Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1311/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış sərfiyyatın silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış sərfiyyatın silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7 ünvanda yerləşən, ümumi sahəsi 69,5 kv.m olan 85 saylı mənzil xx.xx.2019-cu ildə verilmiş RX seriyalı ******* saylı çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir və həmin vaxtdan ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə yaşayır. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə işdə olarkən ailə üzvləri ona zəng edib bildirdilər ki, ''xxxx” ASC-nin ərazi üzrə nəzarətçisi mənzilə yaxınlaşıb və işıq sayğaclarının yeni sms sayğaclarla əvəz olunduğunu və köhnə sayğacın arxasında 2 ədəd dəlik olduğunu bildirərək, bunun sayğaca müdaxilə olduğunu və laboratoriyaya göndərilərək akt tərtib olunub cərimə yazılacağını bildirmişdir. İddiaçı həmin an telefonla nəzarətçi ilə danışaraq niyə onun iştirakı olmadan sayğacı açdığını, onların bu mənzildə 2 ildən az müddətdə yaşadıqlarını və sayğaca heç bir müdaxilə etmədiyini bildirdi. Həmçinin, nəzarətçiyə sayğacın binanın 5ci mərtəbəsində blokda dəmir şkafın içərisində yerləşdiyini, şkafın açarının isə həmişə onun özündə olduğunu xatırlatdı. Eyni zamanda, nəzarətçidən sayğacı açarkən sayğacın plombunun sayğacın üzərində olduğunu, eləcə də son 2 il və ondan əvvəlki dövrdə həmin sayğacda hər hansı bir neqativ halın onun tərəfindən aşkarlanıb-aşkarlanmadığını soruşduqda, o, belə bir halın olmadığını söylədi. Belə olduğu halda sayğaca müdaxilə məsələsinin tam əsassız olduğunu nəzarətçinin diqqətinə çatdırdı. İddiaçı təsadüfən xx xxxxxx 2020-ci il tarixində internet vasitəsilə sayğaca pul yükləmək istəyərkən sistemdə 424 manat borcun olduğunu görüb, “xxxx” ASC-nin “199’' nömrəli qaynar xətti ilə əlaqə saxladı və ona bildirdilər ki, köhnə sayğaca müdaxilə olunduğu üçün akt tərtib olunaraq cərimə yazılmışdır. İddiaçının həmin ünvanda yaşadığı müddətdə, o cümlədən yeni sms sayğac quraşdırıldığı vaxtan bəri hər ay üzrə enerji sərfiyyatı orta hesabla 10 (on) manat təşkil etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən koda xx.xx.2020-ci il tarixində 198356 saylı akt tərtib edilmişdir. 198356 saylı akta əsasən sayğac laboratoriya şəraitində yoxlanılan zaman sayğaca müdaxilə olunduğu aşkarlanmışdır. Laboratoriyanın verdiyi 201912 saylı rəyə əsasən, ünvanda itirilmiş enerjinin bərpa edilməsi məqsədi ilə 4240 kv/st dəyər hesablanmışdır. İddiaçı 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yaşayır, mənzilinə aid sayğac isə binanın 5-ci mərtəbəsində yerləşən sayğaclar qutusunda yerləşməklə, qutunun açarı cavabdeh təşkilatın əməkdaşında saxlanılır. Həmin əməkdaş hər ay bina üzrə sayğaclara baxış keçirdib, üzərindəki sərfiyyatı hesablayır və sayğaclardakı plombların salamatlığına nəzarət edir. Hər bir işçinin özünün iş rejimi vardır ki, iddiaçı işini-gücünü atıb mənzilinə aid sayğacın salamatlığına nəzarət etməli deyildir. Göstərilənlərə əsasən iddiaçının xüsusi mülkiyyətində olmaqla, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7 ünvanda yerləşən, 85 saylı mənzilə dair 198356 saylı akt və 201912 saylı rəy əsasında elektrik enerjisindən istifadəyə görə artıq hesablanmış 424 manat (4240 kv/st) borcun silinməsinin cavabdehlər “xxxx” ASC-yə və X2 və Satışı İdarəsinə həvalə edilməsi və 30 manat dövlət rüsumunun cavabdehlərdən dövlət büdcəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. «xxxx» ASC-nin R № 198356 saylı, xx xxxxxxxx 2020-ci il tarixli aktından görünür ki, «xxxx» ASC-nin əməkdaşlarının iştirakları ilə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 7, mənzil 85 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın sıxaclarında şübhəli müdaxilə izləri vardır. «xxxx» ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Validə Sarıyevaya məxsus Xırdalan şəhəri, ev 0011, mənzil 2470 ünvanına dair cəmi 392,61 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, R № 198356 saylı, xx xxxxxxxx 2020-ci il tarixli akta əsasən 403,08 manat borc hesablanmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan R № 198356 saylı, xx xxxxxxxx 2020-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarında olan R № 198356 saylı, xx xxxxxxxx 2020-ci il tarixli aktdan da göründüyü kimi sayğac mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli (abunə haqqında məlumatda xx.xx.2020-ci il tarix göstərilmişdir) R № 198356 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 403,08 (dörd yüz üç manat, səkkiz qəpik) manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli (abunə haqqında məlumatda xx.xx.2020-ci il tarix göstərilmişdir) R № 198356 saylı akt ləğv edilsin. Həmin akt əsasında hesablanmış 403,08 (dörd yüz üç manat, səkkiz qəpik) manat məbləğində cərimə borcu silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1311/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1311/2021
17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver