Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1270/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8868,42 (səkkiz min səkkiz yüz altmış səkkiz manat, 42 qəpik) manat məbləğində əsas borc, 1951,05 (bir min doqquz yüz əlli bir manat, 05 qəpik), ümumilikdə 10819,47 (bir on min səkkiz yüz doqquz manat, 47 qəpik) məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanını nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1429 saylı, xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borclan”) arasında xx xxxxxx 2014-cü il tarixdə, 128-xx.xx.2014-SM105 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “xxxx” ASC ilə (bundan sonra Bank) zamin Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borc verən Borcalana istehlak məqsədləri) üçün 12500 (on iki min beş yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. (5.3. bəndi) “Borcalan”a kredit 36 (otuz altı) ay müddətinə bundan sonra “Kredit müddəti” verilir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 22 (iyirmi iki) faiz hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 8868,42 (səkkiz min səkkiz yüz altmış səkkiz manat, 42 qəpik) manat məbləğində əsas borc, 1951,05 (bir min doqquz yüz əlli bir manat, 05 qəpik) ümumilikdə 10819,47 (bir on min səkkiz yüz doqquz manat, 47 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişlər ki, iddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə iddia tələbi həm əsassızdır, həm də artıq iddia müddəti keçmişdir. Belə ki, Cavabdeh1 başqa bankdan kredit götürən zaman ondan hazırkı iddia predmeti olan kreditin ödənilməsi tələb olunmuş, o da götürülmüş kredit tamamilə ödəmiş və bundan sonra Cavabdeh1 digər bank tərəfindən yeni kredit verilmişdir. Uzun müddət keçdiyindən hazırda ödəniş qəbzini tapmaqda çətinlik çəkirlər. Göründüyü kimi səbəbsiz deyildir ki, "xxxx" ASC-dən götürülmüş və hazırda ("İddiaçı" QSC-nin tələb etdiyi kredit borcunu heç vaxt nə şifahi, nə də məhkəmə yolu ilə bizdən tələb edən olmamışdır. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd olunmasını xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. xx.xx.2014-cü il tarixli 128-xx.xx.2014-SM105 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 22% dərəcəsi ilə 12.500 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 128-xx.xx.2014-SM105 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli 128xx.xx.2014-SM105 nömrəli kredit müqaviləsi üzrə 8868,42 manat əsas, 1951,05 manat faiz borcu olmaqla, cəmi 10819,47 manat borcu vardır. xx.xx.2015-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair müqavilənin surətindən görünür ki, Hüquq sahibi (“xxxx” ASC) borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq əldə edənə ("İddiaçı" QSC-yə) güzəşt etməyi, Hüquq əldə edən (“İddiaçı" QSC) isə qeyd edilən hüquqları qəbul etməyi öhdəsinə götürmüşlər. “Tələbetmə hüquqlarının ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, tələbetmə hüquqlarının güzəşt olunmasına dair xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2014-cü il tarixli 128-xx.xx.2014-SM105 nömrəli kredit müqaviləsi üzrə borc tələb etmək hüquqlarının ötürülməsi, “İddiaçı" QSC-nin kredit müqaviləsi üzrə kreditor olması və həmin müqaviləyə əsasən borcların həmin Bankın hesablaşma hesabına ödənilməsi barədə “X4 edilməsi Agentliyi” MMC tərəfindən cavabdehlərə bildirilmişdir. Ödəniş qəbzindən (№ 699601412) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin qanunverici Mülki Məcəllədə və ya müqavilədə bu məsələnin Məcəllədə nəzərdə tutulan qaydadan fərqli formada tənzimlənməsinin mümkün olduğunu qeyd edir. Araşdırılmış iş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli 128-xx.xx.2014-SM105 nömrəli kredit müqaviləsinə əsasən, “xxxx” ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 22% dərəcəsi ilə 12.500 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “xxxx” ASC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən 8868,42 manat əsas, 1951,05 manat faiz borcu olmaqla, cəmi 10819,47 manat borcu yaranmışdır. xx.xx.2015-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair müqaviləyə əsasən Hüquq sahibi (“xxxx” ASC) borc alana qarşı bütün hüquqları Hüquq əldə edənə (“İddiaçı" QSC-yə) güzəşt etmiş, bu barədə borcluya lazımi qaydada məlumat verilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə qeyd edilən müqavilə üzrə cavabdehlərdən ödənişlərin həyata keçirilməsini tələb etmək üzrə subyektiv hüququn iddiaçıya güzəşt edildiyini və bu barədə cavabdehin məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, “İddiaçı" QSC hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh isə tərəf olduğu müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının etibarlı müqavilə üzrə yaranmış bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan xx.xx.2014-cü il tarixli 128xx.xx.2014-SM105 nömrəli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, MM-nin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2017-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından artıq 3 ildən artıq vaxt keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 13.2-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, zaminlik icrasını təmin etdiyi kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. MM-nin 367-ci maddəsinə müvafiq olaraq, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi, müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə MM-nin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2 və 377.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, iddiaçının müvafiq iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, bununla da iddiaçı 3 illik iddia müddətini ötürməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, 8868,42 manat əsas, 1951,05 manat faiz borcu olmaqla, cəmi 10819,47 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı BOKT QSC-yə ödənilməli, iddia Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə təmin edilsin. Əsas borc üzrə 8868,42 manat, faiz borcu üzrə 1951,05 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 10849,47 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1270/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1270/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver