Məhkəmə qərarları › İş №2(006)-1322/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1322/2025

10.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1322/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanana xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əsasən təsərrüfat məqsədi üçün iddiaçılara ünvan 1 ünvanda qeyri-yaşayış sahəsi verilmişdir. İddiaçılar həmin qeyri-yaşayış sahəsini öz şəxsi vəsaiti hesabına yaşayışa yararlı vəziyyətə gətirərək, 6 nəfər ailə tərkibi ilə birlikdə məskunlaşmışlar. Yararlı vəziyyətə gətirildikdən sonra 3 otaq yaşayış sahəsi 26,7 kv.m., köməkçi sahə 12,5 kv.m., ümumi sahəsi isə 39,2 kv.m-dən və 21 kv.m. həyətdən ibarət olmuşdur. Göstərilənlər Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əlavə olunmuş sxemdən də görünür. 2017-ci ildə ünvan 1 ünvanda iddiaçıların yaşadıqları ev və evin həyəti söküntüyə düşmüşdür. Söküntü işlərini aparan MTK ilə aralarında uzun müddət ərzində danışıqlar olmuşdur. Tikinti şirkəti iddiaçıları əmin etmişdir ki, onlar yaşadıqları ev və həyətə görə ədalətli kompensasiya alacaqlar. Müqavilə bağlayan zaman isə tikinti şirkəti iddiaçıları bilərəkdən aldadaraq söküntüyə düşən evin sahəsini az göstərmiş, həyəti isə ümumiyyətlə nəzərə almamışdır. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əlavə olunmuş sxemdən də görünür ki, yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m. olsa da, şirkətlə bağlanmış müqavilədə mənzilin sahəsi 31 kv.m. qeyd olunmuşdur. Bununla bağlı etirazlarını bildirəndə şirkətin rəsmiləri şifahi olaraq bildirmişlər ki, “narahat olmayın, biz buradayıq, onsuz da evi də biz tikəcəyik”. Lakin tikinti şirkəti iddiaçıları aldatmış, verdiyi vədə əməl etməmiş və nəticədə iddiaçılara almalı olduqları sahədən dəfələrlə az sahəni vermişlər. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.

4. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 888 nömrəli sərəncamından görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin 507/55 №-li, 04.06.92-ci il tarixli sərəncamı ilə M.Qasımov küçəsi, 8 №-li ünvanda sahəsi 14 kv.m. olan qeyri-yaşayış sahəsi həmin ünvanda yaşayan K.Məmmədovanın və L.Namazovanın ailəsinə təsərrüfat məqsədi üçün verilmişdir. Prokurorluğun ümumi nəzarət qaydasında yoxlaması zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvanda K.Məmmədovaya məxsus sahəsi 19,6 kv.m. olan anbar və sahəsi 16,0 kv.mdən ibarət mətbəx və sanitariya qovşağından ibarət əlavə tikililər vardır. Göstərilənlərlə yanaşı, aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, 13 may 1992-ci il tarixdən göstərilən qeyriyaşayış sahəsində Şuşa rayon qaçqını M.B.Qəmbərov 6 nəfər ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Həmçinin, sərəncamda mübahisəli qeyri-yaşayış sahəsinin ölçüsü 14,0 kv.m. göstərdildiyi halda, faktiki sahəsi 32,65 kv.m-dir. Yuxarıdakıları nəzərə alaraq, Nəsimi rayon Prokurorluğunun 46-Ш-98 №-li, 11.02.98-ci il tarixli protesti təmin edilərək, Nəsimi rayon İcra Hakimiyyətinin 507/55 №-li, 04.06.92-ci il tarixli sərəncamı ləğv edilmişdir.

7. 14 saylı MKİS-in mühəndisi tərəfindən imzalanmış M.Qasımov küçəsi, 8 saylı evdə yaşayan İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin planından görünür ki, həmin ünvanın planı çəkilərək, 26,7 m2 yaşayış sahəsinin, 12,5 m2 köməkçi sahənin, 39,2 m2 ümumi sahənin, 21 m2 həyətin olması barədə qeyd aparılmışdır.

8. Cavabdeh MMC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, MMC Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən, Nəsimi rayonu, M.Qasımov küçəsi, 8 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 2 otaqlı, 31 kv.m. mənzilin sənədsiz göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 1 otaqlı, 50 kv.m. İİİ mərtəbədə mənzili sahibinə verməyi öhdəsinə götürür. Mənzil istifadəçisi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2270/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. İş materiallarında videogörüntü və fotoşəkillərin olduğu 2 ədəd disk, fotoşəkillər də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı1 və oğlu İddiaçı2 xx.xx.1992-ci il tarixdən məcburi köçkün kimi məskunlaşdığı ünvan 2 ünvanda yerləşən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən faktiki sahəsi 32,65 m2 olan ev (yaşayış üçün yararlı vəziyyətə gətirilmiş qeyri-yaşayış sahəsi) onlarla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilənin predmeti olmuşdur (müqavilədə evin faktiki sahəsinin 31 m2 olması qeyd edilmişdir). Belə ki, iddiaçılar sözügedən evi sökülmək üçün MMC-yə təhvil verməyi, əvəzində isə təhvil verdikləri evin sahəsinə 20 % əlavə edilməklə, MMC tərəfindən tikiləcək yeni yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili qəbul etməyi öhdələrinə götürmüş, tərəflər yeni mənzil təhvil verilənədək MMC tərəfindən iddiaçılara ödənilməli olan kirayə pulunun məbləğini də razılaşdıraraq müqavilədə göstərmişlər.

14. Tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etmiş, belə ki, iddiaçılar məskunlaşdıqları evi sökülmək üçün MMC-yə təhvil vermiş, ev sökülərək yerində yeni bina tikilmiş və müqavilədə göstərilmiş mənzil iddiaçılara təhvil verilmişdir (bu müddətdə iddiaçılara vaxtaşırı kirayə pulunun ödənilməsi faktı mübahisələndirilməmişdir). İddiaçılar 2019-2020-ci ildən onlara verilmiş yeni mənzilə köçüb orada yaşamışlar.

15. İddiaçılardan İddiaçı1 mənzildə yaşamağa başlayandan 3-4 il sonra (2023-cü ildə) MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə aralarındakı razılaşmaya əsasən, evin həyətyanı sahəsi olan 21 m2 torpaq sahəsinə görə 20.000 manat məbləğində kompensasiya tələb etmiş, lakin onun iddiası rayon məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya və kassasiya şikayətləri də, həmçinin, yuxarı instansiya məhkəmələri tərəfindən əsassız sayılmışdır. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini alaraq, hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan faktları da müəyyən etmişdir.

16. Həmin qətnamənin 37-ci və 40-cı bəndlərində qeyd edilmişdir ki, “cavabdeh təşkilat tərəfindən iddiaçıya 31 kv.m. əvəzinə 50 kv.metrdən yuxarı sahədən ibarət mənzil verilmişdir. Bundan əlavə olaraq iddiaçının məhkəməyə təqdim etdiyi 14 saylı MKİS-nin mühəndisi N.Həsənova tərəfindən tərtib edilmiş planın surətindən görünür ki, Bakı şəhəri, M.Qasımov küçəsi, 8 saylı evdə yaşayan İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m olmuşdur, yəni hətta 39,2 kv.m sahə olmuş olsaydı belə, bunun üzərinə 20 % artıq sahə gəlindikdə 48 kv.m sahə təşkil edəcəkdi ki, cavabdeh tərəf iddiaçıya bundan əlavə 2 kv.m sahə əlavə etməklə 50 kv.m sahə vermişdir”; “iddiaçı xx.xx.2017-ci il tarixli müqavilə şərtləri ilə razılaşmış, 50 kv.metrlik mənzili cavabdehdən təhvil almış və müqaviləni sərbəst şəkildə bağlamışdır. Qeyd edilən vəd barəsində hər hansı yazılı razılaşma mövcud olmamış, bunun əksinə olaraq tərəflər arasında yaşayış sahəsinin verilməsi barədə yazılı müqavilə bağlanılmış və həmin müqavilə şərtlərinə hər iki tərəf könüllü qaydada imza etməklə iradə ifadələrini açıq bəyan etmişlər”.

17. Ötən müddət ərzində MMC təşkilati-hüquqi formasını dəyişərək MTK-ya çevrilmişdir.

18. Hazırda iddiaçılar 14 saylı MKİS-in mühəndisi tərəfindən imzalanmış plana istinadən ümumi sahəsi 39,2 m2 olan evin cavabdehlə aralarında bağlanmış müqavilədə 31 m2 kimi göstərilməsinin onların iradəsinə zidd olduğunu, müqavilə bağlanan vaxt bu məsələni mübahisələndirsələr də, qarşı tərəfin bunun formal olduğunu bildirdiyini, faktiki sahəsi 39,2 m2 olan evin əvəzinə sahəsi daha böyük mənzil verilməli olduğunu, cavabehin onları aldatdığını, habelə hədə-qorxu gəldiyini bildirərək, aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. Cavabdeh isə iddianı qəbul etmir və iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı1 ilə cavabdeh arasında olmuş əvvəlki məhkəmə işi üzrə mübahisələndirilən məsələlər hazırkı iş üzrə mübahisələndirilən məsələlərlə eynilik təşkil etməmiş, yəni hazırda iddiaçı eyni əsasla deyil, başqa əsasla məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə qəbul edilmiş qətnamədə məhkəmə məhz xidməti vəzifəsindən irəli gəldiyinə görə müqavilənin etibarlı olub-olmaması məsələsinə münasibət bildirmiş, yəni müqavilənin etibarsızlığı həmin iş üzrə ümumiyyətlə iddianın predmeti olmamışdır. Hazırda mübahisələndirilən məsələlər həmin iş üzrə mübahisələndirilməmiş, buna görə də məhkəmə tərəfindən etibarlılıq məsələsinə hazırkı əsaslar nəzərə alınmadan ümumi qiymət verilmişdir. Buna görə də məhkəmə İddiaçı1 yeni əsaslarla irəli sürdüyü hazırkı tələbinə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq sayır.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar müvafiq müqavilənin etibarsızlığını mübahisələndirdiyindən, habelə əqdə əsaslanan iddialarda ilk öncə həmin əqdin etibarlı olubolmamasına hüquqi qiymət verilməli olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, hazırkı mübahisənin qanunauyğun həlli üçün ilk öncə mübahisələndirilən müqavilənin etibarlı olub-olmaması müəyyən edilməlidir. Çünki hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

21. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış, iddiaçılar tərəfindən etibarsızlığı mübahisələndirilən müqavilə dəyişdirmə və podrat müqavilələrinin ünsürlərini özündə ehtiva edən qarışıq müqavilədir. Müqavilənin subyekt tərkibi müvafiq evdə (yaşayış üçün yararlı vəziyyətə gətirilmiş qeyri-yaşayış sahəsində) məcburi köçkün kimi məskunlaşmaları rayon İcra Hakimiyyətinin sərəncamı əsasında öz təsdiqini tapan iddiaçılar və evin yerləşdiyi ərazidə söküntütikinti işlərini aparmağa səlahiyyətli olan şirkət olmuşdur. Bu baxımdan, müqavilənin subyekt tərkibinə dair səlahiyyətlilik şərtinin ödənilməsi məhkəmə tərəfindən müəyyən edilir.

22. Tərəflərin iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçılar 14 saylı MKİS-in mühəndisi tərəfindən imzalanmış plana istinadən ümumi sahəsi 39,2 m2 olan evin cavabdehlə aralarında bağlanmış müqavilədə 31 m2 kimi göstərilməsinin onların iradəsinə zidd olduğunu, müqavilə bağlanan vaxt bu məsələni mübahisələndirsələr də, qarşı tərəfin bunun formal olduğunu bildirdiyini, faktiki sahəsi 39,2 m2 olan evin əvəzinə sahəsi daha böyük mənzil verilməli olduğunu, lakin cavabehin onları aldatdığını iddia edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamında iddiaçıların məskunlaşdıqları evin (yaşayış üçün yararlı vəziyyətə gətirilmiş qeyri-yaşayış sahəsinin) faktiki sahəsinin 32,65 m2 olması qeyd edilmiş, iddiaçıların istinad etdiyi 14 saylı MKİS-in mühəndisi tərəfindən imzalanmış planda isə bu sahənin 39,2 m2 olması göstərilmişdir. Bu baxımdan, iddiaçıların məskunlaşdıqları evin (yaşayış üçün yararlı vəziyyətə gətirilmiş qeyri-yaşayış sahəsinin) faktiki sahəsinin müqavilədə göstərilən sahədən daha artıq olması müəyyən edilir. Lakin bu sahənin 32,65 m2, yoxsa 39,2 m2 olması məsələsi mübahisəlidir. Çünki evin planı kimi tərtib edilmiş sənədin hazırlanma tarixi müəyən edilmir. Məhkəmə hesab edir ki, 14 saylı MKİS-in mühəndisi tərəfindən imzalanmış plan hətta sərəncamdan sonrakı göstəricilərə müvafiq tərtib edilsə də belə, həmin planla müqayisədə sərəncam daha mötəbər sübut sayılır. Bununla yanaşı, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində də qeyd olunduğu kimi, məhkəmə hesab edir ki, hətta plan mötəbər sübut kimi qəbul edilib, iddiaçıların istifadəsində olan sahənin 39,2 m2 olması öz təsdiqini tapsaydı da belə, müqavilə şərtlərinə əsasən, bunun üzərinə 20 % artıq sahə gəlindikdə 47,04 m2 sahə təşkil edəcəkdi ki, cavabdeh tərəf iddiaçıya yenə də daha artıq – 50 m2 sahəli mənzil verilmişdir. Deməli, müqavilədə evin sahəsinin yanlış göstərilməsi iddiaçıların hüquqlarını ümumiyyətlə pozmamış, iddiaçılar istifadələrində olduğunu iddia etdikləri sahənin 20 %-dən də əlavə, 2,96 m2 artıq sahə də əldə etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, müqavilədə texniki xəta nəticəsində və ya bilərəkdən səhv yazılmış bu sahə hazırkı iş üzrə müqavilənin etibarsızlığına dəlalət etmir. Çünki müqavilə bağlanarkən tərəflərin vahid iradə ifadəsinin iddiaçıların məskunlaşdıqları sahənin əvəzində 20 % də əlavə edilməklə yeni mənzil verilməsinin olması mübahisəsiz olmuşdur. Müqavilənin icrası nəticəsində də bu iradə ifadəsinin həyata keçirilməsi müəyyən edilmişdir.

23. Məhkəmə araşdırmaları zamanı iddiaçılar qarşı tərəfin onlara hədə-qorxu gəldiyini, əslində evlərinin sökülməsini istəmədiklərini iddia etsələr də, bununla bağlı işlə əlaqəsi olmayan sübutları (divarda “buranı dağıtma, mən qaçqınam” yazısı olan fotoşəkil, komendantın nəsə oğurladığını iddia etdikləri videoyazı və s.) məhkəməyə təqdim etmiş, guya cavabdehin “sizi Şuşaya göndərəcəyik” dediyini şifahi şəkildə bildirmişlər. Məhkəmə araşdırmaları nəticəsində iddiaçıların müqaviləni könüllü razılıq əsasında imzalamaları, onların cavabdeh tərəfindən təhvil verilmiş evi pretenziyasız qəbul edib artıq 5-6 ildir ki, orada yaşamaları müəyyən edilmişdir. İddiaçılar qarşı tərəfin onları hədələdiyini, müqavilə bağlamağa məcbur etdiyini bildirsələr də, bu faktı heç bir əsaslı sübutla təsdiqləməmişlər. Lap iddiaçılar hədə-qorxu faktını təsdiq etsəydilər də belə məhkəmə hesab edir ki, onlar bu məsələni mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşlər. Belə ki, iddiaçılar mənzil onlara təhvil verilən vaxt 2019- 2020-ci illərdə, ən geci isə İddiaçı1 ilk dəfə məhkəməyə müraciət edən zaman bunu mübahisələndirə bilərdilər. Lakin həmin vaxt onların bu məsələni mübahisələndirməməsi onu deməyə əsas verir ki, iddiaçıların həmin vaxt hüquqlarının pozulduğunu bildikləri və məhkəməyə müraciət edə bildiklərinə görə hədə-qorxuya son qoyulması mübahisəsiz olsa da, onlar məhz pozulmuş həmin hüquqlarının müdafiəsi üçün 1 illik kəsici müddət ərzində heç bir tədbir görməmiş, belə ki, məhkəməyə müraciət etsələr də, bu məsələni mübahisələndirməmişlər. Yalnız İddiaçı1 torpaq sahəsinə görə irəli sürdüyü kompensasiya tələbi bütün məhkəmələr tərəfindən əsassız sayıldıqdan sonra o, oğlu ilə birlikdə hazırkı iddianı verib, məhz hədə-qorxu məsələsini mübahisələndirmiş, əlaqəli sübutlar verməmiş, məhkəmə iclasında isə əsl niyyətlərinin əlavə 22 m2 sahə almaq olmasını bildirmişlər. Deməli, iddiaçılar hazırda məhz hüquqdan sui-istifadə edərək bu iddianı qaldırmış və formal şifahi mülahizə olaraq hədə-qorxu məsələsini irəli sürmüşlər. İddiaçıların bu dəlili də öz təsdiqini tapmayaraq əsassız sayıldığından və qanunvericilikdə nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürüldüyündən məhkəmə hesab edir ki, bu dəlil də müqavilə tərəflərinin iradə ifadəsinin zədələnmiş olması qənaətinə gəlmək üçün tutarlı əsas hesab oluna bilməz.

24. İddiaçılar həm də təhvil verilən evin binanın 3-cü mərtəbəsi deyil, binanın yaşayış üçün nəzərdə tutulan sahəsinin 3-cü mərtəbəsi olduğunu bildirmişlər. Məhkəmə yuxarıda qiymət verilmiş bütün hallara istinadən hesab edir ki, iddiaçılar mənzili cavabdehdən təhvil aldıqları vaxt bu hal onlara artıq məlum olmuşdur. Deməli, iddiaçılar müqavilənin icrasının nəticəsini, yəni mənzili, onun yerləşdiyi mərtəbəni bəyənmişlər ki, oraya köçüb yaşamışlar. Məhz 5-6 il sonra belə bir detalın mübahisələndirilməsi məhkəmə tərəfindən onların hüquqdan sui-istifadəsi kimi qiymətləndirilir və məhkəmə hesab edir ki, bu hal da müqavilənin etibarsızlığına dəlalət etməyən, müddəti ötürülmüş bir iddiadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə müqavilə tərəflərinin öz aralarında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu şərti də ödənilmişdir.

25. Tərəflər arasında bağlanmış müqavilənin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmuna uyğun olması da məhkəmə tərəfindən müəyyən edilmişdir.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə iddia tələbi ilə bağlı kəsici müddət ötürüldüyündən, hazırkı iddia təmin edilməməlidir.

27. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1-337.2. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4-337.5. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 347.1-347.2. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: - şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; - şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; - tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.5-347.7. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 nömrəli qərardadı: 55-ci bənd. Əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

34. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar