsinə əsasən E.Əsədovun sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME324266 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24.864 manat məbləğində pulu “Azərmaş" MMC nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24.864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 04 iyul 2022-ci il tarixdə X3, X4 və "xxxx" MMC arasında MAS-4574 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 01 noyabr 2021-ci il tarixli MAS-4574 saylı "Daxili lizinq’ müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 05 iyul 2022-ci il tarixdə X2, Cavabdeh və “Azərmaş" MMC arasında MAS-4574 saylı "öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 01 noyabr 2021-ci il tarixli MAS-4574 saylı "Daxili lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri N.Nəbiyev öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Azərmaş" MMC-nin mülkiyyətində olan "Khazar SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 850 manat təşkil edir. Eyni zamanda Cavabdeh 01 noyabr 2021-ci il tarxli, MAS-4574 saylı "Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 noyabr 2022-ci il tarixə ümumilikdə 1210.25 manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfin iştirakı olmadan mülki işə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 747.1, 747-5.1 və 747-5.2.1-ci maddələrinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Mülki Məcəllənin 748-10.1, 748-10.2 və 748-10.4-cü maddələrinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən yuxarıda sadalanmış normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. İddiaçı MMC (Lizinq verən) ilə X3 (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4574 nömrəli “daxili lizinq” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17.000 manat olan əmlakı (“Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME324266 ban nömrəli, ağ rəngli avtomobil) muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə, yəni lizinq ödənişini 48 ay müddətinə illik 24,5% dərəcəsi ilə ayda 447,15 manat olmaqla lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, lizinq verən lizinq obyektini lizinq alana təhvil vermişdir. İddiaçı MMC (Lizinq verən) ilə X3 (lizinq öhdəliklərini ötürən) və X2 (lizinq öhdəliklərini qəbul edən) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MAS-4574 nömrəli “öhtəliklərin ötürülməsi” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4574 lizinq müqaviləsinə əsasən lizinq alan- X3 həmin müqavilədən irəli gələn bütün öhtəliklərini X1 ötürür və sonuncu da bu öhtəlikləri sözügedən lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qadada İddiaçı MMC-nin qarşısında tam həcimdə və lazımınca yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, X3 lizinq obyektini saz vəziyyətdə X1 (lizinq öhdəliklərini qəbul edənə) təhvil vermişdir. İddiaçı MMC (Lizinq verən) ilə X2 (lizinq öhdəliklərini ötürən) və Cavabdeh (lizinq öhdəliklərini qəbul edən) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MAS-4574 nömrəli “öhtəliklərin ötürülməsi” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, MAS-4574 lizinq müqaviləsinə əsasən X2 həmin müqavilədən irəli gələn bütün öhtəliklərini Cavabdeh ötürür və sonuncu da bu öhtəlikləri sözügedən lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qadada İddiaçı MMC-nin qarşısında tam həcimdə və lazımınca yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, X2 lizinq obyektini saz vəziyyətdə Cavabdeh (lizinq öhdəliklərini qəbul edənə) təhvil vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin adına qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlığın (pretenziya məktubu) surətindən görünür ki, Cavabdeh MAS-4574 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün yaranmış borcunun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə yaranmış borcun və daxili lizinq müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. Avtonəqliyyat vasitələrinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus olan , “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil alınarkən onun buferinin sındığı və bəzi detallarının əzildiyi müəyyən edilmişdir. İddiaçı MMC/Servis tərəfindən “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtomobilin aktda qeyd olunan hissələrinin yenisi ilə əvəz olunması nəticəsində sərf edilməli olan vəsait 850 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 263 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4574 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə əsas borcu 419,12 manat, mükafat borcu 469,95 manat, cərimə borcu 321,18 manat, cəmi 1.210,25 manat borcu vardır. Mədaxil qəbzlərindən (№ **********) görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 40,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, MAS-4574 nömrəli “öhtəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, MAS-4574 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə lizinqə götürmüş və lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi lizinq verən lizinq obyektini lizinq alana təhvil verməklə müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli arayışa əsasən əsas borcu 419,12 manat, mükafat borcu 469,95 manat, cərimə borcu 321,18 manat, cəmi 1.210,25 manat məbləğində borcu yaranmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli akta əsasən lizinq obyekti olan avtomobilə 850 manat məbləğində zərər dəyməsi halı müəyyən olunmuşdur. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən lizinq müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, lizinq müqaviləsi üzrə lizinq verənin lizinq obyektini lizinq alana verməsi müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, əsas borc məbləğinə münasibətdə 50 manat məbləğində dəbbə pulunu tutulmasını ədalətli hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinin tələblərinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Bundan başqa xx.xx.2021-ci il tarixli, MAS-4574 saylı daxili lizinq müqaviləsinin 4.4.2-ci və 5.1-ci bəndlərinə görə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət lizinq alan daşıyır. İddiaçının təqdim etdiyi servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən lizinq obyektinin təmiri üçün cəmi 850 manat pul vəsaiti tələb olunur, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 419,12, mükafat borcu üzrə 469,95 manat, cərimə borcu üzrə 50 manat və avtomobilə dəymiş zərər olaraq 850 manat, cəmi 1.789,07 manat borc və dövlət rüsumu kimi ödənilmiş 40,60 manat pulun 35 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 242 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 419.12 manat gecikdirilmiş əsas, 469.95 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nışanlı avtomobilə dəymiş zərərə görə 850 manat, ümumilikdə 1789,07 manat borc və ödənilmiş 40.61 manat dövlət rüsumunun 35 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar