Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1289/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız borc məbləğinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız borc məbləğinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan ********** saylı abonent kodunda qeyd edilmiş 2222.22 manat debitor borcu silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, yuxarıdakı ünvanda qeyd olunan yaşayış sahəsini 2005-ci ildə almışlar. Həmin ünvana xx.xx.2009-cu il tarixdən etibarən sayğac qoyulmuşdur, Yaşadıqları ünvana 2009-cu ildən sayğac quraşdırılmış olsa da, onlar 2012ci ilin ortalarına qədər faktiki olaraq həmin ünvanda yaşamamışlar. Lakin onlar evdə olmadıqları müddətdə sayğacın göstəriciləri durmadan artmışdır. Belə ki, həmin müddətdə onların işıqdan istifadəyə görə hər ay fərqli məbləğlərdə kommunal borcları yığılmışdır. Bu məsələ ilə bağlı dəfələrlə işıq idarəsinə və nəzarətçilərə bildirmişdir. Onlar da öz növbələrində həmin müddətdə evdə faktiki olmadıqlarını təsdiq etmişlər, lakin bununla belə əllərindən heç nə gəlmədiklərini, kimə istəsə, şikayət edə biləcəyini bildirmişlər. Nəhayət, 2014-cü il yanvar ayının 22-də “xxxx” ASC-yə şikayətlə müraciət etmiş və Cəmiyyətin səlahiyyətli nümayəndələrindən Ələkbər müəllimin qəbulunda olmuşdur. O, həmin gün Cəmiyyətin Bakıxanov Rayon şöbəsinin rəisi İlham müəllimə göstəriş verdi ki, bu barədə lazımi, tədbirlər görülsün. İlham müəllim öz növbəsində şöbənin işçilərindən bir qrupunu məsələnin aydınlaşdırılması üçün onların ünvana göndərmişdir. Sayğaca baxış keçirildikdə aşkar olunmuşdur ki, sayğacdan evə gedən xətlərdə üstü soyulmuş məftillər var və işçilər bu məftilləri təzələdilər. Eyni zamanda, o dövrdə qonşuluqda olanlar da onların bütün günü evdə olmadıqları və ötən müddət ərzində bu qədər işıq pulunun yazılmasının normal olmadığını bildirdilər. Lakin işıq idarəsinin işçiləri bu barədə heç bir tədbir görməmişdilər. Belə ki, idarənin işçiləri tərəfindən sayğac yoxlanılması məqsədilə laboratoriyaya aparılmış və həmin sayğacın tam şəkildə normal olduğunu təsdiq edən bir akt tərtib edilərək ona təqdim edilmişdir. Həmin tarixdən etibarən onlar sayğac “nəzarətdə olan sayğac” kimi qeydə alınmışdır. 22.01.20İ4-cü il tarixdə ******* nömrəli protokola əsasən sayğacın normal olmasını təsdiq edilmişdir. Ancaq onlar sayğaca gələn kabelin düzgün quraşdırılmadığı üçün əridiyini bildirdilər və kabeli yenisi ilə əvəz etdilər, ancaq protokolda bu hadisələr qeyd edilməmişdir. 2015-ci ilin mart ayınadək sayğacın göstəricisi ərzində 5-15 manat məbləğində sərfiyyat göstərirdi. 2015-ci ilin mart ayının 1-də səhər 05:00 radələrində evdə işığı yandırmaq istəmiş, lakin işıq yanmamışdır. Sayğacı müşahidə etmək istədikdə isə sayğacdan yanıq iyinin gəldiyini hiss etmiş və həmin gün Sabunçu rayonunda yerləşən işıq idarəsinə bu barədə məlumat vermişdir. Onların nümayəndəsi gəlib sayğacı yoxlamış və ertəsi günü, yəni sayğac qoydular. Tələbinə baxmayaraq Akt tərtib etmədilər. Dəfələrlə bu barədə “Azərenerji ASC” Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə yazılı şəkildə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır, sonuncu olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Energetika Naziri cənab Natiq Əliyevə iki dəfə ünvanladığı məktublara cavab olaraq “Azərenerji ASC” Sabunçu Rayonu Enerji Təchizatı və Satışı idarəsi xx.xx.2015-ci il tarixli, DX-15/1166 saylı məktubla məcburiyyət qarşısında müraciətini cavablandırmışdır. xx xxxxxx 2016-cı il, axşam təqribi 20:00 radələrində evə gəldiyində xəbərdarlıq məktubunu görmüşdür. Ayın 23-ü işıq idarəsinə müraciət etmişdir və 2238 AZN məbləğində borcun hardan əmələ gəldiyini soruşmuşdur. İdarənin işçisi ona saldonu təqdim etmişdi. Bununla razılaşmamışdır və bu məbləğin hardan yarandığını öyrənmək istəmişdir. Onlar ona ilk öncə 3-4 gün sonra yenidən müraciət etməli olduğunu demişdilər. Sonra isə ən münasib üsul kimi “xxxx” ASC və ya məhkəməyə müraciət etmək və məhkəmədə ekspertiza təşkil etmək hüququmun olduğunu bildirdilər. Həmin müddətdə həmin ünvanda yaşamadıqları üçün bundan heç bir xəbərləri olmamışdır. Sayğaca guya kənar müdaxilə olunduğunu aşkar edən nəzarətçilər bu barədə akt tərtib etmişdir. Aktın yekununda onun aktı imzalamağı üçün ayrılan hissədə isə “özünü təqdim etməmişdir” kimi qeyd aparmışdır. O isə həmin müddətdə qeyd olunan ünvanda olmadığı üçün belə bir qeydin yazılması düzgün deyildir. Belə nəzarətçi, ən azı 3-5 gün ərzində onu və ya həyat yoldaşı İddiaçı İdarəyə çağırmalı, baş vermiş hadisə ilə bağlı məlumatlandırmalı və onlardan izahat almalı idi. Faktiki olaraq həmin ünvanda yaşamadıqları müəyyən etdikdə isə o, qanuna uyğun olaraq lazımi tədbirlər görməli, bu sərfıyyatın hardan qaynaqlandığını aşkar etməli idi. Lakin onlar bunun əvəzinə həmin dövrdə evdə olmadıqları bilə-bilə səhlənkarlığa yol vermiş, baş vermiş pozuntunu onun adınla əlaqələndirmişdir. Onlar bu hərəkəti ilə hüquq pozuntusuna yol vermişdir. Nəticədə isə qanunsuz olaraq onun adına sayğacda yüksək məbləğdə 2222 AZN məbləğində işıq borc yığılmışdır. Həmçinin mülki qanunvericilikdə iddia müddəti haqqında normaların göstərişinə əsasən, iddia müddəti başa çatdığından həmin öhdəliyin icrasının tələb edilməsi qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsində qeyd olunur ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bütün bu səbəblərdən həmin borc nəbləği ləğv edilməlidir. Ona yazılan cərimə qeyri qanunidir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin xx.xx.2005-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan ********** 2.171,81 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı adına olan ********** saylı abonent kodunda qeyd edilmiş 2.168,66 (iki min yüz altmış səkkiz manat altmış altı) manat debitor borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan ********** saylı abonent kodunda qeyd edilmiş 2.168,66 (iki min yüz altmış səkkiz manat altmış altı) manat debitor borcu silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1289/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1289/2021
02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver