Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1285/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 12 ildir ki, ünvan 1 ünvanında yaşayır, yaşadığı evin kommunal ödənişləri ilə bağlı son hadisəyə qədər heç bir problemlər yaşamamış və vaxtında bütün ödənişləri etmişdir. 2020-ci ilin aprel-may aylarından başlayaraq Cavabdeh ASC-nin Abşeron idarəsi tərəfindən Xırdalan şəhəri, Quşçuluq massivi üzrə bütün evlərdə yeni su xətlərinin və sayğacların yenilənməsi və köhnə sayğacların fəaliyyətinin dayandırılması prosesinə başlanmışdır. Lakin yeni sayğac qoyulan zamanı iddiaçıya heç bir akt və ya rəsmi sənəd təqdim edilməmişdir. Bununla yanaşı, sayğac quraşdırıldıqdan sonra işi ilə əlaqədar ezamiyyətdə olduğum üçün iyun 2020 - may 2021-ci il tarixləri üzrə iddiaçının mənzilində yaşayış olmamışdır. Lakin səfərdən qayıtdıqdan sonra 2021-ci il iyul ayında evə gedərkən qonşular bildirdilər ki, su idarəsinin əməkdaşları onu axtarırlar, yüksək məbləğdə su borcu yaranıbdır. İddiaçı Xırdalan şəhərində yerləşən Cavabdeh ACS-nin X6 idarəsinə müraciət etmiş və ona bildirildi ki, 708,51 manat su borcu vardır. İddiaçı etiraz etmiş, sayğacın göstərişində əvvəlki göstəricilərlə müqayisədə yüksək olmasının araşdırılması məqsədilə ilkin olaraq idarənin əməkdaşları və rəhbərliyinə müraciət etmiş və ümumilikdə qeyd edilən tarixə qədər ödəniş hesabatlarının təqdim edilməsini tələb etmişdir. Lakin onun bir istehlakçı kimi istəyi kobud şəkildə rədd edildi və əksinə ondan 708,51 manat borcun təcili ödənilməsi tələb edilmişdir. Dəfələrlə idarəyə səfər etməyinə baxmayaraq, dəqiq borc haqqında rəsmi hesabat çıxarılmamış, sayğacla bağlı problem araşdırılmamış və nəticədə yüksək borc birbaşa sistemə vurulmuşdur. Nəhayət, 6 sentyabr 2021-ci il tarixində iddiaçı tərəfindən Abşeron Su-Kanal İdarəsinə təkrar müraciəti nəticəsində 2020-ci ilində yeni quraşdırılmış sayğac rəsmi akt əsasında çıxarılmış və Cihazların yoxlanması idarəsinə təqdim edilmişdir. Bununla yanaşı, sayğacın yoxlanılmasına dair laboratoriya müayinəsinin cavabı verilmədən Abşeron Su-Kanal İdarəsinin əməkdaşları evə gələrək borcun təcili ödənilməsini tələb etmişlər, əks halda evin su təchizatının dayandırılması haqqında xəbərdarlıq edilmişdir. İddiaçı da evdə azyaşlı uşaqların olması, xüsusilə əlilliyi olan uşağın olmasını nəzərə alaraq suyun kəsilməsinin qarşısını almaq üçün 200 manat məbləğində ödəniş etməyə məcbur olmuşdur. Cavabdeh ASC-nin X4 İdarəsinin verdiyi 10.09.2021-ci il tarixli №08923/0112032 saylı laboratoriya rəyinə əsasən, iddiaçının evinə quraşdırılmış su sayğacının istismara yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra, iddiaçı 20.09.2021-ci il tarixli ərizə ilə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən evə görə qanunsuz hesablanmış 708,51 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh ASC ərizəsinə cavab verməmiş, nəhayət 24.12.2021-ci il tarixində iddiaçı Cavabdeh ASC-nin Baş ofisinə müraciət etdikdən sonra 01.11.2021-ci il tarixli cavab məktubu ona təqdim edilmişdir. Cavab məktubunda qanunsuz hesablanmış borcun silinməsi əvəzinə, iddiaçıdan hesablanmış borcu ödəmək tələb edilmişdir. Cavabdeh ASC qanunsuz olaraq iddiaçıya su borcu hesablamışdır və onun adına olan **********240 saylı abonent koduna qanunsuz hesablanmış 708,51 manat su borcunun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin qanunsuz hərəkətlərinin dayandırılması, iddiaçıya məxsus **********240 saylı abonent koduna qanunsuz hesablanmış 708,51 manat su borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçıya məxsus **********240 saylı abonent kodu üzrə su sayğacının göstəricisi 06.01.2020-ci il tarixə 684 kub metr olmuş və həmin tarixə 85,51 manat su borcu olmuşdur. 10.09.2021-ci il tarixində SSS-15 markalı sayğac sökülərək, əvəzinə CSS-20 markalı yeni su sayğacı quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra 1090 kub metr su sərfiyyatı hesablanmışdır. İddiaçının şikayətindən sonra CSS-20 markalı su sayğacı sökülmüş və yoxlanılması üçün Cavabdeh ASC-nin X4 İdarəsinə verilmişdir. Həmin idarənin 13.09.2021-ci il tarixli laboratoriya rəyinə əsasən CSS-20 markalı, 19008923 nömrəli su sayğacının kipliyə davamlılığının pozulduğu, qapaqaltı platform hissəsinin çatladığı, sayğacın daxilində su sızmasının aşkar olunduğu, nisbi xətanın təyini üçün yararlı olmadığı, təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Ətraflı abonent kartından çıxarışdan görünür ki, CSS-20 markalı, 19008923 nömrəli su sayğacı 10.09.2021-ci ildə quraşdırılarkən ilkin göstərici 01 olmuş, 10.09.2021-15.09.2021-ci il tarixlərinə 1090 kub metr sərfiyyat yazılmışdır. Bunun əsasında da iddiaçıya məxsus abonent koduna qanunsuz olaraq 708 manat su borcu yazılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının evinə yazılmış borc faktiki olaraq istehlak olunmuş suyun borcudur və iddiaçı tərəfindən ödənilməlidir. Belə ki, iddiaçı uzun müddətdir ki, istehlak etdiyi suyun pulunu ödəmir və yaxud da az ödəyir. Qeyd olunanlara əsasən tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ASC-nin 19.04.2022-ci il tarixli ətraflı abonent kartından görünür ki, İddiaçı istifadə etdiyi xidmətlərə görə Cavabdeh ASC-yə 508,51 manat məbləğində borcu vardır. Həmçinin, ətraflı abonent kartından çıxarışdan görünür ki, CSS-20 markalı, 19008923 nömrəli su sayğacı 10.09.2021-ci ildə quraşdırılarkən ilkin göstərici 01 olmuş, 10.09.2021- 15.09.2021-ci il tarixlərinə1090 kub metr sərfiyyat yazılmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən su sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb olunan borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllsiənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Bundan başqa “Sudan istifadə” Qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı aid olan **********240 saylı abonent koduna Cavabdeh ASC tərəfindən hesablanmış 508,51 (beş yüz səkkiz manat, əlli bir qəpik) manat borc silinməlidir. Belə ki, iddiaçı borcun 708,51 manat olduğunu bildirməsinə baxmayaraq, işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, borc 508,51 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı **********240 nömrəli abonent koduna hesablanmış 508,51 (beş yüz səkkiz manat, əlli bir qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1285/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1285/2022
06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver