Məhkəmə qərarları › İş №2(006)-1335/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1335/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1335/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, Cavabdehin nümayəndəsi – X2 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Mərkəzi Bankı olmaqla, cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və kredit borcunun silinməsi ilə əlaqədar aidiyyəti qurumlara məlumatların ötürülməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının Mərkəzi Bankı olmaqla, cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və kredit borcunun silinməsi ilə əlaqədar aidiyyəti qurumlara məlumatların ötürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə kreditin geri qaytarılması öhdəliyinə öhdəliyin İddiaçı tərəfindən lazımınca icra edilməsi əsası ilə xitam verilmiş hesab edilməsi, həmin kredit müqaviləsi üzrə qalıq borcun silinməsinin, həmin kredit müqaviləsi üzrə İddiaçı adına görünən kredit borcunun (gecikmələrin) Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi ilə əlaqədar aidiyyəti qurumlara məlumatların ötürülməsinin, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında xx.xx.2005-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 18 ay müddətinə 5507,34 manat kredit verilmişdir. Qeyd olunan kredit məbləği tam şəkildə geri qaytarılmışdır. Qeyd olunan fakt bank tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapmışdır. Belə ki, 2015-ci il 10 noyabr tarixli AB MXD-22- 02-95S nömrəli bank arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq, xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə bugünədək mənbəyi bəlli olmayan borc hələ də qalmaqdadır. Belə ki, 2016-cı il 19 sentyabr tarixli AB MXD-22-01-845 nömrəli bank arayışından görünür ki, həmin kredit müqaviləsi üzrə borc var və Mərkəzləşdirilmiş Kredit Reyestrində mövcud olan gecikmələr texniki səbəblərdən yaranmışdır. Qeyd olunanlardan göründüyü kimi, ondan asılı olmayan texniki səbəblərə görə tam şəkildə icra etmiş olduğu kredit müqaviləsi üzrə hələ də icra edilməmiş öhdəliyi qalmışdır. Halbuki bu, qanunsuz və əsassızdır. Sözügedən borcun qalması qanunla müəyyən olunmuş hüquqlarını pozur, qanuni maraqlarına toxunur. Qalıq borcun silinməsi və bununla bağlı zəruri işlərin aparılması ilə bağlı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna yazılı qaydada müraciət etsə də, cavabdeh tərəf müraciətini əsassız və qanunsuz formada təmin etməmişdir. Belə ki, Fondun 2021-ci il 08 iyul tarixli cavab məktubuna əsasən, qeyd olunan kredit müqaviləsi üzrə ödənilməli olan 1723,16 manat gecikdirilmiş əsas bcrc və 7,19 manat faiz borcu olmaqla ümumi 1730,35 manat borc öhdəliyinin mövcud olması bildirilmişdir. Həmin borcu qəbul etmir və hesab edir ki, qanunsuz və əsassız olaraq hesablanmış, bugünədək hər hansı bir formada tələb edilməyən, bank arayışlarında da qeyd olunduğu kimi texniki səbəblərdən yaranmış həmin borcun silinməsi məhkəmə qərarı əsasında cavabdehə həvalə edilməlidir. Bundan əlavə, cavabdeh, həmçinin aidiyyəti qurumlara lazımi məlumatları ötürməklə həmin kredit müqaviləsi üzrə onun adında aşkar olunan borcun (gecikmələrin) silinməsini təmin etməlidir. Sözügedən borcun qalması onun qanunla müəyyən olunmuş hüquqlarını pozmaqla yanaşı, qanuni maraqlarına da toxunur. Xüsusilə də, borcun mövcudluğu yenidən kredit götürməsinə, kiməsə zamin durmasına ciddi maneəçilik törədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********431 saylı məktubdan görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 aprel 2005-ci il tarixli Kredit müqaviləsi üzrə kredit borcunun olmaması barədə məktubun təqdim edilməsi məqbul hesab edilməmişdir. 05 iyul 2021-ci il tarixinə 19 aprel 2005-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC-də X1 1723,16 manat gecikdirilmiş əsas borcu, 7,19 manat faiz borcu, ümumi 1730.35 manat borc öhdəliyi mövcuddur. Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AB seriyalı MXD-22-02-959 saylı Bank arayışından görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 5507,34 manat məbləğində kredit verilmişdir. Hal hazırda müştərinin bank qarşısında heç bir öhdəliyi yoxdur. Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AB seriyalı MXD-22-01-845 saylı Bank arayışından görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı xx.xx.2005-ci il tarixli kredit müqaviləsinə əsasən, 18 ay müddətinə 5507,34 manat məbləğdə kredit verilmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrində mövcud olan gecikmələr texniki səbəblərdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında xx.xx.2005-ci il tarixli Kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 ASC iddiaçıya 18 ay müddətinə 5507,34 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən Bank qarşısında olan öhdəlik icra edilmiş və Bank tərəfindən iddiaçıya icranı qəbul etdiyini təsdiqləyən xx.xx.2015-ci il tarixli AB seriyalı MXD-22-02-959 saylı Bank arayışı verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyə öhdəliyin iddiaçı tərəfindən lazımınca icra edilməsi əsası ilə xitam verilmiş hesab edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə gecikmələrin Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AB seriyalı MXD-22-01-845 saylı Bank arayışından göründüyü kimi Mərkəzləşdirilmiş Kredit Reyestrində mövcud olan gecikmələr texniki səbəblərdən yaranmışdır. Göründüyü kimi Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına mövcud olan gecikmələr iddiaçının təqsiri üzündən deyil, texniki səbəblərdən yaranmışdır ki, bu halda məhkəmə hesab edir ki, iddia göstərilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə kreditin geri qaytarılması öhdəliyinə öhdəliyin İddiaçı tərəfindən lazımınca icra edilməsi əsası ilə xitam verilmiş hesab edilsin. xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc silinsin, həmin kredit müqaviləsi üzrə İddiaçı adına görünən kredit borcunun (gecikmələrin) Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi ilə əlaqədar aidiyyəti qurumlara məlumatların verilməsi Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar