Məhkəmə qərarları › İş №2(006)-1308/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1308/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1308/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi - X1, Cavabdeh - Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.12.2019-cu il tarixli müqaviləyə əsasən **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefon üçün 2.414 manat 20 qəpik ödənilməmiş hissə, 732 manat dəbbə; 22.12.2019-cu il tarixli müqaviləyə əsasən Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyası üçün 599 manat 80 qəpik ödənilməmiş hissə, 180 manat dəbbə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon, «Samsung Galaxy» qulaqcıq üçün 2.600 manat ödənilməmiş hissə, 780 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.306 manat borcun və 93 manat 06 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 04.12.2019-cu il, 22.12.2019-cu il və 18.10.2019-cu il tarixli müqavilələrə əsasən **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefon, Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyası və **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon, «Samsung Galaxy» qulaqcıq almış və nəticədə 7.306 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 04.12.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4.395 manat (18 ay x 244 manat + 3 manat ilkin ödəniş) olan **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefon üçün ümumilikdə 3.146 manat 20 qəpik olmaqla, həmin məbləğdən 2.414 manat 20 qəpik ödənilməmiş hissə, 732 manat dəbbə; 22.12.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 960 manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyası üçün ümumilikdə 779 manat 80 qəpik olmaqla, həmin məbləğdən 599 manat 80 qəpik ödənilməmiş hissə, 180 manat dəbbə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 3.600 manat (18 ay x 200 manat + 0 manat ilkin ödəniş) olan **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon, «Samsung Galaxy» qulaqcıq üçün 3.380 manat olmaqla, həmin məbləğdən 2.600 manat ödənilməmiş hissə, 780 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 04.12.2019-cu il tarixli müqaviləyə əsasən 29.04.2021-ci il tarixdə **********54564 İMEİ kodlu «X6 10+» markalı telefondan imtina etmiş və məhsul 1.245 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 22.12.2019-cu il tarixli müqaviləyə əsasən 23.08.2021-ci il tarixdə Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyasından imtina etmiş və məhsul 240 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 04.12.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 735 manat 80 qəpik, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1.245 manat, ümumilikdə 1.980 manat 80 qəpik təşkil edir. 22.12.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 120 manat 20 qəpik, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 240 manat, ümumilikdə 360 manat 20 qəpik təşkil edir. 18.10.2019-cu il tarixli müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 1.000 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-ə həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" MMC hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı ümumilikdə 7.306 manat borc, ödənilmiş 93 manat dövlət rüsumu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra məlum olmuşdur ki, iddiaçı təşkilat özbaşınalıq edərək cavabdehin özü və ya onun nümayəndəsinin iştirakı olmadan iddia ərizəsində qeyd edilən cavabdeh tərəfindən götürülmüş kredit əmlakları götürərək, özləri tərəfindən özlərinin nümayəndələri ilə özlərinə uyğun olaraq qiymətləndirmiş və satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə mübahisə və ya bağlanmış müqavilənin müddəalarının tərəflərdən hər hansı biri tərəfindən pozulması halında bu iş yalnız məhkəmə baxışının predmeti olmalıdır. Lakin iddiaçı tərəf bilavasitə özbaşınalıq edərək, qanuni icazəsi və səlahiyyəti olmadan cavabdehə məxsus kredit əmlakının olduğu yerə daxil olmuş və cavabdehə məxsus əmlakı özbaşınalıq edərək götürmüşdür. Sonradan taladıqları əmlakı özləri tərəfindən qiymətləndirilərək satılmışdır. Hətta əmlakın qiymətləndirilməsində belə qanunun tələbləri kobud surətdə pozulmuşdur. Cavabdehə məxsus əmlak götürüldükdə cavabdehi təmsil etməyən şəxsə imza etdirmək isə öz qanunsuz hərəkətlərinə hüquqi don geyindirmək məqsədi güdmüşdür. Qanuna zidd olaraq məhkəməyə müraciət etmədən, məhkəmənin qətnaməsi olmadan, məhkəmə tərəfindən qətnamə ilə müqaviləyə xitam verilmədən, əmlakın götürülərək hərracda satılması barədə qərar olmadan, hərracda əldə edilən pul məbləğinin yaranmış borcdan çıxılması barədə hüquqi nəticə olmadan edilən hərəkətlər qanunvericiliyin tələblərinin pozulması deməkdir. Tərəflər arasında bağlanmış 18.10.2019-cu il tarixli ******* saylı müqavilənin «Ümumi qaydalar» hissəsində qeyd edilir ki, bu müqavilədən irəli gələn məsələlər tərəflər arasında danışıqlar yolu ilə həll edilir, əks halda yaranan mübahisələr Azərbaycan Respublikasının məhkəmə sistemində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun həll edilir. Müqavilənin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bildirir ki, əmlaklar cavabdeh həbsdə olduğu zaman götürülmüşdür. Buna dair cəza çəkmə müəssisəsindən verilən sənəd məhkəməyə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə mübahisə yaranarsa tərəflərdən biri məhkəməyə müraciət etməli, məhkəmənin iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra əmlakın satılması məsələsi meydana çıxarsa, məhkəmənin qəbul etdiyi müvafiq məhkəmə aktı ilə hərracda satılmalı, əmlaka qoyulan qiymət isə ekspertin əmlaka qoyduğu qiymətlə müəyyən edilməlidir. İddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin tələbləri iddiaçı tərəfindən bilavasitə pozularaq, özbaşınalıq edilmişdir. Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin tərkibi yaranmışdır. İddiaçı təşkilatın nümayəndələri tərəfindən qanun aliliyinə məhəl qoymadan özbaşınalıq etmə hərəkətləri öz hüquqi həllini tapmalıdır. İddia tələbində qoyulan dəyərlər və qeyd edilən fikirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinin kobud surətdə pozulması ilə əldə edilmiş süni yaradılmış sübutlarda öz əksini tapır. Qeyd edilənlər bilavasitə iddianın əsassız olduğunu sübut edir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin müqavilə tələblərini pozub özbaşınalıq edən şəxslərin müəyyən edilməsi və barələrində özbaşınalıq etdikləri üçün qanuna uyğun tədbir görülməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndəsinin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X2 ifadə verərək bildirdi ki, o, Cavabdeh qardaşıdır. Qardaşı həbsdə olarkən, iddiaçı tərəf onunla əlaqə saxlamış və o, qardaşının həbsdə olması barədə məlumat vermişdir. İddiaçı tərəfin nümayəndələri gələrək, **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefonu və Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyasını götürmüş, bu barədə akta ona imza etdirmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 04.12.2019cu il tarixli müqaviləyə əsasən **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefon; 22.12.2019-cu il tarixli müqaviləyə əsasən Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyası; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən isə **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon, «Samsung Galaxy» qulaqcıq almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə müxtəlif müddətlərə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı məhkəməyə müraciət edərək, 04.12.2019-cu il tarixli müqaviləyə əsasən **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefon üçün 2.414 manat 20 qəpik ödənilməmiş hissə, 732 manat dəbbə; 22.12.2019-cu il tarixli müqaviləyə əsasən Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyası üçün 599 manat 80 qəpik ödənilməmiş hissə, 180 manat dəbbə; 18.10.2019-cu il tarixli müqaviləyə əsasən **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon, «Samsung Galaxy» qulaqcıq üçün 2.600 manat ödənilməmiş hissə, 780 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.306 manat borcun və 93 manat 06 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, bundan öncə, cavabdeh həbsdə olduğu müddətdə yuxarıda qeyd olunan əşyalardan **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefonu və Elegant – yumşaq – 3 yerli – sungerli mebeli götürmüş, bununla bağlı cavabdehin qardaşı ilə danışıqlar aparmış və həmin əşyaları cavabdehin qardaşından müvafiq akta imza edilməklə təhvil almışlar. Həmin əşyalar birtərəfli qaydada qiymətləndirilərək satılmışdır. Məkəmə hesab edir ki, yuxarıda adları çəkilən **********26807 İMEİ kodlu «iPhone 11 Pro» markalı telefon və Elegant – yumşaq – 3 yerli – sungerli mebel əşyası iddiaçı tərəfindən geri götürüldüyündən və satıldığından, cavabdehə qarşı həmin əşyalarla bağlı irəli sürülən tələb əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən 18.10.2019-cu il tarixli müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon və «Samsung Galaxy» qulaqcıq almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə məhkəməyə təqdim edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən 2600 manat əsas borc yaranmış, iddiaçı tərəfindən həmin məbləğə 780 manat dəbbə hesablanmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 93 manat 06 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18.10.2019-cu il tarixli müqaviləyə əsasən **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon və «Samsung Galaxy» qulaqcıq üçün 2600 ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, cəmi 2.650 manat borc və ödənilmiş 93 manat 06 qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, yuxarıda qeyd olunan 18.10.2019cu il tarixli müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 18.10.2019-cu il tarixli müqaviləyə əsasən **********54564 İMEİ kodlu «X6 10+» markalı telefon və «Samsung Galaxy» qulaqcıq üçün 2.600 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla, cəmi 2.650 manat borc və ödənilmiş 93 manat 06 qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar