Məhkəmə qərarları › İş №2(006)-1287/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1287/2023

18.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1287/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsimi Rayon Qaz İstismar İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə aid olan **********884 saylı qaz sayğacına yazılmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu il tarixdən ünvan 1 ünvanında yaşayır və həmin mənzilə 2014-cü ildə abonent kodu **********01070 olan qaz sayğacı qoyulmuşdur. İddiaçının qaz, su, işıq abonent xidmətlərinə görə sözügedən idarələrlə hər hansı problemi olmamışdır. 2020-ci ilin ortalarından qaz sayğacı mənfiyə işləməyə başlamış və iddiaçı bununla əlaqədar Cavabdeh Nəsimi Rayon İdarəsinə dəfələrlə zəng vurub bildirmişdir ki, mənzildə quraşdırılmış sayğac mənfiyə işləyir. Qarşı tərəf pandemiya olduğuna görə sayğacı dəyişə bilməyəcəklərini bildirmişdir. Sonrakı il iddiaçı yenidən zəng edən zaman qarşı tərəf sayğac olmadığını deyərək, iddiaçıya narahat olmamasını və sayğac olanda özlərinin gəlib yeni sayğac quraşdıracaqlarını demişdir. Lakin qarşı tərəf iddiaçının təkidindən sonra 28 aprel 2022-ci il tarixdə abonent kodu **********01070 olan qaz sayğacını çıxardaraq yerinə abonent kodu **********884 olan yeni qaz sayğacı quraşdırmışdır və bununla bağlı xx.xx.2022-ci il, ******* saylı akt tərtib edilmişdir. Lakin iddiaçı hər dəfə qaz sayğacına pul yatıranda məlum olmuşdur ki, onun ödədiyi məbləğin yarısı çıxılır, bu səbəbdən Cavabdeh Nəsimi Rayon Qaz İdarəsinə müraciət etmiş və məlum olmuşdur ki, xx.xx.2022-ci il, ******* saylı akt tərtib edilərək iddiaçının mənzilinin qaz sayğacına 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat qazın itkisinə görə cərimə yazılmışdır. İddiaçının **********884 saylı qaz sayğacının yenilənməsindən sonra yazılan cərimə qanunsuz və əsassız olmasına görə məhkəmə tərəfindən silinməlidir. Belə ki, qaz, su, elektrik sayğacları quraşdırılarkən xüsusi plombla plomblanır və iddiaçının mənzilində olan qaz sayğacı çıxarılarkən plombu üzərində olub və bu, sayğacın dəyişdirilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2022ci il, ******* saylı aktda öz əksini tapmışdır. Eyni zamanda, sayğaca hər hansı müdaxilə aşkarlanmayıb, həmin sayğacdan heç bir qaz itkisi olmayıb, onun və ailəsinin də burada hər hansı bir günahı yoxdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərilən Nəsimi Rayon Qaz İstismar İdarəsinin əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus **********01070 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********6 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanıldıqdan sonra “Qaz sayğacının yoxlanılması barədə” MKS-29/1710-01876-1 saylı Akta əsasən sayğac mənfiyə işləyib, sayğacın çıxış plastmas borusu deşilməsi aşkar olunmuşdur. Həmin faktla bağlı xx.xx.2022-ci il, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 m3 təşkil etmişdir. Hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində dəymiş ziyan 2022-ci ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsasən hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********01070 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Elmir qızı iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 129, M8, m1 (reyestr nömrəsi: **********08-05301-093044) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********01070) məxsus Salamzadə küçəsi, ev 53, mənzil 107-nin “G-4” markalı “itron” tipli qaz sayğacı dəyəri ödənməmiş qaz sərfi səbəbindən çıxarılaraq “G-4” markalı “zenner” tipli yeni qaz sayğacı quraşdırılmış, sayğacın çıxış borusunda deşik olduğuna dair qeyd edilmişdir. Mülki işin materiallarında olan istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşdırma protokolundan görünür ki, xx.xx.2022-ci il tarixinə İddiaçı debitor borcu 283.25 manat təşkil etmiş, abonentin maddi durumu nəzərə alınmaqla tərəflər həmin borcun karta hər 50 % hissə-hissə tutularaq ödənilməsi barədə razılığa gəlmişlər. Əvəz olunmuş sayğacda ödənilməmiş qazın həcmi 1133 m3 müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı borc ilə tanış olmuş, 293.25 manat borcu qəbul etmiş, həmin borc məbləğindən 10 manat ödədikdən sonra qalan 283.25 məbləği kommunal ödəyicisi kimi maddi durumunu nəzərə alaraq borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün karta keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan BRQŞD-nin əməkdaşları – mühəndis Mahmud Süleymanov, çilingər Fərrux Aydınov tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent İddiaçı (abonent kodu: **********01070) Nəsimi rayonu, Ə.V.Salamzadə küçəsi, ev 53-də yerləşən 107 saylı mənzilində 29/1710-01876-1 №-li MSK-ya əsasən 1202AQ**********6 nömrəli sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, mənfiyə işləməsi, plastmas borusunun deşilməsi, istismara yararsız olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi ilə bağlı nöqsanlar aşkar olunmuşdur. Akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmış, abonent İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, qaz sayğacının yoxlanılması barədə 29/1710-01876-1 №-li akta əsasən G-4 markalı 1202AQ**********6 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsinə dair nöqsan aşkar olunduğundan, tələblərə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün müvafiq tədbirlər icra olunması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4 x 12 x 90 = 4320 m3 müəyyən edilmişdir. Mülki işin materiallarında olan abonentin saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, İddiaçı adına olan **********01070 koduna 2022-ci ilin may ayında 1036,80 manat məbləğində borc yazılmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 2 ünvanı İddiaçı mülkiyyətindədir. İddiaçıya məxsus həmin ünvanda olan qaz sayğacı xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən dəyəri ödənməmiş qaz sərfi səbəbindən, sayğacın klapanının işlək olmaması, mənfiyə işləməsi, plastmas borusunun deşilməsi, istismara yararsız olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi ilə bağlı nöqsanlar aşkar olunaraq yenisi ilə əvəz edilmiş və bu barədə akt tərtib edilmişdir. Tərəflər arasında həmin tarixdə razılaşdırma protokolu imzalanmış, xx.xx.2022-ci il tarixinə əvəz olunmuş sayğacda ödənilməmiş qazın həcminin 1133 m3, iddiaçının debitor borcunun 283.25 manat təşkil etməsi və həmin borcun karta edilmiş hər ödənişin 50 %-i kimi hissə-hissə tutularaq ödənilməsi müəyyən edilmişdir. Bundan sonra 2022-ci ilin may ayında iddiaçının adına olan **********01070 koduna 1036,80 manat məbləğində borc yazılmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yazılmış cərimənin silinməsini məhkəmədən xahiş edir. Cavabdeh isə iddiaçıya məxsus qaz sayğacının borusunun deşik olmasını və bunun nəticəsində qazın itkiyə getməsini iddiaçının sayğaca müdaxilə etməsi ilə əlaqələndirərək, yazılmış borcun əsaslı, iddianın isə əsassız olduğunu bildirir və təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvanda qaz sayğacının dəyişdirilməsi zamanı, yəni xx.xx.2022-ci il tarixdə sayğacın borusunun deşik olması səbəbindən 293.25 manat məbləğində qazın (1133 m3) itkiyə getməsi müəyyən olunmuş, iddiaçı 10 manat ödədikdən sonra qalan 283.25 manatı hissə-hissə ödəyəcəyi barədə cavabdehin nümayəndəsi ilə razılaşdırma protokolu imzalamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək, iddiaçının adına olan abonent koduna 1036.80 manat məbləğində borc yazılmış, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İddiaçının iddia etdikləri iş materialları ilə təsdiqini tapdığından, qanunvericiliyə müvafiq olaraq, iddiaçının mənzilinə məxsus sayğacın işlək vəziyyətdə saxlanılmasına məsuliyyəti cavabdeh daşıdığından və cavabdeh qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini, həmçinin, etirazda göstərdiyi dəlilləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin 1-2-ci yarımbəndlərində göstərilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-4.9-cu bəndlərinə görə, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qanunvericilik normaları ilə müqayisəli şəkildə məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının iddiası müvafiq qaydada sübuta yetirildiyindən, yazılmış borcun əsassız olması müəyyən edildiyindən, iddia təmin edilməli, ünvan 2 (Yeni qaydalarla: AZ 1078, ünvan 3 ünvanı üzrə (Abonent kodu: **********01070) İddiaçı hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 (Yeni qaydalarla: AZ 1078, ünvan 3 ünvanı üzrə (Abonent kodu: **********01070) İddiaçı hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar