Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1308/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə xx xxxxxx 2020-ci il tarixli akta əsasən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Neftçilər küçəsi 145 saylı evin 73 saylı mənzili ona məxsusdur. Oğlu ilə birlikdə həmin mənzildə yaşayır. Yaşadığı ünvanda təbii qazdan istifadə etmişdir. Heç bir problem olmamışdır. 2020-ci ilin may ayında sayğac dəyişdirilmiş və istifadə müddətinin bitdiyi izah edilmişdir. Həmin şəxslərin nə etdiklərini bilmir, lakin hər şeyin yaxşı olduğunu demişlər. 2020-ci ilin oktyabr ayında isə ona cərimə olunması barədə qəbz gətirmişlər, lakin etdikləri əməlləri izah edə bilməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları onun xəbəri olmadan, mənzilinə düzgün baxış keçirmədən akt tərtib etmişlər. Həmin akt barəsində oktyabr ayında xəbərdar olmuşdur. Eyni zamanda Cavabdeh İB-nin əməkdaşlarının apardığı yoxlamanın nəticəsi ilə razı deyildir. Bəlkə, "Cavabdeh” İB-nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər və yaxud sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmadığı, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcminin qeyd edilmədiyi və s. göstərilərək, dəymiş ziyanın hesablanması qərara alınmışdır. Aktda İddiaçı aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. Abonentin saldosundan müəyyən olunur ki, ******* saylı akta əsasən iddiaçıya 216 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının yaşadığı ünvan 1 ünvanda qaz sayğacı mənzilin çöl hissəsində quraşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun kimin tərəfindən törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Lakin iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdehin əməkdaşlarının tərtib etdiyi aktda sayğacın klapanının işlək vəziyyətdə olmadığı qeyd olunmuş, klapanın işlək olmadığı müddət ərzində itirilmiş qazın həcmi isə ehtimala əsaslanaraq hesablanmışdır. Cavabdeh tərəf sayğacın klapanının işlək vəziyyətdə olmamasına istehlakçı tərəfindən sayğaca edilmiş hər hansı kənar müdaxilənin səbəb olmasına dair sübut təqdim etməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı əsassız hesablanmış 216 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı əsassız hesablanmış 216 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1308/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1308/2021
08.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver