Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1297/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili CCC oğlunun iştirakı ilə İddiaçı AAA oğlunun cavabdeh BBB Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh BBB Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış xx.xx.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən 120 ay müddətinə 1.000.000 (bir milyon manat) manat məbləğində pul əsas müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla iddiaçıya kredit verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında əsas müqavilə çərçivəsində xx.xx.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsi bağlanaraq 36 ay müddətinə, illik 20 faiz olmaqla, xx.xx.2018-ci il tarixədək ödəmək şərli ilə iddiaçıya 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər iki müaqvilə üzrə kreditin təminatı kimi iddiaçıya məxsus olan və cavabdehlə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, UMis 01/15 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8 çıxış edir. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" КB ASC ilə aralarında bağlanmış əsas və əlavə kredit müqavilələri etibarsız hesab edilməli və nəticə etibarilə iddiaçıya məxsus olan mənzil ipoteka predmeti kimi aradan qalxmalı və girovdan azad edilməlidir. Belə ki, cavadehlə xx.xx.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsi bağlanarkən iddiaçı, yalnız, Azərbaycan manatı ilə kredit götürə bilərdi və xarici valyuta ilə iddiaçıya kredit verilməsi həmin müqavilədə öz əksini tapmamışdır. Lakin cavabdehlə əsas müqavilə çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsi ilə iddiaçıya xarici valyuta ilə pul ayrılmış və dollarla kredit verilmişdir. Kredit müqavilələrin bağlanmasında əsas məqsəd pul olduğundan qanuna əsasən pul öhdəliyi manatla ifadə edilməli idi. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qabaqcadan müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əlavə müqavilə etibarsızdır və buna görə də "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış əsas və əlavə kredit müqavilələri etibarsız hesab edilməli və iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8 girov predmetindən azad olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış xx.xx.2015-ci il tarixli, UM- 01/15 saylı əsas kredit müqaviləsi və əsas müqavilə çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi və müqavilələrin təminatı olan iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8-in girov predmetindən çıxması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili CCC oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehin cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, borc verən «xxxx» KB ASC ilə borc alan AAA oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən AAA oğluna 1.000.000 (bir milyon manat) manat məbləğində, 120 ay müddətinə müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilir. Borc verən «xxxx» KB ASC ilə borc alan AAA oğlu arasında bağlanmış xx.xx.2015ci il tarixli, KOS-2014-02/01 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən AAA oğluna 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 70.000 (yetmiş min) ABŞ dolları manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan «xxxx» KB ASC, borc alan və ipoteka qoyan AAA oğlu arasında xx.xx.2015-ci il tarixli, Umis-01/15 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan əsas və əlavə kredit müqavilələri üzrə borc alanın (ipoteka qoyanın) öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsində 14 saylı binada yeləşən 8 nömrəli mənzili ipoteka saxlayana yenidən ipoteka qoyur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, borc verən «xxxx» KB ASC ilə borc alan AAA oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən AAA oğluna 1.000.000 (bir milyon manat) manat məbləğində, 120 ay müddətinə kredit limiti ayrılmış, xx.xx.2015-ci il tarixli, KOS-2014- 02/01 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən AAA oğluna 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 70.000 (yetmiş min) ABŞ dolları manat məbləğində kredit verilmiş və xx.xx.2015-ci il tarixli, Umis-01/15 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan əsas və əlavə kredit müqavilələri üzrə borc alanın (ipoteka qoyanın) öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsində 14 saylı binada yeləşən 8 nömrəli mənzili ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçı AAA oğlu əsas kredit müqaviləsi, əsas müqavilə çərçivəsində bağlanmış əlavə kredit müqaviləsi və ipoteka müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh «xxxx» KB ASC ilə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə öhdəlik götürmüşdür. Habelə, hazırkı işə baxılarkən, iddiaçının Bank ilə müqavilələri bağlayan zaman həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Beləliklə işin müəyyən edilmiş hallardan görünür ki, borc verən «xxxx» KB ASC ilə borc alan AAA oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ƏM-2015-01 saylı əsas kredit müqaviləsi, həmin müqavilə çərçivəsində bağlanılmış xx.xx.2015-ci il tarixli, KOS- 2014-02/01 saylı əlavə kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, UMis-01/15 saylı sonrakı ipoteka müqaviləsinin hüquqi nəticələrini imzaladığı andan bilməsinə baxmayaraq, iddiaçı həmin müqavilələri bağlanmasından uzun müddət sonra, yəni 2020-ci ildə mübahisələndirmişdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Buna görə də məhkəmə hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbi təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı AAA oğlunun cavabdeh BBB Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA oğlunun cavabdeh BBB Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1297/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1297/2021
31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver